Kulis.az gəmi kapitanı köməkçisi Rahib Ağazadə ilə müsahibəni təqdim edir.
- Rahib bəy, sizə necə müraciət etmək lazımdır, dənizçi kimi yoxsa, gəmiçi kimi?
- İşimiz gəmidədi. Daha doğrusu işimiz gəmidədi, gəmi də dənizdədi. Dənizdə neftçi kimi başqa ixtisas sahibləri də işləyir, onların gəmiyə aidiyyəti yoxdur. Mənim fikrimə qalsa gəmiçi sözünü seçərdim.
- Rahib bəy, nə vaxtdan bu peşə ilə məşğulsuz.
- 25 yaşım var, Dəniz Akademiyasını bitirmişəm. Biz oxuyan vaxtı dörd il tələbəlik dövrü idi, tətillər isə praktika ilə əvəz olunurdu. Demək olar tətil üzü görmürdük, vaxtımızın çoxu gəmilərdə keçirdi, gəzirdik.
- Əsl tətil sizinki olub.
- Biz orda lazımı təcrübə yığırdıq ki, akademiyanı bitirdikdən sonra beynəlxalq tələblərə uyğun olan diplomlar ala bilək. Dənizdə işləmək üçün müəyyən sertifikatlar lazımdı. Mənim atam da dənizçidi, qardaşım da. Altı-yeddinci sinifdən artıq dəqiqləşdirmişdim ki, dənizçi olacam. Dənizdə əvvəla tapşırıq, “Həsən ağanın qohumu” olmaq keçmir, gərək öz gücünə irəliləyəsən. Bir də dəniz tənbəl insanları sevir. Hamı kimi səhər durub işə getmirəm, deməli gecikmək söhbəti olmur, onsuz altı-yeddi ay işdəyəm, hər gün işdən çıxıb evə qayıtmıram, evim də gəmidədi, altı-yeddi ay gəmidə olandan sonra iki ay, üç ay, nə qədər istəsəm quruda qala bilirəm. Bu iki-üç ayı da heç kəsin müdaxiləsi olmadan öz istədiyim kimi yaşayıram. Ancaq bu da müvəqqəti həyatdır, çünki bu gələcəkdə ailə ilə yaşamağa əl vermir. Bunu dəyişəcəm.
- Necə dəyişəcəksiz?
- Dəniz sektorunun daha qısa müddətli işləri var, mən hal-hazırda ticarət gəmisində çalışıram. Elə gəmilər də var ki, qısa müddətli səfərlər edir.
- Rahib dənizçilik çox macərapərəst peşədi, məhrumiyyətləri çoxdur, Orta Əsrlərdə gəmilər aylarla üzür, quru üzü görmürdülər. İndi də bu cürdür?
- Məhrumiyyət məsələsinə toxunmaq istərdim. Dənizçi dənizə çıxır həyat qazanmaq üçün, amma həyat onun olmadığı başqa bir sahildə axıb gedir. O sahildə həmin dənizçi yoxdur, vaxtaşırı qayıdır. Uzun müddətli keçidlər indi də var. Gəmi var ki ,heyətini bir səfərlik yığır, qısa görünsə də ancaq bu səfər üç ay, altı ay çəkir. Gəmi var Sinqapur limanından çıxır, dünyanı dövr edib təzədən Sinqapur limanına qayıdır. Təbii birgünlük səfərlər də olur.
- Gəmi kapitanının ailəsini özü ilə aparması ənənəsi var?
- Bizim dənizçilərdə görməmişəm. Türk dənizçilərində rastlaşmışam, ailələri ziyarətinə gəlir. Adətən kapitanların ailələri gəlir, digər heyətin ailələri gəlmir. Ailəsi ilə səfərə çıxanlar da var, amma bu çoxluq təşkil eləmir. Ümumiyyətlə dənizçilikdə yazılmamış bir qanun var: “Qadın dənizdə bəladır”. Bunu onunla izah edirlər ki, gəmi özü qadın cinsidir. İkinci bir qadını xoş qarşılamır. Qadın kimi gəmi də daima makiyaj tələb edir, baxım tələb edir, gəminin işi heç vaxt bitmir, qadın kimi kaprizlidir.
