Şəklimi çəkib feysbuka qoyacaqlar, biabır olacam Yuxularım - 5

Şəklimi çəkib feysbuka qoyacaqlar, biabır olacam Yuxularım - 5
16 may 2014
# 13:01

Gördüm, kənddəyəm, Bakıya gəlməliyəm. Gördüm, kənddəki dostum maşını ilə küçədə məni gözləyir, qatarın vaxtına az qalıb. Gördüm, alaqaranlıqdı, evdən küçəyə çıxıb maşına tərəf gedirəm. Gördüm, anam maşının qabağını kəsdi ki, bu gün getmə, sabah gedərsən. Dedim, ay ana, qatara bilet almışam, həm də bir gün nəyi həll eləyə bilər? Belə də ki, bir aydı sənin yanındayam.

Mən bu sözləri deyə-deyə anamla görüşüb maşına oturdum. Gördüm, maşın işə düşəndə anam atılaraq maşının qabaq şüşəsinin üstünə yıxıldı və dedi ki, sizi buraxmayacam. Gördüm, onun bu hərəkətindən əsəbiləşən dostum maşını irəli sürdü və anam yerə yıxıldı. Mən dostuma dedim, dayan, birdən anamı öldürərik. Maşından düşüb yıxılan qadını yerdən qaldırdım. Baxdım, anamın üzü qan içindədir. Fikirləşdim, bəlkə doğrudan da bu gün getməyim, ola bilsin, nəsə duyub. Birdən anam dikələrək vəhşi bir səs çıxartdı. Mən onu buraxıb tez maşına oturdum. Dostum maşını yerindən tərpədəndə anam yenə maşının pəncərəsinə yapışdı. O, ağzını həddən artıq geniş açaraq heç vaxt eşitmədiyim vahiməli səslə bağırırdı. Biz dərhal yan pəncərələri bağladıq. Onun iti, qorxunc, qanlı canavar dişləri, iri caynaqları vardı. Gördüm, bu dəm anamın əlinə keçsək ikimizi də parçalayacaq. Dostum maşına sürət verdi və anam sürüşüb maşının sağ tərəfinə düşdü. Gördüm, o, ayağa durub maşının arxasınca uça-uça gəlir. Onun qanadları iri kəlağayıdandı. Maşını sürətlə sürüb ondan aralandıq.

Gördüm, biz qatar gələnə qədər stansiyadakı dostumla çayxanada oturub anamdan danışdıq. Dostum tez-tez soruşurdu ki, görəsən, arvad niyə o günə düşüb? Sonra dedi, bəlkə zəhərli ot yeyib? Gördüm, mən də deyirəm ki, nə bilim, mənim anam mülayim bir qadındı, heç belə olduğunu görməmişdim. Dostum dedi, geri evə qayıdanda gərək başqa küçə ilə gedəm, yoxsa anan tutub məni yeyər. Mən ona dedim, anamın dişləri yoxdu. O da dedi, sən nə danışırsan, görmürdünmü necə iti, qanlı dişləri vardı? Sonra mən də anamın iri, qanlı dişlərini xatırladım.

Bir azdan qatar gəldi, dostum məni yola salıb getdi. Mən öz kupemə girən kimi yerimi rahatlayıb uzandım. Gördüm, kupedəki sərnişinlər sosial yardım ala bilmədiklərindən danışır. Biri deyir, özümü sosial yardım idarəsinin qarşısında yandırmaq istəyirəm. Digəri deyir, gedib o idarəni partladacam. O birisi deyir, oranın müdirini öldürəcəm.

Gördüm, mən yuxuya düşmüşəm. Səhər Bakıya yaxınlaşanda bələdçi qapıları döyür ki, qalxın, pastelləri təhvil verin, artıq Biləcəriyə yaxınlaşırıq. Gördüm, mən də qalxıb əl-üzümü yumağa gedirəm. Tualetdən geri qayıdanda gördüm, əynimdə nə şalvar var, nə də trusik, tək maykada qalmışam.

Gördüm, vaqonun bələdçisinə deyirəm, şalvarımı oğurlayıblar. Bələdçi də mənə deyir, sən əynində şalvarını saxlaya bilmirsənsə mən neynim?

Gördüm, artıq qatar Bakı dəmiryol stansiyasında dayandı. Mən maykamın ətəyini aşağı çəkə-çəkə qatardan düşürəm.

Gördüm, adamlar mənə yaxınlaşıb soruşurlar: “Taksi lazımdımı? Araba lazımdımı?”

Gördüm, arabaçıya deyirəm, araba lazımdı. Gördüm, arabaçı arabasını mənim yanıma sürür. Gördüm, arabada oturmuşam. Arabaçı soruşur ki, hara gedirsən? Deyirəm, məni bir qəzet köşkünə çatdır. Gördüm, arabanın üstündə yenə maykamın ətəyini aşağı dartışdırıram ki, ora-buram görsənməsin, tanıyan-görən olar. Həm də fikirləşirəm, oxucularım görsə, şəklimi çəkib feysbuka qoyacaqlar, biabır olacam.

Gördüm, qəzet köşkünün yanında arabadan düşürəm və hardansa tapıb arabaçının pulunu verirəm. Gördüm, arabaçı pulun azlığına görə narazılıq eləyir. Mən də ona acıqlanıb deyirəm, a kişi, əl çək dəə, görmürsən lüt qalmışam? Gördüm, kişi arabasını sürüb söylənə-söylənə məndən uzaqlaşır.

Gördüm, köşkdəki satıcı kişiyə 20 qəpik uzadıram ki, mənə bir dənə “Yeni müsavat” ver. Gördüm, kişi deyir, sən hansı əsrdə qalmısan, bilmirsənmi artıq qəzetlərin qiyməti 40 qəpik olub? Gördüm, deyirəm, çoxdandı qəzet-zad almırdım. Kişi də dedi ki, elə ona görə bu günə qalmısınız dəə.

Gördüm, beləcə metroya girirəm. Gördüm, vaqonda bir kişi əyilib mənim qəzetimdən ulduz falını oxuyur. Mən də kişiyə deyirəm ki, unutma, Tanrı ulduzlardan da ucadadır. Gördüm, kişi mənə tərs-tərs baxır.

Gördüm, qəfil çiynimə nəsə toxundu. Qorxdum ki, anam olar. Baxdım ki, maykanın açıq yerindən çiynimə iri bir kəpənək qonub. Diksinib ayıldım ki, anam maykamın həmin açıq yerindən ipək kimi əli ilə tərpədib məni oyadır. Gördüklərimin yuxu olduğuna görə çox sevindim.

# 3017 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #