Altı günlük qız nəvəsini öldürüb su quyusuna atan nənə - Alov İnanna yazır...

Altı günlük qız nəvəsini öldürüb su quyusuna atan nənə - Alov İnanna yazır...
30 avqust 2019
# 17:44

Kulis.az Alov İnannanın "Ər-gor dilemması" yazısını təqdim edir.

Məşhur nağılımızda, Tıq-tıq xanım (bəzi versiyalarda Pıspısa xanım və ya Dozanqurdu düz xatun) “Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm” sözlərini Siçan bəylə qarşılaşana qədər təkrarlayır. Nağılda ər axtaran baş qəhrəmanın “ər-gor” dilemması adi qafiyədirmi? Əlbəttə, yox. Hətta bununla bağlı atalar sözümüz də var: Qız onbeş yaşında ya ərdə gərək, ya gorda. Azərbaycan kulturası patriarxallaşandan bəri, qadınlar üçün olum-ölüm, xoşbəxtlik-bədbəxtlik məsələləri, demək olar ki, ər-gor kimi başa düşülməkdədir. Bir vaxtlar ərə gedən qızın dalınca daş atırdılar ki, bu daş kimi düşdüyün yerdə qal, nə eləsələr döz, ər evindən bir də gor evinə get. Ər-gor dilemması qadın ailə qurduqdan sonra daha da ciddiləşir; ərindən üz döndərən qadın, “gor”u gözünün qabağına gətirməlidir: “Kişi xəyanətinə səbir, qadın xəyanətinə qəbir”.

Sevgilər də bəzən elə “ər-gor” təsəvvürünə uyğunlaşdırılır. Bir neçə il qabaq Aytac adlı bir qızdan rədd cavabı alan “aşiq”, onu bu məntiqlə öldürmüşdü: “Ya mənim olmalısan, ya da torpağın”.

Qadın boşandıqdan sonra da “ər-gor” dilemması onu qarabaqara izləyir: İllər qabaq qonşuluğumuzda balaları ilə yaşayan, ərindən boşanmış bir bağça müəlliməsi vardı, keçmiş əri ondan geri dönməyi tələb edirdi. Qadını “yola gətirə” bilməyən “qəhrəmanımız”, onu uşaq bağçasının həyətindəcə öldürmüşdü...

Son bir ayın içində Zaqataladan Gülər, Cəlilabaddan Aysun adlı iki gənc qızı ər-gor dilemması qarşısında qoydular.

Hər ikisi də goru seçdi...

Dini-patriarxal atalar sözlərimizdə “qız uşağı” haqqında təsəvvürlər

Nəyə görə qızların xoşbəxtliyi ərə getməkdə, özü də mümkün qədər tez ərə getməkdə görülür? Yaxud, niyə ailə qurmamış qız, ya da ailəsiz qadın bədbəxt sayılır? Bu təsəvvürün izlərini “qız uşağı” ilə bağlı atalar sözləri və deyimlərimizdə axtaraq.

Atalar sözləri və deyimlər bütün dünya xalqlarında mövcuddur. Onlar min illər boyunca bir xalqın təcrübə və biliklərini, psixologiyasını, düşüncəsini, dünyaya yanaşmasını, öyüd-nəsihətlərini, qəliblənmiş stereotiplərini ifadə edən folklor yaradıcılığıdır. Onlar kollektiv yaddaşın şifahi olaraq, ağızdan-ağıza ötürülməsi və yaşadılmasıdır. Daim zamanı əks etdirdiyinə görə daha dəyişkən və elastiki olan atalar sözləri, dastanlarımızdan və nağıllarımızdan çox fərqlidir. Gündəlik həyatda tez-tez işləndiyinə görə, dövrün ruhuna uyğun gəlməyən atalar sözləri və deyimləri arxaikləşib aradan qalxır, yeniləri yaranır. Ona görə də, hazırda bilinən atalar sözlərinin böyük bir hissəsi, patriarxal baxış bucağından baxılaraq meydana çıxıb. Bu baxış bucağının ərsəyə gəlməsində isə islam qılıncı əvəzsiz rol oynayıb. (Növbəti yazıda qız-qadın haqqında təsəvvürlərimizin, milli düşüncə tərzimizin, dünyagörüşümüzün islama bulaşmayan arı-duru halını qədim nağıl və dastanlarımızda ortaya çıxaracağam.)

Yazıda “qız”, “qız uşağı”, “gəlin” haqqında o taylı-bu taylı Azərbaycanımızda hələ də işlək olan atalar sözlərindən və deyimlərdən istifadə edilib. Onların bir qismini isə gözəl yazıçımız Bircə xanım toplayıb mənə göndərib və belə dəyərli işinə görə ona ürəkdən təşəkkür edirəm.

Mövzumuzla bağlı atalar sözləri və deyimləri aşağıdakı kateqoriyalara bölmüşəm.

1. Arzuolunmayan cins: oğlanla müqayisədə qızın əksildilməsi

Bu kateqoriyadan olan atalar sözlərində, doğulduqları andan qızla oğlan arasında necə kəskin fərq qoyulduğu ifadə olunur:

– Oğlan doğan öyünmə, qız doğan döyünmə.

– Oğlan doğdum öydu məni, qız doğdum söydu məni.

–Qız doğulan evə muştuluq haramdı.

– Qız doğdun, daş doğdun.

– Qız doğdun, qapının itini aç burax.

– Qız acı, oğul baş tacı.

– Qardaş gəlsə, yaxşı, bacı gəlsə, yaxşı, qardaşın qabağında, bacı ölsə yaxşı.

– Qız gedəridi, oğlan ürək başıdı.

– Kimin ki qızı var, belində önəlməz sızı var. Həm göydə nəһs ulduzu var.

– Qız ana kirgənəsində ip əyirür, oğul ata süfrəsini salur.

– Qız evindən oğul bucağı yaxşıdı.

– Qız əlinə qələm, oğlan əlinə qayçı yetsə, aləmi kor dutar.

– Qız gedər igid gətirər, oğlan gedər it gətirər. (Bu atalar sözündə oğlan və qıza yox, onların evləndiklərinə münasibət bildirilir. Sırf cinsiyyətlərinə görə gəlinə “it”, kürəkənə “igid” deyilir.)

– Qız ağlı, qaz ağlı.

– Qız olmadı, qızdırma oldu.

– Qız deyər: qırxım çıxmayınca məni atmasalar, daha atmazlar. (Bu atalar sözündə yeni doğulan qız uşaqlarının atılmasına və ya öldürülməsinə işarə edilir. Bu öldürülmə indi daha “mədəni” üsulla, selektiv abortlar vasitəsilə həyata keçirilir. İstənməyən qız uşaqlarının doğuşdan sonra atılması və öldürülməsi faktları da az deyil. İnişil baş verən belə hadisələrdən biri mediada gərəyincə işıqlandırıldı. Lənkəranda 6 günlük körpə qız uşağı, nənəsi tərəfindən iynələrlə deşik-deşik edilərək öldürülmüş, sonra quyuya atılmışdı.

– Qızın evdə dörd oldusa, ağzına kül bas, at yük dalına.

–Oğulu bələ qoy gölgəyə, qızı bələ qoy xəndəyə.

– Oğul düşmən çəpəridi, qadam qızın ağzına.

–Qız meyid yerdə qoyandır.

–Qız it dərisində kərə yağıdı, oğul ceyran göbəyində müşk ənbər.

–Oğulu sığalla, qızı nalla. (Vurmaq mənasında)

–Qızım çapacaqla çapılsın, oğlum nərgizlə yapılsın.

–Qızına ver eşşək südü, oğluna ver ballıbadı.

–Qızını dalından sal, oğlunu dalına al.

–Oğul rənəd (qanad), qız kəmənd.

–Bələdiyin qız olsun, saxladığın qaz. (Qarğış mənasında)

–Qarnın qıza dadansın. (Qarğış mənasında həmişə birinin qız doğmasını istəmək)

–Qızım oğul bələsin, gəlinim qız başı yusun. (Qaynanın qızını başı uca, gəlinini dili qısa görmək istəyi)

–Yazın günündə gəlinim otursun qucağında qızı, payızın günündə qızım otursun qucağında oğlu.