- Belə çıxır gəmilərdə qadın matroslar və ya başqa işçilər olmur?
- Gəmidə qadınlar müxtəlif vəzifələrdə işləyir, amma matros qadınla rastlaşmamışam. Kapitan və baş mühəndisin qadın olduğu gəmilər varsa da, azlıq təşkil edir.
- Gəmidə qadınlara qarşı seksist münasibət olmur ki?
- Belə münasibət olduğu gəmilər də var.
- Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş” əsərində belə bir yer var: “Quruda olanda heç vaxt dənizi düşünmürsən, amma dənizdə olanda fikrin hər zaman quruda qalır.” Bu təsbit doğrudurmu? Həmişə səfərə çıxanda fikriniz quruda qalırmı, su təhlükədirmi sizin üçün?
- Bu bir az fərdi yanaşmadır. Sözün açığı bu işin təhlükəsi heç vaxt ağlıma gəlməyib. Bilirəm ki, ölüm mənim bir addımlığımdadı, amma bu məni heç vaxt qorxutmayıb. Dənizə sahildən baxmaqla, dənizdən sahilə baxmaq arasında çox böyük fərq var. Gəmi sahildən uzaqlaşdıqca özün barədə narahat olmursan, amma geridə qoyduqların səni narahat edir. Sənə ehtiyac olduğu anda ailənin yanında olmursan. Mən təzə başlayanda birinci səfərə çıxdım, gəldim ki, babam rəhmətə gedib. Başqa bir səfərə gedib gəldim ki, nənəm rəhmətə gedib. Yenə getdim-gəldim əmim rəhmətə getdi. Beş vəfat hadisəsi ard-arda oldu.
- Heç birinin də yasında iştirak edə bilmədin.
- Bəli. Bizə xeyrə-şərə yaramaz adamlar deyirlər, düz də deyirlər.
- Gəminin heyəti kimlər olur?
- İlk başda sıravi heyət və komandir heyəti olur. İstənilən gəminin kapitanı olmalıdır, lap iki nəfər, bir nəfər olsa da. Kapitan əvvəldə gəlir, ondan sonra iki qol ayrılır, mühəndis heyəti və kapitanın köməkçiləri, yəni sürücülər. Bundan sonra sıravi heyət gəlir, maşın bölməsinin heyəti və göyərtə heyətinin sıravi üzvləri. Göyərtə heyətinə bosman və onun matrosları daxildir.
- Bir də lotsman var.
- Bu bələdçidir. Demək olar bütün limanlarda belə tələb var ki, limana yan alan gəmiyə lotsman təyin olunur. Tutalım İrandan gəmi gəlir, o Bakı limanına yaxınlaşanda qayıqla gəmiyə lotsman göndərilir. Lotsman kapitana limana yaxınlaşmaq üçün məsləhətlər verir. Lotsman olduğu limanın sularını yaxşı bildiyi üçün demək olar hər gəmiyə verilir. Ola bilsin ki, kapitan heç lotsmana qulaq asmasın, onsuz gəmiyə nəsə olsa məsuliyyət yenə də kapitanın boynundadır.
- Fırtına ilə tez-tez rastlaşırsız?
- Fırtına Şimal yarımkürəsində bu ərəfələrdə başlayır, ta aprelə kimi davam edir. Biz qabaqcadan fırtına olacağını bildiyimiz üçün yolumuzu fırtına olan rayondan salmamağa çalışırıq. Bizim vəzifəmiz gəmini ən qısa və təhlükəsiz yolla mənzil başına çatdırmaqdır, yolumuzda təhlükə olanda başqa yol seçirik. Və yaxud həmin rayonun həndəvərində külək tutmayan bir nöqtədə gözləyə bilirik.
- Külək tutmayan nöqtələr hansılardır?
