Yaxşı adamsansa, səni dualar qoymaz ölməyə...

Yaxşı adamsansa, səni dualar qoymaz ölməyə...
1 oktyabr 2025
# 10:00

Kulis.az Nihat Pirin "İndi hamı ölür" yazısını təqdim edir.

O vaxt bir qəfil hay düşdü ki, filankəsin ürəyi xəstədir. Elə o vaxtdan qalıb yadımda bu söz. Elə o vaxtdan dilimdə dolanır bu söz. Ürəyi xəstə olmaq. Mən elə bilirəm, o vaxtlar heç kəs ölmürdü. Danışıram sənə on yaşımdan. Danışıram sənə on iki yaşımdan.

Nəsə belə hamı qaynadı-qarışdı bu xəbərə. Hamı nigaran oldu. Hamı birtəhər oldu. Bir anda hamı bir ailə oldu. Bir ev oldu. Hamı eyni dildə danışdı. Hamı eyni duanı oxudu.

Nənəm ağladı həmin filankəs üçün. Yadımdadır, dedi, pis adam olmayıb həmin filankəs. Sonra başladı ağlamağa. Atam üzüldü həmin filankəs üçün. Nəsə bir xatirə düşdü yadına. Bölüşdü o xatirəni bizimlə. Filan günlər, filan şeylər, filan xatirələr. Anam dua elədi eləcə.

Sonra gördüm ki, qohum-qonşuda kim var, hamı narahat oldu həmin filankəs üçün. Sonra gördüm ki, qohum-qonşuda kim var, hamı nigaran oldu həmin filankəs üçün. Elə hamı ondan danışmağa başladı. Elə hamı onu xəbər almağa başladı.

Toyda, yasda, bazarda eyni mövzu oldu hər dəfə. Eyni söz deyildi hər dəfə: yaxşı olacaq. Deyirlər, ümid var. Deyirlər, çarəsi var.

Sonra o filankəsi Bakıya apardılar. Mən belə eşitdim, mən belə qulaq şahidi oldum söhbətə. O vaxt telefon yox idi. O vaxt adam səndən uzaqda idisə, ancaq duada qarşılaşardın. Ancaq ümiddə. Ancaq xatirədə.

Sonra o filankəs Bakıda əməliyyat olundu. Nəsə stend-zad söhbəti. Bəlkə, yanılıram. Bəlkə, nəsə başqa bir şey. Axırı, o filankəs qayıtdı gəldi kəndimizə. Nənəm sevindi bu xəbərə. Atam durub getdi həmin filankəsgilə. Anam şükür elədi eləcə.

O vaxt elə bilirəm, ölümə qalib gəlmək olurdu. Adam istəməsə, ölməyə bilər. Yaxşı adamsansa, səni dualar qoymaz ölməyə. Adamlar qoymaz ölməyə.

O vaxt elə bilirəm, ölüm gen gəzirdi bizdən. Biz dediyim elə bizdir. İndicə gəldi ağlıma: bizdən böyük nəsə yoxdur deyə. O vaxt elə bilirəm, heç kəs ölmürdü. Nə bilim. Kimsə ölərdi, amma elə bilirəm, yenə heç kəs ölmürdü. Ölüm nadirən idi. Ölüm azdan az idi.

İndi mən otuzumda atamdan kəndimizdəki filankəs barədə soruşmağa qorxuram. Atamdan kimi soruşsam, deyir ölüb. Atama kimdən danışıram, deyir ölüb. Hamı ölür. Belə qəribə. Belə çox qəribə. Cavan-cavan adamlar. Sapsağlam adamlar. Bu gün öpüşüb-görüşüb yola saldığımız adamlar. Hamı ölür eləcə.

Elə bilirəm, adam yaşa dolduqca ölümlə qonşulaşır. Qonşu olur demədim, bax. Qonşu olur başqadır, tamam başqa. Biri də var qonşulaşmaq — bax, adam yaşa dolduqca ölümlə qonşulaşır, sən demə. Ən yaxın qonşun olur ölüm. Bir də gördün, başqa yaxın qonşuya getdi. Bir də gördün, ən yaxın qohumungildən sədası gəlir. Bir də gördün, evindədir. Evinin içində — sənlə üz-üzə, sənlə diz-dizə, sənlə göz-gözə.

Ölüm xofu deyilirdi o vaxt. Yenə yadıma düşür on yaşım, yenə yadıma düşür on iki yaşım. Amma indi ölüm xofu bir başqa, indi otuzumda ölüm xəbəri var. O xəbər hər yerdədir: dostunun, tanışının üzündə, nə bilim, ata-ananın telefon zəngində. Hər yerdə.

Nəsə qəribədir bu zamanlar. Habildir, segahdır, kamançadır, mənəm. Başımda-beynimdə də bütün ölən adamlar. Bütün tanıdığım ölən adamlar. Bütün tanımadığım ölən adamlar.

# 3906 dəfə oxunub

Oxşar xəbərlər

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva  Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış oldu

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış oldu

16:51 22 oktyabr 2026
Milli Kitabxanada “Xalq rəssamı Kamil Əliyev – 105”  adlı sərgi açıldı

Milli Kitabxanada “Xalq rəssamı Kamil Əliyev – 105” adlı sərgi açıldı

16:30 22 oktyabr 2026
Məşhur gənclik serialı ekranlara qayıdacaq

Məşhur gənclik serialı ekranlara qayıdacaq

16:00 22 oktyabr 2026
Tom Kruza  "Ömürlük uğur mükafatı" təqdim olunacaq

Tom Kruza "Ömürlük uğur mükafatı" təqdim olunacaq

15:30 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər