Kulis.az yazıçı Seyran Səxavətin Türkiyə səfərindən bəhs edən “Türk bayrağının dalğalanan kölgəsində...” məqaləsini təqdim edir.
Əlli üç il bundan qabaq Serqey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars dilindən dərs deyən bir müəlliməmiz vardı – özü də İçərişəhərdə, Qızqalasının beş-on addımlığında doğulmuşdu. O, bizə danışırdı ki, hələ uşaqlıqdan Qızqalsına çıxmaq istəyirdim, ancaq heç cür gedib ora çıxa bimirdim, fikirləşirdim ki, evimizin yanıdı, sonra qalxaram; belə-belə, sonraya saxlaya-saxlaya əllini keçmişəm, hələ də Qızqalasına çıxa bilməmişəm – ancaq bu yaxınlarda mütləq çıxacam ora...
Mən dünyanın məşhur ölkələrinin demək olar ki, hamısında olmuşam – İngiltərə, Fransa, Almaniya, İtaliya, Amerika, İran, Rusiya, Latviya, Litva, Estoniya, Orta Asiya respublikaları... və sair. Sadalasam uzun bir siyahı alınar. Ancaq Türkiyədə heç vaxt olmamışdım. Fikirləşirdim ki, Azərbaycanın “beş-on” addımlığındadı də, gedərəm...
Bir dəfə, otuz ildən artıq tanıdığım, xətrini dünyalar qədər istədiyim Rəşad Məcidə dedim:
- Ay Rəşad, Ağcabədidən çox Türkiyəyə gedib-gəlirsən, bir dəfə də məni aparın də... Türkiyədə olmamışam, oraları könlüm istəyir.
Rəşad inanmadı:
- Doğrudan Türkiyədə olmamısınız?
- Yox, - dedim.
Yenə inanmadı, mən də üstünü vurmadım.
İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) Azərbaycan başqanı, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin rəisi Xəyal Rza mənə təklif eləyəndə ki, Türkiyəyə səfərimiz var, sizi də dəvət eləyirik, əvvəlcə sevindim, sonra da imtina elədim:
- Musa Yaqubun yubileyini qoyub gedə bilmərəm, - dedim.
- Musa Yaqubun yubileyində oldunuz də, - dedi.
- İsmayıllını deyirəm, - sözümün üstündə durdum.
- Seyran müəllim, İstanbul, Ankara... gözəl tədbirlər... – Xəyal Rza dilinin şirin yerinə salıb məni Bakı-Şamaxı-İsmayıllı marşrutundan çıxarıb, Bakı-İstanbul-Ankara yoluna çəkdi, razılaşdım.
- Neçə nəfərsiniz, - dedim, - kimlər var?
- Rəşad Məcid, mən, siz... İki gündən sonra Elza Seyidcahan da bizə qoşulacaq.
- Ancaq Rəşad bilməsin, dedim, sürpriz eləyək.
Elədik də. Tezdən saat yeddidə hava limanına çatanda gördüm ki, Rəşad Məcidlə Xəyal Rza girəcəkdə durub siqaret çəkirlər. Görüşən kimi Rəşad soruşdu:
- Seyran müəllim, allah qoysa hara belə?
- Londona, - dedim, - bəs, siz?...
O, bir az da utana-utana cavab verdi:
- Türkiyəyə gedirik, - güldü, - ancaq bax, bu səhərin gözü açılmamış Xəyalın yanında deyirəm, gələn dəfə sizi də aparacam.
Bildiyiniz kimi çox səfərlərdə olmuşam. On altı saatlıq Bakı-Frankfurt-San Fransiska uçuşunda da yol boyu bir dəfə də olsun darıxmadım. Mənə elə gəlirdi ki, hələ Bakıdayam – elə təyyarənin içindəki də paytaxtımın havasıdı. Ancaq təyyarədən düşən kimi, bir xalq məsəli varlığıma hopurdu: yük əyilməsə daş qəribliyə düşməz. Mən də qəribliyə düşürdüm, bax o daş kimi. Ancaq İstanbulda təyyarədən düşəndə elə bil ki, təyyarə ilə üç saat göydə dövrə vurub təzədən Bakıya qayıtmışdım...
İstanbulun ucsuz-bucaqsız, nəhəng hava limanından çıxanda heç vaxt rastlaşmadığım bir mənzərə ilə üzbəüz qaldım. Sərnişinləri qarşılayan yüzlərlə adamın əllərindəki lövhələrdə qarşılayacaqları adamların adları yazılmışdı. Bu, mənə çox qəribə gəldi. Deyəsən, iyirmi birinci əsrin adamı tanıdıqlarından bezmiş, yorulmuş, indi də tanımadıqları insanlara üz tutmuşlar. Sərnişinlər bir-birinə bənzəmədiyi kimi qarşılayanların əlindəki lövhələr də bir-birinə oxşamırdı. Açığını deyim ki, bu görüntüdən bir az da xoflandım və niyəsini də bilmədim...
Hava limanında bizi Türkiyənin tanınmış sənətçisi, müğənni Mehmet Özkaya qarşıladı. Onun üzündə, ilahinin əli ilə yaxılmış şəffaf təbəssümün altındakı rəngi boğuq kədər bir cüt barmaq kimi adamın gözünə girirdi. Və mənə elə gəldi ki, bu kədər Mehmet Özkayanın üzünün üzlüyüdü – tale hədiyyəsidi. Bu üzlüyü çıxarıb mənim üzümə taxan olsaydı yaraşardımı? Kədər olanda noolar – kədər də yaraşmalıdı axı. Qəribə də olsa, bu barədə xeyli fikirləşəndən sonra qərara gəldim ki: yaraşmaz. Taleyin doğub-bələdiyi, əmizdirdiyi, boya-başa çatdırdığı Kədər ancaq sahibinə yaraşar, başqasının üzündə-əynində torbalanar, yaraşıqdan düşər...
İndiki ovqatımda mənim üzüm Mehmet Özkayanın üzünə oxşayırdı, bəlkə də oxşamırdı – eyni idi – “kserokopiya”. Buna o qədər inandım ki, o qədər inandım ki, ya Rəşad Məcid, ya Xəyal Rza bizim üzümüzə baxsaydı dəyişik salardılar...
Yeddi günlük səfərimdə ona o qədər isinişdim ki, elə bil ulu babalarımızdan Mehmet Özkaya və Seyran Səxavətə qədər qaynayıb-qarışmışıq, canbir qəlb olmuşuq. Adamın adama quşu qonanda belə olur – quş da hər adam qonmur axı...
Nəticə: Adam özünü – ilkinliyini qorumaq şərtilə sevdiyi adamlara oxşaya-oxşaya yaşayır, bəşəriyyətə qovuşur və bu qovuşuqda Allaha qovuşmaq eşqinə düşür...
Elə çətini də eşqə düşməkdi...
...Birbaşa “Qrinpark” otelinə gəldik. Yolda məlum oldu ki, bu gün axşam saat səkkizdə Kozzi Alışveriş və Kultur Mərkəzinin Könül Ülkü Qazanfer Özcan Tiyatro Salonunda Mehmet Özkayanın konserti olacaq. O bizi konsertinə dəvət elədi.
Biz üç saatlıq göy yorğunluğumuzun dincini yerdə aldıq. İnsana lazım olan hər nə varsa Yerdədir – bir Allahdan başqa.
Və yaxşı ki, Allah Yerdə deyil – özünüz bilirsiniz niyə...
Vədələşdiyimiz kimi axşam saat yeddidə, yenə Mehmet Özkaya demişkən, otelin qarşısından bizi aldı.
Üzü həminki idi...
Onun oxumağına hələ bir saat qalırdı. Ancaq mən istəyirdim ki, Seyran Səxavət demişkən, maşında oxusun – elə indi. Ancaq indiki halda mən “Xəstə” nə qədər tələssəm də, armud vaxtında, hələ bir saatdan sonra yetişəcəkdi...
“Aşk şarkıları” adlanan konserti nə boyda səbirsizliklə gözləyirdimsə, zaman da o boyda səbrlə öz işində idi, mən bunu gözlərimlə gördüm və inandım ki, necə deyərlər, Zamanın daxili işinə qarışmaq olmaz – qarışarsan içində əridər səni.
Qazanfer Özcan Tiyatro Salonunda bildik ki, Mehmet Özkaya bu konsertin bədii rəhbəri və təşkilatçısıdır. Kollektivin solistləri Olcay Aydın, Meral İbrahimoğlu, Pinar Özdoğan, Nilgün Bayraqtutan, Nurcan Altun və başqalarının ifasından sonra Mehmet Özkayanını növbəsi... Armud yetişmişdi...
Danışıq səsi ilə oxumaq səsi arasında dağ-dərə fərqi var. Mehmet Özkaya çox yapışıqlı oxuyurdu. Əgər səsin şəklini çəkmək mümkün olsaydı, görərdik ki, üzündəki boğuq kədərin eynidi – yarı bölünmüş alma kimi...
Mehmet Özkaya demişkən, yarın, Seyran Səxavət demişkən səhərisi gün o, bizi İstanbuldakı Fənərbaxça burnuna apardı. Belə gözəl, cazibədar, unikal, həm də deyəsən elə o qədər də məhrəm bir məkanı dünyanın heç bir yerində görməmişdim – demək olar ki, hayıl-mayıl olmuşdum. Bəzi insanların həyatı, yaşam tərzi lətifəyə gəlmədiyi kimi, bəzi məkanların da görüntüsü təsvirə gəlmir – onu təsvir və təsəvvür etməyin ən yaxşı, sərrast yolu gedib görmək, seriallar kimi uzun-uzadı tamaşa etmək, Allahın həyat və yaradıcılığı qarşısında baş əyməkdən ibarətdir, başqa çarəsi yoxdur.
Fənərbaxça burnunda bizimkilərə oxşayan bir çayxana var. Orda işləyən oğlanla tanış oldum. Otuz-otuz beş yaşlarında Çingiz Akşin adlı birisidi. Seyran demişkən subay, Mehmet Özkaya demiş bekar idi.
Ondan soruşdum:
- Əfəndim, türk yazarlardan kimi tanıyırsan?
- Onlar mənim nəyimə lazımdı, - dedi.
- Bəs, sənə nə lazımdı? – Əl çəkmirdim.
- Allahın altda bu çayxana mənim olaydı, - dedi.
- Çayxana sənin olsa neylərdin ki?
- Evlənərdim, - dedi və irişdi.
Onu irişə-irişə qoyub aralıda görünən Heybəli adası ilə uzaqdan-uzağa üzbəüz dayanıb zümzümə eləyən Xəyal Rzaya yaxınlaşdıqca onun oxuduğu mahnını aydınca eşidirdim: “Gözəlim, sənsən, gözümün nuru...” Onun səsi dördümüzü də bir yerə toplamışdı. Əslən Qarabağdan olan Xəyal Rzanın səsi ipək kimi olmaqla yapışıqlı, şirin və üzüyoladı – hara istəyir fırladır. Mahnı sona yetən kimi üç nəfərin yarada biləcəyi gurultulu alqış Fənərbaxça burnunu üç nəfərlik silkələyəndə baş barmağımı qaldırıb Rəşad Məcidə göstərəndə o dedi:
- Yazıçılar Birliyi gözəl bir xanəndəni məhv eləyir, – Xəyal Rzaya baxdı, - ağlı yoxdu də, Allah gül kimi qabiliyyət verib, gedib məşğul olsa üç-dörd ilə xalq artisti olar...
Sonrakı günlərimizdə gördüm ki, Rəşad Məcidin sözünü qəribçiliyə salmaq insafdan deyil. Məclislərimizin birində Xəyal Rza Emin Sabitoğlunun Nigar Rəfibəylinin sözlərinə yazdığı “Ala gözlüm” mahnısını elə oxudu, elə oxudu ki... Azərbaycanın ən istedadlı və peşəkar dinləyicilərindən biri olaraq mübaliğəsiz, tam məsuliyyətlə deyirəm ki, Xəyal bu gözəl musiqi parçasını bu günə qədər ifa etmiş adlı-sanlı peşəkarların heç birindən pis oxumadı. Məclisdəkilərin alqışları Fənərbaxça burnundakından fərqli idi və bu Xəyalı bir az da ürəkləndirdi. Dünyadan çox tez köç eləmiş unudulmaz bəstəkarımız Asəf Zeynallının “Ölkəm” romansı isə onsuz da həmişə ayaqda olan türk qardaşlarımızı ayağa qaldırdı. Deyəsən hamıdan qabaq özüm ayağa qalxıb əl çalırdım. Xatırlatmaq istəyirəm ki, bu möhtəşəm romansı dünya şöhrətli, İtaliyada Laskala təcrübəsi keçmiş böyük müğənnimiz Bülbül də oxuyub haa.. özü də, necə?! İnanın ki, mən heç nəyi şişirtmək fikrində deyiləm, ən azı ona görə ki, ölçüsündən artıq şişirdiləndə istər adicə top olsun, şar olsun, yazıçı, bəstəkar, siyasətçi olsun – tez-gec partlayır. Mən isə bütün partlayışların əleyhinəyəm...
Ədalət naminə deməliyəm ki, Xəyal Rza axı, həm də istedadlı şairdi. Onun rəsmi məclislərin birində oxuduğu “Qurd” şeiri hamını silkələdi. Bu şeirdə ulayan Qurdun səsi indi də qulaqlarımda, vahiməsi indi də canımdadı...
Allah Xəyal Rzaya Səsi də, Sözü də ikiəlli verib, onun bir əlində Səsi, bir əlində Sözü... ikisi də yaxşıdı. Ancaq məndən soruşsanız ki, hansı daha yaxşıdı, deyərəm ki, Xəyal Rza...
Ancaq bunu da deməsəm olmaz. Xəyal Rza “Ölkəm” romansını oxuyandan sonra dedim:
- Xəyal, super oxudun, sağ ol! Bilirsən də bu romansı kim yazıb?
- Yox, - dedi.
- Bəs onda niyə oxuyursan?
- Xoşuma gəlir... ona görə...
- Asəf Zeynallınındı, - dedim.
- Hə... O cavan ölən?..
- Onun başqa əsərlərini necə?
- Yox... elə bildiyim budu...
Təxminən on il qabaq bir neçə ziyalı ilə birlikdə Amerikanın Azərbaycandakı səfirinin Patamdartdakı iqamətində qonaq olanda ondan soruşmuşdum:
- Cənab səfir, Amerika yazıçılarından kimi tanıyırsınız?
- Heç kimi? – cavab vermişdi.
- Drayzeri, Heminqueyi, Folkneri də tanımırsınız?
- Yox, - demişdi.
XXI əsrin ya yaddaşına qurd düşüb, ya da nələr üçünsə boş yer saxlayır, yaddaşını tıxılı-məpili doldurmaq istəmir. Əvvəllər bir hadisə olanda Allahı nəzərdə tutub deyirdik ki, “Şükür məsləhətinə!” İndi də deyək ki, şükür XXI əsrin məsləhətinə! Belə çıxır də...
Türkiyəyə səfərim haqqında yazımda Amerika səfirini elə-belə xatırlamadım... Bir dəfə televiziya kanallarının birində Səməd Səmədovdan soruşdular ki, himnimizin musiqisini, sözlərini kim yazıb? Respublikanın xalq artisti gülə-gülə cavab verdi ki, bilmirəm. Türkiyəyə səfərim haqqında yazımda Səməd Səmədovu da elə-belə xatırlamadım...
Şükür zəmanənin məsləhətinə...
Mən Xəyal Rzanı nə Amerika səfiri, nə də Səməd Səmədovla eyniləşdirmək fikrində deyiləm. Çünki Xəyal Drayzeri, Heminqueyi də, Folkneri də yaxşı tanıyır, himnimizin müəlliflərini də. Sadəcə Xəyal səbəb oldu ki, XXI əsr haqqında bəzi fikirlərimi ortaya qoya bildim – buna görə də sağ olsun...
...İstanbulda tibb elmləri doktoru, professor, bir neçə özəl xəstəxananın sahibi, baş həkimi, Azərbaycanı bütün varlığı ilə sevən, onu gəzib-dolaşmış, gülərüz, istiqanlı Turqut Göksoyla da bizi Xəyal Rza tanış elədi. Onunla “Pendik” bölgə xəstəxanasındakı kabinetində görüşdük. Hələ Bakıda ikən ehtiyatsızlığım ucbatından ağrıyan sol çiynimi rentgenə saldırdı. Mən belə şey görməmişdim. Uzanırsan, düyməni basırlar və səni tabut kimi bir şeyin içinə çəkirlər – başını iki barmaq belə yuxarı qaldıra bilməzsən; qaldırsan alnın elə bil ki, əhləd ağacına dəyəcək. Sonra da “tabutun” içində əcaib-qəraib səslər gəlir və bu, təxminən on dəqiqəyə qədər uzanır. Bu müddətdə gedib o dünyanı görüb qayıtdım. Səsin və işığın sürəti o qədər böyükdür ki... belə olmasaydı on dəqiqəyə bu boyda məsafəni – o dünya ilə bu dünya arasındakı uzun yolu qət etmək mümkün olmazdı...
“Tabutdan” çıxanda yadıma düşdü ki, İstanbuldayam...
Və elə həmin günün axşamı həmin İstanbulda Turqut Göksoyun İlisamla birlikdə təşkil etdikləri böyük konsertdə xorun və solistlərin ifasında əvvəldən-axıra Azərbaycan musiqisinə qulaq asdıq. Konsert “Ay Laçın” mahnısı ilə başladı. “Araz üstə buz üstə, kabab yanar köz üstə”..., “Bu dağda ceyran gəzər...”, “Nazəndə sevgilim yadıma düşdü...” Xalq və bəstəkar mahnılarımız durna qatarı kimi düzləndi. Türk bacı-qardaşlarımızın ifası məni elə silkələdi ki, yarpaqlarım töküldü – ancaq hər mahnıdan sonra təzədən tumurcuqlayırdım.
Bu konsertə böyük zəhmət çəkilmişdi, pul-para xərclənmişdi. Türk sənətçiləri ən azı iki-üç ay məşq eləmişdilər. Ancaq bu cür yüksək səviyyəli konsert nə zəhmətlə, nə də pul-para ilə heç cür başa gəlməzdi, əgər Azərbaycana sevgiləri olmasaydı. Sevgi isə ortadaydı, hər addım başı bunu hiss edirdik, ürəyimiz dağa dönürdü.
Konsertin təxminən iki saatını türklər oxuyandan sonra on dəqiqəlik fasilə elan olundu. İkinci hissədə Elza Seyidcahan çıxdı. Onun oxuduğu şux mahnılar tamaşaçıların qəlbinə gedən qısa yolu ilk dəfədən tapdı. Atatürk haqqında oxuduğu nəğmə isə bütün salonu ayağa qaldırdı və Elza Seyidcahanı sürəkli alqışların müşayiəti ilə səhnədən yola saldılar.
Yadımdan çıxmamış onu da deyim ki, Elza Seyidcahanın Amerikada yaşayan kiçik, müğənni bacısı Rasimə də konsertin birinci hissəsində çıxış etmişdi. Onun gözəl opera səsini hamı bəyəndi.
Konsertin sonunda Turqut Göksoy kürsüyə qalxıb Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından, bu münasibətlərin tarixindən, müştərək mədəniyyətimizdən, bir millət iki dövlət olmağımızdan geniş söhbət açdı. Onun nitqində Azərbaycan sevgisini bütün salon dəstəklədi. Türkiyə Azərbaycanı sevməklə özünü sevir, Azərbaycan da Türkiyəni sevməklə özünü sevmiş olur, dedi Turqut Göksoy – düz dedi, eşq olsun. Sonra Turqut bəy sözü Bakıdan gələn qonaqlara verdi. Rəşad Məcid Türkiyə – Azərbaycan doğmalığı barədə çox parlaq, yetkin, səmimi və diplomatik bir nitq söylədi. Onun hər cümləsini alqışlayırdılar. Mən salonda əyləşmişdim. Otuz ildən artıq tanıdığım bu kişi ilə fəxr elədim, öyündüm – yerə-göyə sığmırdım. Mən onu Bakıda, Ağcabədidə, Füzulidə, “525-ci qəzet”in redaksiyasında, küçədə, təyyarədə, Yazıçılar Birliyində, müxtəlif tədbirlərdə görmüşəm. Ancaq türkdilli dövlətlərin paytaxtı hesab etdiyim möhtəşəm İstanbulda, özü də belə bir tədbirdə birinci dəfə görürdüm. O həm də çox istedadlı və peşəkar qələm sahibidi, respublikamızın ictimai həyatında özünə məxsus yeri var. İnşallah, bu ilin noyabr ayında, dövlətçiliyimizə xidmət eləyən, təsisçisi və baş redaktoru olduğu, ziyalıların bir nömrəli, sevimli qəzeti olan “525-ci qəzet”in iyirmi beş yaşını qeyd edəcəyik. Biz tərəflərdə iyirmi beş yaşı olan oğlanlar haqqında deyirlər: Ərgən oğlandı! “525-ci qəzet”imiz də ərgən bir qəzetimizdir!
Sonra Xəyal Rza məclisin ruhuna uyğun bir neçə kəlmə deyəndən sonra gözəl bir şeir oxudu. Yeri gəlmişkən deyim ki, Xəyalın Türkiyə türkcəsi Rəşaddan da, məndən də yaxşı idi. O gecədə Xəyal Türkiyə türkcəsində yazdığı şeirini oxudu və salondakı türklər onu öz doğmaları kimi bağrına basdı...
Axırda kürsüyə mən çıxdım:
- Salamməleyküm.
Alqışladılar.
- Əziz bacılar, qardaşlar. Türkiyənin problemləri Azərbaycanın, Azərbaycanın problemləri Türkiyənindir.
Alqışladılar – Rəşadla Xəyal haqq şahidi.
- Əziz bacılar, qardaşlar! Bilirsiniz ki, Azərbaycanın Qarabağ problemi var. Multukultural dəyərlərlə yaşayan Azərbaycan toleyrant bir ölkədir. Qarabağ probleminə görə Azərbaycanda yaşayan talışlar, ləzgilər, ruslar, udinlər, gürcülər, yəhudilər və s. talış, ləzgi, rus, udin, gürcü, yəhudi və s. olduqlarını unudub qarabağlı olublar. Beləliklə, bu gün Azərbaycanda on milyon qarabağlı yaşayır. Biz belə hesab eləyirik ki, səksən milyon qarabağlı da Türkiyədə yaşayır!
Bu sözlərdən sonra dik qalxan salonda nələrin baş verdiyindən xəbərim olmadı desəm, inanın. Göz yaşlarımı saxlaya bilmədim, heç cəhd də eləmədim... Mümkün olmayan şeyə cəhd eləmək, mənim yaşımda havaya atılan güllə kimidi – mən də bu gülləni atmadım...
Sonra belə möhtəşəm, gərəkli və vacib bir tədbiri keçirdiklərinə görə doktor, professor Turqut Göyksoya dərin təşəkkürümü bildirib onların qarşısında baş əydiyimi dilimə gətirdim.
Adətən deyirlər ki, bu cür tədbirlər xalqları bir-birinə addım-addım yaxınlaşdırır. Ancaq İstanbulda baş tutan bu görüş haqqında addımdan söhbət gedə bilməz – daha böyük ölçülər ortaya gəlməlidir...
Bu tədbirdən sonra Turqut Göksoy bizi və bir neçə nəfəri, o cümlədən konsertdə iştirak eləyən Mehmet Özkayanı Hasan Kolçuoğlu restoranına dəvət etdi. Restoranın adı mənə qəribə gəldi. Yəqin ki, Hasan Kolçuoğlunun babası kol qırıb satırmış. Çünki, burdakı soy adlarının əksəriyyəti həm də əcdadlarının peşəsi ilə də bağlıdır. Rusiya da keçən əsrlərdə soy kökü ilə bağlı bu prosesi keçib. Gözəl bir günü də burda yaşadıq, yenə dostluq, qardaşlıq, doğmalıq, ortaq tarix, ortaq mədəniyyət, ortaq problemlər...
Səhərisi gün nəhəng İstanbulun, özləri demişkən o tayına, Avropa hissəsinə getdik. Vallah, orta məktəbdə oxuyanda anlamadan “Coğrafiya” dərsinə barmaqarası baxmışam və müəllimimizin xəritə çubuğu dəfələrlə başımda çatdayıb. Buna görə də bilmirəm, bilmirəm ki, dünyada yarısı Asiyada, yarısı Avropada olan ikinci bir şəhər varmı? Dünyada iki nəfəri birləşdirməyin taa qədimdən müşkülə çevrildiyini hamımız etiraf etmişik. İstanbul isə nəinki iki adamı, iki qitəni birləşdirən bir nəhəngdir – şəhərin bu missiyası da mənə möhtəşəm, qəribə və qeyri-adi görünürdü.
İstanbulun Cem Karaca mədəniyyət sarayında İlisamın təşkilatçılığı ilə beş yüz nəfərlik salonda tələbələrlə görüşümüz vardı. Bura bölgələrdə yaşayan yazıçı və şairlər də dəvət olunmuşdu. Köhnə dostumuz, Ədliyyə nazirliyimizin mətbuat xidmətinin keçmiş rəisi Aydın Ağazadə də gəlişimizi eşidib bizimlə görüşməyə təşrif buyurmuşdu.
Burda türklər demiş, matematik konuda (mövzuda) dinlədiyimiz üç məruzə, həm də, ədəbiyyat, mədəniyyət, dostluq-qardaşlıqla bağlı təqdim olundu. Aparıcı, məruzəçilərdən birinin bir az əvvəl övladının dünyaya gəldiyini elan eləyib təbriklərini çatdıranda salon guruldadı – bir türk də dünyaya gəldi. Mən də sevindim, sevindim ki, Türkiyənin əhalisi səksən milyon bir nəfər oldu – özü də mənim şahidliyimlə...
Rəşad Məcid riyaziyyatla ədəbiyyatın yaxınlığını, doğmalığını özünəməxsus yumorla, sevgi ilə əlaqədə orjinal bir şəkildə şərh eləyib dinləyicilər üçün maraq doğuran yeni bir səhifə açdı, alqışlarını halallıqla qazanıb salonun birinci sırasında əyləşdiyi yerinə qayıtdı.
Bu məclisdə Xəyal Rza da, mən də əbədi konumuz – mövzumuz olan Türkiyə - Azərbaycan doğmalığından danışdıq, şeirlər oxuduq.
Tədbirdən sonra İstanbul Avropasını gəzdik, müqəddəs Sofiya məscidi ilə yan-yana dayanıb şəkil çəkdirdik. Gülhanə parkı ilə qol-boyun olduq, ceviz ağacını gördüm – Nazim Hikmətə oxşayırdı:
Mən bir ceviz ağacıyam
Gülhanə parkında –
Nə sən bunun farkındasan,
Nə polis farkında.
Nazim Hikmətlə də – Ceviz ağacı – şəkil çəkdirdim – sağlığında nə onu görmək, nə də onunla şəkil çəkdirmək qismətim olmamışdı.
Dünyanın poeziya coğrafiyasında İstanbul kimi nəhəng Nazim Hikməti çox sevirik. Yaşlı nəsldən eşitmişəm ki, Nazim Hikmət Bakıya gələndə Füzulinin heykəlini ziyarət etmək istədiyini deyir. Siz də bilirsiniz ki, Füzulinin “Şikayətnamə” əsəri belə başlayır! “Salam verdim rüşvət deyildir deyə almadılar. Nazim Hikmət Füzulinin heykəlinə yetişəndə baş əyib deyir:
- Əleyküm salam, ustad!
Deyirlər ki, Nazim əfəndi, siz salam verməliydiniz, əleyküm salam dediniz. Nazim Hikmət halını pozmadan deyir:
- Füzuli neçə yüz il bundan qabaq salam vermişdi, onu alan olmamışdı, mən indi onun salamını aldım.
Gülhanə parkından bənzərsiz, daş döşənmiş küçələrlə üzü aşağı sahilə endik. Gəmi ilə boğaz adlandırılan, – Qara dənizlə Mərmərə dənizinin qovuşağından keçib yenidən İstanbul Asiyasına qayıtdıq. Gəmidən düşəndə qayıdıb İstanbulun bu tayından o tayına baxdım, o tay üçün bir anlıq qəribsəsəm də, o taylı-butaylı İstanbulu sevdim – necə ki, otaylı-butaylı Azərbaycanı sevirəm... İstanbulun o tay-butayı Azərbaycanımızın o tay-butayı ilə fərqli olsa da...
...Təyyarəmiz – Mehmet Özkaya demişkən, uçağımız İstanbul-Ankara məsafəsini qırx dəqiqənin içində heçə endirəndən sonra bizi Ankara hava limanına endirdi. Bizi, İstanbulda gəlib birlikdə tədbirlərə qoşulan, İlisam başqanı Mehmet Nuri Barmaksız qarşıladı. O, Ankarada yaşayırdı. Hava limanından birbaşa alnında beş ulduz əks olunmuş “İçkale” otelinə gəldik.
Görmədiyin şəhər oxumadığın kitab kimidir, “əlindən” yerə qoymaq istəmirsən. Mən də bir yerdə dayanıb dura bilmirdim, bu “kitabı”, müəllifi böyük Türk xalqı olna Ankaranı başdan ayağa, cümlə-cümlə oxumaq, oxumaq istəyirdim. Xəyal Rzanı oteldə tapa bilmədiyimdən Rəşadın qapısını döydüm. O, açanda elə bildim Ankaranın qapısını üzümə açdı. Geyinib aşağı düşdük, sağa burulduq. Türkiyədə olduğumuz bir neçə gündə, tez-tez Azərbaycanın məşhur adamlarının oxşarına rast gəlirdik, hamısını da səfər yoldaşlarıma göstərirdim: Akif İslamzadə, Vaqif Cəbrayılzadə, Faiq Balabəyli, Çingiz Əlioğlu, Vahid Əziz, Faiq Sücəddinov... İnanın ki, yeddi gün müddətində yüzdən artıq belə oxşarlarla üzbəüz gəldim. Elə İlisamın başqanı Mehmet Nuri Barmaksız bizim Bəhram Bağıqzadənin dost-doğma qardaşına oxşayırdı – elə bil ki, bir beldən gəlmişdilər və burda söhbət kiminsə atasının yox, Türkün belindən gedir. Rəşadla Xəyal da mənim ora baxın, elə bil ki, filankəsdi deməyimə necə öyrəşmişdilərsə, hərdən özləri də mənə deyirdilər ki, Seyran müəllim, bax, bəhmənkəs gəlir. Onlar da “xəstələnmişdilər”. Hələ, sizin tanımadığınız bizim kənddən olan nə qədər adama rast gəldim – yəni oxşarına. Elə İstanbulda hava limanında “kəndçimiz” Qədimalı kişini gördüm – üzünün çilinə qədər eyni idi. əslində bu, möcüzə yox, genetik reallıq idi – ancaq möcüzə kimi də görünürdü... Uzun müddət uzaq düşəndə reallıq möcüzəyə çevrilirmiş...
Rəşad Məcid Ankarada dəfələrlə olmuşdu. Ona görə də o, bu “kitabı” vərəqləyirdi, mən isə diqqətlə, yuxarıda dediyim kimi, cümlə-cümlə oxuyurdum. Rəşad vərəqləyə-vərəqləyə, mən də oxuya-oxuya gəlib möhtəşəm bir şəlalənin iki addımlığındakı çayxanaya yetişdik.
- Bura nə təhərdi, Seyran müəllim?
- Super! – dedim.
- Çay içəkmi?
- İçək, - dedim.
Əyləşdik. Çayçı bizə yaxınlaşanda Rəşad ona dedi:
- Əfəndim, bizə incə belli can bardakda çay...
- Rəşad, incə belli can bardak nədi? – Maraqlandım. O, gülə-gülə cavab verdi:
- İncə belli can bardak... bunlar armudu stəkana deyir.
- Bunlar niyə sözləri belə yan-yana düzürlər ki... Bunlarda armud olmur ki?.. Oxşatsınlar də...
- Yoox... zarafat eləyirəm... Mən bunu bunların bir gözəl yazıçısı var Elif Şafaq, ondan eşitmişəm...
İki nəfər danışanda ətrafdan eşidilən səslərin hamısı onların söhbətinə mane ola bilir – quş və su səsindən başqa, hər halda mənə belə gəlir.
Xeyli dərdləşəndən sonra iki nəfər gəlib bizdən üç-dörd metr aralı qonşu stolda oturdu, biri Azərbaycanımızın böyük rejissoru Oktay Mirqasımov idi, o birisini tanıya bilmədim... daha doğrusu bənzəri yadıma düşmədi... ancaq axtarırdım...
Rəşad müəllim bu axtarışıma son qoydu:
- Seyran müəllim, sol tərəfə bax...
Baxdım və qəsdən dedim:
- Nədi ki?
- Bəs görmürsünüz... Oktay Mirqasımov... – güldü. Bu mənə ləzzət elədi və bunu öz qələbəm hesab etdim. Çünki, virus Rəşada məndən keçmişdi – öz virusumu tanıdım axı...
Rəşadın “tanıntısına” tərəf çöndüm, Oktay Mirqasımovun eynəyi, saç düzümü, əyni-başı, danışanda sağ əli ilə sözlərinə “drijorluq” etməsi, sifətindəki yorğunluq, bu yorğunluğun alt qatındakı narahatlıq və nəhayət, nəsildən-kökdən gəlmə bir kübarlıq...
Rəşadın – “şagirdimin” həssaslığı, sərrastlığı və bu iki yanaşmadan doğulan bənzətmə sənətkarlığı ruhuma qeyri-adi bir rahatlıq, arxayınlıq bağışladı. Bu rahatlıq, bu arxayınlıq şəlalənin səsinə qarışıb varlığımda bülbül kimi cəh-cəh vururdu: Su səsi... quş səsi...
Oktay Mirqasımovun “iki addımlığında” çay içəndən sonra “Içkale” otelinə qayıdırdıq – bayaq getdiyimiz yolu. Ancaq mənə elə gəlirdi ki, burdan birinci dəfə keçirdim – gedəndə görmədiklərimi, qayıdanda görürdüm və fikirləşirdim ki, elə təkcə bu küçədə hər şeyi görmək üçün burdan neçə dəfə o baş-bu başa gedib gəlməliyəm – bu xiyabanda həyat qaynar qazan kimi buğlanırdı...
Rəşadla otelə girəndə liftin qabağında bəylə-gəlinə rast gəldik – toy olacaqdı və deyilənə görə bu cütlük birgə ömürlərinin ilk gecəsini burda keçirəcəkdilər. Dilli-dilavər, istiqanlı, səmimi Rəşad Məcid, elə liftin qabağındaca təmiz Türkiyə türkcəsində onları ikimizin və Azərbaycan xalqının adından təbrik edib qoşa qarımağı arzuladı. Yəqin ki, biz bu cütlüyü Azərbaycan adından təbrik edən ilk və son adamlar idik. Bu, onlara çox xoş gəldi, hətta gəlin Azərbaycandan gəldiyimizi eşidəndə çox sevindi.
Sabah günorta Ankaranın möhtəşəm salonlarından birində Rəşad Məcidin türk dilində İlisamın xətti ilə çap olunmuş “Dəlicəsinə” və Xəyal Rzanın “Aşk olsun” kitabının təqdimat mərasiminə toplaşdıq.
Ümumiyyətlə, orda keçirdiyimiz görüşlərin əksəriyyəti Türkiyə Dövlət Himninin səslənməsi ilə açılırdı. İstanbulda və Ankarada yaşadığımız “Qrin Park” və “İçkale” otelinin ətrafındakı yaşayış evlərinin eyvanlarında Türk bayraqlarını dalğalanan gördüm. Elə bildim ki, nəsə bayram-filandı. Ancaq dedilər ki, heç bir bayram-zad yoxdu. Mən də eşitdiklərimdən bu qərara gəldim ki, bu ölkədə Türkiyə bayrağı üçün elə hər gün bayramdı. Türklərin bayraq sevgisi Allah eşqi səviyyəsindədi. Bəlkə də Allah eşqi bayraq sevgisindən keçib ucalır – burda beləydi...
Toplantını giriş sözüylə İlisam başqanı Mehmet Nuri Barmaksız açdı. Sonra çap olunmuş kitablar haqqında alimlər ürəkdən danışdılar, ədəbiyyatımıza Rəşad Məcidin və Xəyal Rzanın timsalında heyranlıqlarını bildirdilər – eynən bizim keçirdiyimiz kitab təqdimatları kimi. Bu iki kitabın ərsəyə gəlməsində rolu olan hər kəsə söz verdilər; təbii ki, kitabların müəlliflərinə də. Rəşad Məcid də, Xəyal Rza da hər kəsə minnətdar olduqlarını dedilər, şeir oxudular, əvəzində isti-isti, mərhəmanə alqış qazandılar. Mənə də söz veriləndə dedim:
- Hamınızı salamlayıram. Mənim üçün Azərbaycandan durub sizin aranıza gəlmək, dünyaya gəlmək qədər – doğulmaq qədər xoşdur. Bakının Mərdəkan qəsəbəsində balaca bir evim var. Azərbaycan müstəqillik qazanandan sonra gedib beş metr hündürlüyündə bir Azərbaycan bayrağı alıb evimə gətirdim. İnanın ki, gözümün qabağındaca mənim balaca evim böyüdü, böyüdü; əvvəlcə Bakı boyda, sonra da Azərbaycan boyda nəhəng bir evim oldu... (alqışladılar) Sonra gedib elə o boyda bir Türk bayrağı da tapdım, evə gətirib onları ekiz qardaşlar kimi yan-yana qoydum. Azərbaycan boyda küçük evim Türkiyə və Azərbaycan boyda oldu. (gurultulu alqışlar) Mənim ürəyimə oxşayan balaca evimə böyük Türkiyəmizin bütün türkləri yerləşər! (ayaq üstə alqışlar) Əzizlərim! Mən özümü Avropanın və Amerikanın bütün yazıçılarından xoşbəxt hesab edirəm! Nə qədər dünya şöhrətli olsalar da, onların hər birinin bir bayrağı var, mənim isə iki bayrağım var! Fərq burdadır. İki dövlətim var – fərq burdadır (alqışlar). Və üçüncü bayrağım da Kiprdən gələcək, inşallah!..
Alqışlar özümə də ləzzət elədi və harda olduğumu, nə dediyimi unutmuşdum...
Görüş sona yetsə də heç kəs salonu tərk etmək istəmirdi. Bizi sözün əsl mənasında mühasirəyə almışdılar. Bu mühasirədən çıxmaq ikinci dünya müharibəsində Leninqrad blokadasından çıxmaq qədər çətin idi – ancaq özümüz bu isti, məhrəm mühasirədən çıxmaq istəmirdik. Nə qədər şəkil çəkdilər, söhbət elədilər, kitab bağışladılar, vizit kartları paylandı. Nəhayət, bugünkü görüşün memarı, baş komandanı Mehmet Nuri Barmaksızın rəhbərliyi ilə mühasirə yarıldı.
Çölə çıxanda Azərbaycan xalqının və ədəbiyyatımızın böyük dostu, Bakıda, Yazıçılar Birliyində sədrimiz Anarın otağında tanış olduğum Yasəmən xanımla rastlaşdıq. İsti görüşümüz oldu. O, təqdimat mərasiminə əri, oğlu və qızı ilə qoşulmuşdu. Onlarla da xatirə şəkli çəkdirdik.
Hələ Bakıdan tanıdığım, əslən Salyandan olan, Ankarada yaşayan, böyük bir dərnəyin başqanı Aida Zeynalova ilə görüş keçirilən kültür mərkəzinin həyətində xoş bir qarşılaşmamız oldu. O da hardasa eşidib bu görüşə qatılmışdı. Sabah axşama ona əri ilə birlikdə “İçkale”də, görüş verdim.
Bu unudulmaz görüşdən iki saat sonra Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub bəy bizi axşam yeməyinə dəvət etdi. Orda ilk dəfə türk “Rakı”sının dadına da baxdım...
Hələ İstanbulda olanda uşaqlardan xahiş elədim ki, metroya da minək; əvvəl bir az gahgirlədilər, sonra razılaşdılar. Yerin altında – metroda mənə elə gəldi ki, Bakıdayam: İndi elan ediləcək ki, növbəti stansiya “İçəri şəhər”. Ancaq elə olmadı, elan elədilər ki, növbəti dayanacaq Dovşantəpə; sonra mənə qəribə gələn bu adlar sıralandı: Qəhvəçi, Qartal, Soğanlıq, Gülsuyu, Hüzür evi, Maltəpə, Bostançı, Qozyatağı, Acıbadam, Ayrılıq çeşməsi... Elə Ayrılıq çeşməsində də metrodan ayrıldıq. Gördüyünüz kimi bunların heç birisi adam adı ilə bağlı deyildi. Türklər öz qədimliklərini burda da qoruyurlar. Onlar, elə mən də haqlı olaraq belə hesab edirik ki, yer adları adam adlarından qədimdi, ən azı ona görə ki, üstündə yaşadığımız Yer adamdan çox-çox qədimdi. Adam adları qoymamaqla, məskunlaşdıqları ölkəni cavanlaşdırmamaqla düşmən dəyirmanına su tökmək istəməyiblər – eşq olsun!
Yenə mənim səfər yoldaşlarıma qəribə gələn xahişimlə taksiyə də mindik, dedim görüm bunlar nə təhər sürürlər – eynən bizdəki kimi, sadəcə olaraq bizlərdən bir balaca səliqə-sahmanlıdılar. Taksi şoferi (türklər demiş) şirin bir oğlan idi. Mən qabaqda, Rəşadla Xəyal isə arxada oturmuşduq. Birdən taksi sürücüsünə dedim:
- Əfəndim, sən çox şirin oğlansan.
Sürücü bozardı:
- Hocam, banamı söylüyorsun? – Yüngülvari əsəbləşdi də.
- Bəli, – dedim.
Rəşadla Xəyal Türkiyə tükcəsiylə işə qarışandan sonra hər şey qaydasına düşdü, azərbaycanlı olduğumu bilib güldü də...
Sən demə, Türkiyədə şirin oğlan, bizim Bakıda gecəyarı Tblisi prospektində peyda olan üzdəniraqlara deyirmişlər... Mən nə bilim ki?..
Bəlkə də pərtliyi tam aradan götürmək üçün Xəyal Rza gözəl bir “Sarı gəlin” də oxudu. Sürücünün diqqətini iki yerə şaqqalamışdılar - yarısı yolda, yarısı da Xəyalın oxumağında idi. “Sarı gəlin” sarala-sarala sona yetən kimi biz də mənzil başına çatdıq. Sürücü dedi ki, əfəndim on səkkiz lirə. Mən dedim ki, yox, səkkiz lirə.
- Niyə? – soruşdu.
- Şarkıya qulaq asdın... On lirəlik. Mən də səkkiz verirəm.
- Şaka yapıyorsan, əfəndim.
- Şaka yapmıyorum... – dedim.
Sürücünün pulunu verib otelə qalxdıq.
Bakıya dönməyimizə bir gün qalmış İlisam başkanı Mehmet Nuri Barmaksızın Ankaranın Gölbaşındakı villasında qonaq olduq.
Açığını deyim ki, Azərbaycan mətbəxi bütün dünyanın ağzının dadı-tamıdı. Birləşmiş dünya mətbəxi bizimkinin yanından belə keçə bilməz – qardaş türk mətbəxi də onun içində olmaq şərtilə. Burda yarpaq dolmasını soyuq qəlyanaltı kimi süfrəyə düzürlər – içində ət-filan da olmur. Bizim Qarabağda buna dən dolması deyirlər, özü də süfrəyə isti-isti gəlir. Çörəyi çox az yeyirlər, biz çörəkdən korluq çəkəndə istəyirdik – sağ olsunlar, verirdilər. Ancaq ədalət naminə onu da deməsəm, imanımı yandıraram. Öz villasının həyətində Mehmet Nuri Barmaqsız, Adana kababı deyilən, bizim lüləkababa oxşayan elə bir şey ortaya çıxardı ki, barmaqlarını yala – çox ləzzətli idi.
Burda da əvvəlki görüşlərimizin davamı olaraq söhbətləşdik desəm, yanılmaram.
Bir gün əvvəl İstanbuldan Ankaraya, bacısı balasının düyününə (toyuna) gəlmiş müğənni Mehmet Özkaya da üç nəfər türk xanımı, karısı (arvadı), bacısı və bir tanışı ilə özünü mərasimə yetişmişdi. Onu görmək hamıya xoş oldu. Mən ona dedim:
- Sən Mehmet Özkaya deyilsən!
- Bəs onda mən kiməm? – soruşdu.
- Sən Mehmet Özkaya deyilsən, sən Mehmet Benimkayamsan.
Xoşallandı... Onu da kiməsə oxşatmışdım, ancaq tapa bilmirdim; indicə tapdım; eynilə respublikamızın xalq artisti Rafiq Əzimov.
Rəşadla Xəyal da mənimlə yüz faiz razılaşdı. Hətta Rəşad zarafatla məni təbrik də elədi. Çünki, neçə gündür onların da başını xarab eləmişdim ki, siz də fikirləşin də, görün bu Mehmet Özkaya kimə oxşayır. Əgər buna problem demək olarsa, bu da, öz-özünə həll olundu.
Mehmet Nuri Barmaksızın bizim şərəfimizə verdiyi banketdə Türkiyənin tanınmış bir neçə yazarı da bizimlə bərabər idi – bu bərabərliyə sözün birinci mənasında eşq olsun. Bu bərabərliyin bərabərliyində iştirak edən Əli Akbaşın, Turan Düzün, Hənifə İşığın Azərbaycan sevgisi qarşısında elə əriyirdim ki...
Mehmet Nuri Barmaksızın həyat yoldaşı Ayişə xanımın qonaqpərvərliyinə isə nadir hallarda rast gəlmişəm.
Ankaradan Gölbaşına, Barmaksızın villasına yollananda Rəşad Məcid özünəməxsus bir jest elədi, Ayişə xanım üçün köklü bir gül kolu aldı və onların həyətində öz əli ilə əkdi. Buna ad da qoyduq: Rəşad gülü. Mehmet Nuri Bamaksız da Rəşad gülünə xüsusi qayğı göstərəcəyinə elə ordaca söz verib dedi ki, gələn dəfə gələndə bu gülü daha böyük görəcəksiniz və onu da görəcəksiniz ki, bu gül Rəşad Məcidə oxşayır – belə bir öhdəlik də götürdü.
Gölbaşında bir-birinə bənzəyən, müxtəlif memarlıq üslubunda tikilmiş möhtəşəm villalar baş alıb gedir – hamısı da görünür, özü də binövrədən damına qədər. Çünki, bizdəki kimi hündür, enli hasarlar araya girmir. Bu cür hasarlar təkcə evlərin deyil, insanların da arasına girir, onları bir-birindən uzaq salır, yadlaşdırır, özgələşdirir, buza döndərir... onsuz da dünyamız çox soyuqdu... Bu hasarlar, bu cür arayagirmələr, bu soyuqluq bizləri təkrarən dünyanın buzlaşma dövrünə qaytarmazmı?
Vallah, qaytarar!
Gölbaşından qayıdanda bir şeyə rast gəldim, bu, Türkiyənin şəxsən mənə verdiyi unudulmaz, gözlənilməz bir hədiyəsi idi. Birdən Mehemet Nuri Barmaksız yolun sağ tərəfində böyük bir lövhəni mənə göstərdi:
- Hocam, – dedi, – görün orada nə yazılmış...
Lövhəni oxudum: Seyran bağları.
- Nasıldır, Hocam? – dedi.
- Mən bunu bilirdim, ulu babalarım bunu mənə yuxuda anlatmışdılar, – söylədim.
- Sən çox zənginsən, Hocam.
- Çox zənginəm, – dedim, – mənim Azərbaycanım, Türkiyəm var, Türkiyəmdə də Seyran bağlarım...
Türk xanımlarının böyük əksəriyyəti, özləri demişkən siqaret içirlər, yəni çəkirlər. Heç istəməzdim bir-birindən gözəl türk anaları Türkiyənin gələcəyini hisə versinlər... İnsan balıqdan güclüdür, balığı tutur, hisə verir, ruslar demişkən, “kopçyonnaya rıba”, sonra da sərin pivənin qəlyanaltısına çevrilir. Heç istəməzdim ki... Türkdən pivə qəlyanaltısı olmaz axı... Xahiş eliyirəm...
Axşam üstü “İçkale” otelinə qayıdıb rahatlaşdıq.
Hardasa iyirmi dörd saat vaxtımız qalmışdı. Mehmet Nuri Barmaksıza onu Türkiyədə ilk dəfə görən kimi demişdim ki, Mustafa Kamal Paşa Atatürkün mavzoleyini və Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etməmiş Bakıya dönən deyiləm, o da söz vermişdi. Rəşad Məcid də, Xəyal Rza da o yerləri ziyarət etmişdilər, odur ki, onlarsız getməli oldum.
Mehmet Nuri Barmaksızın mənə qoşduğu bir türk erkəyi ilə Atatürkün mavzoleyinə yollandım. Müxtəlif təhlükəsizlik yoxlamalarından keçib mənzil başına yetişdik. Türk qardaşımız mənə dedi ki, Hocam, yaxşı ki, biz bura şənbə-bazar deyil, adi gündə gəldik, yoxsa mavzoleyi tam dövrə vurmaq üçün ən azı səkkiz saatımız gedərdi. Şənbə-bazar olmasa da, bura adamla dolu idi, bəzən “tıxac”a da düşürdük. İki saata dövrəmizi başa vura bildik. Şagirdlər, tələbələr qaynaşırdı. Movzoleydə karaulun dəyişmə protokolunu da görə bildik – çox maraqlı idi. Atatürkün iki avtomobili, şəxsən özünün işlətdiyi topla şəkil çəkdirdim, sonra onun alovlu nitqinə qulaq asdım. Türk tarixinin dənizdə və quruda ən möhtərəm, həlledici döyüşlərini gördüm. Döyüş vahiməsi adamı basırdı. Güllə səsi yağışı altında gördüklərim məni çox təsirləndirdi. Adama elə gəlirdi ki, bu güllələrin biri də sənə dəyə bilər. Türk döyüşcülərinin müqəvvaları canlı əsgərlərdən fərqlənmirdi. Mənə ən çox təsir eliyən detallardan biri döyüş meydanında yaralanmış, can verən əsgərin Türk bayrağından bərk-bərk yapışıb onu dik saxlamasında idi.
Bu müqəddəs məkan və məqam haqqında onu deyə bilərəm ki, Atatürkün mavzoleyi nə danışmaqla, nə də yazmaqla başa gəlməz – yalnız görməklə...
İnandım, inana-inana əmin oldum ki, özləri özlərindən muğayat olsalar heç kəs Türkiyəyə bata bilməz, kim onu batırmaq istəsə özü batar...
Oranı tərk edəndə məni müşayiət edən arkadaşımıza zəng gəldi, o təcili getməli idi – getdi də.
Biz, Aida Zeynalova və mən bir taksiyə minib Məmməd Əmin Rəsulzadənin dəfn olunduğu qəbiristanlığa üz tutduq. Məzarlığın işçilərindən qəbirin yerini soruşduq. Dedilər ki, düz, sonra sola gedin, qoşa Türk və Azərbaycan bayrağı görəcəksiniz – Məmməd Əminin qəbri oradır. Sürücü bizi düz qəbrin yanına gətirdi. Maşından düşüb qəbrə yaxınlaşdıq. Məzarlıqdakı başqa qəbrlərdən də, Atatürkün mavzoleyindən də fərqli idi – ancaq bu fərqlərin özü də çox fərqli idi – bildiniz də?...
Qəbrin üstündəki bir qarış hündürlüyündə və enində olan şəffaf qutuda Azərbaycan torpağı vardı – üstünə də yazılmışdı. Məmməd Əminin sinəsinin üstünə bir dəstə gül qoyub baş əyəndə ağlımdan ildırım sürətilə gecikmiş bir istək keçdi:
- Kaş bu gülləri Bakıdan gətirəydim...
Üçümüz şəkil də çəkdirdik – Məmməd Əmin Rəsulzadə, Aida Zeynalova və mən.
Qəbrdən aralanıb taksiyə minəndə Aida Zeynalovanın da, sürücünün də eşidə biləcəyi bir tonda dedim:
- Bakıda görüşənə qədər...
Ankaranın Cebeci Asri məzarlığını tərk eləyib “İçkale” otelinə qayıtdım.
İyunun birində İlisam başqanı Mehmet Nuri Barmaksız Bakıyha gəlir. Üç gün sonra Türkiyənin tanınmış şair-yazıçıları Azərbaycana təşrif gətirir. Rusiyadan, İrandan, Tatarıstandan, Özbəkistandan, Kiprdən və başqa ölkələrdən də qonaqlar olacaq. İlisamın Azərbaycan nümayəndəliyinin başqanı Xəyal Rzanın dediyinə görə Bakıda, Beyləqanda, Şabranda şeir günləri keçiriləcək.
Sükanı belə saxla!
“Türk Azərbaycan Qardaşlığına Verdiyiniz Katkılardan dolayı Təşəkkür edəriz.
Seyran Sehavet
Şair və yazar
Professor, doktor
Turqut Göksoy”.
Mənə və səfər yoldaşlarıma gümüşü məcməyinin ortasında yuxarıdakı sözlər yazılmış xatirə hədiyyəsi verdilər – bunun qiymətini ölçmək üçün heç bir ölçü vahidi kəşf olunmadığına görə cəhd də eləmədim.
Yüz ildi uzaqdan-uzağa qaynasaq da ürəyimizcə qarışa bilməmişik. İndi hər şey öz əlimizdədi – necə deyərlər öz əlimiz, öz başımız. Dünyada Türk – Azərbaycan bayrağını elə ucaltmalıyıq ki, bütün Dünya onun yellənən kölgəsində dincələ bilsin...
Bakı – İstanbul – Ankara – Bakı
9-15 may 2017-ci il.