Ayxan Ayvaz: “Atam ölməsə, onu özüm öldürəcəkdim” – Müsahibə

Ayxan Ayvaz, yazıçı

Ayxan Ayvaz, yazıçı

20 iyun 2022
# 09:00

Kulis.az Ayxan Ayvazla müsahibəni təqdim edir.

– Ayxan, oxucular sənin inzivaya çəkilməyinin, üç il roman yazmağının daha böyük nəticələrə gətirib çıxaracağını hesab edirdilər. İndilik isə belə görünür ki, gözləntiləri qarşılamamısan. Necə düşünürsən, bu nə ilə bağlıdır?

– Əslində, inzivaya çəkilməmişdim. Sadəcə yoldaşımın işinə görə rayona getmək və bir müddət orda yaşamaq məcburiyyətində qalmışdım. Mənim haqqımda oxucuların yüksək fikirdə olması çox gözəl, sevindirici haldır. Düzü, burda bir az da özümün günahı var. Yəqin, kənardan hamıya dünya səviyyəli bir yazıçı kimi görünürəm. Halbuki mən Bakıda yaşayanda da, Xaçmazda olanda da heç vaxt heç bir yerdə “elə roman yazacam ki, hamı mat qalacaq”, “roman yazıb, hamınızı qıracam” kimi şeylər deməmişəm. Mənim üçün ədəbiyyat yarış meydanı deyil. Filankəsi ötüb keçəcəm kimi düşüncədən uzağam. Ədəbi mühitdə heç kimi rəqibim hesab etmirəm. Onlar kimisə ötüb keçmək üçün yazırlar, mən isə finiş xəttiyəm, hamı mənim olduğum yerə gəlib çatmaq istəyir. Romanı da yazanda öz gücümü, nəyə qadir olduğumu çox yaxşı bilirdim. Yalandan özümü oda-közə vurmaq, hamıdan ağıllı görünmək kimi dərdim olmadı. Oturub bildiyim, 2016-cı ildən beynimdə, ürəyimdə dolaşan mövzunu yazdım və məncə, yaxşı da alındı. Roman çıxandan hələ ki kiminsə normal tənqidinə rast gəlməmişəm. Roman haqda danışanlar ancaq və ancaq hərf səhvlərini mənə deyirlər. Və mən hərf səhvlərindən danışan adamlarla ciddi ədəbiyyat söhbəti edə bilmərəm. Üstəlik, mənim ədəbi mühitdən heç bir gözləntim filan yoxdur. Ədəbi mühit yoxdur, mənim üçün. Yəni ədəbi mühitdə elə biri yoxdur ki, onun fikri mənim üçün etalon olsun. Kimlərsə sənin haqqında yazır deyə yazıçı olmursan. Sən yazıçı onda olursan ki, kimlərsə sənin haqqında yazmır, sən özün özünü əfsanəyə çevirirsən. Bu baxımdan, mənim tək gözləntim oxuculardandı – əsl oxuculardan. Hansı oxucu ki, biz o oxuculara çatmaq üçün xeyli məsafə qət etməliyik. Onlarla bizim aramıza çəpər çəkiblər. Əgər mənim yaxşı imkanım, özümü reklam etmək imkanım olsa, əmin olun ki, bu gün bütün Azərbaycan “Pəncərəsiz” romanından danışar.

– Hərf səhvi tutanlardan bəhs edirsən. Amma hərf səhvi tutanları kənara qoysaq, mətnin özünü də tənqid edənlər var. Çoxları hesab edir ki, sən öz keçmişində ilişib qalmısan və bundan qurtulmalısan.

– Bu da zövqsüzlüyün bariz nümunəsidir. Keçmişində ilişib qalmısan nədir? Yazıçılıq yaddaş demək deyil? Yaddaşda da ancaq keçmiş var. Orda gələcək yoxdur. Keçmişdə ilişib qalmamışam. Xüsusilə, bu romanda “keçmişində ilişib qalmısan” kimi mənasız, diletant yanaşmaya rəvac verəcək heç nə yoxdur. Mən keçmişimdən mətn olaraq qurtuluram. Bu Ayxan Ayvazın mətnidir və o mətn yalnız Ayxana məxsus deyil. Mən öz keçmişimi hamının keçmişi kimi təqdim edirəm. Kafka da öz keçmişini yazıb. “Çevrilmə” özü haqqında deyil? Deməli, biz gəlib çıxırıq özündən, öz həyatından yazmaq söhbətinə. Bu söhbət artıq o qədər bayağılaşıb ki, tamam mənasını itirib. Ancaq diletant, heç nədən xəbəri olmayan adamların verdiyi sualdır bu: “Bu sizin yaşadıqlarınızdır?” Əlbəttə, insan yaşadıqlarından çıxış eləyib yazır. Çünki elə olanda daha yaxşı yazırsan. Bilmədiyim mövzuda yazsam, saxtakarlıq edərəm. Ancaq məhz bu romana “keçmişində ilişib qalmısan” demək, Seymur Baycan demiş, açıq-açığına mənə şər atmaqdır.

– Ayxan, bəzi yaxınların intihar ediblər. İntihar haqqında roman yazmağın bir az da bu məsələ ilə bağlıdırmı? Və intihar haqqında roman yazanda qorxmadın ki, insanlar sənin nədənsə qisas aldığını düşünəcəklər?

– Bu romanda intihar sadəcə və sadəcə metaforadır. Hamını çaşdıran bilirsiniz nədir? Romanın girişində “Anamın əziz xatirəsinə” yazmağım. Ümumiyyətlə, nəyisə yazanda ondan qurtulmaq, yaxud qisas almaq kimi niyyətim olmayıb. Nədən qisas alım ki? Mən həyatımdan intiharla gedənlərə görə heç vaxt üsyan etməmişəm. Zaman keçdikcə, bunu da alın yazısı hesab etmişəm. Anama həssaslığım ayrı mövzudur. Ona görə Allahı heç vaxt bağışlamayacam. O heç. Ancaq roman məqsədli şəkildə yazılmayıb. Mən kiminsə “öz həyatını yazmısan” kimi səviyyəsizliyinə görə nəsə yazmayım?

– Nəşriyyatlar "Pəncərəsiz" romanını "intiharı təbliğ" ittihamı ilə nəşr etmirdilər. Səncə bu bir bəhanə idi, yoxsa, həqiqətən intiharı təbliğ edirsən?

– Bu ittiham ortaya atılanda çox düşünmüşdüm. Hətta ortaq dostlardan da soruşmuşdum. Həqiqətən, romanın intiharı təbliğ edib-etmədiyini öyrənmək istəyirdim. Çünki mən yazanda qətiyyən mövqeyimi ortaya qoymamışdım. Mənə görə, yazıçı əsərində heç vaxt mövqe ortaya qoymamalıdır. Ateist də ola bilər, inanclı da. Ancaq yazanda yazıçı bütün bunların fövqündə olmalıydı. Mənim romanımda intiharın yox, azadlığın təbliği ola bilər. Çünki, əslində, metafora kimi işlətdiyim intihar azadlığı ifadə edirdi. Üstəlik, “Anne Karenina”, “Çovdarlıqda uçurumdan qoruyan”, “Gənc Verterin iztirabları”na da intihara təbliğ var deyə bilərik. Onda neyləyək? Gedək hamısını bir-bir kitab rəflərindən yığışdırıb yandıraq? Ya da mənim romanıma görə kimlərsə intihar edəcəksə, buyursunlar, kitablarımı bir yerə yığıb yandıra bilərlər. Problem yoxdur. Amma mən bu romanda insanı qəliblərdən uzaq, azad görmək istəmişəm. Romanın qəhrəmanı İsa da məhz bu səbəbdən heç bir qəlibə sığmır. O, azad olmaq, qəlibsiz bir həyat yaşamaq istəyir. Bizim cəmiyyət, tək bizim yox, demək olar, bütün cəmiyyətlər insanı hansısa qəlibin içinə salmaq istəyir. Deyir, intihar eləmə, intihar günahdır. Ancaq həm də insanın intihar eləməsi üçün əlindən gələn hər şeyi edir. Ona görə də mənə görə dünyada ağ və qara rəng yoxdur. İntihar pisdir, həyat yaxşıdır – bu doğru deyil. İnsanı heç vaxt lazımsız qəliblərə salmaq olmaz. Roman intiharı təbliğ edir deyirlər, ancaq ölkədə 1 həftədə 47 insan intihar edir. O insanların hamısı mənim romanımı oxumuşdu? Yaxud oxusa, intihar edəcəkdi? Əksinə, əminəm ki, o insanlar o romanı oxusa, intihar etməzdilər. Çünki romanda intihar çıxış yolu göstərilmir. İntihar insanın qəliblərdən qurtulmağı üçün elədiyi şıltaqlığıdır. Və bütün bunlarla bərabər, roman postmodern bir sonluqla bitir – hər şeyin, əslində, bir mətn olduğu üzə çıxır. Məlum olur ki, romanı yazan yazıçı da qəliblərdən qurtula və bu romanı tamamlaya bilmir. Deməli, bütün bunlar romanın yazılması üçün imiş. Dünya, hər şey mətndən ibarətdir.

– Romandakı İsanın prototipi kimdir?

– Tələbəlik vaxtı bizim qrupda oxuyan qeyri-adi bir tələbə dostumuz vardı. O tələbə hər dəfə fərqli bir xüsusiyyəti ilə bizi çaşdırırdı. Gah dindar olurdu, gah ateist, gah milli-mənəvi dəyərləri qoruyan, gah da Qərb dəyərlərinin alovlu təəssübkeşi. Düzdü, İsa tam da onun obrazı deyil. Ancaq romanı yazanda tələbəlik illərim, o oğlanın qeyri-adilikləri işimə çox yaradı. Əslində, İsanı başqa adamlara da oxşadanlar var. O günləri romanı oxuyanlardan biri mənə deyir ki, İsa bizim qrup yoldaşına oxşayır. Hər kəs İsadan özündə nəsə tapır. Bu mənada İsa, əslində, hamıya oxşayır. Amma həm də heç kimə oxşamır. Yəni orijinal biridir.

– Bəlkə, bu sənin konkret obraz formalaşdıra bilməməyinin nəticəsidir?

– İsa kimi dünyada qeyri-adi, müəllifin belə baş açmadığı obrazlar çoxdur. Məsələn, Lermantovun Peçorini, Turgenevin Bazarovu. O cür obrazları yazmaq çətindir. Nə edəcəyini bilmirsən. Ona görə də romanın skeletini quranda çox əziyyət çəkmişdim. Yeddi ayrı roman yazmışdım. Hərəsi bir cür romanlar idi. Birində üçüncü şəxsin təkində idi, birində İsa özü danışırdı, o birində İsa ilə psixoloqun söhbəti və s. Gördüm ki, heç biri alınmayacaq. Ən yaxşı variant “şahid təhkiyəsi” idi. Klassik, İlahi təhkiyə bu obrazla baş aça bilməyəcəkdi. İsanın özünün danışacağı bir təhkiyədə yazmaq da istədiyim kimi olmayacaqdı. Yekunda indi kitabda oxuduğumuz roman ən yaxşı seçim oldu. Çünki romanın sonunda da buna işarə var. Əslində, romanı yazan müəllif də İsadan yaza bilmədiyini etiraf edir. Onun dostu Mahirin danışdığı əhvalatı götürüb yazır və həmin mətndə azıb qalır. Romanda həm İsanın dostu ondan roman yazmaq istəyir, yaza bilmir. Həm tələbə dostları ondan hekayələr quraşdırırlar. Sanki İsanı görən hər kəs yazıçı olmaq istəyir, amma ola bilmir. Hətta İsanın əhvalatını yazıçı Ayxan Ayvaza danışan və ondan roman yazmaq istədiyini deyən Mahir də əlacsız vəziyyətə düşür. Bu mövzunu Mahirdən xəbərsiz oğurlayıb rayonda yazan Ayxan Ayvaz da sonda uğursuzluğa düçar olur. Və heç kim romanın qəhrəmanını doğru-dürüst yaza bilmir. “Pəncərəsiz”in özü bu acizliyin ifadəsidir, əslində.

– Romanı yazdığın ərəfədə pandemiya, qapanmalar olmuşdu. "Pəncərəsiz"dəki intihar nəzarətçiləri sənin mövcud vəziyyətdən təsirlənməyin idi, yoxsa distopik fəndlər?

– Romanı yazdığım ərəfələrdə həm pandemiya, həm də müharibə oldu. O vaxtlar bir müddət dincə qoymuşdum romanı. Çünki belə vəziyyətdə yaza bilmirdim. Fikrim ayrı yerdə qalırdı. Heç cür konsentrasiya ola bilmirdim. O üç ildə roman hər yerdə mənimlə bir yerdə hərəkət edirdi. Hara gedirdimsə, hansı söhbətləri eşidirdimsə, mütləq romana bağlayırdım. Romanı heç cür ağlımdan çıxara bilmirdim. Qeydlər eləyir, silir, pozur, ancaq heç cür yaza bilmirdim. Yazmaq alınmırdı. Düşünürdüm. Sonluğu, gedişatı necə yazacağımı. Və sanki pandemiya mənə əl uzatdı. Romanın sonundakı distopik ab-hava məhz o pandemiyanın yaratdığı ovqatla üzə çıxdı. Düşündüm ki, intiharlar qadağan olunsa, hamını nəzarətə götürsələr, qapanmalar olsa, buna görə bizə çip qoysalar nə olar? Və elə bu düşüncə mənə ilham verdi. Romanın sonrakı gedişatı tamam dəyişdi. Onda başa düşdüm ki, əslində, roman öz həyatınla paralel inkişaf edən bir şeydir. Bu təcrübə mənə çox mətləbləri agah elədi.

– Sərhədlərin bağlandığı, ölkələrin bir-birinə gediş-gəlişinin mümkün olmadığı bir dövrün sənin əsərində "İntihara Nəzarət Komissiyası" kimi üzə çıxması, niyə elə əsərin özündə də Azərbaycan sərhədlərindən o tərəfə keçə bilmədi?

– İntihara Nəzarət Komissiyasını tapanda kaşif kimi çox sevinmişdim. Romanın yalnız bir qəhrəman üzərində fokuslanmamağı lazım idi. Ona genişlik, fon vermək lazım idi. İntiharlara Nəzarət Komissiyası elə bil göydən düşdü. Bu fon romana ecazkar bir görüntü verəcəkdi. Ölkənin bütünlüklə qapanması. Özü də nəyə görə? İntihar olmasın deyə. Bunu hər yazıçı tapa bilmir. Elə yazıçı var ki, eləcə düzdür, yazır, yazır və sonra da dəxlisiz yerdə bitirir. “Pəncərəsiz” romanı elə deyil. Orda Messi kimi topu ora-bura qovmuşam, bildiyim bütün fəndlərdən istifadə etmişəm. Mən o yazıçını sevirəm ki, məni çaşdırsın. Özüm də elə roman oxumaq istəyirdim. Tapa bilmirdim. Axırda əlacım kəsildi, özüm yazası oldum. Və istədim ki, elə bir şey yazım, birinci özüm, sonra hamı çaş-baş qalsın. Fərqli, işlənməyən, gözlənilməz fəndlər, süjetin heç kimin təxmin etmədiyi yerə gəlib çıxması mənim üçün ən əsas şeydir. Hazır, standart süjetləri hamı yaza bilər. Ancaq yazıçı mütləq heç kimin yaza bilməyəcəyi süjeti tapmalıdır. “Pəncərəsiz”də o gözlənilməzlik İntihara Nəzarət Komissiyasıdır. Düzdü, İntihara Nəzarət Komissiyasının dünyaya çıxmasını da eləmək olardı. Ancaq süni olacaqdı. Çünki İntihara Nəzarət Komissiyası yalnız bizə aid idi. Dünya isə bizə, bizim kimi ölkələrə həmişə gözlərini yumub. Bizdə baş verən heç nəyə reaksiya bildirmir, susur. Ona görə də dünyanın bura müdaxiləsi romana ayrı bir mövzu açdıracaqdı. O mövzunu da yazmaq boşboğazlıq olacaqdı. Üstəlik, romanın sonunda da bilindiyi kimi, bu elə müəllifin yazmağa çalışdığı və sonluğunu özünün də bəyənmədiyi bir romandır. Yəni bu cür fəndi olan romanda “bu olsaydı, o olsaydı” kimi arzular keçərli deyil.

– Hekayəçilikdən romançılığa keçdiyini düşünürsən, yoxsa hələ ortada qalmısan? Bundan sonrakı istiqamətin nədir?

– Hekayəni 20-li yaşlarımda yazmışdım. Qəribədir ki, 20-25 yaşlı birinin hekayələri ciddi ədəbiyyat müstəvisində qəbul olunmuşdu. Məni böyük adamlarla bir sıraya qoyurdular. Açığı, onda utanırdım. Hətta bəzilərinə elə gəlirdi ki, hekayələrimi atam yazır. Bunu heç cür sübut edə bilmirdim. Atam da onlara sübut eləyə bilmirdi ki, mən özümə gün ağlaya bilməmişəm, niyə oğlum üçün hekayə yazım axı. Başa düşmürdülər. Kinayəli-kinayəli mənə ilişirdilər. O zamanlar öz-özümə deyirdim ki, atam ölməsə, onu özüm öldürəcəm (gülür). Elə bir vəziyyət yaratmışdılar yəni. Başqa variant ağlıma gəlmirdi. Atamın ölümü onların ürəyinə su səpdi, başa düşdülər ki, hekayələri yazan mən imişəm. Özü də ən yaxşı hekayələrimi atamın ölümündən sonra yazdım. Bu da bir taledir. Sonra düşündüm ki, içimdəki mətnlər hekayəyə sığmır, daha geniş məkan tələb eləyir. Üstəlik, romanla yadda qalmaq daha asandı. Hekayə ilə ədəbiyyatda qalmaq çox çətin məsələdir. Nə qədər romançı saymaq olar, ancaq hekayəçi barmaqla sayılacaq qədər azdır. Ona görə romana keçid elədim. Özü də romana keçid mənim üçün çox ağır proses oldu. Neçə dəfə yazıb cırdım, küsdüm, yazmaqdan imtina etmək istədim. Axırda dirəşə-dirəşə romana keçid aldım. Ancaq hekayə də yazıram. Təzə bir xeyli hekayə də yazmışam. Sadəcə indi daha çox roman yazmaq istəyirəm. Düzü, bunun üçün də iqtisadi azadlığımı qurmalıyam, bol vaxtım və pulum olmalıdır. Görək...

– Ayxan, bir dəfə kitab təqdimatı keçirən yazarları tənqid etmişdin. Amma tale elə gətirdi ki, sənin özün də kitab təqdimatı, imza günü keçirdin...

– Düzdü, yazmışdım. Ancaq o yazını sonradan başqa bir yazıda izah etmişdim. Bizdə təəssüf ki, vəziyyət belədir. Yazı yazırsan, sonra o yazını izah etmək məcburiyyətində qalırsan. Olsun. Bir daha izah edək. Mən o yazarları tənqid eləmişdim ki, borc-xərc pul tapıb kitab çıxardır, sonra dost-tanışını yığıb təqdimat eləyir. Yəni nəşriyyatın hesabına kitab çıxartmağın vacibliyini vurğulamışdım. Biz hamımız bunu tələb etsək, axır-əvvəl problemi həll edə bilərik. Mən ona görə o yazını yazmışdım ki, heç kim vəziyyətdən şikayətçi deyildi, hamı sevincək olmuşdu. Bu yazı həm də ölmüş ədəbi mühiti silkələmək üçün idi. Mənim imza günümə gəldikdə isə... Heç biri öz təşəbbüsümlə olmayıb. Qanun nəşriyyatı yarmarka çərçivəsində iki dəfə imza günü edib, gedib kitablarımı imza günüm üçün imzalamışam. Birini də APA-da keçirmişik, o da mənim yox, Vüsalə Mahirqızının təşəbbüsü ilə olub. Və heç birində dost-tanışımı çağırmamışam. Demişəm, qoy kitabı kim almaq istəyirsə, onlar gəlsinlər. Qəribəsi orasındadır ki, həmin imza günlərində daha çox oxucular olub, nəinki ədəbi mühit.

– Növbədə oxucuların gözləntilərini qarşılayacaq əsər varmı? Yoxsa hələ 3 il də gözləməlidirlər?

– Əlimdə iki roman var. Hələ heç biri hazır deyil. Oxucuların gözləntiləri nədir, bilmirəm. Ümumiyyətlə, oxucum varmı, onu da bilmirəm. Mən sadəcə yazıram. Yazmaya bilmirəm. Çünki yazmaq məni intihar etməkdən, killer olmaqdan xilas edir.

# 6380 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #