Yəqin ki, mən də Həsən müəllim kimi “xoşbəxtlik nədir?” sualının cavabını tapmayacam. Düzdü, onun hazır cavabları da var:
1.Sevimli işinlə məşğul olmaq
2.İstədiyin adamların əhatəsində qalmaq
3.Evə gələndə qapını açarla açmaq yox, zəngə basmaq
Gözəl cavablardır. Amma Həsən müəllim də sualın cavabını tapdığından əmin deyil. Sirlər aləmində dolaşan birini evə gələndə qapının zənginə basmaq xoşbəxt edərmi? Bəlkə də.
Kimdir Həsən müəllim? Tarixçi-alim. Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanının qəhrəmanı.
Müəllifin indiyəcən yazdığı bədii əsərlərin hamısını oxumasam da məlumatım var. Ona görə, axırıncı romanı (axarıncı olsun!) “Sirlərin sərgüzəşti”ni oxuyanda yazıçının öncəki əsərlərinə müraciət etdiyini, işlədiyi mövzulardan yenidən yararlandığını aydınca gördüm. Söhbət “Sehrbazlar dərəsi”ndən, Kamal Abdullanın ənənəvi mövzusuna çevrilən “Kitabi-Dədə Qorqud”dan gedir.
Kamal Abdulla “mənim yazıçım”dır. Hələ “Sehrbazlar dərəsi” romanını bitirəndə bu haqda düşünmüşdüm. Görünür, yazıçının doğmalığı, uzaqlığı zövq məsələsidir. Ancaq onun intellektuallığı və dilin bədii qatında ustalığı da önəmlidir mənimçün. Kamal Abdulla məhz bu kateqoriyaya aiddir.
“Sirlərin sərgüzəşti” postmodern əsərdir. Kitabda bir-biri ilə birbaşa, ya dolayısı bağlılığı olan ayrı-ayrı mətnlər var. Bir də əsas mətn. Ana xətt. Bu sujet digər hekayələrin, əhvalatların mərkəzi nöqtəsidir və onları birləşdirir. Əsas sujet xətti müasir dövrdə keçirsə, o biriləri qədim əhvalatlardır.
Kamal Abdulla qədim mətnlərə (“Dədə Qorqud” dastanının “Bamsı Beyrək” boyu və əgər hansısa nağıla söykənirsə, Əhmədin nağılı) təzə can verib. Onları dirildib, yeniləyib. Bəs müasir, tamamilə özünə aid əhvalatlar necə? Onlarda da bir o qədər uğurludurmu? Yazıda sırf bu iki nüansın üzərində dayanacam.
Qədim əhvalat
“Kitabi-Dədə Qorqud” dastanından götürülən Beyrəklə Banuçiçəyin məhəbbət hekayəsi romanın içində mirvari kimi seçilir. Özü də “Sirlərin sərgüzəşti”ndə bir sirrə çönür. Çünki yazıçının bizə təqdim etdiyi mətn dastanla uyğun gəlmir. Kamal Abdullanın Banuçiçəyi Beyrəyə yenilmir.
İki aşiqin şirin məhəbbət sınaqları müasir mətndə çağdaş enerji qazanıb. Təbiidir, qorqudşünas alim üçün dastanın dərinlərində üzmək, ona yeni nəfəs vermək daha rahatdır. K.Abdulla bir yazıçı kimi qədim mətnlərin, xüsusən, “Dədə Qorqud”un dekonstruksiyasında, yəqin ki, hər şeydən öncə elə buna görə uğurludur. “Sirlərin sərgüzəşti”ndə yazıçı folklordan qidalanır. Onu özününküləşdirir, yeni mətnə çevirir, ancaq elə nağıl, dastan dadındaca qalırlar.
***
Sirr saxlaya bilirsənmi, canım oğlan?
Sirr saxlaya bilirsənsə, o zaman öpə də bilərsən.
Mən də sənə söz verirəm ki, bir adam bilməyəcək mənim səni öpüb-öpüb sevdiyimi. Sənin də başına qaxınc olmasın.
Bir adam bilməsin. Bu bizim sirrimiz olsun.
***
Dialoqlar romanın Beyrək-Banuçiçək hissəsindəndir. Onları buna görə qeyd edirəm ki, yazıçı seçib işlədiyi materialları romanında necə sirrə çevirir, görək.
Kamal Abdulla dastanı sevdirə bilir. “Sirlərin sərgüzəşti” “Dədə Qorqud”un gerçək dəyərini, bədii ləzzətini anlamaq üçün də bir fürsətdir. Roman həm də dastanı dönə-dönə oxumaq, ona daima qayıtmaq arzusu oyadır.
Müasir əhvalat
Romanda yazıçının çox da istifadə etmədiyi professor obrazı var. Bu, Kamal Abdullanın özüdür. Müəllif özünü əl altdan, gizli-gizli bəlli edir. Hətta adını açıqca yazmaqdan da çəkinmir. Bu da olsun postmodern sirr.
Ancaq yazıçı özünü göstərməklə tezcənə aradan çıxır. Gizlənir. Əvəzində sirli əhvalatların müəllifini, başqa personajı irəli çəkir.
