"Yazıçıya ev verilməməlidir..."

"Yazıçıya ev verilməməlidir..."
4 dekabr 2023
# 15:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Nə başınızı ağrıdım, deməli, bu Baboş var, ha!

Hə, hə, o.

Buna Port Bakudan milyonluq ev verilib.

Bayaqdan qırğın gedir.

Ancaq bu qırğında bir o qədər də aqressiya yoxdur.

Daha çox gülüb-keçirlər.

Yalanını-doğrusunu bir qırağa qoyuram. Lap tutaq ki, yalandır. Elə olsa belə, hamımız çox yaxşı bilirik ki, tiktokerlər səndən-məndən yaxşı yaşayır. O ki deyirlər e, “yaşayırsan da bu həyatı”, - bax ondan.

İndi də Baboşun Kola içə-içə ağzına gələni danışdığı videolarında yatan adamlar bərk narahat olublar ki, a balam, bu adam kimdir ki, ona ev verilib.

Kim olacaq? Sizin tanıtdırdığınız, məşhur elədiyiniz, cibini doldurduğunuz adamlardan, sadəcə, biri…

Bu adamlar 3-4 il əvvəl heç kim idilər. Siz onları "şir" göndərə-göndərə "Port Baku"ya qədər gətirdiniz, çiynimizə mindirdiniz.

Bəli, bəli. Baboşlar həyatımıza, həyətimizə elə o "şirlərin" üstündə gəldi... İndi də çəkilib-durmusunuz qıraqda, guya heç nədən xəbəriniz yoxdur.

Baboş və onun kimilər artıq elə səviyyəyə yüksəliblər ki... Əlbəttə, bu haqda danışmaqdan çəkinirsiniz. Ki, ay aman, birdən hansısa boynuyoğun tanışı çıxar, yapışar xırtdəyimdən.

Bəs kimə gücünüz çatır?

Yazıçıya, şairə.

Bəli, bəli.

Yazıçıya, şairə.

Bir neçə gün əvvəl bir neçə qələm adamına ev verildi. Onlara ta nələr demədilər... Günlərlə müzakirə olundu. Bir neçə haqlı iradı çıxmaq şərtilə, çoxu hay-küy idi.

Özü də bunu mütaliəli adamlar desə, dərd yarı. Əksəriyyəti kitab üzü açmayanlar idi.

Ölkənin müğənnisinin villaları ola bilər.

Yumoristinin son model maşınları ola bilər.

Tiktokeri pulları ora-bura səpələyə bilər.

Ancaq yazıçıya ev verilməməlidir...

Deyir, yazıçıya niyə ev verilməlidir? Özü alsın da!

Nə ilə?

Sən onun kitabını alırsan?

İmza gününə gedirsən?

Haqqında beş kəlmə xoş söz deyirsən?

Yox! Yox! Yox!

Ancaq dil şah arşını!

Özü alsın e…

Sənin qələm adamına verdiyin qiymətlə o, uzaqbaşı, uşağına bez ala bilər.

O da uzağı…

Nədən danışırsan?

Dünən bir tiktokerin canlısında 30 minə yaxın adam varmış.

Neynirmiş bizim "görkəmli şəxsiyyətimiz"?

Heç nə. Yatırmış. Eləcə yatırmış.
Yatırlar, uzanırlar, çimirlər...

Hələ onu neynirsən? Ən belə bazburudlu, idman zallarının güzgülərini yağır eləyən adamlar yatır o canlılarda. Zəng eləyib dovşana dönürlər onların qabağında. Güclərı yetim-yesirə çatır.

Baxırsan ki, feysbukda guya intellektual söhbətlər eləyir, ay nə bilim, mənim yalnızlığım insanlarla doldur, ay nə bilim, məni öldürməyən, məni gücləndirir. Sonra da gedir hansısa tiktokerin yanında quyruq bulayır.

Adamlara elə gəlir ki, bunu heç kim görmür, bilmir.

Vallah, bu ölkədə hamı hər şeyi görür də, bilir də. Sadəcə, vaxtı çatmayıb. Çatanda şappıltı ilə yapışdırırlar həmin adamın üzünə.

Baboş haqqında elə adamlar danışır ki, o həmin adamlardan min dəfə yaxşı adamdı.

Azı, min dəfə!

Axundova, Seyid Əzimə, Mirzə Cəlilə, Sabirə həyatı dar eləyən adamların nəvə-nəticələri indi də gənc yazıçıların, şairlərin üstünə düşüb.

O vaxt bu adamlar qızlarını 15-16 yaşında ərə verirdi, uşaqlarını məktəbə qoymurdu, özləri eyş-işrətdə idi, indikilər də belə…

Siz ən yaxşısı, gedin tiktoku açın, görün əziyyətlə qazandığınız pulu kimin kefinə xərcləyirsiniz?

Arzu eləyirəm ki, bütün tiktokerlərimiz villalarda yaşasın, son model maşınlar sürsün, siz də beləcə qıraqdan baxasınız, baxasınız, baxasınız.

Ayılmaq?

Yox e, uzaqbaşı onlardan birinə çevrilə bilərsiniz.

# 6479 dəfə oxunub

Oxşar xəbərlər

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər