Həmid Herisçinin sol əli, “Solaxay”ı və alayı mətləblər RESENZİYA

Həmid Herisçinin sol əli, “Solaxay”ı və alayı mətləblər RESENZİYA
6 iyun 2014
# 11:24

Mirmehdi Ağaoğlu

- Bala, qaşığı sağ əllə tut. Sol əllə tutmaq ziyanlıdı.

Qulaqlarıma inanmadım, elə bil məni tok vurdu. Səksəndim. İlahi, bu reallıqdı, yoxsa qarabasma? Oyağam, yoxsa yuxuda görürəm?

Özümdən asılı olmadan dilləndim.

- Niyə?

- Solaxay uşaqlar məktəbə gedəndə əziyyət çəkirlər, qələmi qaydasında tutmurlar, dəftəri əyirlər, vərəqləri qırışdırılar, müəllimlər də onlara acıqlanır, yola getmirlər. – Nahar süfrəsi arxasında oğlumuzu yedizdirən yoldaşım ətraflı şəkildə izahat verdi.

Lap təəccübləndim. Bizim Cənub mollaları, lap dərinə getsək Ərdəbil, Təbriz mollaları demiş, ayə, bu nə danışır? Bəs mən iki gündü oxuyuram ki, dünyanın gizli təşkilatları, KQB-lər, FBİ-lar, sollar, sağlar hamısı solaxay axtarışına çıxıb, bu fövqəlinsanları axtarırlar? Deməli, neçə gündü oxuduqlarım yalandır?

Nahar yeməyində də əlimdən yerə qoymayıb oxuduğum bu kitab- Həmid Herisçinin “Solaxay”ı bunu demir axı? O zaman necə olur?

Yoxsa?

Və barmağımı dişlədim, yoxsa elə mən düz yoldayam?

Bəlkə bu mistikadır, taleyim özü nahar fasiləsində bu həqiqəti mənim qabağıma çıxartmalı idi?

Sən demə beynimə gedən yol mədəmdən keçirmiş. Bu həqiqəti anlamaq üçün əvvəl mədəmi doldurmalı imişəm?! Bəlkə qədim kahinlər də bu cür edirmişlər, sirli, sehrli kitabları oxuyub başlarını doldurmaq üçün, əvvəlcə qarınlarını doldurmalı imişlər?

Hə... Qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin. Yoxxxxxxxxxx. Gözlərinizi açın, yaxşı-yaxşı oxuyun. Həmidin “Solaxay” romanını oxumaq üçün belə etmək lazımdır. Mənim kimi əsərin aurasına girib özünü əsərin içində hiss eləməlisən. Həmidin əsərdə irəli sürdüyü bütün mistik və konspiroloji fikirləri, alternativ tarixi faktları qeyd-şərtsiz qəbul eləməlisən.

“Ola bilməz, bu ancaq yazıçı fantaziyasının məhsuludur” deməməlisən. Onda roman səndə detektiv əsər təsiri yaradacaq. Gizli təşkilatların həyata keçirdiyi müəmmalı bir planın türklər demiş (təbrizlilər bilmirəm bunu necə deyir), peşinə düşəcəksən. Lap Hollivud filmləri kimi.

Yox, əsərin təqdim etdiyi gerçəkliyi qəbul etmədinsə, şübhəylə yanaşdınsa, işin bitdi, “Solaxay”ı anlamayacaqsan.

Əsər Moskva Pediatriya İnstitutunda müalicə alan uşağın sonrakı taleyindən bəhs edir. Amma sən demə bura təkcə müalicə mərkəzi deyilmiş. Burda xüsusi bacarığı olan uşaqları tapıb aşkarlayır, sınaqdan keçirir, mükəmməlləşdirir, daha sonra onların vasitəsilə olduqca gizli əməliyyatlar keçirirlər.

Müəllif bunları birxətli təhkiyə ilə nəql eləmir. Nənəsinin qəbri üstündə ilan dərisini görən Həmidə elə gəlir ki, o da burda, qəbir üstündə öz köhnə taleyini bax bu cür soyunub atmalıdır. Bundan sonra müəllif oxucuya öz düşüncə süzgəzindən keçirdiyi həyatını nəql edir. Bu zaman oxucu bir də görürsən lap əvvəllərə - hələ qəhrəmanın anadan olmadığı illərə gedir, gah gələcəyə qaçır, gah Bakı, gah Təbriz, gah da Moskva həyatı ilə tanış olur. Müəllif bu hadisələr arasında bağ yaradaraq vahid şəbəkə qurur.

Həmid “Solaxay”da da öz vurucu, adamı silkələyən, xitabla bol təhkiyə tərzinə sadiqdir.

Kitabın birinci səhifəsini açıb müəllifin avtoqrafına baxıram. Sol əllə yazılıb. Rəvan deyil, elə bil yazanda əli titrəyib, qələm vərəqin üstündə axmayıb, mıxla daş üzərində yazılan kimi yazılıb. Avtoqrafa diqqətlə baxıram. Eynən mənim tələbə olanda solla yazmağı öyrəndiyim vaxtlardakı xəttimə bənzəyir. Əcəba müəllif də bu kitabı yazarkən sol əllə yazmağı öyrənməyib ki? Kitab üçün xüsusi konsept qurmaq məqsədilə... Eynən “Məsumiyyət muzeyi” romanı üçün bir də muzey tikən Orxan Pamuk kimi.

Tezcə bu fikri başımdan atıram. Dedim axı, bu kitabı oxuyanda gərək bütün şübhələrdən azad olasan. Eynən müqəddəs kitabları oxuyanda olduğu kimi.

# 4218 dəfə oxunub

Müəllifin son yazıları

# # #