–Qızının evində nazlanınca, oğlunun evinin küncündə büzüş.

–Qız dağarcıq, oğul ipək xurcun.

–Oğul kişini adam eylər, qız cüdam.

–Oğul bitən, qız itəndir.

–Oğul güllə, qız çillə.

–Oğul tikər, qız sökər.

–Oğul öydürər, qız söydürər.

–Oğul xələfdir, qız dolaşıq kələfdir.

–Oğul kürək, qız töhmət.

–Oğlu ölənin dönərgəsi dönər, qızı ölənin bir keçisi kəsilər.

–Oğul əl ağacı, qız duz dağarı.

–Qız sərçə lələyi, oğul qızıl pərəyi.

–Qız paxır qazan, oğul qəbrimi qazan.

–Qızı qalaylı qazan kimi parıldatma, əlinə sümük ver mırıldat.

–Qızın sarayında gəzmə, oğul küncündə büzüş.

–Qızı olan qada qazanar, oğlu olan quda.

–Qız baş töhməti, oğul düşmən çəpəri.

–Oğlumun oğlu məni çaydan keçirər, qızımın oğlu dalıma barmaq keçirər.

–Vay o günə, meyidini qız qaldıra.

–Qız qazancı qarın doyurmaz.

–Oğul saxlancın, qız qaxıncın.

–Kül o kişinin başına, gorunda çırağı qız yandıra.

–Oğul paşa, qız qarğaşa.

–Oğlunu öy, qızını döy.

– Oğlan gəldin, qız gəldin? (Bu deyimdə “oğlan” və “qız” hansısa gözlənilən xəbərin poztiv və ya neqativ olmasını simvollaşdırır: “oğlan gəlmək” xeyir xəbərə, “qız gəlmək” bəd xəbərə işarədir.)

2. Qızın doğulduğu gündən ər evinə hazırlanması:

– Qız doğuldu, dedi, bura bizim evimiz deyil.

– Qız anadan olanda gözünü açar, deyər: – Bura bizim ev deyil.

– Qızını qoy beşiyə, cehizini qoy eşiyə.

– Qız qundaqda, cehizi sandıqda.

– Qızını bələ, cehizini elə.

3. Qız tərbiyəsi

– Qıznan qızıl – gizlin gərək.

– Qız gərək, gizli gərək.

– Qızın bələkdə, gəlinin gərdəkdə gözünün odunu almaq gərək.

– Qızsan ucuz olma, qədrini bil. (Yəni, özünü gələcəkdə baha satılmağa hazırla.)

– Qız qızıldı, qədrini bilsin gərək.

– Qız uşağı kişilərin qabağına çıxmaz.

– Qız uşağı başı aşağı olar.

– Qız uşağı oturuşuna-duruşuna fikir verər.

– Qız uşağı ağır oturar, batman gələr.

– Qız uşağı qardaşına qulluq eliyər.

– Qız uşağı oğlanlarla danışmaz.

– Qız uşağı bərkdən gülməz.

– Qız uşağının səsi çıxmaz.

– Qız oxutmaq güc olur.

– Həyalı qız gəzişinnən bəllidi.

– Qızını döyməyən, dizini döyər.

4. Qıza qonaq, özgə və köçəri quş kimi baxılması:

– Qız evin qonağıdı, vaxt gələr, gedər

– Qız özgə çəpərinə qonar.

– Qız köçəri quşdu.

– Qız özgə çırağını yandırar.

–Qız gedərdi, oğlan ellər dirəyi.

– Qız özgə əmanətidi.

– Qız özgə yumağı böyüdəndi, oğul yurdu güdəndi.

– Qızın vətəni olmaz.

– Qız gəldi, gedərdi.

– Qıza çəkilən əziyyət su üzündə ev tikməkdir.

Bu atalar sözlərindən çıxan nəticəyə görə, qız uşaqları “qonaq”, “köçəri quş”, “gəldi-gedər” olduqlarına görə, onlara çəkilən zəhmət mənasızdır; qızdansa oğlanın gələcəyini düşünüb ona sərmayə qoymaq, məsələn, təhsil vermək daha faydalı olardı.

