Marketdəki insan taleləri

Marketdəki insan taleləri
5 may 2014
# 10:19

Paytaxtda yeni-yeni ticarət mərkəzləri tikilir. Market şəbəkələri açılır. Xidmət sektoru ən müasir səviyyədə yenilənir. Adam bu ticarət mərkəzlərinə, marketlərə girəndə özünü lap Avropada hiss edir.

Hər şey yaxşıdır. Amma personalın xidmətini görəndə anlayırsan ki, bura Avropa deyil. İşçilər müştərilərlə düşmən kimi davranırlar. Üzlərində zərrə qədər də gülüş ifadəsi olmur. Çağırırsan, yardım istəyirsən ərinə-ərinə gəlirlər. Obyekt bağlanmamış mühafizəçilər ayaqlarını qaçaraq qoyurlar, işçinin biri qalstukunu açıb hazır vəziyyətdə dayanır, satıcı qızlar əllərində zənbilləri çıxmağı gözləyirlər. Vay o gündən ki, obyektlərin bağlandığı ərəfədə nəsə almaq istəyəsən. Adama elə baxırlar ki, elə bil üzünə pis söyüş söymüsən.

Səbəbi nədir? Problem nədədir? Çox sadə. Milyonlarla xərc çəkib marketləri, ticarət mərkəzlərini açan adamlar xidməti personala məvacib vermək istəyirlər. Çox kiçik məbləğlə o işçiləri qul kimi işlətmək istəyirlər. İşçi 200-300, lap 400 manata gün ərzində 12-14 saat işləməli olur.

Belə vəziyyətdə kim işləyər? Əlbəttə heç kim! Kapitalizmin ən müasir bazar mexanizmlərini ölkəyə gətirən iş adamları, işçilərə münasibətdə vəhşi kapitalizm dövründə qalıblar.

Buna görə də market bağlanmamış işçi start vəziyyətində olur ki, evinə gedib rahatlıq tapsın. Buna görə də obyektin bağlanmasına az qalmış gələn müştəri olanda üzləri çönür, adama nifrətlə baxırlar. Yəni sənin beş-on manatlıq alverinin onsuz bizə xeyri yoxdur, yenə də eyni qəpik-qurşu alacağıq. İqtisadi dildə buna motivasiya deyirlər.

Bir neçə il əvvəl Sabunçuda nəhəng bir market açmışdılar. Əla idi. Orda bazarlıq etmək özümə ləzzət edirdi. Baxma, təsəllidir, heç olmaya bazar məsələlərində müasirləşməyimizlə təsəlli tapa bilərik.

Məndə bazarlıq işlərində fərasət nə gəzir. Elə arabanı bu piştaxtanın yanından o piştaxtanın yanına sürürdüm, xanım isə mal çeşidlərinə baxıb seçimini edirdi.

Mən də satıcılarla söhbətləşdim. Məlum olurdu ki, işçilərə çox cüzi maaş verilir. Hər dəfə də gələndə (hər ay maaş alanda) personalın dəyişdiyini görürdüm. Sonra öyrəndim ki, müdiriyyət hər ayın axırı maaş verməmək üçün işçiləri dəyişir. Təzə personal da gəlib malların yerinə, iş qaydasına öyrənən kimi satışın tempi düşür aşağı. Bizimkilərə bunu necə izah edəsən? Qoyasan işçinin maaşını kəssinlər. Sonra da hər qurban bayramında işçiyə yarım kilo qurbanlıq verib yerlərini Allah qatında xoş eləsinlər.

Həmin marketə gələndə işçilərin şikayətləndiklərini, çarəsizlikdən işlədiklərini görürdüm. Bir az da söhbətləşirdim. Ailələri, dolanışıqları ilə maraqlanırdım, görürdüm ki, bu bir tikə çörək puluna işləyənlərin hər biri bir bölük insanın, bir böyük ailənin yeganə ümidgahıdır. O da işləməsə, bir ailə o gecə ac yatacaq. Bu söhbətləri dinləyəndən sonra aldıqlarım da heç canına sinmirdi. Elə bil, evə ərzaq yox, zəhər alırdım.

Bu çıraqban, bol çeşidli, nəhəng marketlərin, obyektlərin piştaxtaları önündə nə qədər bəxtsiz insan taleləri yatır, ilahi. Hərəsi bir hekayənin, bir romanın qəhrəmanı... Yazsan, əldə qələm qan ağlar.

# 3433 dəfə oxunub

Müəllifin son yazıları

# # #