- Hansısa adanın arxası. 8-9 ballıq külək var, amma adanın arxa tərəfində hiss olunmur. Bəzən hesablar düz tutmur, gözlənilməz fırtınaya düşürük. O halda kapitanın təcrübəsi köməyə gəlir, çətinliklər lap artır.
- Hansısa səbəbdən limana buraxılmamaq olurmu?
- Öz təcrübəmdə yaşamamışam. Belə səbəblər olur ki, ona görə bir müddət limana buraxmırlar, tutalım fırtına olanda. Və yaxud gəmidə hər hansı bir insident baş verəndə və yaxud limanda hər hansı bir hadisə baş verəndə. Gəmidə yoluxucu xəstəlik ola bilər...
- Bayraq qaldırırlar.
- Bəli. Sarı bayraq qaldırırlar, Kebeq bayrağı deyirlər buna. Mənası budur ki, gəmimdə yoluxucu xəstəlik yoxdur.
- Gəmi limana yan alır, yükü boşaldılır. O zaman sizin heyət nə edir, şəhəri gəzməyə çıxır, yoxsa gəmidə qalır?
- Gəmi daim kapitanın nəzarətində olur. Kimin işi varsa gəmidə olur, qalanları şəhərdə istədiyi kimi gəzir. Bir çox limanda simens klublar var-dənizçi klubları- ora gedib əylənirlər. Adam var evlə əlaqə saxlayır.
- Belə bir söhbət eşitmişdim ki, bizim gəmiçilər Hollandiya, Danimarkaya gedəndə küçədən velosipedləri götürür, gəmiyə gətirib hissələrə ayırıb gizlədir, Türkiyəyə çatanda təzədən quraşdırıb satırmışlar. Belə şeylər olur?
- Gözümlə görməsəm də bilirəm ki, belə hadisələr olub. Çox şeylər danışıblar. Siz hələ velosiped deyirsiz mebel daşıyanlar da olub.
- O necə olub?
- İtaliyada yeni ildə köhnə mebelləri atırlar. Bizimkilər də onu götürüb gəmiyə daşıyırmış. Bu cür əhvalatlar çox olur. Amma çoxdandı belə şeylər rastıma çıxmayıb. Adam var deyir ki, bu limana bir dəfə gəlmişəm, əlimə keçəni götürüm.
- Gördüyünüz ən yaxşı liman hansı olub? Dənizdən şəhərlər tamam başqa cür görünür, elə liman olur ki, onu görürsən və bir daha ordan ayrılmaq istəmirsən.
- Açığı deyim ki, ayrılmaq istəmədiyim liman təkcə Bakıdır. Pafossuz deyirəm, Xəzəryanı ölkələr arasında ən yaxşı liman elə Bakıdır. Qara dəniz ölkələri arasında Odessa limanı çox yaxşıdır. Açığı mən daha çox kiçik şəhərləri sevirəm, böyük şəhərlərdən çox da xoşum gəlmir. Bu baxımdan Rusiyanın Tuapse limanını çox sevirəm. Əhalisi də çox azdır. Çox rahat, gözəl şəhərdir. Türkiyənin Hopa limanı da çox xoşuma gəlir.
- Dənizçilikdə batil inanclar varmı?
- Sözün açığı mən belə şeylərə çox da əhəmiyyət vermirəm. Amma praktikant olduğum vaxtı bosman irad tutmuşdu ki, gəmidə fit çalmayın. Fit fırtınanı çağırır. Bir tanışdan eşitmişəm. Hər gəminin limana yan alma vaxtı var. Gecikmək olmaz. İşlədiyi gəminin kapitanı gecikməsinə baxmayaraq gəminin sürətini qəsdən azaldıb. Səbəb də bu olub ki, delfinlər gəminin yanı ilə üzürmüş. Delfinlər də bir az romantik heyvandır deyə belə bir inanc var; delfin yanaşı üzdüyü gəmini keçə bilməyəndə özünü sahilə çırpır. Sırf o hal olmasın deyə kapitan qəsdən gəminin sürətini azaldıb.
- Siz o gəmidə olmusuz?
