Seriala görə qəzaya düşməyə razı idi

Seriala görə qəzaya düşməyə razı idi
31 may 2013
# 11:25

Layihə-Başıma gələnlər

Metrodan bir az ertə çıxanda evə tərəf getmək istədiyim avtobuslar ağzına qədər dolu olur. Uzun yolu ayaq üstə getməmək üçün 4 nəfərə 2 manatdan yığır, evə çox vaxt taksi ilə gedirik. Avtobusda oturub getmək istəyirsənsə, mütləq axşam saat 11-ə qədər gözləməlisən.

Bakı kəndləri ömrü boyu rahat avtobus həsrətində olub, bu arzuda hələ də nakamdırlar. Məsələn, Mərdəkandan Bakıya gələn sərnişinlər heç vaxt avtobusda otura bilmirlər, çünki avtobuslar artıq Şüvəlan tərəfdən dolu gəlir. Nə isə, məqsədim məqalə yazmaqla marşrut avtobuslarını çoxaldıb əhalinin əziyyətini azaltmaq deyil. Mən kiməm ki, belə yekə məsələlərə qarışam?

Burda yalnız avtobus sahiblərinə bircə dənə tövsiyə edə bilərəm. Avtobusların oturacaqlarının üzlükləri o qədər kirlənib ki, adam əl vurmağa, toxunmağa iyrənir. Ölkəyə gətirdiyiniz avtobusların oturacaqlarına tez-tez üzlük çəksəniz, ürəyimiz bulanmazdı...


Hə, bu gün yenə 4 nəfər yığışıb taksiyə oturduq. Bir az getmişdik ki, yanımda oturan fısıltılı kişi sürücüyə dedi, əmioğlu, sürəti bir az artıra bilərsənmi? Sürücü də qayıtdı ki, qardaş, yollar nəmdi, 120-dən yuxarı qaldıra bilmərəm. Kişi milyoner ədası ilə sürücüyə dedi, bura bax, yolda polis-zad saxlasa mənlikdi, mən ölüm, bir az da qaz ver, evə tez çatmalıyam.

Fısıldaya-fısıldaya məni taksinin qapısına sıxmış kişiyə dedim, ay yoldaş, niyə sənin tələsdiyinə görə biz həyatımızla risk eləməliyik? Bəlkə yolumuzu normal gedək? Kişi mənə tərs-tərs baxıb dedi adə, sən nə bilirsən həyatda nələr baş verir, dünyada insanların taleyi necə olur, cahanda nə cürnə sevənlər yaşayır, məkanda kim kimi atır, kim kimi sevir, kim günahkardı, kim haqlıdır. Kişi dayanmadan “insan”, “dünya”, “cahan”, “tale”, “bəşəriyyət”, “səadət” kimi mücərrəd sözlərdən düzəltdiyi cümlələrlə düşük fikirlərini mənə döşəməyə başladı. Onun bu “indeyski” söhbəti üzümün bir tərəfini tüpürcəyə qərq elədi.

Taksidəkilər də kişinin qeyri-müəyyən sarsaq fikirlərini müdafiə eləyib “indiki gənclərin heç nədən xəbəri yoxdu” deyə məni məzəmmət elədilər. Halbuki onlar yaşca məndən cavan olardılar. Sadəcə, ağır həyat tərzi keçirdiklərinə, yeyib-içdiklərindən xəbərləri olmadığına görə üzləri vaxtından əvvəl qırışmış, dişləri çürüyüb tökülmüş, ağızları erkən isə əyilmişdi.


Tələsən kişi əsas mətləbə keçərək dedi, teleserialın başlamasına az qalıb, ürəyim partlayır, mütləq çatmalıyam. Mən kişini indi anladım və içəridə sülh yaratmaq üçün süni bir maraqla serialın adını ondan soruşmaq istədim. Ancaq fikrimdən vaz keçdim, qorxum ki, kişi serialın məzmununu danışmağa başlayar, üzümü yenə tüpürcək yağışına tutar. Başımda bu fikirlər dolaşırdı ki, sürücü dedi hə, beş dəqiqədən sonra “Məhəbbət eşqinin sevdasının qəmginliyi” başlayır, yəqin ona tələsirsən. Arxada aramızda oturan kişi sürücüyə tərəf sevinmiş irəliləyərək soruşdu ki, əmioğlu, ona sən də baxırsanmı? Sürücü dedi, evdə olanda mütləq baxıram, çatdırıb baxa bilmədiklərimi də, siz də məni bağışlayın, üzr istəyirəm, uşaqların anasından soruşuram. Arxada oturan üçüncü yoldaş dedi, elə mən də seriala tələsirdim, ona görə taksiyə mindim.

Bunların üçü də ağız-ağıza verərək kiminsə nakam məhəbbətindən danışıb kövrəlirdilər. Vətəndaşlar danışıqdan yavaş-yavaş ağlaşmaya keçdilər. Artıq taksidə xırda bir cəmiyyət əmələ gəlmişdi, üçü bir idi, mən tək. Onlar hansısa müsəlmanın nakam məhəbbətindən epizodlar danışıb ağlaşır, sinə döyürdülər, nohə deyirdilər. İçərinin havasından mənə qarşı kinin və nifrətin qoxusu gəlirdi. Bu üçlük uzaq bir xalqın nümayəndəsinin nakam eşqinə ağladıqca məni qorxu bürüyürdü. Baxdım ki, onları kiritməyə cəhd eləsəm məni taksidən çölə tullayacaqlar. Özü də belələri ağlaşma vaxtı çox qəzəbli və güclü olurlar.


Yadıma ölkəmizdə milli seriallar çəkmək üçün ayrılan pullar düşdü və mən xeyli sevindim. Həqiqətən, bu xalqa milli seriallar lazımdı.

# 3601 dəfə oxunub

Müəllifin son yazıları

# # #