Kulis.az rəssam Nigar Nərimanbəyova ilə müsahibəni təqdim edir.
- Nigar xanım, bu yaxında Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının Payız Salonunun “TOİLE D'OR” ali mükafatına layiq görülmüsüz. Əvvəla sizi təbrik edirəm, uğurlarınız bol olsun. Zəhmət olmasa mükafat və sizin ona layiq görülməyiniz barədə bir qədər məlumat verərdiniz.
- 2015-ci ilin noyabrında Fransanın paytaxtı Parisin əsas sərgi salonu Grand Paledə (Böyük Saray) Fransa prezidenti Fransua Ollandın himayəsi altında məşhur ART EN CAPİTAL 2015 beynəlxalq sərgisi keçirilib. Mən bu əfsanəvi art-layihədə iki rəsmdən ibarət diptixlə geniş tamaşaçı auditoriyasının qarşısına çıxmışdım. Diptix ADAGİO adlanırdı. Bu əsər mənim məşhur “Sevgi oyuncaqları” seriyamdan idi.
Mənim bütün rəsmlərim fransız cəmiyyəti tərəfindən böyük maraqla qarşılanıb və anşlaqa səbəb olub. Bu dəfə də belə olmuşdu. Belə ki, mən Grand Palenin Müstəqil Rəssamlar Salonunda iştirak edirdim. Bu böyük sərgi idi və dünyadan 2000-dən çox rəssam iştirak edirdi. Mənim əsərimi geniş tamaşaçı auditoriyası tərifləyirdi.
Onu da qeyd edim ki, Müstəqil Rəssamlar Salonu 1884-cü ildə Pol Sezann, Pol Qogen, Henri de Tuluz - Lotrek, Kamill Pissarro, Albert Dyubua- Pille, Redon, Sera və Sinyak kimi böyük rəssamlar tərəfindən təsis edilmişdi. Mən buna görə də xoşbəxt idim. Mane, Şaqal, Dali, Van Qoq, Modilyani, Duşamp kimi böyük şəxsiyyətlər əsərlərinin sərgiləndiyi bu zalda mənə 2016-cı ilin ən yaxşı əsəri üçün böyük dərəcədə GOLDEN PAINTING 2016 (2016 toile D'OR) və Müstəqil Rəssamlar Salonunun ən yaxşı rəssamı adını almaq xoş oldu.
Fəxr edirəm ki, mənim adım - azərbaycanlı rəssam adı kimi, indi Avropa və Fransanın ən yaxşı rəssamların reyestrinə daxil edilir. Fəxr edirəm ki, Fransa və Avropanın ən yaxşı yerlərində doğma Azərbaycanın, vətənimin adını yüksəyə qaldıra bildim. Həqiqətən, bu, böyük bir tarixi hadisədir. Mənim rəsmim diptix - Adagio Fransa və Avropanın ən yaxşı rəsm əsəri seçildi.
- “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” adına layiq görülməyiniz Azərbaycan rəssamlığının Avropa və dünyada daha çox tanınmasına xidmət edəcəkmi?
- Əlbəttə, bu əfsanəvi diplom Azərbaycanı və Azərbaycan rəssamı kimi mənim adımı və xidmətimi Avropada məşhur edəcək. Mən bütün nüfuzlu art-layihələrə aldığım dəvətlərdə də Azərbaycanı təmsil edir, vətənimin Azərbaycan olduğunu vurğulayıram. Hər il Fransa və Avropanın art-sərgilərində iştirak edirəm. 2013, 2014, 2015-ci illərdə Maestro Pierre Cardinin himayəsi altında Parisdə Pierre Cardin Mərkəzində, Prince Albert və Marina Picasso himayəsi altında, Monako və Kannda keçirilən «Dünya rəssamları» sərgilərində və bir çox başqa sərgilərdə iştirak etmişəm.
- Demək olar heç bir əsərinizdə kişi obrazı yoxdur. Səbəb?
- Mən öz stilimi yaratmışam. Bu simvolizm elementləri ilə dolu olan onirik xromatizm adlanır. Bütün işlərim sehrli, fantastik, rəngarəng yuxu və xəyallardan ibarətdir. Mənim rəssamlıq mərkəzimdə həmişə əzəmətli mənəviyyatı olan bir qadın obrazı dolanır. Bu obraz bütün öz fantaziyaları, arzuları və illüziyaları ilə burdadır. Və mənə görə o qadın cəmiyyətimizin ən müdafiəsiz hissəsi hesab edilir. Kişi onu hər gün müdafiə etmək məcburiyyətindədir. Qadın Allahın ən mükəmməl varlığıdır. Qadın böyük işlər üçün yaradılıb. O, anadır, bacıdır, həyat yoldaşıdır, ailə ocağının qoruyucusudur. Buna görə də, mən onları oxumaq, onları tanımaq üçün yaradıcılığımı QADINa həsr etmişəm və onu bu obrazlarda vermişəm : pəri, nimfa, su pərisi. Əsərlərimdə də onları duyğulu, gözəl, sehrli, müəmmalı və sirli görsətmişəm. Bir qadını tapmaca kimi həll etmək mümkün deyil. Mən əsərlərimdə qadınları kürəklərində ağ qanadlarla vermişəm. Çünki onlar hər an öz arzuları, illüziyalarının arxasınca uçub gedə bilərlər.
- Sadəcə bir neçə əsərinizdə kişi obrazına rast gəlinir, onlar da kloun görkəmindədirlər.
- Mənim yeni rəsm seriyam “Sevgi oyuncaqları” adlanır. Bu seriyada təqdim etdiyim kişi obrazlarıdır. Kişi obrazı mənə qadın düşüncəsini, qadın sirrini, qadın məyusluğunu açmağa kömək edir. Rəsmlərimin adları da öz haqlarında danışır: “Marionet qız”, “Qırıq qanadlar”, “Qəlb”, “Dumanlı arzu obyekti”, “Nimfanın öpüşü. Əzablar teatrı”, “ Varlığın maskaları”. Qadın özündən nağıllar düşünüb ona inana bilir, sevə bilir, sonunu düşünmədən beynində onunla mübarizə aparır. Bu mənim şəkillərimdə qırmızı xətt kimi keçir. Arlekin (təlxək-red.) və kloun obrazları isə taleyin işarəsidir. Təlxək, kloun maskaları geyinərək həyatımızın əsl simasını gizlətməyin alleqorik təsviridir.
- Sizin əsərlərinizi yuxu elementləri hədsiz çoxdur. Sanki rəng seçimləri də yuxunun o qəhvəyi-narıncı atmosferini əks etdirir.
- Bayaq dediyim kimi mənim stilim onirik xromatizm adlanır. Bu yuxuya rəng qatmaq kimi bir şeydir. Əsərlərimin hamısında bir az simvolizm, bir az sürrealizmdən var. Yuxu mənim üçün çox vacibdir. Çünki yalnız yuxuda uşaq kimi təmiz olmaq olar, ulduzlar arasına uçmaq olar, yuxu insanın əsil təbiətini ifşa edir. Yuxu - möhtəşəm nağıldı, sehirli aləmdi, mən həmişə bundan hekayələr düzəldib rəsmlərini çəkəcəm.
- Əsərlərinizə baxaraq yuxularınızı öyrənə bilərikmi? Bu əsərlər sizin yuxu reallığınızı nə qədər əks etdirir?
- Mənim bütün işlərim daxili aləmimi, düşüncələrimi sehrli inamlarım vasitəsiylə ifadə edir. Mənim izləyicilərim deyir ki, əsərlərimdən sevginin gücünü, sehrini duymaq olur. Buna görə də mənim çoxlu izləyicim var. Onlar böyük həvəs və sevgiylə sərgilərimə gəlirlər.
- Əsərlərinizin qəhrəmanı adətən qadınlardır. Niyə məhz qadınlar? Özü də onların əsas xüsusiyyəti üzlərinə maska tutmaları və qanadlı olmalarıdır. Sanki deyirsiniz: Qadının mələk kimi görünməsinə baxma, bu yalnızca maskadır.
- Əksinə, mən öz rəsmlərimdə incə qadın təbiətinin gözəlliyi, onların inanılmaz uşaq sadəlövhlüyündən söhbət açıram. Amma dünya qəddar və kobuddur. Qadınlar da rəngarəng paltarlarıyla, ağ qanadlarını örtməyə, sevinc və şadlıqları ilə isə sanki maskalanıb göz yaşlarını gizlətmək məcburiyyətindədirlər. Amma mən inanıram ki, bir gün çəkilən bütün rəsmlər hökmən gerçək olacaq.
- Neçə ildir Parisdə yaşayırsız?
- Mənim qanımda iki möhtəşəm qan axır. Azərbaycan və Fransa qanı. Nənəm Irma Lyarude Fransanın Pau şəhərinin cənubunda doğulmuş əsil fransız idi. Babam Yaqub Fərman Nərimanbəyov isə qədim Şuşada kübar bir ailədə doğulmuş əsl qarabağlı idi. Beləliklə, mənim işimdə, mənə birləşmiş bu iki böyük mədəniyyət - fransız zərifliyi və Abşeron parlaqlığı açıq görünür. Fransa və Azərbaycanda çox qohumlarım var. Atam dahi rəssam Vidadi Nərimanbəyov sağ olanda biz altı ay Bakıda, altı ay Parisdə yaşayırdıq. Amma son vaxtlar mən uşaqlığımın sevimli şəhəri Bakıya tez-tez gedə bilmirəm. Uzun zamandı Parisdə yaşayıram. Amma mən İçəri Şəhərin dar küçələri ilə addımlamağı, qədim Qalanın divarlarına toxunmağı, Xəzərin sahilində gəzməyi, Abşeron günəşində yanmağı çox sevirəm və bunun üçün darıxıram. Mən bunlardan qidalanıb Parisdə möhtəşəm rəsmlər çəkə bilirəm.
- Sizcə rəssamlıq üçün Bakı daha ilhamvericidir, yoxsa Paris?
- Paris hər bir rəssamın yaşamalı olduğu şəhərdir, burda hər yeri incəsənət atmosferi bürüyüb. Burda hər gün sərgilər, açılışlar, bir sözlə fırtınalı yaradıcı həyat hökm sürür. Eyni zamanda böyük muzeylər də burda yerləşir. Mən hər həftə Luvr və ya Orsey muzeylərinə gedirəm, bura mənim ruhumu qidalandırır və yaradıcılığıma təkan verir.
Mən Parisin Bulon səmtində yaşayıram. Burda Parisin bütün elit rəssamlarının yaşadığı sehrli yerdi. Səhərlər pəncərəni açan kimi Bulonun meşə qoxusu, güllərin ətri, şam ağacları, kəpənəklərin uçuşu adamı sehrli aləmə aparır. Mən burda Sena çayının sahilində əyləşib qəhvəmi içə-içə küçə musiqiçilərini dinləməyi, dəftərcəsində eskizlər edən rəssamları seyr etməyi çox sevirəm.
Mənim doğma və sevimli Bakım da Parisə çox bənzəyir. Ora da musiqi, poeziya, rəssamlıq şəhəridir. Boş yerə parlaq rəssamların çoxu Bakıda, Bakı kimi sehrli şəhərdə anadan olmayıb ki. Lakin bir şeyə pis oluram ki, tez-tez ora gələ bilmirəm. Mən düşünürəm ki, Paris və Bakı mədəniyyəti və incəsənəti özündə birləşdirən iki böyük şəhərlərdi.
- Özünüzü rəssamlardan kimə daha yaxın hiss edirsiz?
- Mən Mark Şaqalı sevirəm, çünki onun ruhu mənə çox yaxındır. Amma mənim yaradıcılığımın hazırkı dönəmi daha çox prerafaelitlərin, xüsusən də prerafaelitizmin əsasını qoyan Uoterhaous Con Uilyamın əsərlərinə çox yaxındır.
- Sizin üslubunuz daha çox atanız Vidadi Nərimanbəyovun, yoxsa əminiz Toğrul Nərimanbəyovun üslubuna yaxındır?
- Atam Vidadi Nərimanbəyov, Azərbaycan rəssamlığında "sərt realizm”in banisi olub. O, vətənpərvərlik və insan ruhunun gözəlliyini tərənnümü haqda böyük rəsm əsərləri yaratmışdır. Bu parlaq epik rəsm idi. Əmim Toğrul Nərimanbəyov isə çox fərqli üslubda işləyən möhtəşəm rəssam idi. Onun rəsmləri Abşeron koloritləri ilə dolu idi. Hər ikisi Azərbaycanı dünyada tanıdan böyük rəssamlar idi. Mənim də öz stilim var, mən heç kəs kimi deyiləm, öz sənətim, öz yolum var. Yalnız bu fərdiliklə incəsənət tarixində, dünyada iz qoya bilərəm. Mənim üçün böyük uğurlardan biri də o idi ki, akademik Jan Şarl Aşe bu ilin martında Parisdə təşkil olunmuş sərgimi gəzdi və məni böyük rəssam adlanırdı. Eyni zamanda bildirdi ki, mənim xüsusi, diqqət çəkən rəsmlərim var. O, müasir incəsənət haqqında bir çox dillərdə nəşr olunacaq bir kitab hazırladığını və mənim haqqımda da bu kitabda yazacağını bildirdi.
- Siz də əminiz Toğrul Nərimanbəyov kimi əsərlərinizdə nar simvolundan istifadə edirsiz? Siz niyə narı seçmisiz?
- Nar sehrli meyvədir. Mən nağılları və əfsanələri sevirəm, belə ki, narı gecə fonunda çəkmişəm və narlarımın üzərində bizə şirin yuxular gətirən, sehrli pərilər oturub. Mənim rəsmimdəki nar ölkəmin rəmzidir.
- Nigar xanım, sizi Azərbaycanda kifayət qədər tanıyırlarmı?
- Təbii ki, daha çox Fransada tanınıram. Çünki sərgilərimin bir çox burda təşkil olunur, burda insanlar gəlib mənim əsərlərimə toxuna bilirlər, o əsərləri hiss edə bilirlər. Ona görə də mənim bütün sərgilərim insan axını ilə müşahidə olunub. Burda mənim sərgilərim səbirsizliklə gözlənilir, əvvəlcədən jurnallarda bu haqda elanlar dərc olunur. Lakin Bakıda da mənim izləyicilərim az deyil. Düzdür, məni izləmək üçün hər birinin Fransaya gəlmək imkanı yoxdur. Ancaq internet üzərindən də izləyə bilirlər. Mənim sənətimə qiymət verən hər kəsə təşəkkür edirəm, əsasən Fransada mənim inanılmaz uğurlara imza atmağımda yaratdıqları şəraitə görə, ordakı sərgilərimi təşkil etməkdə mənə yardımçı olduqlarına görə Azərbaycan mətbuatına təşəkkür edirəm. Burdakı sərgilərimə kiçik fasilə verdikdən sonra nəhayət doğma Bakı tamaşaçıları üçün sehrli bir sərgi keçirəcəyimizə ümid edirəm.
Ruscadan tərcümə etdi: Çinarə Ömray