Cəlilin islanan kitabları

Cəlilin islanan kitabları
28 iyul 2015
# 10:16

Sergey Paracanovun “Narın rəngi” filmi güclü yağışın yağması ilə başlayır. Qədim kilsənin damı davam gətirmir, su basır. Səhər isə keşişlər qədim kitabları çölə çıxarır, üzərinə ağır daş qoyub badımcan turşusu düzəldirmiş kimi suyunu çıxarırlar. Yaşlı bir keşiş isə balaca Sayata deyir: “Kitabları qorumaq və oxumaq lazımdır, çünki kitab həyat və ruh rəmzidir. Kitabsız dünya cəhalətdən başqa heç nə görməzdi.”

Sonra filmdə kadr dəyişir, balaca Sayat kitabları açıq vəziyyətdə kilsənin damına düzür ki, gün vurub qurutsun. Və bir qədər sonra biz vərəqləri taxıl zəmisi kimi xışıldayan kitabların arasında uzanmış Sayatı görürük. Çox ecazkar və poetik bir mənzərə.

Mən əminəm ki, dostumuz Cəlil Cavanşir keşişin balaca Sayata dediyi həqiqəti bilir, özü də lap çoxdan bilir, bəlkə də Cəlil bunu biləndə Sayat Novadan da balaca olub.

Bəs onda nə üçün kitabların yağışın altında qalıb islanmasına imkan verib? Yazıda yazdığı kimi, evə gəlib görüb ki, kitablar qarajdadır, yağış suyu da üzüaşağı tökülür. Bu gedişlə kitablar suyun altında qalıb məhv olacaq. Siqaret çəkməyə imkan olmadığına əsəbiləşməkdənsə bunları tezcənə təhlükəsizlik yerə daşımağa nə var? Daha məlul-məlul kitabların yağışın altında qalıb islanmağına baxmaq niyə? Hamısını xilas edə bilmirdin, cəhənnəm, yarısını xilas edəydin, belə lap üçdə birini xilas edəydin. Axırı ki, qollarını çırmalayardın...

Məgər bu kitablar sənə bunları öyrətmişdi? Knut Hamsunun qəhrəmanı o cəsur İsaakı düşün. Bataqlıqda böyük bir qəsəbə saldı. Hər cür məhrumiyyətə dözən Martin İdeni düşün. İnsana qətiyyət, dözüm, cəsarət aşılayan daha neçə nümunələr göstərmək olar. Bunları sənə öyrədən o kitabları xilas etməkdənsə işi duyğusala bağladın.

Səninki müharibədə yaralanan əsgər yoldaşını xilas etmək yerinə, onun yanında oturub düşdüyü vəziyyətə ağlamağa bənzəyir. Dostunsa hələ ölməyib, tibbi yardım göstərilsə yaşayar.

Bir qədər təpərli olub o kitabları təhlükəsiz yerə daşımalı idin. Bu qədər sadə. O sevdiyin kitabları xilas etmək lazım idi.

Sonra da lap istəsən Sayat Nova kimi kitabları sərib aralarına uzan. Bircə şərtlə ki, dama çıxmaq olmasın.

# 1875 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #