- Universiteti nə vaxt bitirmisiz?
- Universiteti 1976-cı ildə bitirmişəm. Ondan sonra isə bir il müəllim işləmişəm.
- Bəs jurnalistika fəaliyyəti ilə nə vaxtdan məşğul olmağa başladınız?
- 1976-cı ildən professional jurnalistikadayam. 40 il iş stajım var. 1972-ci ildən qəzetlərə məqalələr yazırdım. Universitetə girəndə mən artıq “Gənclər” qəzetində yazırdım, radioda verilişlərim gedirdi.
- Radioda hansı verilişləri hazırlayırdınız?
- Hər həftə Mövlud Süleymanovun redaktor olduğu “Bulaq” verilişi üçün xalq yaradıcılığı ilə bağlı süjetlər hazırlayırdım. Şərait çətin idi. Kim idi mənə professional diktafonu verən? Ev maqnitofonuna kənd ağsaqqallarının söhbətini yazıb gətirirdim Bakıya. Allah rəhmət eləsin, Firudin Ağayev var idi. O bizi televiziyaya dəvət elədi. Televiziyada süjetlər yazırdıq, tez-tez verilişlərə dəvət olunurduq. Axırıncı kursda oxuyanda mən artıq televiziyada “Meridianlarda izimiz” adlı veriliş aparırdım.
- Veriliş nə ilə bağlı idi?
- Baykal-Amur Magistralının (BAM) tikintisinə ezam edilmişdim. Bir ay orda oldum. Tələbə olmağıma baxmayaq Komsomol Mərkəzi Komitəsi televiziya və “Gənclər” qəzeti üçün material hazırlamaq üçün ezam eləmişdi. Məqalələrim qəzetdə dərc olunurdu, BAM-da çəkilmiş video süjetlər üçün mətni də mən yazırdım və yarım saatlıq veriliş aparırdım.
- Videoyazılar qalır sizdə?
- Yox videoyazılar qalmayıb, bəlkə də televiziyanın arxivində durur. Qəzetdə dərc olunan məqalələr isə arxivimdədi. Ondan əvvəl də bir dəfə televiziyaya çıxmışdım. Mən, aktyor Yasin Qarayev və tarzən Zamiq Əliyev-bizim haqqımızda gənc istedadlar kimi veriliş hazırlanmışdı. Məni orda gənc jurnalist, yazıçı kimi təqdim etmişdilər. Hələ tələbə vaxtımdan, xüsusən “Gənclər” qəzetinə yazırdım.
Universitetdə də “Lenin tərbiyəsi uğrunda” qəzetində işləyirdim. 30 manat da maaş alırdım.
- İmzanız tanınırdı?
- Təkcə “Gənclər” qəzeti 600 min tirajla nəşr olunurdu. Təsəvvür edin, əgər bir qəzeti bir ailədə iki nəfər oxuyurdusa bu özü bir milyon yarım-iki milyon oxucu edirdi. Bundan başqa o dövrdə bir qayda var idi. Qəzetlər divar lövhələrinə yapışdırılırdı. Hər küçədə bu lövhələrdən quraşdırılmışdı. Gündəlik lövhədə qəzetlər yenilənirdi. Qəzet almağa imkanı olmayanlar da ordan oxuyurdular.
Mənim rəqabət apardığım bir adam var idi. Jurnalistika fakültəsində Şamxal Rüstəm oxuyurdu. Çox istedadlı şair idi. Yazığı araq məhv elədi. Onunla rəqabət aparmaq çətin idi. Çünki o jurnalistikada oxuyurdu, qəzetlərdə praktikada olurdu. Mən isə filologiya fakültəsində oxuyurdum. Jurnalistika fakültəsinə keçmək istəyəndə oranın dekanı Şirməmməd müəllim razı olmadı. Bir az davakar idim, dedi mən belələrini qovuram, sən niyə mənim fakültəmə gəlirsən?
- İlk yazınız nə vaxt dərc olunub?
- Səkkizinci sinifdə oxuyanda məktəbdə fizika laboratoriyası açmışdıq. Lazım olan bütün cihazları da öz vəsaitimiz hesabına almışdıq. Şagirdlərlə maraqlı təcrübələr edirdik. Bu barədə məqalə yazıb poçtla rayon qəzetinə göndərdim. Atam ziyalı idi, rayonda böyük hörməti var idi. Təbii ki, qəzetdə də onun dostları var idi. Yazı çap olundu. Ondan sonra yazını daha özüm aparırdım, poçtla göndərmirdim.
- O vaxt imzanız necə idi?
- Aqil Abbasov. Mənim imzamı Yusif Səmədoğlu dəyişdi. Əvvəl istədik Məhəmmədoğlu olsun, fikirləşdi, dedi bu çox uzun çıxır, Abbaszadə eləməyə də qoymadı. Axırda dedi, qoy Aqil Abbas olsun. Belə daha qulağa yatımlıdır.
- Bəs bədii yaradıcılıqla nə vaxt məşğul olmağa başlamısınız?
- 1971-ci ildə ilk povestimi yazdım. Bəxtiyar Vahabzadənin dərslərində yazmışdım. Bitirəndən sonra verdim oxudu. “Evləri köndələn yar” adlanırdı. Bəxtiyar müəllim povesti çap üçün “Ulduz” jurnalının baş redaktoru Əhməd Cəmilə verdi. Amma Əhməd Cəmil dedi ki, burda komsomolun komsomolu bıçaqlaması səhnəsi var, onu çıxart. Mən də razılaşmadım, çünki əsər o səhnənin üzərində qurulmuşdu, o hissəni çıxarsaydın əsərin mənası itərdi. Nə isə əsəri çap etmədilər. Heç Bəxtiyar müəllimin də o əsəri çap etdirməyə gücü çatmadı.
Bir də on il sonra elə “Ulduz” jurnalında çap etdirdim. Bundan sonra bir povest də yazdım. İkinci povestdən sonra Ağdam uşaqlarının başlarına gələn məzəli əhvalatlardan ona yaxın kiçik həcmli hekayələr yazdım. Hekayələrim azdı.
- “Elm və həyat jurnalı”na gəlişiniz necə oldu?
- Universiteti bitirəndən sonra məni Ağsu rayonuna müəllim göndərdilər. Açığı təyinatımı özüm seçmişdim. Oranın üçüncü katibi qohumum idi. Qohumluqdan istifadə edib dərsə getmirdim. Mənim yerimə başqa müəllim dərs deyib maaş alardı. Mən isə Bakıda yaşayırdım. Komsomol Mərkəzi Komitəsi hələ tələbə vaxtımdan məni tanıyırdı. Bayaq dediyim kimi məni BAM-a yollamışdılar, odur kli, “Elm və Həyat ” jurnalında işə götürdülər. “Elm və həyat” jurnalının baş redaktoru Həsən Mehdiyev uyğun ştat olmadığı üçün məni buraxıcı vəzifəsinə təyin etdi.
Buraxıcı jurnalın nəşrindən məsul şəxs idi. Mən təbii ki, bu işi də görürdüm, amma əsas işim ədəbi redaktor idi. Jurnala göndərilən məqalələrin redaktəsi ilə məşğul idim. O jurnal 120-150 min tirajla nəşr olunurdu.
- Nə qədər işlədiniz orda?
- 1987-ci ilə qədər o jurnalda işlədim. Şöbə müdiri vəzifəsinə qədər yüksəldim. Mən “Gənclər” qəzetində işləmək istəyirdm. Amma o dövrdə bir işdən çıxıb o biri işə keçmək çətin idi. Həmin il Asif Quliyevi “Sovet kəndi” qəzetinə redaktor qoydular. Mehman Cavadoğlu da orda şöbə müdiri işləyirdi. Bir gün Mehman mənə dedi ki, Asif səni çağırır. Getdik, söhbət elədik, məni müxbir vəzifəsinə işə götürdü.
Deməli, “Elm və həyat” jurnalında şöbə müdiri vəzifəsindən “Sovet kəndi” qəzetinə müxbir gəldim. Bir müddət müxbir işləyəndən sonra Asif müəllim daxili əmrlə “Sosial problemlər” şöbəsi yaratdı və məni o şöbəyə müdir təyin etdi. 1988-ci ildə Mehman Cavadoğlu partiya məktəbinə oxumağa gedəndə isə onun yerinə “Əkinçilik şöbəsi”nə müdir keçdim.
