Siyasi, hərbi, iqtisadi dühasına görə dünyada böyük şəxsiyyət kimi qəbul edilən müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk, kitablara münasibəti ilə də seçilirdi.
"Kitab oxumaq xüsusi sənətkarlıqdır”, – deyən Atatürk hətta ölüm yatağında olanda belə mütaliəyə davam edib.
Türkiyənin tanınmış köşə yazarı Yılmaz Özdil Atatürkə həsr etdiyi "Mustafa Kamal” kitabında bu barədə çox ətraflı bəhs edib, Atatürkün kitaba, mütaliəyə olan ciddi marağını geniş şəkildə oxuculara təqdim edib.
"...Öyrənmək iştahası sonsuz idi. Öyrənməkdən doymaq bilməzdi.
Kitab oxumaq ondan ötrü nəfəs almaq kimi bir şey idi.
Tripolidə, Çanaqqalada, Qurtuluş savaşında – ən qanlı çarpışmaların ən ağır günlərində belə, kitabı əlindən yerə qoymazdı”.
Xalidə Ədib Adıvar, Fəxrəddin Altay və başqaları bu barədə xatirələrində ətraflı bəhs ediblər. Qurtuluş savaşının ilk illərində İslam tarixini dərindən araşdırıb, öyrənirmiş.
"1916-cı ildə Bitlisi düşmən işğalından azad edərkən Namiq Kamalın "Tarixi-Osmani”sini, Məhmət Əmin Yurdaqulun şeirlərini, Tofiq Fikrətin "Rübabi-şikəstə”sini, Alfons Dodenin "Safo”sunu oxuyurdu.
1918-ci ildə Karlsbadda müalicədə ikən Balzakın əsərlərini oxuyurdu.
Karl Marksın "Kapital” əsəri ilə bağlı yazılan yazıları yaxından izləyirdi”.
1919-cu ildə "Zabit və komandanla həsbi-hal” adlı kitab yazmış, kitab 1000 tirajla çap olunsa da, sonradan qadağan edilmişdi.
1921-ci ildə Türkiyə Böyük Millət Məclisində çıxış edərkən Jan Jak Russonun "İctimai müqavilə” kitabını yuxarı qaldırır:
"Əfəndilər, Jan Jak Russonu əvvəldən axıra qədər oxuyun, mən oxudum”.
1922-ci ildə, cümhuriyyətin elanından əvvəl Yəhya Kamal Bayatlının təklifi ilə İstanbul Universitetinin ədəbiyyat fakültəsi Mustafa Kamala "fəxri professor” titulu vermişdi.
1924-cü ildə Ərzurumda baş verən zəlzələdə zərərçəkmişlərə İstanbullu bir kitabçı indiyə qədər görünməyən bir şəkildə yardım etdi. Zəlzələdən zərərçəkən uşaqlara 1000 lirəlik kitab göndərdi.
Mustafa Kamal bu hadisəni eşidəndə çox təsirləndi və İstanbullu kitabçı Hilmi bəyə şəxsən teleqram göndərdi:
"...Elm və ürfan əldə etmiş bir millətin hər cür fəlakətə, – bu təbiətdən gəlsə belə, – çarə tapa biləcəyinə işarə edən bu qəbildən hədiyyəniz bütün millətimiz tərəfindən təqdirəlayiq şəkildə qəbul edilir. Prezident, Qazi Mustafa Kamal”.
1927-ci ildə cəmi 3 ay ərzində "Nitq” əsərini (Kitabın 534 səhifəsi Atatürkün yazdıqlarından, 308 səhifəsi isə məktub və teleqramlardan ibarət idi) yazdı sonra həmin əsəri 6 gün ərzində, gündə 6 saat olmaqla şəxsən Türkiyə Böyük Millət Məclisinin kürsüsündən özü oxudu.
Hər il orta hesabla 100-150 min tirajla satılan "Nitq”, 2018-ci ildə Türkiyədə ən çox satılan kitabların siyahısında idi.
Cümhuriyyətin onuncu ildönümündə İzmir Milli Kitabxanasını açmağa nail olan Atatürk, 1934-cü ildə Türkiyəyə səfərə gələn İran şahını həmin kitabxanaya apararaq gəzdirdi.
Atatürk dünya tarixində qonaq dövlət başçısını kitabxanaya aparan ilk və yeganə dövlət başçısı idi!
1938-ci ildə dünyanın nüfuzlu ədəbiyyat təşkilatlarından biri olan Mark Tven Cəmiyyəti onu fəxri üzvlüyə dəvət etdi.
Ən çox sevdiyi, hərbi məktəblərdə tədris etməyi tövsiyə etdiyi kitab rus yazıçısı Qriqori Petrovun "Ağ zanbaqlar ölkəsində” əsəri idi.
Fantastik romanları ilə tanınan Herbert Corc Uellsi oxuyurdu. Onun "Tarixin son xətti” əsərini fransız dilinə tərcüməsindən oxumuş və təsirlənmiş, "Nitq”də bu əsərdən bəhs etmişdi.
O təkcə bədii ədəbiyyat oxumurdu.
Eynşteynin nəzəriyyələrindən xəbərdar idi, fizikaya dair elmi-nəzəri kitablar, tikinti sahəsindən bəhs edən kitablar oxuyurdu.
Alfred Fulyenin "Avropa millətlərinin mənəviyyatı” əsərini bir gecəyə oxumuş və çox bəyənmişdi.
Lenin məqalələrindən ibarət, 1920-ci ildə Bakıda çap olunan "Burja demokratiyası ilə proletariatın diktaturası” adlı kitabı oxumuşdu və kitabxanasında saxlayırdı.
Lüdviq Büxnerin "Ruh fənni”, Avraam Qalantinn "Hammurapi qanunu”, Con Stüart Millin "Azadlıq”, Ömər Xəyyamın "Rübailər”, Şekspirin "Romeo və Cülyettas”, Homerin "İliada” əsərlərini oxumuşdu.
"İstanbul Universitetinin kitabxanasından kitab alanda "15 günə qaytaracağına” dair kağız imzalayırdı”.
"Paris, London, Roma və Vyanadakı türk səfirliklərinə rəsmi məktubla siyahı göndərir, kitablar sifariş verirdi. Hamısının pulunu da cibindən ödəyirdi”.
Mütaliə dairəsi geniş idi. 1935-ci ildə Parisdəki səfirliyə göndərilmiş siyahıda, "iqtisadiyyat, statistika, sosiologiya, konstitusiya hüququ, antropologiya, dinlərin tarixi, diplomatiya tarixi, elmlərin tarixi, fəlsəfə tarixi, incəsənət tarixi, yaxın keçmişin ədəbiyyatı” mövzularında kitablar vardı.
Bəzən də birbaşa əcnəbi kitab evlərinə sifarişlər verərdi. Məsələn, Fransadakı "Sirey” kitab evinə verdiyi sifarişlər 24 bağlamada göndərilmişdi...
"Dekartın, Kantın əsərlərini türk dilinə tərcümə etdirdi.
Ogüst Kontun düşüncələri ilə hələ tələbə vaxtından tanış olmuşdu. Emil Dürkheymi oxuyurdu”.
Ən böyük maraq dairəsindən biri də lüğət kitabları idi. Müxtəlif dillərə aid lüğətlər kitabxanasında olar, mütəmadi olaraq həmin kitabları oxuyaraq qeydlər edərdi.
48 saat fasiləsiz kitab oxuyarmış...
...Və dünyaya gözlərini yummazdan əvvəl Türk Tarix Qurumunun "Bülleten”ini oxumuşdu...
artkaspi.az