Kulis musiqiçi, aparıcı, naşir Rasim MÜZƏFFƏRLİ ilə söhbəti təqdim edir:
Özü haqda...
- Bakıda anadan olmuşam. 20 nömrəli orta məktəbi və 16 nömrəli musiqi məktəbinin tar sinfini bitirmişəm. Ali təhsilimi Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində almışam. Daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) çalışmışam. Fəlsəfə elmləri namizədi və dosentəm.
Azərbaycanda ilk qeyri-formal təşkilatlardan biri olan “Cəngi” ictimai birliyinin və ilk Gənclik mərkəzinin qurucusu olmuşam. 80-ci illərdə “Ozan” rok qrupunu yaratmışam. Həmin illərdə Azərbaycan Dövlət Televiziyasında “Ekspromt”, daha sonra da “Çərşənbə axşamı” verilişlərinin ssenari müəllifi və aparıcısı olmuşam.
“Ekspromt”un rejissoru Nazim Zeynalov 1983-cü ildə məni Çingiz Mustafayevlə tanış etdi. Biz əsas məsələlərdə həmfikir olduğumuz üçün çox tez dostlaşdıq və qısa müddətdən sonra artıq Çingiz də “Ekspromt”da iştirak edirdi, Milli Qəhrəmanımız, müstəqil, obyektiv və operativ telejurnalistika simvolumuz Çingiz Mustafayev... “Çərşənbə axşamı” verilişi isə 80-ci illərin sonlarının həqiqətlərini çatdırırdı.
20 Yanvar hadisələrindən sonra mən həm ali məktəbdə müəllimlikdən, həm də media-səhnə fəaliyyətindən əsasən uzaqlaşmışam və o vaxtdan indiyə qədər özəl bizneslə məşğulam. Hal-hazırda “Şərq-Qərb” Nəşriyyat Evinin direktoruyam.
İlk canlı efir
- 2005-2007-ci illərdə ANS telekanalında “CƏM” ictimai-siyasi verilişinin müəllifi və aparıcısı olmuşam. ANS-dəki dostlarım mənə belə bir maraqlı layihədə iştirak təklifi edəndə bu qədər uzun fasilədən sonra özümü sınamaq qərarına gəldim. Əlbəttə, bunu həm də ona görə etdim ki, ANS mənim üçün çox doğmadır. Yaxşı və ya pis oynamasından asılı olmayaraq adam öz futbol komandasına azarkeşlik etdiyi kimi, mən həmişə ANS-çiyəm. Bəzi verilişlərini bəyənməsəm belə, ANS hər zaman qabaqcıldır və mənim üçün çox doğmadır.
Müəllif-aparıcı kimi “CƏM” verilişlərinə məsuliyyətlə yanaşırdım. Əvvəldən mövzunu araşdırırdım, iştirakçılarla ayrı-ayrılıqda görüşürdüm, məzmun üzrə yaddaş hazırlayırdım, bəzi mətnləri məşq edirdim. Bütün bunlar və üstəgəl çəkilişlər, montajlar, efirlər çox vaxt tələb edirdi... Məncə bu gün TV və FM-radio aparıcılarının bir çoxu öz verilişlərinə kifayət qədər hazırlaşmırlar, söz ehtiyatlarına və çənə əzələlərinə güvənərək efirə çıxırlar.
Əsas peşəm olmasa da, audiovizual media və xüsusən də televiziya mənim üçün həmişə maraqlı sahə olub. Başqa səbəblərlə yanaşı həm də həmişə bədii yeniliklərə can atdığıma görə. İstər OZAN qrupunun ilk eksperimental əyləncəli musiqi kliplərini hazırlayanda, istərsə də televiziyaya siyasi basqılar və hətta silahlı basqınlar olan gərgin dövrdə “Çərşənbə axşamı” verilişlərinin aktual canlı efirlərinə çıxanda... Mənim televiziyada ilk canlı efirimsə hələ 1969-cu ildə 4-cü sinif şagirdi olarkən Əfsər Cavanşirovun rəhbərliyi ilə Uşaq xorunun solisti kimi olub.
“Yorğanın altında qulaq asırdıq”
- Məktəbli olduğum vaxtlarda rok musiqisi Azərbaycanda təzə-təzə yayılmağa başlamışdı. Atalarımız roku eşidib bizi danlamasın deyə, mən və mənim yaşıdlarım “Beatles”, “Roling Stones”, “Deep Perple”, “Uriah Heep” kimi xarici populyar qrupların mahnılarına yorğanın altına girib xəlvəti qulaq asırdıq. Səsyazmaları tapmaq da çox çətin idi, üzünü köçürmək də problem idi...
Bakıda ilk rok qruplar da mən məktəbli olduğum vaxtlar yaranmışdı. “Xürrəmilər”, “Eksperiment OK”, “Üç alov”, “Quru əncir”, “Eskulap”, “Cürbəcür,” “Xəzərin övladları”, “Sehrli səslər”... Mən 7-ci sinifdə oxuyanda rok tərzində bəstələdiyim mahnıları iki populyar qrup ifa eləməyə başlamışdı. “Dağ çiçəyi” adlı qrup və onun çox gənc solisti Xədicə Abbasova və bir də “Xürrəmilər” rok qrupu mənim mahnılarımı ifa edirdilər. 1970-ci ildə bəstələdiyim bəzi mahnıları Azərbaycan dilində ilk rok nümunələri hesab etmək olar...
Moskvada tələbə olduğum illərdə “MuzSemestr” adlı öz rok qrupumu təşkil etdim, Azərbaycan və rus dillərində bəstələdiyim mahnıların aranjemanını özüm etməyə başladım. “MuzSemestr” qrupunun repertuarında Azərbaycan musiqisinə xas motivlərdən də, tardan da istifadə olunurdu.
“OZAN” qrupu – yeni səs, yeni söz
- Lomonosov Universitetini 1980-ci ildə 22 yaşımda bitirib Bakıya dönəndən sonra indiki Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllimliyə başladım. 25 yaşım olanda böyük qardaşımla birgə elmi-populyar janrda yazdığımız kitab böyük tirajla çap olundu. 2 il sonra ictimai elmlər sahəsində Azərbaycanda o vaxt ən gənc elmlər namizədi və dosent oldum.
Tələbələrimin çoxu yaşıdım idi, onların arasında indiyə qədər dostluq etdiklərim var. “Ozan” qrupunun üzvləri də belə tələbələrimdən olublar. Qrup 1981-ci ildə yarandı. İdeyanın özü isə o vaxt ölkənin ən gənc rektoru olan 32 yaşlı Bünyad Sərdarova məxsus idi...
“Ozan” qrupunun istər ifa tərzi, muğam-rok eksperimentləri, istərsə də onun əksər mahnılarının musiqisi və sözləri 80-ci illərin xüsusən əvvəlləri üçün tamamilə həm yeni bir səs, həm də yeni bir söz idi. Buna görə də mahnılarımızın çoxunu bəzi dinləyicilər ilk dəfə qulaq asanda nə eşitdiklərini ayırd edə bilmirdilər. Amma dinləyicilərimizin çoxu bu yeni-yeni səslərdən və sözlərdən həyəcanlanırdılar. Daimi dinləyicilərimiz də çox idi və bəzi mahnılarımızı onlar bizimlə bərabər ucadan oxuyurdular, bəzilərini zümzümə edirdilər...
Xaricdə keçirilən müxtəlif festivallarda, müsabiqələrdə və digər tədbirlərdə iştirak edirdik. Hətta Afrikaya gedib çıxmışdıq. 1987-ci ildə “Ozan” qrupu SSRİ-nin müxtəlif respublikalarından olan gənclərdən ibarət nümayəndə heyəti tərkibində Mərkəzi-Qərbi Afrikanın bir sıra ölkələrində (Qana, Qvineya, Konqo, Anqola, Benin) festivallarda və konsertlərdə iştirak edib. Azərbaycanı o səfərdə 50 nəfərdən çox nümayəndə heyəti, o cümlədən “Ozan” qrupu təmsil edirdi.