- Yox, amma delfinlərin gəmini müşayiət eləməsini görmüşəm. Onların da özlərinin bölgələri var, o bölgəyə girəndə gəmini müşayiət eləməyə başlayırlar. Bölgəni çıxandan sonra onlar da aralanır. Delfinlərlə yol yoldaşı çox olmuşuq.
- Nə gözəl. Başqa hansı inanclar var?
- Məsələn, ekvatoru keçəndə bir banka dəniz suyu içmək adəti var.
- Siz də içmisiz?
- Hələ açıq okeana çıxmamışam. Xəzər dənizçiliyində müxtəlif yazılmamış qanunlar var. Bir az xoş səslənməsə də deyim. Bizdə maaş sistemi bir az fərqlidir: sərhəd bağlanandan sonra əlavə valyuta oturur hesaba, yəni maaşın artıq olur. Bizim dənizçilərdə belə bir inanc formalaşıb ki, corab yandıranda gəmi sərhəddən kənarda daha çox qalır.
- Xəzərdəki adaların içində xüsusi rəğbət bəslənilən bir ada varmı ki, gəmi onun yanından keçəndə fit versin və ya başqa jest eləsin? Misal üçün Nargin adası, bildiyimiz kimi 37-ci il repressiyalarında orda nə qədər günahsız insan güllələnib, o cümlədən Mikayıl Müşfiq.
- Bizdə elə bir hadisəyə rast gəlməmişəm. Türk gəmilərində görmüşəm ki, Çanakkaladan böyük ehtiramla keçirlər, heyət sayğı duruşunda dayanır, sanki ovqatları dəyişir. Onlarda belə nümunələr çoxdur. Yadıma bir şey düşdü, bu da yazılmamış qanunlardan sayılır, gəmilər bir-biri ilə rastlaşanda fit verib salamlaşırlar.
- Gəmilər arasında rəqabət olurmu və ya burun-buruna gəlmək, bir-birini qorxutmaq kimi hallar.
- Dənizdə də avtomagistralda olduğu kimi qaydalar var. Məsələn, qanun deyir ki, sağda gördüyün gəmini buraxmalısan, yol onundu. Ancaq praktikada bəzən görürsən ki, o sənə birinci yol versə daha məqsədəuyğun olar. Qarşılıqlı razılaşma ilə bunu etmək olar. Amma bir də görürsən qarşı tərəf iki ayağını bir başmağa dirəyir ki, yox, qanun nə yazıb o da olacaq. Başıma belə bir hadisə gəlib. Fırtına zamanı sağımda gəmi olub. Kapitan körpüsündə tək özüm idim, avtopilot da sözümə qulaq asmırdı. Burda bir haşiyə çıxım deyim ki, gəmilər əksər vaxt avtopilotda hərəkət edir. Sükandayam, bir yandan da fırtına güclənib, yağış yağır, görüntü zəifdir. Sağımda gəmini görüb ona dedim ki, sən mənə azca yol versən daha məqsədəuyğun olar, ikimiz də rahat sovuşarıq. Dedi ki, yox, mən kursumdan çıxan deyiləm. İki dəfə, üç dəfə dedim, gördüm tərsliyinə salır. Filippinli idi, azərbaycanlı olsaydı yenə yola gəlmək olardı. Gördüm tərsliyinə salır, mən də o fırtınada təhlükəli bir manevr eləyəsi oldum, qəzaya düşə bilərdik.
- Bəy, Bermud üçbucağı haqqında nə düşünürsüz? Gəmiçilər buna inanırlarmı? Deyirlər dənizdə belə yerlə çox olur.
- Mən açığı bu barədə skeptikəm. Gəmiçilər isə Bermud üçbucağı barədə konkret nəsə demirlər, onu açıqlamağa çalışmırlar, yolu ordan düşən dənizçilər ordan qaçmağa çalışırlar. İşdir-şayətdir, yolu ordan düşübsə, daha bu adam onsuz dənizə çıxıb da, yolu Bermuddan keçsə nolacaq, keçməsə nolacaq.
- Onda həmişə Bermuddan uzaq olasan.
- Çox sağ ol.