- Orada nə vaxta kimi işlədiniz?
- 1990-cı ildə “Ədalət” qəzeti açılana qədər orada işlədim.
- “Sovet kəndi” qəzetində tənqidi materiallar çıxırdı?
- Elə tənqidi məqalələr yazmışam ki, birdən-birə üç kolxoz sədrini işdən çıxarıblar. Kim deyə bilərdi ki, niyə yazırsan? Elə yazılar olurdu ki, Mərkəzi Komitənin bürosunda müzakirə olunurdu.
Bir dəfə Aqropromdan bir yazı yazmışdım. Aqroporom da ciddi təşkilat idi. On bir nazirlik orda birləşmişdi. Yazıdan sonra kollegia iclası toplandı. Mən də iştirak edirdim. İşçilər barədə qərar çıxarmaq istəyəndə məndən soruşurdular ki, buna nə cəza verək.
- “Ədalət” qəzetinin rəhbərliyinə gəlişiniz necə oldu?
- 1990-cı ildə SSRİ-də Hüquqşünaslar İttifaqı yarandı. Dövlət onlar üçün qəzet də təsis elədi. O cümlədən də bizim Mərkəzi Komitədə qəzet yaradıldı. Nizamnamədə qəzetin adı “Hüquq” idi. Bütün Sovet respublikalarında bu qəzetin nəşri planlaşdırılırdı. Amma o qəzeti bir biz çıxarda bildik, bir də Rusiya ilə Baltikyanı ölkələrdə çıxdı. Qalan ölkələrdə qəzet çıxmadı. O qəzeti bir aya çıxardıq. Mən baş redaktorun birinci müavini, Mehman Cavadoğlu isə mənim müavinim idi. Əslində mən elə baş redaktorun səlahiyyətlərini icra edirdim. Çünki baş redaktor postunda oturan Adil Minbaşı Hüquqşünaslar İttifaqının katibi idi, heç maaş da almırdı. Onun postu fəxri post idi. Qəzetin düz 44 nəfər ştatı var idi. O qədər ştat mənim nəyimə gərək idi, həftəlik qəzeti tək də buraxardım. Amma sovet hökuməti idi, belə məsləhət bilmişdilər.
O vaxt Yusif Rzayevlə Vahid Qazini də işə götürdüm. Onlar əsgərliyə gedib gəlmişdilər, universitetdə oxuyurdular. Əvvəl yarımştat götürdüm, sonra təklif etdim ki, qiyabiyə keçsinlər. Belə də etdilər, sonra bütöv ştata götürdüm. Başqa bir neçə tələbəni də işə götürdüm. Sonralar bir sıra ştatları ləğv etdim. Misal üçün 11 zona müxbirim var idi, indi beşi qalır.
- Bir dəfə “Sovet kəndi” qəzeti ilə əlaqədar yazmışdınız ki, rayona gedəndə katib, prokuror bizi hörmətlə qarşılayırdı.
- İndi elə müxbir yoxdu. Bizim dövrdə jurnalistlik olduqca ciddi və məsuliyyətli peşə idi. Qəzetlərdə hərf, üslub səhvi olmazdı. Bunlar hamısı qəzet işinə ciddilik gətirirdi. İndi də belədirmi? Yox.
- Rayonlarda jurnalistləri necə qarşılayırdılar?
- O vaxtlar rayonlarda jurnalistlərə hörmət edirdilər. Mərkəzi Komitənin qeyri-rəsmi tapşırığı var idi ki, jurnalistlərə hörmət olunsun. Hər qəzetin də özünün çəkisi vardı. Birinci “Kommunsit”, ikinci “Sovet kəndi” qəzeti idi. Üçüncü “Bakı fəhləsi” idi, sonra “Gənclər” qəzeti və sair.
- Necə hörmət olunurdu? Hər qəzetin öz qiyməti var idi?
