“Space”ə qonaq çağırılmışdım. Kanalın həyətinə mənimlə xeyli adam girdi. Çəkiliş meydançasınadək birgə gəldik. Çoxu yaşlı qadınlar, kişilər idi. Aralarında bir-iki cavan oğlan da vardı. Kim becid idisə ön sıralarda yer tuturdu, kim ləng hərəkət edirdisə arxa sıralarda oturmağa məcbur olurdu. Bəziləri prodüserlərlə öcəşir, “mənə keçən dəfə qabaq sıranı söz vermişdin”, “məni az çəkmisiz”, “arxada oturanda kameraya düşmürəm” “mən həmişə burda oturmuşam” deyir, ön sıralarda oturmaq üstündə dava salırdılar. Artıq ön sıralar tutulmuşdu.
Üst-başlarından nimdaşlıq yağan bu adamlara, başındakı qış papağının tükü tökülmüş yaşlı kişilərə, çantasından güzgü çıxarıb, rəng qoymaqdan sayalığını itirib məftilə dönmüş saçlarına daraq çəkməyə çalışan, üzünə qrim çəkər kimi ənlik-kirşan çəkmiş, makyajını təzələyən bu yaşlı qadınlara baxdıqca bir şeyi hiss edirsən; dünyada hər şeydən əli üzülmüş bu adamların tək təsəlliləri verilişlərin “masovka”sında oturub kameraların gözündə görünməkdir. Arabir də, təbii ki, əgər fürsət düşərsə mikrofonu alıb hansısa məsələyə bir “ağsaqqal,ağbirçək” münasibəti bildirmək. Sonra da evdə-bayırda fəxrlə demək: Məni göstərirlər... Başqa heç nə.
Çəkilişin başlamağına dəqiqələr qalıb. Aləm bir-birinə dəyib, qonaqların səsi operatorların səsinə, prodüserlərin səsi köməkçilərin səsinə qarışıb. Bu səs-küyün, qarmaqarışıqlığın içində qəfildən kiminsə səsi yüksəldi: “Heydər Əliyevin vaxtında mən “Bahar qızı” olmuşam. Onda məni qabağa çəkirdilər, indisə saya salan yoxdu.”
Arıq bir xanımdı. Qaraşındı. Beli də azacıq bükülüb. Çantasını bərk-bərk sinəsinə sıxıb, elə bil kimsə əlindən qamarlayıb qaçacaq. Xəzan vurub yarpaqlarını tökmüş ağaca bənzəyən bu qadına baxanda heç deməzsən ki, nə vaxtsa Bahar qızı olub.
Bir vaxtlar məşhur olub. Kanallarda ölkənin birinci adamı ilə görünüb. İndi isə xəzan yeli bu şöhrətini də sovurub. Nə vaxtsa kanalların ekranından düşməyən bu xanıma indi heç “masovka”da ön sıraları təklif edən də yoxdur. Odur ki, belə acıqlıdır.
Adı İlahədi. İlahəxanım Rəşidova. Gənc Tamaşaçılar teatrının aktrisası olub. İnstituta qəbul olanda imtahanı ondan Həsən Turabov götürüb. Sualları verib, sənədə nəsə qeyd edəndən sonra deyib get. O da əvvəl elə bilib ki, kəsilib. Bayıra çıxıb. Qapının ağzında hönkürüb. Yaxşı ki, abituriyentlərdən kimsə əliuzunluq edib sənədi qızın əlindən alıb. Və məlum olub ki, imtahandan keçib. Qalanını, qalanını sual verək, İlahəxanım özü danışsın.
- Necə oldu sizi Bahar qızı seçdilər?
- Mən Gənc Tamaşaçılarda lap 19 yaşından işləmişəm. O vaxt belə bir qayda var idi ki, institutda oxumamışdan qabaq iş stajın olmalıydı, sonra da imtahana buraxırdılar. Mən də orda işləyirdim. Digər aktrisalara baxanda hündürboylu idim. Cənnət Səlimova məni dövlət tədbirinə Bahar qızı kimi çıxartdı. Tədbir Gülüstan sarayında oldu.
Növbəti il Bahar qızı başqa bir qız olacaqdı. Sarayda məşq edirdik. Birdən bir nəfər içəri girdi. Dedilər Prezident Aparatındandır. O adam soruşdu ki, rejissor hardadır? Rejissor ayağa durdu, dedi burdayam. Sonra soruşdu ki, bəs keçənilki Bahar qızı hardadı? Mən də səhnədən dedim, burdayam. Sonra həmin adam çönüb rejissora dedi ki, Heydər Əliyevin tapşırığı var, hər il Bahar qızı bu qız olacaq. Onun sözlərindən sonra kimin ixtiyarı vardı, nəyisə dəyişsən. Mən də oldum Bahar qızı.
Əvvəl çıxış edib, şeir deməliydim. Sonra Səməd Səmədov “Arzu qızım” mahnısını oxumalı, mən də oynamalı idim. Mən rəqs edəndə gördüm rəhmətlik Heydər Əliyev də əl çalır, biixtiyar əlimlə işarə eləyib rəqsə dəvət etdim. Heydər Əliyev ayağa durdu, qolun qaldırdı, mənlə rəqs elədi. Sonra uşaqlar ətrafımızda Heydər Əliyevlə bəylə gəlin kimi xeyli oynadıq. Başqaları mənə paxıllıq edirdilər ki, Heydər Əliyev mənimlə rəqs edir, mənim çıxışımı bəyənir.
