12 yaşlı uşağın qatili: din, yoxsa məktəb

12 yaşlı uşağın qatili: <span style="color:red;">din, yoxsa məktəb
5 dekabr 2017
# 12:40

Dünən Ağdaş rayonunda 12 yaşlı oğlan intihar edib. Təəssüf ki, uşaqların intiharı ilk dəfə deyil, intiharın yaşı bizim ölkədə çoxdan uşaqlaşıb...

Artıq cəmiyyət olaraq bu cür xəbərlərə qarşı laqeydləşmişik. Uşaq intiharı qırmızı xətdə çatıb, di gəl bu yöndə bircə dənə də ciddi araşdırma, tədqiqat aparmırıq, səbəbləri gün işığına çıxarmırıq.

Ancaq Ağdaşda baş vermiş intihar hadisəsi ciddi reaksiyalar doğurdu. Səbəb ölən uşağın yazdığı məktubdur. 12 yaşlı İsmayılın məktubu belə başlayır: “Mama, siz bunu oxuyanda sevimli peyğəmbərimizin yanında olacam...”

Başqa bir fakt da var. Məlum olur ki, balaca İsmayıl kənd mollasından Quran dərsləri alırmış.

İstər-istəməz belə bir təəssürat yaranır ki, uşağı “sevimli peyğəmbərimizin yanına getmək” barədə düşünməyə təşviq edən kənd mollasının aşıladıqlarıdır.

Mollaların ətəyində namaz qılmaq fikrim yoxdur. Əksəriyyətinin cəhalət yaydığı da məlum. Ancaq gəlin soyuqqanlı olaq və düşünək görək heç molla da intiharı təqdir edərmi?

İntihar səmavi dinlər tərəfindən pislənən əməldir. Allahın verdiyi həyatı insanın son qoyması heç vəchlə qəbul edilmir. Üstəlik onlar nəinki peyğəmbərin yanına getməkdən, cənnətin qapısından keçməkdən belə məhrum olurlar. Bu xüsusda başqa məsələlər də var ki, bu yazıda ona geniş toxunmağı vacib saymıram.

Deməyim o ki, İslam da daxil olmaqla səmavi dinlərin heç birində intihar qəbul olunmur və cənnətə girməyin qısa yolu sayılmır. Düzdür, ötən əsrdə xristian aləmində intihara təşviq edən sektalar olub və həmin sekta rəhbərlərinin təşkil etdiyi kütləvi intihar ayinləri də baş verib. Ancaq bu sektaların hər biri xristianlıqdan sapmış təşkilatlar idi.

İslamda isə intihar heç bir halda qəbul edilmir. İnanmıram ki, səviyyəsindən asılı olmayaraq hər hansı bir molla uşağı intihara təşviq etsin. Əgər molla uşağı başqa bir əmələ - misal üçün cihada - təhrik etsəydi, yenə başa düşmək olardı. Ancaq “peyğəmbərin yanına getmək üçün” intiharı seçməyə təşviq etməsi heç cür ağlabatan deyil.

12 yaşlı bir uşağı belə düşünməyə vadar edən nədir? Lap tutalım hansısa bir molla uşağı “yoldan çıxara” bilib. Bəs uşağa təhsil verən məktəb hardadır? Belə çıxır ki, bir adam o boyda Təhsil Nazirliyinin verdiyi təhsili bir-iki günün içində silib ata bilər və uşağı öz istədiyi istiqamətə yönəldə bilər?

Belə yerdə məktəbi molladan maraqsız olan Təhsil Nazirliyini qınamamaq olmur. Sxematik, yaradıcı olmayan quru təhsilin fəsadıdır bunlar. Məktəblər şagirdlərə stimul vermir, şagirdlər məktəbə biyara gedər kimi gedirlər.

Halbuki məktəblər uşaqlara həyatı, günəşi, sabahları sevdirməlidir.

Bəs görəsən bizim uşaqlar həyatın əvəzinə ölümü niyə seçir?

Niyə?!

Suallar çox, cavab isə...

Təəssüflənməkdən başqa əldən heç nə gəlmir...

# 1865 dəfə oxunub

Müəllifin son yazıları

# # #