İqbal Ağazadə: “Nizami Gəncəvinin bədbəxtliyi ondadır ki...” - QEYRİ-ADİ MÜSAHİBƏ

<span style="color:red;">İqbal Ağazadə:  “Nizami Gəncəvinin bədbəxtliyi ondadır ki...” - <span style="color:red;">QEYRİ-ADİ MÜSAHİBƏ
3 iyul 2017
# 09:00

İqbal Ağazadə ilə müsahibəyə gedəndə fotoqrafımız dedi ki, şəkillərinizi çəkim çıxacam, vacib işim var. Ancaq axıracan gözlədi. Müsahibəni bitirib çıxanda səbəbini soruşdum, sakit səslə dedi: “O qədər maraqlı danışdı ki, işimi təxirə saldım”.

O, doğru deyirdi.

Söhbətə gedəndə, açığı, mən özüm də belə gözləmirdim. Elə bilirdim, quru, rəsmi bir söhbət alınacaq. Adətən siyasət adamları rəsmiyyətdən kənara çıxmaq istəmirlər

Ancaq...

Ancaq İqbal müəllim bizi təkcə əzbərdən dediyi şeirlərlə deyil, ədəbiyyat, sənət haqqında fikirləri ilə də heyrətləndirdi. Və qarşımızda tanınmış siyasətçinin tamamilə başqa bir obrazı canlandı. Bu, artıq hamının bildiyi siyasətçi yox, ürəyi sözlə, musiqiylə, ədəbiyyatla döyünən bir sənətsevər idi.

İqbal Ağazadə Kulis.azın yeni - “İşdən kənar” layihəsinin ilk qonağıdır. Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılacaq.

- Mütaliəyə vaxtınız olurmu?

- Bəli, olur. Daim mütaliə edirəm. Əlimə nə düşsə oxuyuram.

- Bəlli bir oxuma sisteminiz yoxdur?

- Bilirsiz, oxumaq bir az vərdişdir. Bu vərdişi qazanan insan zaman keçdikcə fərqli şeylər oxuyur. Əslində insan nəyi oxumağa can atır? Yaşamadıqlarını. İnsan yaşadıqlarını oxumaq istəmir.

- Yəni bilmədiklərini oxumaq istəyir?

- Yox, “bilməmək” elmə aid məsələdi. İnsan ədəbiyyatda yaşamadıqlarını oxuyur. İnsanların çoxu gənclikdə sevgi hekayələrinə niyə meyl edir, çünki buna ehtiyacı olur. Oxumaq yaşa və yaşadıqlarına bağlı olan bir şeydir. İndi də yaşamadıqlarımı oxumaqdan çox öyrənməyə meyl edirəm. Qarşıma çıxan ədəbiyyat nümunələrini oxuyuram və artıq buna bir oxucu kimi qiymət vermək üçün oxuyuram; necə yazırlar, dilləri, üslubları necədi, qələmləri necədi... Amma istər siyasətdə, istər psixologiyada bilmədiyim çox şey var ki, onlara aid kitablar oxuyuram.

- Oxu menyunuzu ən çox nə təşkil edir - bədii ədəbiyyat, yoxsa elmi ədəbiyyat?

- İnsanın halından asılıdır. Bir də görürsən, insan elə bir duyğusal hala gəlib çıxır ki, şeir oxuyur. Bu, səndən asılı olmur. Şeir də elə şeydir ki, halından asılı olaraq sevib-sevmədiyin şeir var. Elə bir halda olarsan ki, ən şedevr sənət əsərini belə qəbul eləməzsən. Bəzən də elə bir adi sənət əsəri olar ki, sənə güclü təsir edər, onu qəbul edib deyərsən, necə gözəldir! Yenə deyirəm, bizim deyə bilmədiklərimiz, bizim yaşaya bilmədiklərimiz, bizim ifadə edə bilmədiklərimiz şeirin, nəsrin, rəsmin diliylə ifadə olunur, sanki biz də bundan nümunə götürürük.

- Sevdiyiniz şairlər kimlərdir?

- Mənim üçün sevdiyim şair anlayışı, sevdiyim yazıçı anlayışı yoxdur, mənim üçün sevdiyim əsər anlayışı var. Elə şair var ki, onu bircə şeirinə görə sevirəm.

- Məsələn...

- Məsələn, bir PKK-çı var.

- Həjar...

- Bəli, Hajar Şamiloğlu. Onun bir şeiri var:

Heç bilmədik necə sevdik sevəndə,

Heç bilmədik indi necə ayrılaq.

Görən necə ayrılırlar sevənlər?

Bilirsənsə de, eləcə ayrılaq.

Bircə dənə şeirdi. Heç Hajar Şamiloğlu adlı adama rast gəlməmişəm. Və ümumiyyətlə onun Azərbaycana, separatizmə münasibəti də heç xoşuma gəlmir. Amma bu şeirinə görə onu sevirəm. Və ya mən Ağa Laçınlının şeirlərinin çoxunu oxumuşam. Ancaq yadımda qalan bir şeiri var ki, o, mənim üçün şeirin üstüdür:

Gedirsənsə, gözünü məndən tamam kəsib get,

Gözünlə barışaram – özünlə barışmaram!

Yoxluğumun ucundan, həsrətimin ucundan

Yuxuna qarışaram – özünlə barışmaram!

Şedevrdir. Mütəmadi oxuduğum şairlər də var. Aqşin Yeniseyin “Verin əllərinizi saxlayım” şeiri mənim üçün möhtəşəmdir. Yaxud Aysel Əlizadənin şeirlərini deyə bilərəm. Bugünkü imzaların əksəriyyətini oxuyuram.

- Dediniz ki, siz əsəri sevirsiz, onu yaradanı yox. Elə müəlliflər yoxdurmu ki, əksər əsərlərini sevəsiz?

- Musa Yaqub, Ramiz Rövşən, Nüsrət Kəsəmənli... Musa Yaqubun əksər şeirlərini sevirəm. Mənim düşüncəmə görə Nüsrət Kəsəmənli gərək toxuna sevə, Musa Yaqub görə sevə, Ramiz Rövşən təsəvvür edə sevə. Onların şeirlərini özlüyümdə bu ölçülərə ayırmışam. Musa Yaqub gözələ də hər yaşında bir cür qiymət verir.

Taleyin qisməti rast saldı bizi.

Yolumuz haradasa qırılacaqsa,

İtirəcəyiksə, bir-birimizi,

Xatirəm yadında qalmayacaqsa,

Bu əllər mənimki olmayacaqsa,

Bu tellər mənimki olmayacaqsa,

Sən Allah, özünə öyrətmə məni,

Hicran qoxusuyla göynətmə məni.

Musa Yaqub bunu sevdiyi vaxt yazıb. Bir az yaşlanan dövrün şeirinə baxaq:

İndi nazın böyük, ürəyin aram,

Eh, mən də səninçün belə qalmaram.

Bir də görərsən ki, bir ərk yerin yox,

Qalmısan neçə yad baxışın altda.

Qəfil görəcəksən çətirin də yox,

Əsirsən bir qərib yağışın altda

Günəşdə üstünə kölgə salan yox,

Tənhasan, amma heç yada salan yox.

Sönüb səndən ötrü o isti ocaq.

Onda biləcəksən mənim sevgimi,

Biləcəksən, o da çox gec olacaq.

Bu sevgisinə cavab almadığı dövrün şeiridir. Bir şeiri də var, bu da yaşı ilə bağlıdır:

Bu nə gözəllikdir küçədən keçir,

Elə bil işıqdır gecədən keçir.

Onu kim yaradıb, harda yaradıb,

Harda sığallanıb, harda daranıb.

Gözəl, bircə dəfə bax mən tərəfə,

Demə, baxışlarım ötürdü səni,

Gözümün aynası götürdü səni,

Qalacaq aynamda bu göz, bu baxış,

Nə yaxşı bu təzə gözəlliyə də,

Baxmağa gözümün qisməti varmış.

Ömrünün hər yaşında gözəllikdən, sevgidən ləzzət alan, onu duya bilən şairdir Musa Yaqub. Məsələn, Ramiz Rövşən şeirində həmişə bir xətt var. O sevgiyə, o ruha toxunmaq olmaz, ona toxunsan hər şey dağılar. Ramiz Rövşən toxunmağı sevmir. Deyir:

Eşitsəm adımı sevən bir qızın,

Hələ öpülməmiş dodaqlarından,

- bu yaz gecəsində ölməyə nə var?!

- Bir də Vaqif Cəbrayılzadə var...

- Vaqif Cəbrayılzadəni çox sevirəm... Musa Yaqub Azərbaycana sığan şairdir, Ramiz Rövşən dünyaya sığan şairdir, amma Vaqif Cəbrayılzadə heç yerə sığan şair deyil, o qədər böyükdür.

- Göy üzünün o üzüdür.

- Göy üzünün o üzündən də o yana olan şairdir. Düzdür, zamanında böyük türkçü kimi də xarakterizə edənlər olub, məhəbbət simvolu kimi yanaşanlar da olub, amma Vaqif Bayatlı belə qəliblərə sığan şair deyil, çox böyükdür.

Vaqif Səmədoğlunu da çox sevirəm. Onun da içi titrədən, ruhu oxşayan şeirləri var.

- Heç elə olurmu ki, gün boyu hansısa bir misra dilinizdən düşmür, dua kimi səsləndirirsiz?

- Olur, niyə olmur? Son günlər sosial şəbəkələrdə işğal bölgələrinin videoları tez-tez paylaşılır. O videoları görəndən sonra “Bizi bağışla, Şuşa” misraları uzun müddət başımdan çıxmır. Yaxud, hardasa naqis hadisə, xüsusən jurnalistlər arasında görəndə Sabirin “Şairəm, çünki vəzifəm budur, əşar yazım” şeiri yadıma düşür. Və bu şeiri öz-özümə deyib düşünürəm ki, Sabirin dövründən az qala bir əsr keçib, ancaq biz hələ dəyişməmişik. Və yaxud baxıram Türkiyənin halına, orda gedən dini söhbətləri görürəm, böyük Mirzə Cəlil yadıma düşür. XXI əsrdə bu qədər texnologiyanın, bu qədər informasiyanın içində avam olmaq olarmı?

- İqbal müəllim, gəlin, bir az da hökmdar-şair məsələsini müzakirə edək. Yəqin “Master və Marqarita” əsərini oxumusuz.

- Oxumuşam. Hər bir dönəmdə yazıçı-şair təxəyyülü, məsələni reallıqda olduğu kimi yox, özü görmək istədiyi kimi görür. Heç uzağa getməyək, “Master və Marqarita”dan əvvəl Azərbaycanda Səməd Vurğun “Vaqif” əsərini yazıb. Səməd Vurğun ideologiyadan çıxmış adam idi, buna görə də ideologiyaya cavab verən obraz yaradıb. Vaqif ömründə Qacar kimi zalım adama o cür cavab verə bilməzdi. Reallıq Səməd Vurğunun yazdığı kimi deyil. Ona görə mən tarixi hadisələrə yazıçı münasibətini qəbul edə bilmirəm. Bu səbəbdən tarixi əsərləri, demək olar, sevmirəm, tarixi hadisələri tarixdən öyrənməyi xoşlayıram.

- Demək, tarixi əsərlər oxumursuz...

- Mənim üçün əsərdən zövq almaq ruh halımdan asılı olan bir şeydi. Nəinki tarixi əsərlər, heç cavan vaxtı oxuduğum bir çox əsəri indi oxumaram. Çünki iyirmi yaşımda oxuduğum əsər indi eyni zövqü bəxş edə bilməz. Məni bu gün “Hacı Qara”, “Kəmalüddövlə məktubları” təəccübləndirə bilməz. Məni bu gün heç Sabirin şeirləri də təəccübləndirmir, amma millətimizin bu günü ilə müqayisə edəndə, indidən baxanda onların fəaliyyətinin nə qədər böyük olduğunu görürsən.

Biz onsuz hər gün “Müsibəti-Fəxrəddin” görürük, indi mən təzədən Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”inə qayıdım? Ətrafımız faciə yaşayan ziyalılarla doludur. Yaxud Nəriman Nərimanovun “Bahadur və Sona”sını yüz il qalsa vərəqləmərəm. Çünki biz onları artıq yaşadıq, biz onları keçdik.

Yenə deyirəm, ədəbiyyat insanları o vaxt çəkir ki, onu həyatlarında yaşamırlar, yaxud da nisgilləri olur. Bir də görürsən yetmiş yaşında kişi gözəl bir şeir deyir, bir ədəbiyyat nümunəsi danışır. Siz ona bir az da psixoloji tərəfdən baxın, onun harasındasa zərbəsi var, travması var. Yaşamadığı bir şeyi var, adamlar adətən yaşamadıqları şeyin arxasınca gedirlər.

- Nəsrdə də bu cürdür?

- Əlbəttə. İnsan hətta qəhrəmanlıq əsərlərinə də nostalji hisslərlə, travma ilə yanaşır. Niyə “Cəsur ürək”i nə vaxt versələr oturub baxırıq? Çünki torpaqlarımız işğaldadır. Ancaq elə xalqlar var ki, “Cəsur ürək”i qəhrəmanlıq nümunəsi saymır, deyir ki, nə qədər qan olar! Ədəbiyyat yaşaya bilmədiklərini, görə bilmədiklərini ruhun vasitəsilə sənə verir.

- Sənət əsərinin estetik tərəfdən cəzbediciliyini, insanı heyrətləndirməsini qəbul etmirsiz?

- Sənətdən zövq alan heç bir adam onun estetik tərəfinə fikir vermir. Sənətin estetik tərəfinə fikir verən peşəkarlardır, onlar da çox azdır. Mən heç vaxt şeir oxuyarkən, onun qafiyəsinin düzlüyünə, pozulub-pozulmadığını nəzərə almıram. Məsələn, illərdir “Leyli və Məcun” operası oynanılır. Orda bir yer var. Leyli “...zülfi-pərişanını görcək” qəzəlini oxuyur. Əslində, bu, qadına müraciətdi, kişiyə müraciət deyil, amma Leyli bunu səhnədə Məcnuna oxuyur, heç kəs fikir vermir. Yaxud heç kəs rəsm əsərinin necə çəkilməyinə, hansı cərəyana aid olmasına baxmır, cəlbediciliyinə baxır.

- Yəni adi izləyici, oxucu yalnız əsərin yaratdığı ovqata, bir də ideyasına diqqət edir?

- Bəli, sənət bir az da ovqat məsələsidir. Bəzən deyirlər ki, mən heç vaxt filan şeyə qulaq asmıram. Niyə? İnsan heç vaxt bir musiqiyə qulaq asa bilməz. İnsan halından asılı olaraq hər şeyə qulaq asır. Mən çox böyük məmnuniyyətlə “Maral-Maral”a da qulaq asa bilərəm, mənim üçün musiqinin üstündə olan bir şey olar. Dərdli, pərişan olduğum vaxt “Zabul-Segah”a, yaxud “Zəminxarə”yə qulaq asa bilərəm.

- Kimin ifasında?

- Müxtəlif ifalarda. “Zabul-Segah”a, təbii ki, Ağabala Abdullayevin ifasında qulaq asmağı sevirəm. Amma yenə deyirəm, bəzən kimin ifa etməsi önəmli deyil.

- Belə çıxır ki, sizin üçün sevimli şair, sevimli yazıçı olmadığı kimi, sevimli müğənni, sevimli rəssam da yoxdur. Sevimli şeir, sevimli ifa var, sevimli rəsm var.

- Bəli. Mən bu cürəm. Adi bir şey deyim. Gitara ifasını peşəkar musiqiçilərin çoxu sevmir, mən çox sevirəm. Mənim gitara ilə bağlı bircə xatirəm var və o xatirə məni hər zaman çəkir. Bu bircə şeyə görə gitaranı mənə heç kəs tərgitdirə bilməz: Mənim işğal olunmuş kəndimin toylarında o gitara səslənirdi. Gitara indi də o cür səslənəndə dərhal kəndim, kəndimdəki toylar yada düşür və bütün xatirəm o dəqiqə alt-üst olur. Əgər ən zəif gitara ifası belə mənim yaddaşımda bu xatirələri oyadırsa, kimsə necə gəlib məni zövqsüzlükdə, bayağılıqda ittiham edə bilər?! Axı o bilmir ki, mənim içimdə nə qaynayır! O bilmir ki, mənim yadıma kəndim düşür, mənim yadıma işğal olunmuş torpağım düşür...

- İqbal müəllim, adətən ofislərdə tanınmış siyasi xadimlərin portretləri, fotoları asılır. Sizin otaqda demək olar ki, belə portretlərə, fotolara rast gəlmədim.

- Burda bircə Məhəmməd Əminin şəkli var. Görürsüz, şkafın üstünə qoyulub. Otağıma minlərlə adam gəlir. Heç kəsi məcbur edə bilmərəm ki, mənim sevdiyim, xəttimizə, yolumuza uyğun gələn rəsmlərə baxsın. Bu məkan həm də ümumi bir siyasətin gerçəkləşdirildiyi məkandır.

- Heç rəsm əsərləri də yoxdu...

- Evimdə çoxdu.

- Sevdiyiniz rəssamı soruşsam, cavabınız aydındır, o zaman sevdiyiniz tablonu soruşum.

- Əslində, rəssam olsam çəkə biləcəyim bircə tablo var: Tənha, qurumuş ağacın altında yağışdan islanmış qadın... Başqa heç nə.

- Bu da yəqin bir xatirənizdir.

- Bəlkə də şüurumun harasındasa ilişib qalmış xatirədir. Əl qabiliyyətim olsaydı sevə-sevə bu tablonu çəkərdim, heç kəs də o əsəri mənim kimi çəkə bilməzdi.

- Nə əcəb cəhd etmirsiz?

- Bacarmaram.

- Bəlkə kiməsə sifariş verəsiz?

- Heç kəs mənim duyğularımı istədiyim kimi ifadə edə bilməz. İçimdəki tablonu sındırar, ona görə də istəmirəm.

- Müsahibələrinizdən birində demişdiniz ki, siyasətlə bağlı xatirələrinizi yazacaqsınız.

- Artıq çoxdan yazmışam, hazırdı. Bir dəfə çapa da vermək istədik, hətta korrektə işlərini də yekunlaşdırdıq. Amma sonra dayandırdıq. Bəlkə də o xatirələri çap etmək hələ tezdir.

- Şeir yazmısız?

- Ömrümdə yazmamışam. Mənim üçün şeir yazmaq böyük bir şeydir. Özümü o boyda görə bilməmişəm. Yaradıcı adam mənim üçün müqəddəsdir, bizim ola bilmədiyimiz adamdır. Aktyorlara da qeyri-adi insanlar kimi baxıram. Hesab eləmirəm ki, Fuad Poladov elə mənimlə eynidir. Yaxud da Fəxrəddin Manafov, Mehriban Zəki. Mən hələ köhnələri demirəm, bu günün aktyorlarını deyirəm.

- Birinci təhsiliniz şərqşünaslıqdır. Fars dilini bitirmisiz. Heç farsca əsərlər oxuyursuzmu? Ümumiyyətlə, fars mədəniyyətini necə qiymətləndirirsiz?

- Şəhriyarın bir şeiri var, deyir:

Amədi, canəm be qorbanət, vəli hala çera

Hala ke oftadeəm əz pa, vəli hala çera?!

Bu şeiri Azərbaycan dilinə belə tərcümə ediblər:

Gəlmişəm canım qurban indi niyə,

İndi ki, əldən düşdüm, indi niyə?

Görün farsca nə gözəl səslənir. Hər bir əsəri öz dilində oxuyanda çox gözəl olur. Xüsusən şeiri. Nizaminin bədbəxtliyi ondadır ki, iki qəzəli sevilir, “Sevgili canan”, bir də “Sənsiz”. Niyə? Tərcümə düzgün olunub, əruzda olub, qalan bütün əsərləri heca vəznində tərcümə olunub. Ona görə də sevilmir. Nizaminin əsərləri orijinalında çox gözəldir, onun oğluna nəsihətini fars dilində oxuyursan, heyran qalırsan.

Ancaq yaxşı tərcümələr də var. Füzulinin bir qəzəli var:

Yarın hicrində yenə gözlərim ağlar bu gecə,

Sən sön, ey şəm, mənim ağlamağım var bu gecə.

Hamı elə bilir ki, bu orijinaldı, xeyr tərcümədi, Məmməd Mübarizindi. Sadəcə o qədər gözəl tərcümə olunub ki, orijinalından yaxşı alınıb.

- Farsların müasir şairlərindən kimləri oxuyursuz?

- Müasirləri təəssüf ki, çox oxumuram. Xüsusən İslam inqilabından sonrakı ədəbiyyata o qədər də meylim yoxdur. Farslarda mərsiyə ədəbiyyatı geniş yayılıb, qulaq asmışam. Köhnəni təkrarlamaqdan başqa bir şey eləmirlər. Müasir dövrdə elmin, texnologiyanın bu qədər inkişaf etdiyi bir vaxtda əvvəlkindən daha yaxşı ağlamaq olmur.

- Mərsiyəyə niyə qulaq asırsız?

- Mən siyasətçiyəm. Bizim bir kəsimimiz də şiə tərəfdarlarıdır, bölgəyə düşəndə mən şiə tərəfdarıyam. Ona görə bir siyasətçi olaraq onları da oxumalı, araşdırmalı, bilməliyəm. Bilirsiniz, dini ədəbiyyat nümunələri daha çox şiələr arasında yayılıb. Bu da Kərbəla müsibəti ilə bağlıdır. Kərbəla faciəsi insanlıq adına da utanc olan hadisəydi.

- Sizcə, dini ədəbiyyat nümunələrinin içində mükəmməl ədəbiyyat nümunələri çoxdurmu, yoxsa əksəriyyəti ideologiya ilə yüklənib?

- Əlbəttə. Füzulinin və başqa şairlərin bu mövzuda yazdığı əsərlər var ki, olduqca mükəmməl ədəbiyyat nümunələridir.

- İqbal müəllim, İran kinosuna münasibətiniz necədi? Bu il İran rejissoru Əsgər Fərhadinin “Satıcı” filmi də Oskar aldı.

- Filmlərə çox baxmıram. Ona görə də İran kinosundan çox az filmə baxmışam. Oxumağa daha çox yer verirəm. Xüsusən seriallara baxmağa səbrim çatmır. Ancaq bir kitaba başladımsa onu yarımçıq saxlamaram, gecə yatmaram, ancaq oxuyub bitirərəm. Çünki oxuyan zaman onun ruhunda oluram, onun içinə düşürəm. Yadıma gəlir, “Anna Karenina”nı oxuyanda altıncı sinifdəydim. Neçə gecə yatmadım, oturub axıracan oxudum.

- Sonradan təkrar oxumamısız?

- Yox, bəlkə də nə vaxtsa bir daha oxuyaram. Təkrar bircə “Kerri bacı”nı oxumuşam.

# 4311 dəfə oxunub

Müəllifin son yazıları

# # #