Ona görə də paxıllıqca Yeni il şənliyində mənə bir heyvan rolu verdilər. Əynimdə geyim, başımda maska vardı. Heydər Əliyev nəvəsi Leyla xanımla oturmuşdu. Bir də gördüm ki, əyilib nəvəsinə nəsə dedi. Leyla xanım ayağa durub mənimlə rəqs elədi. Mən bildim ki, Heydər Əliyev məni maskada ola-ola tanıyıb. Rəqs edəndən sonra mən Leyla xanıma təşəkkür elədim. O isə əlimdən tutub dedi ki, babam səni görmək istəyir. Onun yanına gəldim. Görüşdük. Əlimdən tutub dedi ki, bahar qızım, bu nədi, başına qazan boyda maska qoymusan. Sonra bayramımı təbrik etdi. Mən də onun bayramını təbrik etdim. Dedim ki, olar sizə bir söz deyim? Dedi, qızım, de.
Mən də əyildim, qulağına astadan dedim ki, nolar bu il getdi... Susdum. Qayıtdı ki, de, qızım, de. Dedim: “Bu il getdi, gələn il, pensionerlərin pensiyasını artırın da.” O da gülümsəyib məni qucaqladı.
- Özünüz üçün heç nə istəmədiniz?
- Yox. Sonra hamı, hətta, Nəsibə xanım da dedi ki, ağəz, özünçün nəsə istəyərdün də. Qız uşağısan, nə vaxta kimi atovun evində qalacaqsan. O boyda dövlət quşu gəlib qonmuşdu başuva. Ev istəyərdin, pul istəyərdin.
Rəhmətlik Nəsibə xanımla çox oynamışam. O vaxt AzTV-də Novruz şənlikləri çərçivəsində çərşənbə verilişləri olardı, orda səhnələr qoyardıq. Nəsibə xanım qaynana rolunda, mən də gəlini olardım.
- Heydər Əliyev vəfat edəndən sonra niyə dəvət etmədilər?
- Bədxahlarım imkan vermədi. Məni soruşanda guya deyirmişlər ki, o gedib, xaricdədi, burda yoxdu.
- Dəvət eləsələr yenə Bahar qız olarsız?
- Olaram.
- Tədbirlərdə aparıcılıq edirdiz.
- Yazıçılar, şairlər məni tədbirlərə dəvət edirlər, bədii qiraətim yaxşı olduğuna görə məni çağırırlar. Tədbirlərdə şeir deyirəm. AYB-dən çağırırlar. Səməd Vurğunun qızı rəhmətlik Aybəniz xanım məni tez-tez tədbirlərə dəvət edirdi. Mənim şeir deməyimdən xoşu gəlirdi.
- Radiolara da dəvət edirlər?
- Bəzən dəvət edirlər, radiolar üçün şeir deyirəm. Mənim şeir deməyim xoşlarına gəlir, şeiri deyəndə onu yaşayıram.
- Çöldə-bayırda tanıyırlar sizi?
- Hə tanıyırlar. Bir ara hətta ANS-dəki “Hökm” verilişi üçün rollar oynayırdım. Orda bir qız vardı, anasını aparıb qocalar evinə qoymuşdu. Mən də bunu oynayırdım. Bir müddət sonra dükana çörək almağa getmişdim, satıcı məni görüb dedi, ağəz, utanmırsan anavı aparıb qoymusan qocalar evinə? Dedim o mən deyiləm, mənim anam qəbristanlıqdadı.
- Bayaq Nəsimə xanımın, Həsən Turabovun adını çəkdiniz. İndi necə, məşhur aktyorlarla dostluğunuz davam edir?
- Arif Quliyevin ailəsi ilə yaxın əlaqəmiz var. Yeni İldə zəng eləmişdi, danışdıq. Sonra dedi, telefonuna 10 manatlıq kontur yükləmişəm. Sağ olsun. Rəhmətlik Nüsrət Kəsəmənli ilə də işləmişəm.
- Necə dolanırsız?
- Çox kasıb dolanıram. Elə vaxtı olur quruca “Galina Blanca” supları yeyirəm.
- Bahar qızı olduğunuz dövrün kasetlərini saxlamısız. Tez-tez baxırsız?
- Videom yoxdu. Dayım, bacımgilə gedəndə arada baxıram. Yadıma salıram o günləri, kövrəlirəm. Onlar AzTV-nin fondunda qorunur.
- Dini mətnlər də oxuyursuz...
- Hələ tələbə oranda xaricdən iranlı bir qadın gəlmişdi. Bəhai idi. Dedi ki, biz dini mətnlər oxumaq üçün adam lazımdır. Məndə bəhailərlə əməkdaşlıq eləməyə başladım. Onların dini mətnini oxuyurdum.
- Bəhaliyi qəbul elədiniz?
-Təkcə mən yox, tələbələrin çoxu qəbul elədi. Yenə də çağırıblar. Novruz bayramı ilə əlaqədar tədbirləri var, ora dəvət ediblər.