Klassiklərdən nə istəyirik?

Klassiklərdən nə istəyirik?
12 mart 2020
# 12:01

Kulis.az Mehman Qaraxanoğlunun "Ədəbi sezintilər" silsiləsindən "Ədəbiyyatda fərarilik" yazısını təqdim edir.

Toranlıq çox zərif, həm də aldadıcı bir səhnə dekorudur. Bir azdan sonra pərdə kimi çəkilərək, oynanılan bütün tamaşaların adları günün (sutkanın!) afişasında apaydın görünəcək: “Səhər”, “Günorta”, “Axşam” və “Gecə” tamaşaları...
Hər gün rəsmi olaraq dörd tamaşada rol alırıq. Bəs aralıq məsafələrdəki rollarımız?! Onlar daha təbii, sirli və mübhəmdirlər... Ədəbiyyat məhz artistliyimizin aralıq laylarını bizə göstərməyə borcludur. O layları ki, baxarkən özümüz də dəhşətə gəlirik. Və ya sarsılırıq...

***

Nəyinsə qarşılığında zəif bir əsəri göylərə qaldıran “tənqidçi” könüllü olaraq düşmən tərəfinə keçən bir fərari kimidir. O bunu böyük ədəbiyyat naminə etməməli idi. Ən azından, susmaq haqqı vardı. Amma nəfsi qoymadı... Bugün o tip “tənqidçi”lər zəif yazan çoxluğun əlində əsir-yesirdi, yumşaq desək, onların ipi başqalarının əlindədir.
Amma sevinməyə dəyər, tənqidin yaradıcılıq olduğunu qəbul edən gənc yazarların sayı artıqca ədəbiyyatımızın gələcəyinə ümidlərimiz də çoxalır...

***

Sözü İlahi bir varlıq kimi qəbul etməyimizin bədəlini ödəyirik... Söz bir oyunbaz, bir sehrbaz, bir hoqqabazdır. Çarli Çaplin kimi istənilən situasiyaya uyğunlaşa və ya ondan çıxa bilir. Mətn sözə yox, söz mətnə uyğunlaşır. Ona görə də eyni söz fərqli mətnlərdə fərqli anlamları ifadə edir. Əgər bu sadədən sadə, primitiv bir həqiqətə yetə bilməmişiksə, qələmi yerə qoymağımız məsləhətdir...

***

Vaxtilə demişik, yenə təkrarlayırıq: Ədəbiyyat (qələm!!!) heç bir zaman birləşdirə bilməz. O ayırır. Və məhz ayıranda müxtəlifliyin kəhkaşanı yaranır.
“Qələm dostları...” Bu, sürtülmüz, həyasız ifadəni ədəbiyyata sırıyanları tapıb güllələmək lazımdır...

***

Dağ çayı dənizə qovuşana qədər özgürlüyünə rəğmən radikal-aqressiv ovqatını soyutmur. Bəs dənizdə necə?! Kaş onun dəniz suları ilə son savaşını da görəydik. Məhz bu məqamda ədəbiyyat köməyimizə gəlir.

***

Nənəmin yaşına uyğun olmayan cəld bir hərəkətlə, böyük bir sevgi və ehtirasla çörək qırıntılarını süfrədən yığıb, ovuclayıb ağzına atdığı səhnəni heç cür unuda bilmirəm. Hər dəfə süfrədə uşaqlarımın məhəl qoymadığı o qırıntıları görəndə, sümüklərinin dərini arxada qoyub irəli şığıdığı o “qəddar” əli xatırlayıram...

***

Mən ədəbiyyatda öz yuxumu görmək istəyirəm... İstəyirəm ki, o yalnız mənə məxsus olsun! Lap onu yoza bilməsəm də, o mənim olsun...

***

Biz klassiklərdən nə istəyirik?! Bəs Mirzə Fətəli Füzulidən nə istəyirdi? Cəlil Məmmədquluzadə “Şeir nəşəsi”nə dalanlardan nə istəyirdi? Bəs Ə.Haqverdiyev Mirzə Səfərdən nə istəyirdi? (Xatırladırıq: Mirzə Səfərizm dalğaları tək bir bədii obrazın daxili sərhədlərində qalmadı, qarşısıalınmaz faktik bir qasırğa kimi bizə yaxın və uzaq olan bütün məmləkətləri yalayıb keçdi. (Bax: Kamal Abdulla. “Mənim Füzulim”)
Bəlkə, konteksti bir qədər də genişləndirək?! Tolstoy da Dostoyevskini obrazların əvəzində özü daha çox danışdığına və forma bərbadlığına, Q.Q.Markes də Borxesi güclü xarakterlər yaratmadığına görə suçlayırdı. Folkner məsələyə daha geniş prizmadan yanaşırdı, qeyd edirdi ki, Şekspir, Balzak, Homer daha min, iki min il yaşasaydılar, naşirlər yeni müəlliflər axtarmalı olmazdılar.

Gəlin, belə bir eksperiment aparaq. Suçlananları bir anlıq unudaq, yalnız suçlayanları saxlayaq. Qalanlar bunlardır: Mirzə Fətəli, Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev, Tolstoy, Markes, Folkner və s. Zənnimizcə, pis mənzərə deyidir! Görünür, ədəbi dövriyyəyə “suçlama səlahiyyəti” deyilən bir ifadənin buraxılması zamanı gəlib çatıb...

***

Ən gözəl mətnlər yazağzı şumlanmış torpaqlar kimi olur. Müəllif öz işini görüb, necə deyərlər, kotanını çəkib gedib. Yerdə qalan mətndir! Və əkinçisini – oxucusunu gözləyir. Təəssüf ki, əkinçilər bir olmur... Nə yaxşı ki, əkinçilər bir olmur...

***

Heç cür anlaya bilmirəm ki, rəssam Sakit Məmmədovun valehedici, opal daşı kimi gözqamaşdıran misilsiz qadın qəhrəmanları, xüsusən, “Yatmış mələk” silsiləsindən olan qadın qəhrəmanları niyə nənni-yelləncəklərdə daha çox gözüyumulu təsvir olunub?! Həm yerdən müəyyən uzaqlıqda dayanan yelləncək, həm də yumulmuş gözlər bu rəsmlərə sirli və magik bir rəng qatır. Təsəvvürümüzdə belə bir mənzərə canlandıraq: Şəhərin hər yerində bir neçə saniyəlik olsa da, rastımıza çıxan bütün qadınlar gözlərini yumublar. İnanın, həmin saniyələrdə şəhərimiz ən mistik anlarını yaşamış olacaq. Biz özümüz də kor olacağıq...

# 2552 dəfə oxunub

Müəllifin son yazıları

# # #