5. Qızın sevgi duyğularına münasibət

– Qızı özbaşına qoysan, ya hoqqabaza gedər, ya da aşığa.

– Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya.

– Əzizinəm qız qıza, oğlan qıza, qız qıza, oğlan qızsa tez sönər, vay odur ki, qız qıza.

–Dingildəyən qız qızmış olar.

6. Qızdan tez can qurtarmaq istəyi

– Qız gərək, tez gərək.

– Evdə оturanda kiçik qız, ərə gedəndə böyük qız.

– Qız onbeş yaşında ya ərdə gərək, ya gorda.

– Ər gərək, tеz gərək.

– Qız ki, kəkil çıxartdı, gərək birinə verib başından eliyəsən.

– Qız ki iydə çiçəyi iylədi, evdən iyisini kəs.

– Qız yükü, duz yükü.

–Evində qızı olanın üzü gülməz.

–Qızını başından elə, vur şilingini (Şilingi – təpik, şıllaq deməkdir)

– Qızını verdin, belini dikəlt çayda çim.

7. Elçilik. Qız evinin qısamüddətli hegemoniyası

Bu atalar sözlərində qızın satılıq mal kimi bazara çıxarıldığı dövr, ən hörmətli və urvatlı olduğu məqam – elçi gözləmə məqamından söhbət gedir.

– Qız anası elçi gözlər.

– Qız evi – şah evi.

– Qız evi – naz evi.

– Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar.

– Qız dediyin ağacdakı almadı, kim salar, o da aparar.

– Qız qapısı – şah qapısı, mini gələr, biri razı gedər.

– Qız evi bir dəyirmandır, arpada gəlir, darıda gəlir.

– Qızlı evə qırx at bağlanar.

– Qız alan alana kimi, qız verən ölənə kimi yalvarar.

8. Qız alma şərtləri

– Qız alan gözüynən baxmasın, qulağıynan eşitsin.

– Qız alan qızara-qızara gəlmək gərək.

– Qız alanın ya bir çuval qızılı gərək, ya bir çuval yalanı.

– Qız almaq һasar almaq kibidir.

– Qız elçiliyinə gedəndə dolanışığı sənnən yaxşı olmayanın qapısına get. (Kasıb qıza ağalıq etmək daha asandır.)

– Qız kəsilməmiş qarpıza bənzər.

– Qız aparanı yuxu tutmaz.

– Qız alanda gərəklik, göz qapalı, qulaq açıq olmalı.

– Qız alırsan evdən al, eldən yox.

– Qız gəzən oğlan - ayağı uzun, əli açıq gərək, yar gəzən qız - qapıaçıq gərək.

–Qız alan bir çuval yalanla getsin.

9. Qız vermə şərtləri:

– Qız ərə vermək bacılar işi deyil, hacılar işidi. (Razılıq qərarında nəinki ərə gedən qızın rəyi, heç ümumiyyətlə qadınların rolu olmamalıdır, bu iş sanballı kişilər, məsələn “hacılar” tərəfindən həyata keçirilməlidir.)

– Qızı verdin mala, mal getdi, qız qaldı lala.

– Qızı vermisən, özünə oğul qazanmısan. (Ancaq nə işdirsə, gəlinə qız kimi baxılmır.)

10. Qız namus simvolu kimi

– Qısın isməti, atanın dövləti.

– Qız üz qızardar.

– Qız qızlığını şaha da verməz.

– Qız gərdəyə girər, əsli də onda bəllənər.

– Qız girər gərdəyə, kirtigi çıxar üzə. (Kirtigi: həqiqəti, iç üzü).

– Qız ata sındıran, qardaş batıran olar.

Qızı üç olan kişi gimgədə ürəkli otura bilməz. (Gimgə - adamların toplaşdığı dəyirman qabağı, xırman üstü deməkdir.)

11. Qız gəlin olduqdan sonra

– Ərə gedən qızların dili altında qənd gərək.

– Qaraqız gəlin oldu, ürəyi sərin oldu.

– Ərə getdi tayım-tuşum, yerdə qaldı yassar başım.