“Sirlərin sərgüzəşti”, əslində, öz başlanğıcını Hacı Mir Həsən ağa Səyyahın risalələrindən götürür. Lap romanın əvvəlindən məlum olduğu kimi əsərin baş qəhrəmanı, tarixçi Həsən müəllim həmin risalələri tapır. Tapmağı, oxumağı ilə də başının qarışmağı, fikrinin dolaşmağı bir olur. Risalələr onda sirli suallar yaradır. Bunu da unutmayaq ki, Hacı Mir Həsən ağa Səyyah Həsən müəllimin prototipidir. Bu, romanın estetik özəlliklərindən biridir.
Həsən müəllim ailəsi, nəvələri, cavankən sevdiyi qadınla birgə romanın tək gerçək obrazıdır. O və onun birbaşa ünsiyyət qurduğu qəhrəmanlardan başqa real qəhrəman yoxdur.
Fikrim sözün hərfi mənasında anlaşılmalıdır. Həsən müəllimin kabusa bənzəyən xəyal dünyasını, oxuduğu risalələrin qəhrəmanlarını, elə Hacı Mir Həsən ağa Səyyahın özünü də baş qəhrəmanın sirlər aləmi kimi düşünə bilərik. Çünki Hacı Mir Həsən ağa Səyyah Həsən müəllimin proyeksiyası, onun kölgəsidir. Hacı Mir Həsən ağa Səyyahın müəllifi olduğu risalələrdə danışılan sirli əhvalatlar isə sanki, Həsən müəllimin yaddaş pozuntusununmu, qəribə durumununmu bir əlamətidir.
Burda bir haşiyə çıxım ki, düşüncəm tamam subyektivdir və təəssürat səviyyəsindədir. Hansısa bədii faktı dəqiqləşdirməkdən çox, əsərin bədii atmosferini, Həsən müəllimin psixoloji ovqatını realizə etmək niyyətindəyəm.
Həsən müəllim bugünün obrazıdır. Onun yaşını, keçmiş yaşantılarını nəzərə alsaq, kiçik bir düzəliş etmək lazımdır öncəki cümləyə. O, bugünə gəlib çatan yaxın keçmişin adamıdır. Hər şeyə rəğmən biz Həsən müəllimin timsalında modern bir hekayə görürük romanda.
Modern hekayə içində də sevgi hekayəsi var. Həsənlə Bəyimin məhəbbət macərasından fraqment!
Kamal Abdullanın Beyrək-Banuçiçək hekayəsi məndə romantik duyğular oyatdısa, Həsənlə Bəyimin münasibətində daha çox mətnin estetik - bədii quruluşundan zövq aldım.
Bəyimin sirri > Sirlərin sərgüzəşti
Fikir versək, bununla Beyrək-Banuçiçək macərasında da qarşılaşırıq. “Sirr saxlaya bilirsənsə, o zaman öpə də bilərsən” deyən Banuçiçəyin sirri kimi roman, içində sirr gizlənən hekayələrdən qurulub.
Sirr, əslində, romanın qəhrəmanıdır. Ayrıca personaj kimi hər hekayədə, paraqrafda, az qala kitabın hər səhifəsində onunla rastlaşırıq. Bu mənada müasir hekayədə də sirr görməyimiz (Bəyimin sirri!) yerindədir.
Yazıçının folklordan bəhrələndiyi, dastandan götürdüyü, yaxud başqa əsərindən alıb işlədiyi mövzular romanın özünə, mayasına çevrilib. Onlar günümüzə aid, bugünü özündə əks etdirən müasir süjet xətti ilə müqayisədə daha qaynar və təsirlidir. Qədim əhvalatlar vahid məxəzdən ayrılan yardımçı qollar, əlavə süjet yox, bir bədənin əsas orqanlarını xatırladır. Hətta deyərdim, onlar nəinki bu rəngarəng romanı tamamlayır, “Sirlərin sərgüzəşti” həmin əhvalatlardan ibarətdir. Romanın bədii enerjisi, gücü, sanki, məzmunun qədimiliyindədir.
***
Bəlkə elə – Hacı Mir Həsən ağa Səyyah əlindəki kağızların o üzünə, bu üzünə baxa-baxa düşündü, – əsl səyahət budur?! Sirlərin bir-birinin içinə girməsidir?! Onların öz aralarında münasibətin yaranmasıdır?
Yazıya başlayanda romandan yazmağın çətinliyi üzərinə düşündüm. Romanı oxuduqca fikirlər, rəylər əmələ gəlsə, kitabdan yazmaq arzusu oyansa da, sirlərin xaotikliyi onları bir araya gətirməyi qəlizləşdirəcəkdi. Ancaq romanda da yazıldığı kimi onları bir-birindən aralı yox, bir-birinin içində görmək lazımdır. Beləcə, həm sirli səyahət edəcək, həm bu sirli sərgüzəştdən bir para da öz adıma yazacaqdım.
Hacı Mir Həsən ağa Səyyah qərara gəldi ki, bir daha sirlərə toxunub onları yerbəyer eləməsin, Allah-taala onun könlünə, oradan da qələminin ucuna o sirləri hansı şəkildə, necə və nə təhər göndərəcəksə, o cür də qələmə alsın, daha heç bir düzəliş aparmasın...