- Nə bilim qulluq edirdilər də (gülür.) Bu jurnalistin çəkisindən də asılı olan bir şey idi. Yaxşı jurnalist hər kəsdən pul almazdı. Yalnız rayonun yüksək rütbəli vəzifəlilərindən ala bilərdi. Hər kolxoz sədrindən pul aldınsa daha nə oldu. Jurnalist vardı qapısına yaxın düşmək olmazdı, kolxoz sədri kimdir ona nəsə hörmət etsin. Bir şey əlavə edim. Sovet hökumətində sistem bu cür idi. Kim ki deyir rüşvət yox idi, yalan deyir. “Ən xoşbəxt adam” povestimdə də bu məsələyə toxunmuşam, onda buna görə başım ağrımışdı. Jurnalist ezamiyyətə gedir. Qayıdanda, vaqona minəndə ona zərf uzadırlar. Açanda görür ki, içində maaşından qat-qat çox pul var. Sevincək gəlir Bakıya, onu xərcləyir və gözləyir ki, bir də nə vaxt ezamiyyətə göndərəcəklər.
- Bəs bölgü necə idi, redaktorlara da nəsə çatırdı?
- Təbii ki, bunda redaktorun da payı vardı. Əgər rayondan qayıdanda sənə ət, kənd qatığı, pendir qoyublarsa onu tək yeməyəcəksən ki. Redaktor dədənin hambalı deyil ki (gülür).
- Hansı qəzetlərdə rüşvət vardı?
- Bütün qəzetlərdə vardı, təkcə ədəbi orqanlarda yox idi. Ədəbi orqanların heç birində heç vaxt belə şey olmayıb. Heç kim deyə bilməz ki, ədəbi orqanların hansınasa pul verib nəsə çap etdirmişəm.
- Bu nə ilə əlaqədar idi?
- Əvvəla yazıçılar normal yaşayırdılar. Yazıçının bir kitabı nəşr olunanda üç il onun qonorarı ilə dolana bilirdi. Bundan başqa yazıçılar bir yerə ezam olunanda onlara ezamiyyət pulu ayrılırdı, bu pulla normal gedib-gələ bilirdilər. Misal üçün, filan rayona gedib bir kolxozda görüş keçirirdi, heç o biri kolxozlara getməyə ehtiyac qalmırdı. Sədr göndərirdi, üç-dörd kolxoz vərəqəyə möhür vururdu. Sonra vərəqəni Ədəbiyyat Fonduna göndərirdilər, gedib pulunu alırdın.
- “Ədalət” qəzetini nə zaman özəlləşdirdiniz?
- Elçibəy hakimiyyətə gələn ərəfədə qəzeti özəlləşdirdim.
- Müharibə vaxtı deyəsən bəzən dezinformasiyalar da verirdiniz.
- Müharibə vaxtı hamı elə bilirdi ki, mənim qəzetim səngərdə çıxır. Bəli, yeri gələndə, xəbər bizim xeyrimizə işləyəcəkdisə belə xəbərlər də verirdim.
- Başqa nələr edirdiniz ki, başqa qəzetlər etmirdi?
- Mən əski əlifbanı da, latın qrafikasını da, rus dilini də yaxşı bilirdim. Hələ tələbə olanda kitabxanaya gedib “Molla Nəsrəddin”i, “Pravda”nı, başqa qəzetləri oxuyurdum. Əsrin əvvəllərində dərc olunan bütün qəzetləri oxumuşdum.
Əvvəllər qəzetlərdə xəbərlər qəzetin sonuncu səhifəsində verilirdi. Azərbaycanda ilk dəfə mən belə şey etdim, birinci səhifədə xəbərləri verdim.
Bunu özümdən kəşf etməmişdim, “Pravda”da görmüşdüm. Kiçik-kiçik xəbərləri ilk səhifədən verirdim. Qəzetin birinci sayı bomba effekti kimi oldu. Ya da harda görülüb ki, birinci səhifədə şeir verəsən? Onu da mən etdim. Harda görmüsüz ki, karikaturanı da “ardı var” ilə verəsən? Onu da mən edirdim, karikaturanı hissə-hissə verirdim, növbəti sayda isə hamısını bir yerdə verirdim. Təbii ki bunlar asanlıqla baş vermirdi, qarşı çıxanlar da olurdu.
- “Molla Nəsrəddin”dən nəyi mənimsəmişdiniz?
- Xəbərləri ironik şəkildə verirdim. Misal üçün, yazırdım ki, Müdafiə Nazirliyinin maaşını filankəs alır və ya Səhiyyə Nazirliyinin maaşını bəhmənkəs alır. Yəni vəzifəsini yerinə yetirmir, sadəcə maaş alır. Bütün bunlar hamısı “Molla Nəsrəddin”dən gəlirdi.
- “Ədalət”də nə qədər baş redaktor oldunuz?
- 1990-2007-ci illərə qədər işlədim.
- Millət vəkili olanda da işlədiniz?
- Hə, bir müddət işlədim. Sonra vaxt darlığına görə işləyə bilmədim. İradə xanım baş redaktor oldu.
- Başqa qəzet də buraxmısınız?
- “Boz Qurd” və “Müharibə” qəzetlərini nəşr etmişəm. “Müharibə” şəhid ailələrinin həyatından, milli qəhrəmanların şücaətlərindən bəhs edirdi. “Boz qurd” qəzetində isə türkçülüyün tarixindən, türk xalqlarının yaşayışından, türk sərkərdələrinin həyatından bəhs olunurdu. Bu qəzeti məktəblərdə dərslik kimi istifadə edirdilər. “Boz qurd” ilk rəngli qəzet idi. O qəzet 30-40 min tirajla nəşr olunurdu. Maarifçi qəzet idi. Sonra qəzeti siyasiləşdirmək istədilər, mən isə siyasi qəzet buraxmaqdan imtina etdim.
- Sizin reket jurnalistikası barədə məşhur bir fikriniz var: “Bunlar reket yox, dilənçidirlər”.
- Reket jurnalistikasının yaranmasına səbəb sovetlərdən qalma ənənə idi.
Kimlərsə elə bildilər ki, qəzet açacaqlar və hamı onları qəbul edəcək. Əvvəla, o sistemi sovet hökuməti qurmuşdu. İkincisi qəzet az idi. Üçüncüsü isə o dövrün jurnalistləri jurnalist idilər. “Azərbaycan gəncləri” qəzetinin ən zəif jurnalisti indinin baş redaktorlarının çoxunun ən savadlısından bəlkə də ağıllı idi. Şakir Yaqubov vardı. Onun gözünü bağlasaydın da qəzet buraxardı. Və yaxud Mehman Cavadoğlu olsun.
Sovet məktəbi çox güclü idi. Bəziləri sovet dövrünə uyub qəzet açdı, düşdülər rayonların canına. İndi nə kolxoz var, nə sovxoz, hamısı özəl mülkiyyətdir. Kimi qorxudacaqsan? Ancaq şər atmaqla məşğuldurlar. Onlar da məcbur olub dilənçi payı verirlər belələrinə. Ona görə demişəm, bunlar dilənçidirlər. Bunlar reket deyillər, reketdən qorxarlar, bunlar şantajçıdırlar.
- Təcrübəli jurnalist kimi bunun qarşısını almaq üçün hansı təklifləriniz var? Həbslə bunun qarşısını almaq mümkündürmü?
- Adam öldürənə güllənmə cəzası verəndə daha qətl olmur ki? Olur. Artıq qabağı alınmağa doğru gedir. Mətbuat Şurası bununla məşğul olur. Reket qəzetlərin siyahısı hazırlanıb bütün təşkilatlara paylanır, artıq jurnalist gələndə müəssisə rəhbəri siyahını açıb baxır ki, görsün o qəzetin adı bu siyahıda var, ya yox.
- Millət vəkili olmağınız jurnalistika fəaliyyətinizə necə təsir etdi?
- Son illər jurnalistika ilə aktiv məşğul deyildim. Əsasən bədii yaradıcılıqla məşğul idim. Əsas vaxtımı ədəbiyyata sərf edirəm, yalnız gündəmdə olan hadisələrlə bağlı köşə yazıram. Əgər bu gün biri Qurbanəli bəy Mirzə Cəlilin keçəlinə tapança dirəmişdi yazırsa, mən ona necə cavab verməyim? Belə tərbiyəsizlik olar? Keçəl dediyin o başda əlli adamın ağlı vardı. Mən ona dərhal münasibət bildirməsəm olmaz.