Elmar Məmmədyarovun xilas etdiyi zənci
- Qvineyanın paytaxtı Kanakri şəhərindəki konsertə ölkədə hərbi çevrilişlə hakimiyyətə gəlmiş polkovnik Konte şəxsən təşrif buyurmuşdu və cangüdənlərinin əhatəsində ən ön sırada əyləşmişdi. Konte də, zal da “Ozan”ı çox yaxşı qarşılayırdılar...
“Gecikmə” bəstəsini ifa edəndə arıq uzun bir gənc zənci birdən zaldan səhnəyə atıldı- görünür musiqimiz sümüyünə düşmüşdü-və rəqs eləməyə başladı. Təbii ki, bu, səhnədəki “ozanlara” ləzzət etməyə bilməzdi. Amma çox keçmədi ki, onun dalınca Kontenin cangüdənləri də səhnəyə çıxdılar və yazığı tutub apardılar. Konsertdən sonra öyrəndik ki, onu “asayişi pozduğuna görə” həbs ediblər. Pərəstişkarımızı həbsdə qoyub Qvineyadan gedə bilməzdik.
Zənci rəqqasımızın azad olunması kompaniyasına başladıq. Nümayəndə heyətinin rəhbəriylə (Moskvadan olan bir rus qadın idi) danışdıq, Sovet səfirliyinə müraciət etdik, səfirlik öz növbəsində Qvineyanın Dövlət katibinə müraciət etdi, bizim xahişimizi ona çatdırdı və 2 gün ərzində o gəncin azadlığına nail olduq. Onu da deyim ki, hazırda Xarici İşlər naziri olan Elmar Məmmədyarov o vaxt diplomatik fəaliyyətə yenicə başlamışdı, “Cəngi” birliyi heyətinin tərkibində bu Afrika səfərində iştirak edənlərdən biri idi və gənc diplomat o rəqqas zəncinin azadlığa buraxılması kompaniyasında, danışıqların aparılmasında, müraciətin hazırlanmasında xüsusi rol oynamışdı.
“Davranışda çərçivələr çox vaxt faydalı olur...”
- Əlbəttə, biz Sovet dövründə yaşayırdıq. Təbii ki, xarici rok qruplarındakı səs və söz sərbəstliyi bizdə yox idi. Amma bizdə içki düşkünlüyü, narkotik aludəçiliyi, yüngül həyat tərzi də yox idi və yaxşı ki, yox idi. Bəzi şeylər olmayanda, yaxşı ki, heç adamın ağlına da gəlmir. O vaxtlar, tutaq ki, avakado (sitrus meyvə-red.) satılmırdı. Bizim də ağlımıza gəlmirdi ki, avakado alıb yeyək. Heç istəmirdik də.
Mahnı mətnlərimizdə Qərb rokunda dəbdə olan nihilizm yox, konkret məzmunlu ictimai etiraz var idi. Məsələn, 1981-ci ildə Süleyman Rüstəmin sözlərinə bəstələnmiş “Dözə bilmirəm” mahnısını oxumuşduq. Mahnı Cənub həsrətindən bəhs edir. “Dözənlər bilmirəm necə dözürlər?! Mənsə bu həsrətə dözə bilmirəm!” – oxuyurduq, 1981-ci ildə! Amma mahnını ifa etməmişdən əvvəl elan edirdim ki, mahnı Təbriz fəhlələrinə ithaf olunur. Onsuz da dinləyənlər anlayırdılar ki, mahnı Azərbaycanın ikiyə bölünməsi problemindən bəhs edir, “proletar həmrəyliyi” isə yalnız rəsmi izahat üçündür, konsertə dəxli olan hər hansı bir rəsmi məmurun, ehtiyac yaranarsa, “yuxarıya” verəcəyi rəsmi izahat üçün.
Nihilist mahnılar oxumaq üçün gərək özün də nihilist olasan. Biz nihilist olmamışıq. “Ozan” qrupunun repertuarında “Ay mən səni sevirəm”, “Ay dərdindən öldüm” kimi mahnılar olmayıb. Əksər mahnıların hansısa bir ictimai, siyasi, sosial məzmunu və əhəmiyyəti olub. Hətta sevgi-məhəbbət mövzusunda olan “Girdim yarın bağçasına” kimi xalq mahnısını peşəkar gürcü xorundan sonra 5 nəfər rok musiqiçinin İrəvan stadionunun səhnəsinə çıxıb 5-səsli akapella ifa etməsi təkcə musiqi deyildi.
Bizim etirazımız xarici rok qruplarından fərqli idi. Bu etirazlar formaca bənzəyirdi, amma eyni deyildi. Düzdür, bizim saçımız sovet yaşıdlarımıza nisbətən uzun idi, amma tay bir o qədər də yox. Bizim geyimimiz sərbəst idi, amma bir o qədər də yox. Davranışda çərçivələr çox vaxt faydalı olur...
Sümüyə düşən rok
- Bir də görürəm, internetdə “Ozan”ın itmiş hesab elədiyim hansısa mahnısı yayılır. Sağ olsunlar, heç tanımadığımız adamlar “Ozan”ın neçə il əvvəl yazılmış səs yazılarını, videolarını tapıb Youtube-da yerləşdirirlər, şəbəkələrdə paylaşırlar. “Ozan”ın Facebook-dakı səhifəsini də Almaniyada yaşayan bir gənc qız yaradıb, halbuki qrup yaranan vaxt o qız heç dünyada yox idi...
Əslində “Ozan” qrupu klassik rok qruplar kimi deyildi, müxtəlif janrlarda mahnılar ifa edirdi. Onların arasında rokn-roll da, rok, caz-rok, texno-rok da, pop da, reqqi də, hətta rep də vardı. Bizim mahnılarda gənclər arasında yayılmış müxtəlif müasir musiqi cərəyanları Azərbaycan folklor musiqisi, muğamı və şeir ənənələri ilə birləşirdi. Həmin dövrdə texno, rok, reqqi kimi janrlarda yazılmış çox az Azərbaycan mahnısı vardı. Amma müxtəlif janrlar olmasına baxmayaraq, onları dinləyən görürdü ki, eyni bir stil var. Yəqin bu mahnıları ümumiləşdirən onların həm səlist Azərbaycan dilində olması, həm də muğam ladları və milli ritmlər üzərində qurulması idi. Bizim mahnılara muğam-rok da, folk-rok da deyənlər vardı.
“Ozan” qrupunun Çingiz Mustafayevlə ifa etdiyi “Dünənki keçdi” mahnısını Azərbaycan dilində ilk rep saymaq olar. “Dodaqda gəz” və “Böl görüm” – azərbaycanca ilk rokn-rollar, “İnsan və avtomat” – ilk texno-rok hesab oluna bilər. “Ozan”ın az qala hər mahnısı nədəsə bir yenilikdir, eksperimentdir...
Belə bir status yazmışdım: “Əgər istəyirsizsə uşaqlarınız azərbaycanlı qalsın, onları muğam üstə böyüdün, lütfən”. Bizim musiqimizin canı muğamdır. İstər simfonik musiqimiz, istər rok musiqimiz, əgər muğam ladları üzərində köklənmirsə, demək bizim deyil. Nə qədər gözəl musiqi olsa belə, o, muğam üstə olmayanda, sümüyümüzə düşmür. Bizim bəlli bir genetik yaddaşımız var. Bu neçə əsrlik genetik yaddaşımız muğam üzərində köklənib. Şopenin ən gözəl əsərini mənim üçün ən yüksək səviyyədə ifa eləsəniz də, harmoniyanı, virtuozluqları hiss etsəm də, sümüyümə düşməyəcək.
Deyirsiz, niyə bu gün bizdə rok musiqisi çox yayılmayıb? Çünki sümüyümüzə düşən rok nümunələri demək olar ki, yoxdur. Rok musiqimiz yalnız muğam və ya aşıq musiqisi üzərində qurulsa inkişaf edəcək, qurulmasa inkişaf etməyəcək. Əgər muğamla rok iç-içə bir vahid musiqidə yox, bir-birinə yamaq kimi eklektik birləşsə, onda o nə düz-əməlli bizim musiqi olar, nə də beynəlxalq musiqi.
Bir az da kitab haqda
- Gəlin, naşirliklə əlaqədar sizə maraqlı bir fakt deyim. Əlimdə tutduğum bu maket 2013-cü ildə “Şərq-Qərb” Nəşriyyat Evinin hazırlayıb tenderə təqdim elədiyi 6-cı sinif üçün “Ədəbiyyat” kitabıdır. Tenderə təqdim elədik, amma keçmədi. Bəzən belə də olur.
Amma bunun üstündən bir il keçəndən sonra, 2014-cü ildə həmin müəlliflər 6-cı sinif üçün olan bu kitabın ora-burasını düzəldib, aparıb başqa nəşriyyata veriblər. Tender Komissiyası həmin kitabı bu dəfə 7-ci sinif üçün “Ədəbiyyat” dərsliyi kimi qəbul edir. Bu gün bizim məktəblilər, baxın, bu kitabla dərs keçirlər. Hər iki kitabı müqayisə etsəniz, görəcəksiniz ki, içindəki mətnlər, seçilmiş yazıçıların şəkillərinə kimi hamısı oxşardır, bir çox hallarda sözbəsöz eynidir. Bəs 6-cı siniflə 7-ci sinfin fərqi yoxdur?! Məsələ burasındadır ki, hazırda Təhsil Nazirliyi çox böyük işlər görür. Amma buna Təhsil Nazirliyi nə eləsin?! Bunları oxuyan ekspertlər, alimlər, professorlar, qabaqcıl müəllimlər var axı! Onlar gərək belə eləməsinlər, uşaqlarımızın təhsil alacaqları dərslikləri öz maraqlarına qurban verməsinlər...
Son vaxtlar insanlarımızın alıcılıq qabiliyyəti xeyli artsa da, təbii ki, qənaətbəxş səviyyədə deyil. Özü də buna qarşılıqlı yanaşmaq lazımdır. Biz naşirlər də daxil olmaqla, kitab biznesi ilə məşğul olanlarımız şikayət edirlər ki, camaat kitab almır. Ay naşirlər, siz düz-əməlli kitab nəşr edirsiniz ki, alsınlar?! Nəşr-çap nöqtə-nəzərindən mükəmməl kitablar hələ də az istehsal olunur.
Ali məktəblərimiz üçün hazırlanmış “Kitabın bədii və texniki tərtibatı” dərsliyi var. Hələ içini demirəm, adicə o kitabın üz qabığında mən sizə 5 açıq-aydın nöqsan göstərə bilərəm. Bu kitabdan öyrənən tələbənin sabah kitab tərtibatı ilə necə məşğul olacağı bəllidir.
Nəşr və çap sahəsinin köklü problemlərindən biri də müəllif hüquqları məsələsidir. Məsələn, internetdən götürülmüş hansısa bir şəklin hüququnu almadan kitabın hətta üz qabığına yerləşdirilməsinə tez-tez rast gəlmək olar. Müəllif hüquqlarına hörmətlə yanaşmaq naşirin əsas iş qaydalarından biri olmalıdır. Bizim nəşr etdiyimiz kitablarda heç bir pirat şəklə rast gələ bilməzsiniz. İnternetdən bəyəndiyimiz şəkillərin də pulunu verib əldə edirik...
Kitab bir mədəniyyətdir. Necə ki, yol bir mədəniyyətdir, yemək bir mədəniyyətdir, kitab nəşri də onlar kimi. İndiki dövrdə elektron resurslar çoxalsa da və onlar kağız çapın azalmasına səbəb olsa da, nəşr işi aktuallığını itirmir. Çünki elektron resursların da tərtibat, dizayn, redaktə və digər bu kimi nəşr işlərinə ehtiyacı var. Məncə, bu gün biz yeni naşirlərin formalaşacağı dövrün astanasındayıq.