Nazirliyin İstanbul özfəaliyyəti - Mirmehdi AĞAOĞLU yazır...

Nazirliyin İstanbul özfəaliyyəti - Mirmehdi AĞAOĞLU yazır...
18 noyabr 2014
# 14:02

İstanbul Fuarından reportaj

Mirmehdi Ağaoğlu

İstanbulun simurq qanadlı metrobüsləri TÜYAP-ın yerləşdiyi Bəylikdüzünə qırxca dəqiqəyə çatdırdı. Halbuki yol bizə çox uzun görünmüşdü. Amma axşam hörmətli türkoloq Arif Acalın maşını ilə qayıdanda bu metrobüslərin qədrini bildik: İstanbulun mərkəzinə tam dörd saata qayıtdıq.

Metrobüsdən enəndə TÜYAP-ın yolunu soruşmağa ehtiyac olmadı. Axın var fuara... Axın... Biz də bu insan selinə qarışıb 33-cü İstanbul Beynəlxalq Kitab Fuarının keçirildiyi məkana istiqamətləndik.

Girişdə yoxlama vardı. İştirakçıların sənədinə baxırdılar, ziyarətçilər üçün isə giriş pullu idi. Amma bu, ziyarətçilərin sayına təsir eləmir. On salonun onu da insanla dolub daşırdı. Rəsmi məlumata görə fuara 503 min ziyarətçi gəlmişdi.

Fuarın mükəmməl təşkili olunub. Hollda sərgidə iştirak edən nəşriyyatların adı yer alan lövhə asılıb, xəritədə hansı stendin hansı salonda yerləşdiyi göstərilib. Bundan başqa elektron tabloda kitabın və ya yazarın adına görə axtarış verərək istədiyiniz kitabın hansı nəşriyyatın stendində olduğunu öyrənə bilərsiz.

TÜYAP-ın müxtəlif hissələrində kafelər, restoranlar yerləşir. Yoruldunuzsa, fasilə verib bir şeylər yeyə, içə bilərsiz. Yəni gəl kitablara bax, çıx get məsələsi deyil. Əsl bayram ab-havası var. Ziyarətçilər stendlər arasında gəzişir, yorulanda kafelərdə nəfəs dərir, sonra sevimli müəlliflərinin imza mərasimlərinə qatılır, müxtəlif mövzulu panellərə qoşulurlar.

8 gün davam edəcək fuar təkcə kitabların nümayişi və satışından ibarət olmayacaqdı. Proqramda 270 tədbir (imza günləri, uşaqlar üçün əyləncələr, panellər, debatlar, görüşlər) vardı.

Elə birinci salonun girişindəcə adam sanki sehrli aləmə düşür. “İletişim” nəşriyyatının nəhəng stendi əjdaha kimi ağzını açıb adamı udmağa çalışır. Özünü bu nəhəng əjdahanın azğına necə atmayasan? Axı stenddə bir-birindən maraqlı, rəngarəng kitab qapaqları, müəllifləri, mövzuları ilə kitablar düzülüb?

İstər-istəməz stendə yaxınlaşıram. İlk kitabın qiymətini soruşub dərhal əlimi cibimə aparmaq istəyirəm. Amma yox... Özümü ələ alıram. Hələ tezdir... Nə yatdın ki, nə də yuxu görəsən? Hələ gəziləsi doqquz kitab salonu, neçə-neçə stendlər var. Bir tərəfdən də içimdəki iqtisadçı Mirmehdi qiyam edir: “A kişi, dayan hələ, sərgini bir gəz, gör hansı kitab harda ucuzdur, hansı kitaba daha çox ehtiyacın var! Belə sövdəgərlik olmaz. Bir də ki, səni bura kitab almağa göndəriblər? Haydı, fuarın açılış törəninə - Karadeniz salonuna”.

Çar-naçar qəlbimin səsini dinləyirəm. Və birbaşa fuarın açılış salonuna yollanıram. Bura təqribən 100 nəfərlik salondur. Bütün yerlər tutulub. Nəşriyyat rəhbərləri, xarici qonaqlar dəvətlilər arasında yerlərini alıb. Səhnədə isə Türkiyənin qocaman kino tənqidçisi Atilla Dorsay çıxış edir. Budur, çıxışdan sonra Atilla Dorsaya fuarın mükafatını təqdim edirlər. Bu ilki sərgi türk kinematoqrafiyasının 100-cü ilinə həsr olunub.

Daha sonra “Hürriyet” qəzetinin məşhur yazarı Doğan Hızlan çıxış edərək kitabın əhəmiyyətindən danışır, İstanbul Kitab Fuarının əhəmiyyətini vurğulayır.

Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Abdülhəmid Arıcının çıxışından sonra səhnəyə Macarıstanlı İnsan Resursları naziri Zoltan Balogh dəvət olunur. Bu, səbəbsiz deyil. 33-cü İstanbul Beynəlxalq Kitab Fuarının fəxri qonağı Macarıstandır. Macarıstanın şüarı da təsadüfi seçilməyib: “Bir bağçadan bir bağçaya”.

Bu misralar Nazim Hikmətin Macarıstana həsr etdiyi şeirdəndir.

Ama bilirim, gün olacak, bilirim,

Senden bize, bizden sana misafir gidilip gelinecek,

Bir bahçeden bir bahçeye geçer gibi…

Modern dünyamızda texnologiya nə qədər inkişaf etsə də, hər gün bir az daha dijital dünya həyatımızda öz önəmini artırsa da yenə də xalqlar arasında, dövlətlər arasında sərhədlər var. Yenə də müharibələr gedir, dünyanın müxtəlif yerlərində insan qanı axıdılır. Çağımızın texnoloji yenilikləri belə vəhşiliklərin, zorakılığın vasitəsinə çevrilir. Yeganə ümid kitaba qalır. Yalnız kitabdır insanlığın xilas yolu. Bəlkə gün gələr, başqa ölkələrə bir bağçadan bir bağçaya keçər kimi gedə biləcəyiksə, bu da yalnız kitab vasitəsilə olacaq. Yenə də Nazim demiş, bunlar hələlik uzaq bir ehtimal...

Rəsmi çıxışların ardınca qonaqlar səhnəyə dəvət olunur. Onların yanında Türkan Şoray da var. Fuarın qırmızı lentini kəsməyə hazırlaşırlar. Bu zaman salonda əlində şüar tutmuş bir dəstə adam ayağa qalxır. Aralarından biri səlis nitq ilə öz tələblərini irəli sürür, “Ülker” şirkətinin bir qrup işçini işdən çıxardığını deyir. Jurnalistlər də bir anlıq səhnədə baş verənləri unudurlar. Mikrofonlar, diktofonlar, kamera və foroaparatların obyektivləri etirazçılara yönəlir. Səhnədəkilər bir anlıq unudulur. Amma nə qonaqlar, nə də Abdulhəmid Avcı nəsə eləməyə çalışmırlar. Etirazçıları dinləməsələr belə sükutla baş verənləri izləyir, etirazçıların öz fikirlərini çatdırmasına imkan yaradırlar. Bu bir neçə dəqiqəlik qarışıqlıqdan sonra salonun diqqəti yenidən səhnəyə yönəlir. Fuarın qırmızı lenti kəsilir və qonaqlar Macarıstanın stendinə baxmağa gedirlər.

Macarıstan stendi beynəlxalq nəşriyyatların salonundadır. Bir az daha aydın deyim, Azərbaycan nəşriyyatlarının stendləri üzbəüzdə yer alır. Macar qardaşlar sağ olsunlar, fuar boyu gah öz musiqiçiləri ilə bizi əyləndirir, gah da panellərlə diqqətimiz cəlb etdilər. Biz də dünyada, macar ədəbiyyatında baş verənlərlə tanış oluruq. Amma macarların nə vecinə, dünyaya İmre Kertez kimi Nobel mükafatçısı bəxş ediblər deyə bu şəkildəki macar qız kimi ayaqlarını ayaqlarının üstünə aşırıb oturublar.

Mən isə, gəlin, sizə bizim nəşriyyatlardan danışım.

Fuarda Azərbaycanı “Qələm”, “Altunkitab”, “Hədəf”, “Qanun” nəşriyyatları təmsil edirdi. “Qanun” nəşriyyatının stendi bizimkilərdən xeyli aralı idi. Bu nəşriyyatlar son məhsulları ilə lazımı qədər təmsil olunmuşdular. Onların stendlərində Azərbaycanın kitab bazarının ümumi mənzərəsini hardasa görmək olurdu. “Qələm”, “Altunkitab” uşaq kitabları ilə, “Hədəf” nəşrləri “xatirələr” seriyası, bədii əsərləri tədris vəsaitləri ilə, “Qanun” isə çağdaş Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatından tərcümə kitabları ilə bizim stendlərimizi doldura bilmişdilər. Həm kitabların sayı, həm də imzaların çoxluğu baxımından ən zəngin stend “Qanun” nəşriyyatının idi.

Fuarda iştirak edən ölkələrdən Türkiyə də daxil olmaqla, Mədəniyyət və Turizm Nazirliyi ilə təmsil olunan yalnız Azərbaycan idi. Üstəlik bu stend ən zəif nəşriyyatlarla müqayisədə də çox miskin və rüsvayçı görünür, içində azca vətənpərvərlik olan istənilən azərbaycanlını utandırırdı. Məsələnin kökündə isə bircə fakt dayanır: Nazirlik fuarda nə gəzir? Axı bu yüksək kateqoriyalı dövlət orqanı nəşriyyat fəaliyyəti ilə məşğul deyil. Onun nizamnaməsində müvafiq sahəyə uyğun məsələləri tənzimləmək əks olunub. Bəlkə, nazirlik bu cür nüfuzlu fuarda belə bərbad şəkildə “özününümayiş” əvəzinə, məsələn, prezident sərəncamı ilə 150 cild dünya ədəbiyyatını çap edən “Şərq-Qərb” nəşriyyatının iştirakını təmin etməli idi? Axı burda, bayaq qeyd etdiyim kimi, yalnız dünyanın məşhur nəşriyyat və poliqrafiya müəssisələri, vəqfləri, qeyri hökumət təşkilatları, ən rəsmi halda Milli Kitabxanalar iştirak edirdi.

Ardı var...

# 2852 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #