Mənə görə yağışı saxlamışdılar...

Mənə görə yağışı saxlamışdılar...
26 sentyabr 2019
# 13:03

Əsgərlik illərindən, eləcə də, Rusiyada yaşadığım vaxtlardan moldovan dostlarım çox olub. Kişinyova isə ilk səfərim idi. Keçmiş SSRİ-nin günəşli respublikalarından biriydi Moldova, – bağlı-bağçalı, üzümlü-tənəkli, çaxırlı-konyaklı... İnsanları da qonaqpərvər, sadədil, zarafatcıl. Bəlkə ona görədir ki, aeroportda pasport kontrolunda sərhədçinin: “Bir az gözləyin, çıxıb baxaq görək sizi kim qarşılayır.” – deməsini zarafat kimi qarşıladım. Belə olmasaydı, Kişinyovun Bakıyla müqayisədə nə qədər kiçik şəhər olduğu haqda təsəvvür yaranmalıydı.

Yarandı da...

Aeroportdan çıxanda Beynəlxalq Proza Festivalının təşkilatçısı, yazıçı Nikolae Spetarunu gendən tanıdım. Deyəsən o da məni tanımışdı, yüz ilin tanışı kimi yaxınlaşıb salamlaşdı, hal-əhval tutdu. – Ver çantana kömək edim, – dedi.

– Narahat olmayın, yüngüldü.

– Bəs niyə yüngüldü? – ilk sualına ani duruxsam da, zarafat etdiyini başa düşdüm.

Maşına qədər olan məsafədə Nikolaenin yolüstü iki-üç nəfərlə görüşməsi Kişinyovun təxminən bizim Gəncə kimi – sözsüz, Kişinyov Gəncədən azı iki-üç dəfə böyük şəhərdi, – kompakt bir şəhər olduğu təsiri yaradırdı.

– Hava əladı ha, – Kişinyovun yüngül, tər-təmiz havasından ciyərlərimə çəkib dedim.

– Bütün günü yağıb, sadəcə sizin gəlişinizə hökumətimiz yağışı kəsdirib. – Nikolaenin ikinci zarafatıydı.

Yol boyu söhbətdən belə məlum oldu ki, beş-on il əvvəl Kişinyovun əhalisi bir milyonu keçsə də, indi səkkiz yüz min ola, olmaya. Avropa ölkələrilə vizasız gediş-gəliş rejimi tətbiq olunandan sonra camaat, xüsusən də cavanlar Qərbə üz tutub. Əhalinin çoxu ikinci vətəndaşlıq, Rumıniya vətəndaşlığı alıb, bu isə, – Rumıniya Avropa İttifaqının üzvü olduğu üçün, – o ölkələrdə işləmək, yaşamaq hüququ verir. 1940-cı ilədək Moldova Rumıniyanın tərkibində olub, daha doğrusu bütöv Rumıniya olub, SSRİ-nin (rusların) siyasəti nəticəsində sonradan parçalanıb, millətin adı, dili dəyişdirilib, – Moldova yaradılıb.

Şəhərin girişində Nikolae mənə Kişinyovun “darvazasını” göstərsə də, prospektin sağ və sol tərəfindəki iki köhnə doqquzmərtəbədən başqa heç nə görmədim. Sən demə, kişinyovlular bu binaları simvolik olaraq – həm də zarafatca! – “şəhər darvazası” adlandırırlar.

– Bəxtimizdən şəhərin qapıları hələ açıqdı, – bu da yazıçı dostumun səmimilik yaratmağa yönəlik növbəti zarafatı idi.

Festivalın açılışı Kişinyov Bələdiyyə Kitabxanasında baş tutdu. “Kvadrat” Beynəlxalq Proza Festivalına Avropanın müxtəlif ölkələrindən – Hollandiyadan, Almaniyadan, Rumıniyadan, Rusiyadan... nasir və naşirlər gəlmişdi. Ukraynadan gəlməli olan tanınmış yazıçı Vladimir Danilenko sərhəd-viza problemlərinə görə festivala çata bilməmişdi. Yerli prozaiklərin, tənqidçilərin, ədəbiyyatşünasların da iştirak etdiyi festival – yeri gəlmişkən deyim ki, mən bu festivalda AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun tanıtımı, təqdimatı sayəsində yer almışdım, – prozanın hazırkı vəziyyəti, cərəyanları, problemləri, cəmiyyətdə yeri, rolu, haqda qızğın polemikalarla yadda qaldı. O qədər qızğın ki, rumıncadan – danışıqlar əsasən rumın dilində gedirdi, – rus dilinə çevirmə etmək üçün bizə (mənə və Rusiyanın “Znaniya – Sila” jurnalının baş redaktoru Yuri Xaricevə) təhkim olunmuş Miçel adlı gənc tərcüməçi sadəcə çatdıra bilmirdi.

Problemlər isə, görünür, hər yerdə eynidi: kitaba, ciddi əsərlərə marağın azalması, tirajların kəskin şəkildə düşməsi, peşəkar tərcüməçi çatışmazlığı – qeyd olunurdu ki, əsərlər rumıncaya adətən üçüncü dildən tərcümə olunur – maliyyə problemləri və s...

Festivalın ikinci günü Moldova Beynəlxalq Universitetinin filologiya fakültəsinin tələbələrilə, professor-müəllim heyətilə maraqlı, yaddaqalan görüşümüz oldu. Günün ikinci yarısı isə bizi şəhərdən xeyli aralıda yerləşən qədimi kilsə kompleksi ilə tanışlığa apardılar.

Onu da deyim ki, azərbaycanlılarla bağlı bir çox tədbirlərdə olduğu kimi, Azərbaycan nümayəndəsinin bu festivalda iştirakı Moldova-Azərbaycan Cəmiyyətinin bilavasitə dəstəyi ilə reallaşmışdı. Cəmiyyətin prezidenti Muharib Allahverdiyev özü şəxsən gəlib məni aeroportdan yola saldı.

Moldova haqda təəssüratlarım boldu: sovet adamında nostalji hisslər doğuran şəhərləri, kəndləri haqda, sadə-səmimi adamları, zəngin mədəniyyətləri, adət-ənənələri, mətbəxləri haqda... Bu əlüstü yazı isə İkinci Beynəlxalq Proza Festivalının olsa-olsa qısaca icmalıdı...

Rumıniya Yazıçılar Birliyinin Kişinyov filialının Sədri Leo Butnaru ilə

Rusiya, "Znaniya - Sila" jurnalının baş redaktoru İqor Xariçevlə

# 3051 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #