Mehriban Zeynalova erkən nikahlardan danışır: "Deyirlər, qadın adamın papağını yerə soxandır" - Müsahibə

Mehriban Zeynalova erkən nikahlardan danışır: "Deyirlər, qadın adamın papağını yerə soxandır" - Müsahibə
23 avqust 2019
# 12:40

Kulis.az “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə erkən nikahlar mövzusunda müsahibəni təqdim edir.

- Mehriban xanım, müşahidələriniz nə göstərir, sığınacağa gələn qadınların əsas problemləri nələrdir?

- Əsasən, gender bərabərliyinin pozulmasından doğan zorakılıq! Qəribədir, o da sanki dalğavari prosesdir, bir də baxırsan iki ay sakitlikdir, heç kim müraciət etmir. Bir də görürsən, bir həftədə onlarla müraciət olur. Sanki epidemiyadır.

- Bunu nə ilə əlaqələndirirsiniz?

- Ümumi deyə bilərəm ki, yay aylarında qadınlar bölgələrə gedə, qohumlarına sığına bilirlər. Məktəb də olmur. İstidir, gecəni çöldə də qalmaq mümkündür. Amma qışda başqa yer yoxdur. Ona görə müraciət artır.

- Müraciətlərdə erkən nikahdan dolayı problem yaşayan qadınların faiz nisbəti necədir?

- Bilirsiniz, iş ondadır ki, bu da dövrlə olur. Bir il vardı, insan alveri qurbanlarının əksəriyyəti həm də erkən nikah qurbanları idi. Məsələn, indi bizə gələnlərin bir neçəsi erkən nikahdan zərər çəkmişlərdir. Əlbəttə, bunlar, erkən nikaha vadar edildikləri üçün müraciət etməyiblər. Bunlar proses keçmiş, xeyli müddət evlilik yaşamış, sonra tək qalmış qadınlardır. Yəni, ilkin mərhələ deyil, nəticə olaraq ən ağır formada zərər çəkmiş qadınlardır. Lap çıxılmaz vəziyyətə düşmüşlər... Sənədi, evi, iş-peşəsi olmayan, uşaqları məktəbə getməyən, sağlamlıqlarında problem olanlar... Erkən nikaha girənləri statistikaya almaq çətindir. Çünki rəsmi nikah deyil. Yalnız uşağın doğulma tarixinə baxanda, görürsən, qızlar 15-16-17 yaşında uşaq dünyaya gətiribsə, deməli erkən nikahdır. Yeddi il qabaq UNİSEF ölkədə 5 min erkən nikah qeydə almışdı. İndi də o civarda qalır. 3 min 500, 4 min, 4 min 500 kimi rəqəmlərdir. Amma real rəqəmləri biz bilmirik.

- Maraqlıdır, onlar özləri problemi erkən nikahda görürlərmi, yoxsa, vəziyyətlərinə “Hamı tez ərə gedir, bu normadır, sadəcə, mənim bəxtim gətirmədi, qismətimə pis adam çıxdı-filan” kimi yanaşırlar?

- İlkin dövrdə ola bilər ki, bəxtim gətirmədi deyirlər. Ya deyirlər ki, məcburi ərə verildim. Amma çox zaman özləri könüllü nikah bağlayırlar, sonra prosesin içində başa düşürlər ki, böyük səhv buraxıblar. Bilirsiniz, hamıdan qabaq ərə getmək cəlbedici olur axı. Diqqət mərkəzində olmaq, başqalarından üstün tutularaq seçilmək... Bunlar gənc qızlara xoş gəlir. Problemlər başlayanda, özləri könüllü olsalar da məcburi verildim deyirlər.

Bir erkən nikah qurbanı var idi, deyirdi, mən elə bilirdim, tez ərə getmək restoranlarda şam işığında yemək yeməkdir, axşamlar gəzməklərdir, uşağa baxmaq kukla oynatmaq kimidir. Gördüm, bunların heç biri yoxdur...

Yaş həddinə baxanda onsuz da şəxsin qərarı nəsə demir. Yüzdə ikisi qoşulub qaça bilər. Əksər hallarda bu nikahlarda iştirakçı valideynlərdir. Bir də bizdə iqtisadi məsələlər var. Valideyndən icazəsiz ailə quranda bir çox maddi dəstəkdən məhrum oluruq. Az hallarda qızlar aqressiv şəkildə nikahdan imtina edir. Əksəriyyəti belə nikahla razılaşır.

- Amma burada yalnız ata-ana və ya ənənə rol oynamır. Bir çox başqa amillər var yəqin ki...

- Əlbəttə, mühit məsələsidir. Çoxu deyir, iqtisadi amildir, qız uşağının artıq xərc olması, qazanc gətirməməsi və s. Yox. Burada qız uşağına ilkin münasibət amili var. Cəmiyyətdə qıza, qadına münasibət kifayət qədər pisdir. Mən artıq neçə ildir bunu deyirəm: Azərbaycan cəmiyyətində qadına münasibət pisləşməyə doğrudur. Qadın haqda mənfi rəylər olduqca çoxdur: qadın şərdir, qadın dağıdıcıdır, qadın adamın papağını yerə soxandır və s. Bu, bir təbəqənin düşüncəsidir. Digər təbəqənin düşüncəsi isə belədir: qadın bacarıqsızdır! Və bununla da qadının irəli getməsini əngəlləyirlər. Faktdır ki, Azərbaycan mühitində qadın qaralanır və bu qaralamanı araşdırmadan qəbul edirlər. Sonra o, iş yerində bullinqə də məruz qala bilər, iş yerindən məhrum da ola bilər.

Nikahı qoruyuculuq kimi görürlər. Kimsə onu aldatmasın, namusuna xələl gəlməsin, başqa yola getməsin və s. Yəni əsas amil budur. İqtisadi deyil. Qoruyucu xarakter daşıyır, amma əslində məhvə aparır. Hamısı da bu üzdən bədbəxtlik yaşayan başqalarına baxanda deyir, mənim başıma gəlməz.

- Bizim saytın yazarı Ayxan böyüdüyü mühiti təsvir edib yazır ki, o mühitdə erkən nikahdan başqa çıxış yolu qalmır...

- Bilirsiniz, qadın üçün başqa həyat yoxdur demək asandır. Çıxış yolu bu deyil. Qadın üçün hər şey var, sadəcə gərək valideynləri dözümlü olsunlar. İnsanlarsa qarayaxmalara, təzyiqlərə dözmək istəmirlər. Ən rahat yolu - ərə verməyi seçirlər. Halbuki, Azərbaycanda qadınlar üçün imkanlar var; qanunvericilik imkanları da, digər imkanlar da. Amma siz təsəvvür edin, iş həyatı olan qadınlara psixoloji təzyiq, bəlkə evdə oturanlardan daha çoxdur. Gündəlik həyatımızda biz zorakılığa məruz qalırıq: hansısa informasiyaları qəbul edirik, davranışlarımızı daim nəzarətdə saxlayırıq... Yəni, biz özlüyümüzdə azad deyilik, çünki cəmiyyət bizi asanlıqla zorakılıq obyektinə çevirə bilər. Müsahibə verirəm, sözüm kiminsə xoşuna gəlməsə, məni rahatca təhqir edə bilər.

Bu psixoloji zorakılıq yeraltı sular kimidir. Görünmür, amma məhv edir. Kimsə kimisə öldürmür, amma sən hər yerdə aqressiyanı hiss edirsən.

Belə mühitdə valideynlər şüuraltı instinkt kimi qızlarını tez ərə vermək, bununla adlarını üstlərindən götürmək istəyirlər. Maraqlı da budur ki, adları üstlərindən götürdükdən sonra övladlarıyla maraqlanmır, dəstək olmurlar. Cinayəti törətməkdə - erkən yaşda ərə verməkdə iştirak edirlər, amma sonrakı taleyi ilə maraqlanmırlar.

Bizim prestijimiz, brendimiz tez ərə getməkdir. Çünki, mühit bizə ancaq bunu aşılayır. Uşağın gələcəyini təhsil və peşədə görən ailələr azdır. Əksəriyyət “adı üstümdən götürülsün” devizi ilə yaşayır. Qubada bir hadisə olmuşdu. Azyaşlı qızı ərə vermişdilər. Mən o qızın valideynlərini tapdım. Onlara dedim, yaxşı, bu adı üstünüzdən götürürsünüz, sabah bu ad hansısa barda çəkiləndə sizlik olmayacaq? Ona görə də övlada həmişə dəstək vermək lazımdır. Mənim sözüm onlara təsir etdi, qızı evlərinə qaytardılar, dəstək göstərdilər. Dəstək deyəndə, yenə inkişafına kömək etmirlər, evdən bayıra çıxmağa, işləməyə, təhsil almağa, peşə öyrənməyə qoymurlar, çünki adının qabağında boşanmış sözü var. Bunlar, yəni qorumaq-filan instinktiv davranışdır, şüurlu deyil. Düşünmürlər ki, həyat yoldaşından ayrılan, ata-anasından dəstək almayan, peşəsi olmayan qız nə edəcək? İş tapa bilməyəcək, dilənəcək, ya da kimlərləsə görüşəcək. Bunlar normaya çevriləndən sonra heç nə etmək mümkün olmayacaq. Ona görə, təhsil, peşə almalarına dəstək versələr, uşaqlarını daha çox müdafiə etmiş olarlar.

- İldə erkən nikah problemi ilə bağlı nə qədər konfranslar, layihələr həyata keçirilir. Təkliflər hazırlanıb aidiyyatı qurumlara təqdim olunur. Sanki effekt yoxdur. Kompleks maraqlanmırlar...

- Yox, maraqlanırlar. Çox ciddi şəkildə maraqlanırlar. Heydər Əliyev Fondu da, Qadın Komitəsi də, müəyyən strategiyalar hazırlayırlar, layihələr həyata keçirirlər. Söhbət ondan gedir ki, yazılmamış qanunlar, stereotiplər yazılmış qanunları üstələyir.

- Söhbət dövlət qurumlarından gedirsə, belə olmamalıdır axı. Məsələn, icra hakimiyyətlərinin nəzdində himayəçilik və ya qəyyumluq komissiyası var. Hansı ki, erkən və məcburi nikahın qarşısını ala bilər.

- Onlarda qəyyumluq yox, monitorinq komissiyası var. Həmin komissiya belə halları aşkarlamalıdır. Mən onu deyirəm ki, stereotiplər qanunlardan yüksəkdə duranda, o qanunlar işləməyəcək. Qəyyumluq komissiyasının, ya da monitorinq qrupunun üzvü düşünürsə ki, qız tez ərə getməlidir, pis yola düşməkdənsə tez ərə getsin, o zaman qanun da işləməyəcək. Bu gün ölkədə ən vacib məsələ insanları stereotiplərdən azad edəcək mədəni proqramları həyata keçirməkdir. Erkən nikah məsələsinin kökündə mədəni faktor dayanır, iqtisadi yox. Təhsil də müəyyən rol oynayır, amma ən vacibi mədəni faktordur. Mühiti mədəni faktor müəyyən edir. Mədəni inkişafın olmaması instinkt və stereotiplərlə hərəkət etməyə gətirir. Bunlar bizim kinomuzdan, teatrımızdan, televiziyamızdan, musiqimizdən asılıdır.

- Həm də mediamızdan. Reytinq naminə bəzən stereotipləri seçən media...

- Baxın, nə qədər kişi ailəsini qoyub gedir, bu, heç zaman başlığa çevrilmir. Amma qadın gedirsə, manşet olur, qınayıcı başlıqlar qoyulur. Kişi cəmiyyətidir çünki. Əlbəttə, medianın, başlıqların rolu böyükdür. Ələlxüsus, qadınlarla bağlı qoyulan xəbər başlıqları. Həmişə bunu müzakirə edirik. Amma hələ də həlli tapılmır. Çünki iqtisadi faktor var, alğı-satqı var, qazanc məsələsi var. Dəyərlər sistemi bu alğı-satqının içində məhv olub gedir. Mən bilmirəm, bəlkə 50 il sonra hamı bu söhbətlərdən yorulanda hər şey dəyişəcək. İndi hamı statistika, rəqəm, reytinq axtarır. İctimai çəkisi olmayan adam da bəyənmə sayını düşünür.

- Erkən nikaha müdaxilə də bəzən istənilən nəticəni vermir. Tutalım, belə bir halla qarşılaşdın, bunu ictimailəşdirirsən, qarşısını almağa çalışırsan, nəticə nə olur?

- Bilirsiniz, bu məsələ tək bir etirazla yekunlaşan məsələ deyil. Bu, qanunvericiliyin, cəzanın tətbiqi ilə olacaq. Elə stereotiplər var ki, onu qəti cəza tədbirləri ilə aradan qaldırırsan. Birinci Pyotr öz məmurlarının saqqalını yolun ortasında qırxırmış. Yəni stereotipləri məhv etmək üçün ciddi qanunvericilik tədbirləri göstərmək lazımdır. Məsələn, həbs etmək lazımdır. Biz danışırıq, amma həbs etməyə gələndə statistikada heç nə görmürük. Yəni problemi “mərdimazarlıq etməyin, qoyun xoşbəxt olsunlar”-filan kimi sözlərlə yola verirlər, amma sonra heç kim o ailənin taleyi ilə maraqlanmır. O qızın taleyi necə olacaq, heç kimə maraqlı deyil. Stereotiplər kişilərin xeyrinədir və kişilər bir-birlərinə dəstək verir. Amma sonra o kişilərdən biri çıxıb qızı müdafiə etmir, dəstək olmur.

- Mehriban xanım, bir ara yazarlarımızdan birinin statusu xeyli müzakirəyə səbəb olmuşdu. O, təxminən demişdi ki, nikah yaşı coğrafi şəraitdən asılı bir məsələdir və bunu bu qədər böyütməyə dəyməz.

- Bu sözlər hamısı bəhanələrdir. Bütün dünyada qəbul olunmuş qaydalar var. 18 yaşa qədər şəxs uşaqdır. Həyat təcrübəsi də göstərir ki, nəinki 18, hətta 19, 20, 21, 22 yaşa qədər onlar uşaq kimidir. Biz uşaqları vakuumun içində böyüdürük. Əgər 15 yaşından işləməyə göndərsək, onun şüurlu düşüncəsi, həyata baxışı başqa cür olar. Biz çalışırıq məktəbi bitirənədək qoruyaq. 20 yaşınadək evdən buraxılmayan qız yenə də uşaqdır. Sosiallaşmayınca yetkin şəxsə çevrilmir. Hansısa başqa məkanı misal gətirmək lazım deyil. Avropada hər şey fərqlidir.

- Ümumiyyətə qadın haqları sahəsində müsbət nə irəliləyişlə var?

- Qadın hərəkatı yaranmayınca, qadınlar bir-birinə dəstək verməyincə çətin olacaq. Müsbət odur ki, indi ölkədə xaricdə təhsil almış, stereotipləri dağıtmaq istəyən gənclər var. Şəkidə bir qrup qız var idi, aralarında hicablı da var idi. Onlar gedib çayxanada otururdular. Heç kim onlara heç nə deyə bilmir. Çünki davranışlarında hansısa naqislik yoxdur. Sadəcə, bu kişimərkəzçi cəmiyyəti dəyişmək istəyirlər.

Bizdə mərhəmət, mədəniyyətə adaptasiya olmaq meyli çoxdur. Bu mənada optimist olmağa əsas var.

P.S. Bu gün Mehriban xanımın doğum günüdür. Təbrik edirik!

Əlaqəli yazılar:

Həsən Turabovun öz qızına faciəvi münasibəti - Sevda qadın haqları və erkən nikahlardan yazır...

Erkən nikahı çıxış yolu görənlər

# 8454 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

00:10 26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
# # #