– Ərə getmək asandı, ər dоnu tikmək çətin.

– Ərsiz qız sükansız gəmidi.

– Ərsiz qız sоlan çiçəyə bənzər.

– Gəlin anasına həm ağlar, həm də “gedirəm” deyər. (Toy günü gəlinin tərəddüdündən bəhs edilir)

– Gəlin aş bişirdi, gözündə yaş bişirdi.

– Gəlin atda, qisməti yadda. (Zorla verilən qızın toy günü istəklisinə qoşulub qaçması nəzərdə tutulur.)

– Gəlin atlandı, gör kimə düşdü.

– Qızı ata mindirdilər, dedi: – Ya nəsib!

– Gəlin gəlin deyil, gəldiyi yer gəlindi. (Gəlinin müqəddəratının özündə deyil, düşdüyü evdən asılı olması)

– Gəlin getdik, ün gətirdik, umu-küsülü gün gətirdik. (Burada ərə gedən qızın küskün, depressiv həyat tərzindən söhbət gedir.)

– Gəlin sındıran qabın səsi çıxmaz. (Gəlinin nəinki özünün, hətta sındırdığı qabın da səsi eşidilməz.)

– Gəlindən qız olmaz. (Ancaq o biri atalar sözlərində kürəkənə oğul kimi baxılır.)

– Gəlini gərdəkdə, uşağı bələkdə gözünün odunu almaq gərək.

– Qız evlərdə tanınar, ipək dəzgahda.

– Qızın yeyi ər evində, qaynananın yeyi gor evində. (yeyi: yaxşısı).

– Evdən çıxan qız cıqqadan baxar. (Qızın ər evində dustaq hala salınması)

– Evlərə gedən qızın başı qоvğalı оlar.

– Evlərə gedən qızın dili altında qənd gərək.

– Evlərə gedən qızın qulaqları kar, dili lal, gözləri kоr gərək.

– Qız ərə gedəndə yeddi köynək əti vardı, ər evində o qədər zingədanlıq elədi ki, bir köynək əti qaldı.

– Qız idim sultan idim, nişanlandım, xan oldum, gəlin oldum, qul oldum, ayağlara çul oldum.

– Qız idim, geydirdilər əbr-vəfa köynəyini, nişanlıydım, geydirdilər zövqü-səfa köynəyini. Gəlin oldum, geydirdilər cövrü-cəfa köynəyini.

– Ərə gеdən gоra gеdər.

Əlbəttə, “qız uşağı” haqqında matriarxal keçmişimzdən qalan, qızı-qadını yüksək dəyərləndirən atalar sözləri və deyimlərimiz də var. Ancaq günümüzün maskulin ab-havasında onlar təsəlli kimi görünürlər. Gerçəkliyə uyğun olanlar isə yuxarıda verilən atalar sözləri və deyimlərimizdir. “Qız kimi”liyin və “arvad kimi”liyin söyüş yerinə işlədildiyi hazırkı zamanda həmin atalar sözlərindən belə ümumiləşdirmələr ortaya çıxır: Qızın oğlandan dəyərsiz olması, qız doğulduğu andan onu qul, qulluqçu kimi ər evinə hazırlamaq, gəldi-gedər oluğuna görə “ona sərmayə qoymağı” mənasız saymaq, məsələn, təhsil almasına imkan verməmək, onu daim gizli və nəzarət altında saxlamaq, küçəyə-bayıra qoymamaq, güdmək, ona sevməyi qadağan etmək, sevərsə də həmin hissləri “qızmışlıq” saymaq və “namussuz” hərəkətlər edər, ”başıaşağılıq” gətirər deyə, ondan mümkün qədər tez yaxa qurtarmaq, ona satılıq mal kimi yanaşmaq, onu bir təhər ərə verib rahat nəfəs almaq. Ancaq maraqlıdır ki, atalar sözlərimizdə “ərə getmək” qızların həyatının əsas qayəsi kimi verilsə də, yenə də elə atalar sözlərimizdən məlum olur ki, toydan sonra “ər” evinin “gor evi”ndən elə də fərqi yox imiş.

(ardı var)

# 4147 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #