“+18” sərgisi keçirilən rəssam: “Valideynlərin narahatlığı yersizdir”

<b>“+18” sərgisi keçirilən rəssam: <span style="color:red;">“Valideynlərin narahatlığı yersizdir” </b>
18 may 2017
# 14:18

Kulis.az “My name is Sarah” adlı qalmaqallı sərginin müəllifi rəssam Vüsal Rəhimlə müsahibəni təqdim edir.

- Vüsal bəy, “My name is Sarah” adlı sərginiz geniş müzakirələrə səbəb olub. Deyəsən, işlərinizə maraqdan çox “+18” mövzuya görə belə oldu.

- Çox güman ki, izləyicilər sərgini bütöv yox, sosial şəbəkələrdəki fotolardan görüblər. Konsepsiyanın içindən olan bir-iki foto insanları narahat edə bilər. Halbuki sərgiyə gəlib baxsaydılar onlarda tamam fərqli təəssürat yaranardı. Bütöv bir konsepsiyadan bir-iki foto insanları narahat edə, qıcıqlandıra bilər, normaldır.

- Bəs izləyiciləri qıcıqlandıran hansı işlərinizdir?

- Facebooku açırsan və qəfildən erotik formada kukla şəkilləri qabağına çıxır. Bu, kimi desən qıcıqlandırar. Amma sərgiyə gəlib buranın atmosferinə düşsələr, konsepsiyanı anlasalar yanaşmaları tamam fərqli olacaq. Filmdən bir kadra baxmaqla onu anlamaq mümkün olmadığı kimi sərgidən bir fraqmenti görməklə də onu anlamaq olmaz. “My name is Sarah” sərgisinin ideyası var.

- Nədir ideyası?

- Mən 2012-ci ildə “My Name is Sarah” adlı silsilə yazılar yazmışdım. Sonradan onu yarımçıq saxladım və 2015-ci ildə bunu instalyasiya formasına salmaq istədim. Mənim sərgimin qəhrəmanı Sara adlı, qırx yaşlarında, həyatını tez tükətmiş, fahişəliklə məşğul olan qadındır. Sara uşaqlığına qayıtmaq istəyir, buna görə özünün paklıq dönəmi ilə dialoqa girir. Onun real bədəni, indiki halı və uşaqlıq xəyalı bu konsepsiyada birləşir. Həyatın çirkablarına batmış, yaralanmış, əzab görmüş insan öz xəyallarına qayıdanda bu əzabları yenidən yaşayır. İllərin çirkabları bu qayıdışda yenidən əks olunur. Sərgidəki kukla kollajlarının sayı azdır, yüz əlliyə yaxındır. Ümumilikdə üç yüz kukla kollajı var.

- Bəs onları niyə nümayiş etdirmirsiz?

- Təəssüf ki, burdakı məkana hamısı sığmaz. Dediyim kimi, bu kuklaların hər biri onun həyatının bir parçasıdır.

- Bəzi eksponatların yanında divar yazıları da əks olunub. Bunlar sizin yazdığınız romandan hissələrdir?

- Bəli. O əsəri hissə-hissə yazmışam. Tam yaza bilmədim.

- Orxan Pamukun “Məsumiyyət muzeyi” adlı romanı var. Pamuk sonradan əsərin muzeyini də yaratdı, romanda adı keçən əşyalar muzeydə sərgilənir. Sizin sərgi də hardasa o prinsip üzərindədir?

- Təəssüf ki, o əsəri oxumamışam. Hazırkı sərgi bu məkana uyğun hazırlanıb. Başqa məkan olsa konsepsiya bir az fərqli ola bilərdi. Mən 2012-ci ildə yazdığım mətndəki parçaları daha çox sərgiləmək istəyirdim, sadəcə yer darlığı məhdudiyyətlər yaradır.

- Sara kimdir?

- Sara mənim yaratdığım xəyali obrazdır. Sara sözünün mənası arami dilində pak xanım deməkdir. Dini mifologiyada da adı keçən qəhrəmandır. Belə deyirlər ki, İsa Peyğəmbərin Mariya Maqdalenadan Sara adlı qızı olub. Mariya Maqdalena da bilirsiniz ki, əvvəllər fahişə olub. Mənim qəhrəmanım da çirkabdan paklığa yönəlir.

- Sizə elə gəlmir ki, bəzi kuklaları tamaşaçılar tam başa düşməyə bilər?

- Ola bilər, bir şeyi yarımçıq görəndə yarımçıq təəssürat yaranır. Sosial şəbəkədə sərgidən paylaşılan fotolar sərgi haqqında tam təəssürat yaratmadığı üçün insanlarda qıcıq yaradıb.

- Bəzi kukla-kollajlar eybəcər formadadır. İnsanları qıcıqlandıran səbəblərdən biri də budur.

- Bu kukla-kollajlar mənim obrazımın taleyidir, altşüurudur. Buna görə də eybəcər görünməsi normal haldır. Burda elə kuklalar var ki, Saranın cinsəl həyatını əks etdirir.

- Ona görə, kuklaların bəziləri erotikdir. Elə kuklalar var müxtəlif seksual pozaları göstərir.

- Kuklaların yalnız bir qismi Saranın erotik dünyasını əks etdirir. Saranın yaşadığı çirkinliklər uşaqlığındakı pak oyuncaqlara hopub.

- Şikayətlərdən biri bu idi ki, kukla uşaq oyuncağıdır. Və sizin kuklaları bu cür qeyri-etik məqsədlər üçün istifadə etməyiniz uşaqlarımızın tərbiyəsinə zərər vura bilər.

- Mənim obrazım Sara uşaqlığına qayıtmaq istəyir. Uşaqlığın isə obrazı kukladır. Mən də kukladan vasitə kimi istifadə etmişəm, başqa məqsədim yoxdur.

- Yəni bu kuklaları uşaq oyuncağı kimi nəzərdə tutmamısınız.

- Əlbəttə. Uşaq oyuncağı kimi nəzərdə tutsaydım bu kuklalar deformasiyaya uğramazdı. Bunlar satışda olan kuklalardı, alıb istifadə etmişəm, düzdür, amma artıq uşaq kuklaları deyil, kukla-kollaj, özünün ilkin mahiyyətindən çıxmış işlərdir. Bunlara kukla demək doğru deyil. Buna görə də həmin valideynlərin narahatlığı yersizdir. Üstəlik bu sərgi uşaqlar üçün deyil, “+18” olduğunu qeyd etmişik.

- Deyəsən eksponatların hazırlanmasında kukla ilə yanaşı başqa materiallardan da istifadə etmisiniz.

- Burda təkcə kuklalardan deyil müxtəlif bəzək, məişət, mətbəx əşyalarından istifadə edilib.

- Elə bil məkan darlığına görə aşılamaq istədiyiniz effekt tam yaranmayıb. Məncə kuklalar kətillərin üstünə düzülməkdənsə ayrı-ayrılıqda nümayiş olunsaydı daha dolğun təəssürat yaranardı.

- Təqdimat üçün yanaşma müxtəlif ola bilər. ADO teatrı mənə yer təklif elədi, mən də razılaşdım. İki ildir bu sərgini etmək istəyirdim, sadəcə yer tapa bilmirdim. Hətta arada düşünürdüm ki, kirayə ev tutub sərgini orda edim. Bakıda bilirsiniz ki, qalereyalar azdır, olan da bu cür qalmaqallı sərgiyə razı olmaz. ADO teatrı sağ olsun, bu məkanı mənə təklif etdi.

- Bu sərginiz Rusiyada da nümayiş olunub və ordan qovulmusunuz. Belə şey olub?

- Qovulmamışam. Perm Müasir İncəsənət Muzeyində mənimlə birgə otuz azərbaycanlı rəssamın sərgisi olub. “Kukla” işlərim də o sərgidə nümayiş olunub və sərgi vaxtında bitib. Sadəcə sərgi dönəmində burdakı kimi orda da səhv anlaşılma oldu. Müzakirə getdi, sonra özləri gördülər ki, iradları mənasızdır. Bu işim Amerikada, Sent-Luisdə də sərgilənib. Və Amerikada heç bir əks münasibət olmayıb.

- Sərgiyə gələnlər çoxdur?

- Əvvəlki sərgilərimə baxanda bu dəfə gələnlər az oldu. Mən daha çox izləyici gözləyirdim.

- “My name is Sarah” kitab şəklində çap olunacaq?

- Yəqin ki, yox. Dediyim kimi, əvvəl bu ideyan roman kim işləmək istəyirdim, sonradan fikirləşdim ki, konseptual layihə kimi hazırlayım. Amma onu deyim ki, roman kimi beynimdə hazırdı, qalıb yazmaq.

- Əsas elə yazmaqdır. Beynimizdə çox şey olur.

- Elədir. 2011-ci ildən bu sənətdəyəm. Bundan da cəsarətli işlərim olub. Məsələn, ötən ilin sonlarında “Pyeta” adlı instalyasiya oldu, instalyasiya iki çılpaq insandan ibarət idi. Mən bu işlərimlə öz cəsarətimin sərhədlərini yoxlamağa çalışıram. Buna özümlə mübarizə də demək olar.

- “Pyeta” instalyasiyasında çılpaq idiniz?

- Bəli. Amma bu çılpaqlıq mahiyyət üzrə deyildi. Bu obrazın çılpaqlığı idi.

- Deyirsiz, cəsarətimin sərhədlərini yoxlayıram. Sizin üçün bu sərhədlər hara qədərdir?

- Düşüncələrim sərhədsizdir, hər cür eksperiment edə bilərəm. Sadəcə onların hansını indiki halda gerçəkləşdirə bilərəm-bilmərəm bu çətindir. Axı mən təkcə özümdən ibarət deyiləm, ailə, sevdiklərim, ölkənin mühiti, ictimaiyyətin təsiri, bunlar hamısı sərhədləri müəyyənləşdirən şeylərdir. Təəssüf ki, bizim incəsənət mühiti çox dardır. Bizim insanlar muzeyə getmədikləri üçün muzey tərbiyəsi alanlarımız azdır. Bunu da normal qarşılayıram, çünki muzeylərimiz zəngin deyil. Avropada çeşid-çeşid muzeylər var, ona görə də orda bu cür işlər belə reaksiya doğurmur. Bizimkilər belə şey görəndə mədəni şok yaşayırlar. İncəsənət təkcə gözəllikdən ibarət deyil. O, dünyamızın eybəcərliklərini də göstərməlidir.

- “My name is Sarah” sərgisi yenidən hardasa nümayiş olunacaqmı?

- Yox. Bu işə bir daha qayıtmayacam. Bu mövzu mənim üçün bitib. Mən ADO teatrına təklif etdim, onlar razılaşdılar və öz hesabıma da olsa sərgini keçirdim. Bu işlərim anbarda qalmışdı. İndi başqa layihə üzərində işləyirəm: “Story of my body”, və ya “Bədənimin hekayəsi” adlanır. O layihədə müxtəlif insanların öz bədənləri haqqında hekayələri yer alacaq.

- Uğurlar arzulayıram.

- Təşəkkür edirəm.

# 1918 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #