Kulis.az Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri, Xalq şairi, Sabir Rüstəmxanlıyla müsahibəni təqdim edir.
– Sabir müəllim, məlum olduğu kimi, Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” bu günlərdə çapdan çıxdı və geniş müzakirə doğurdu. Necə düşünürsünüz, sözlükdə hansısa mübahisəli məqamlar varmı?
– Tərcümə Mərkəzinin “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü vərəqləyib incələmişəm. Nizami Cəfərovun kitaba yazdığı ön sözü də oxumuşam, peşəkarlıqla təhlil edib. Mənə elə gəlir ki, bu kitabda zərrə qədər də mübahisəyə yer yoxdur. Çünki bu sözlüyü hazırlayanlar savadlı, peşəkar adamlardır. Onlar kitaba “Azərbaycan dilinin orfoqrafiya lüğəti” adını verməyiblər. Kitabı “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” adlandırıblar. Yəni kitabda müasir dövrümüzdə daha çox işlənən sözlər yer alıb. Ola bilsin, bundan sonra da xeyli ayrı sözlər yaransın. Amma o sözlər dildə mütəmadi işlənən, bizə lazım olan sözlər olmaya bilər.
Bax elə bundan başlayaq ki, bizimkilər hökmən “lüğət” sözündən istifadə edirlər. Halbuki onun qarşılığı olan türk variantı – “sözlük” var və qəbul olunub. Qəribə də olsa, nəyə görəsə biz özümüzün bir sıra sözlərimizi anlamaq üçün onları ərəb və fars dilinə çeviririk. Mən bu prinsipi başa düşə bilmirəm. Doğma sözlərimiz ola-ola onların başqa dildəki qarşılığını işlətməyin heç bir mənası yoxdur.
Bu orfoqrafiya sözlüyü Tərcümə Mərkəzinin bu istiqamətdə birinci nəşridir. Bir vətəndaşlıq borcu kimi gözəl təşəbbüs göstərərək bu nəşri hazırlayıblar. Bu sözlüyün nəşr edilməsində bir məqsəd də lazım olan sözlərin axtarışına mane olan qurama və ya qüsurlu sözləri ixtisar etmək olub. Bu mənada mən bu sözlüyü bəyəndim. Gördüyünüz kimi, nəşr əlimin altındadır. Məncə, mükəmməl və faydalı bir iş görülüb. Bu, Nəsimi adına Dilçilik İnstitutunu hərəkətə gətirməlidir. Ortaya qoyulan bu iş göstərdi ki, bizim dilimiz ancaq onların ümidinə qalmayıb.
Həmçinin bu sözlükdə tez-tez qarşımıza çıxan dünya ölkələrinin adları var ki, onların düzgün yazılışının təqdim olunması çox yaxşıdır. Oxucuların işini asanlaşdıracaq. Çox istərdim ki, bu sözlük böyük tirajla nəşr olunsun.
– Sizcə, bu sözlükdən istifadə daha çox cəmiyyətin hansı təbəqəsi üçün nəzərdə tutulmalıdır?
– Orfoqrafiya sözlüyü hər bir azərbaycanlının evində olmalıdır. Çünki hər bir azərbaycanlının evində uşaq var. O uşaq məktəbə gedir və yazı qaydaları ilə bağlı hansısa sualı olarsa, mütləq valideyni onu həmin sözlük vasitəsilə dəqiqləşdirməlidir. Bəzi sözlərin düzgün yazılışını heç müəllimlər də bilmir. Bu mənada, sözsüz ki, həmin kitab məktəblərdə də olmalıdır. Bəzən uşaq orta məktəbi bitirir, amma müəyyən sözlərin yazılışını hələ də yanlış bilir. Ona görə də bu və bu kimi sözlüklər böyük tirajla çap olunmalı, bütün məktəblərə, digər müvafiq yerlərə paylanmalıdır.
– Sabir müəllim, 1929-cu ildən bəri ölkəmizdə 6 orfoqrafiya lüğəti tərtib olunub. Bu lüğətlərdə daha çox hansı qüsurlara rast gəlmisiniz?
– Bilirsiniz, qarşılığı bizim öz ana dilimizdə olduğu halda, yad sözlərin orfoqrafiya lüğətinə salınmasını qəbul edə bilmirəm. Bunu məntiqə, dövlətimizin apardığı siyasətə, xalqımızın inkişaf istiqamətinə uyğun hesab etmirəm. Azərbaycan türkcəsi türk dillərinin bir qoludur və bizim zənginləşmək üçün əsas mənbəyimiz türk dilləridir. Əgər Azərbaycan dilində bir söz yoxdursa, türk dilində varsa, niyə biz ondan istifadə etməyək? Niyə “cəmiyyət” yerinə “toplum”, “əhəmiyyət” yerinə “önəm” deyilirsə, bunlar rəsmiləşib orfoqrafiya lüğətində yerini tapmasın?
– Tez-tez uşaqların rusdilli məktəblərdə təhsil alaraq ana dilimizdə danışa bilməməsini tənqid edən fikirlər də səsləndirirsiniz…
– Məncə, uşaqlarını rusdilli məktəblərdə oxudan valideynlər düşünməlidir.
Yaponların bununla bağlı araşdırması var. Ana dili insanın beyninin bir yarımkürəsindədir, yabançı dil digər yarımkürədə. Öz dilində danışmaq üçün gərək bir yarımkürədən o biri yarımkürəyə köçürülmə olsun. Ona görə də bütün sivil millətlər düşünürlər ki, ilkin təhsili ana dilində almalıdırlar.
Dil dövlətçilik baxımından müqayisəyəgəlməz bir məsələdir. Mən rus dilinin öyrənilməsinə qarşı deyiləm. Nə qədər çox dil bilsək, o qədər yaxşıdır. Amma bir azyaşlı və ya məktəbli azərbaycanlının öz dilini bilməyib rus dilində danışdığını görəndə mənə ağır təsir edir. O valideyndən soruşmaq istərdim: sən nə haqla övladını ana dilindən məhrum edirsən?
– Sosial şəbəkələrdə kortəbii yazışma, ədəbi dilin normalarına riayət etməyən media orqanlarının fəaliyyəti də dilimizin korlanmasına səbəb olan amillərdəndir. Bu mənada senzura olmalıdırmı?
– Bir sıra ölkələrdə dil polisi, Almaniyada dil gömrüyü var. Onlar alınma sözlərə nəzarət edirlər. Buna görə biz də bir təşkilat yaratmışıq – Dil Qurumu. Amma bu təşkilatın təsir gücü azdır. Sadəcə sözümüzü deyə bilirik, nəyisə dəyişə bilmirik.
– Sabir müəllim, bir yazar kimi, yəqin ki, Azərbaycanın müasir ədəbiyyatını da mütəmadi izləyirsiniz. Ədəbiyyatımız dilimizin inkişafına necə xidmət edir?
– Azərbaycan ədəbi dili çox mürəkkəb bir yol keçib. İslamdan sonra ərəb və fars dillərinin də buna təsiri olub. Bir müddət bütün İslam aləmi başa düşsün deyə ərəb və fars dilləri də daxil olmaqla ortaq yeni bir dil düşünüblər. Amma o dil maraqlı dil deyil. XX əsrin əvvəllərinə qədər ərəb və fars sözləri dilimizi işğal etmişdi. Amma Nəsimi, Füzuli, Xətai dövrünün dili sehrli dildir. Sovet dönəmində dilimizin bədiilik qanadları qırıldı. Keçən əsrin 60-70, 80-ci illərindən bu yana yenidən bədiilik çalarları artmaqdadır. Bu, poeziyamızda daha çox hiss olunur. Ortaq türk dilləri, klassik ədəbiyyatımızla folklordan gəlmə sözlərin hesabına dilimizdə zənginləşmə var.
– Siz özünüz də bədii tərcümə ilə məşğul olmusunuz. Bu sahədəki vəziyyəti necə dəyərləndirirsiniz?
– Tərcümə əsərlərinin sayı artıb. Tərcümə ədəbiyyatı da dili zənginləşdirir. Sözlərin dilimizdə qarşılığını axtarırsan, tapırsan. Gənclərin tərcümə işinə cəlb olunması da təqdirəlayiqdir.
Klassik əsərlərin seçimini, eyni zamanda Azərbaycan oxucusunun tanımadığı müəlliflərin əsərlərinin dilimizə çevrilməsini yüksək qiymətləndirirəm.
"Aydın yol” qəzeti