BOMJ-ların bıçaqlamaq istədiyi qarovulçu - REPORTAJ

BOMJ-ların bıçaqlamaq istədiyi qarovulçu - <span style="color:red;">REPORTAJ
8 sentyabr 2017
# 09:00

Kulis.az “Həyatın içi” layihəsindən Ayxan Ayvazın qarovulçu Nurəli dayı ilə bağlı yazısını təqdim edir.

Onun həyatı qazonların arasında keçir. Çox gurultulu çıxdı? Qazonların arasında keçir deyəndə ağlınıza ayrı şey gəlməsin. Bu dəqiqə əlinizi alnınıza qoyub fikrə getməyin bir qədər. Yox BOMJ deyil hekayəmizin qəhrəmanı. Özünüzü yormayın, sizə əziyyət verməyəcəm, növbəti abzasda qəhrəmanımızı tanıyacaqsınız.

Adı Nurəlidir, biz ona Nurəli dayı deyirik. Zəngəzurdandı... Qafan rayonunun Pürülü kəndindən... 1981-ci ildən gəlib Bakıya...

- Qəzetdə sürücülük elanı gördüm, gəldim Bakıya işləməyə... – deyir Nurəli dayı.

Gələn kimi də işə düzəlib. Çünki sürücülük təhsili vardı. Bir müddət işləyəndən sonra səhhətində problemlər yaranıb. Biz onu tanıyanda qarovulçuluq edirdi.

Fotoqrafla məni tut ağacının altında gözləyir. Gəlin, Nurəli dayıya bir ləqəb qoşaq. Məsələn, Qazonlar padşahı. Yox, bu nəsə çox bayağı səsləndi. Elə deyil? Qazonlar padşahı nədir? Yaxşı, olsun, Qazonların keşikçisi… Amma burda da…

- Mən nəzarət eləyirəm bura. – Nurəli dayı ağlımda hərlənən, bir yerə çıxa bilməyən fikirləri qəfil saxlayır. – Qazonlara baxıram. De ha düz ordan. - Əlimi alnımda günlük eləyib uzağa baxıram, amma bu uzaq elə də uzaq deyil, yaxın uzaqdı, doğma uzaqdı, gedib çatacağın uzaqdı.

Nurəli dayının portretini tamamlayacaq bir alət var: şlanq. Onsuz portretin əsas rəngi getmiş olar. Əlində şlanq səhər çağı qazonları sulayan kişi gördünüzsə, əmin olun, Nurəli dayıdır.

- Yaxşı seyrangah qurmusan burda, dayı! – deyirəm, gülümsəyərək.

Kartonlardan çarpayı yaradıb (açığı bu kəşfi məni heyrətləndirdi), balaca da yastıq qoyub. Başının üstündə də tut ağacının qalın və mərhəmətli kölgəsi...

- Arada burda dincəlirəm. – deyir – Səhər gəlib sulayıram, bir də axşam gəlib sulayıram. Boş vaxtımda da bu ağacın altında dincəlirəm.

Sizə elə gəlməsin ki, bizim Nurəli dayının portreti artıq hazırdır. Əksik olan bir şey var. Qazon tamam, şlanq da tamam. Kartondan düzələn çarpayı da yerində. Bir də maşın. Aha, bax bu yaddan çıxmışdı. Hərdən Nurəli dayı macal tapıb maşınla ova çıxır. Yox, yenə səhv fikirləşirsiniz. Ov deyəndə ağlınız çöllüyə gedir. Bu ov başqa ovdur. Nurəli dayı arada taksi sürücüsü olur, minir maşına, bəxtinə düşsə beşdən-üçdən qazanır. Qəribə gəldi? Qazonlara baxan Nurəli dayı həm də taksi şoferiymiş. Nə olacaq ki? Bacarana baş qurban. Təki Nurəli kişi kimi gülərüz və zarafatcıl adamların sayı çox olsun.

Bu dəm cavan bir oğlan yaxınlaşır bizə, üzündə güllər açılıb.

- Siz indi Nurəli dayını çəkirsiniz?

- Hə, reportaj eləyirik.

- Elə eləyin ziyan gəlməsin ha kişiyə. Yaxşı kişidi.

Sən demə, bu cavan oğlan bir aydır gəlib bura, yolun o biri tərəfindəki binada qarovulçuluq eləyir. 20 il qazonların keşiyində duran Nurəli dayıyla dostlaşıblar.

- Qardaş, siz indi bu kişinin nəyini yazırsınız? Maraqlıdır mənə…

Mən izah edirəm, o isə sual verir.

- Bəlkə sən də jurnalist işləyəsən? – zarafata salıram.

Nurəli dayı yalandan ona təpinir: “A kişi, bəsdi də…”

- Mən nə edirəm ki? Soruşuram da…

Fikir verməyin, cavan qarovulçudur, hələ həyat ona öz sərt üzünü göstərməyib. Nurəli dayı kimi 20 ildir… Nəsə… Harda qalmışdıq? Taksi söhbətini keçdik. Hə… Yadıma düşdü. Nurəli dayının evini söküblər. Nəcəfqulu Rəfiyev küçəsindəki söküntü geniş tikinti işlərinə görə. Plana düşübmüş… Hələ işlədiyi yer də buldozerin qabağında can verib. Elə o gündən Nurəli dayının əlində bircə iş qalıb: qazonları sulamaq!

Xeyirxahdır Nurəli dayı! Bu ərazilərdə kimin maşını nasazlasa, kim qəzaya düşsə, kim yol azsa, kimə hər hansı bir kömək lazım olsa özünü yetirər, həyan olar, əl tutar... Özü də təmənnasız!

- Ayə! – yolun o tayında maşından düşən qırmızı köynəkli kişini səsləyir. – Gör, heç eşidir?!

Cavan qarovulçu da fürsətdən istifadə edib kartondan düzəldilmiş çarpayıya uzanır.

- Mən ona kirayə haqqı verməliyəm. Kirayədə yaşayıram axı mən.

- Nə qədərə?

- 400 manat. Bu iş yaxşıdır, amma maaş azdır. Özüm şəkər xəstəsiyəm. Keçən dəfə “aperasiya” olmuşam.

- Allah şəfa versin.

- Yaşlanmışam da uje…

Qocaman Nurəli dayı! Bir oğlu evlənib, qızları köçüb, balaca qızı da oxuyur. Nəvələri də dizinə çıxır. Hərdən tut ağacının altında uzanarkən, bir az fikrə gedərkən gəncliyində əlinə keçən xoşbəxtliyin rəngi gözünün qabağına gəlir, açıb baxanda görür ki, qazonun yaşıl rəngidir, bir az da saralıb.

Hərdən Nurəli dayının bu xəyallar aləmindən uzaqlaşdıran da olur. Qoymurlar kişi rahatca tut ağacının altında xatirələrə lövbər atsın. Olmur da, mərdimazar gəlib çıxır.

- Ode, o gün qazonların üstündə uzanıb yatan alkaşlar!

Hələ bir gün BOMJ-larla tutaşıb Nurəli dayı. Deyib, çıxın gedin burdan. Onlar da nə etsə yaxşıdır? Bıçaq çıxarıb üstünə gəliblər kişinin.

- Bıçaq?

- Hə, arada qarpız zad kəsirlər. – Nurəli dayı deyir. Qorxana oxşamır – Gəldilər üstümə. Mən neyləyim? Buranı tapşırıblar mənə. Qovdum onları axırı.

- Onlar neyləsin e? Qalacaq yerləri yoxdur.

Bu arada yenə cavan qarovulçu söhbətə qarışır:

- Yəni bu kişi BOMJ deyil. Onu niyə çəkirsiniz? Faciəvi həyatı da yoxdur.

- Bizə faciə lazım deyil.

Cavan qarovulçu yenə söz demək istəyəndə “ustad şilləsi” yeyir. Nurəli dayının təpiyi də kar eləmir amma, yenə dil qəfəsə qoymadan danışır.

- Çox danışandı. Yaxşı oğlandı amma. – Nurəli dayı yumşalır. - Bacıoğludu. Mən olmayanda şlanqların yerini dəyişir, qazonu sulayır.

- Maksimi danış, sən canın, Maksimi… - oğlan gülə-gülə deyir.

- Əşşi, onun nəyini danışım?

- Qardaş, - cavan qarovulçu mənə deyir. – ondan yaxşı söhbət eləyə bilərsiniz. Rusiyada, Germaniyada olub. Yaman macəraları var. Özü də qoysan saatlarla söhbət edər.

- Nə söhbət eləyəcək e? – Nurəli dayı əsəbiləşir.

- Nə məsələdir? – maraqlanıram.

Məlum olur ki, günlərin birində bu Maksim deyilən adam Nurəli dayının şlanqını oğurlayıb.

- Öz şlanqım olsa cəhənnəm, dövlətin verdiyi şlanqdı.

- Maksim niyə? Rusdur?

- Rusiyada çox olub deyə Maksim deyirlər.

- Şlanqı oğurlayıb deyə küsmüsünüz?

- Hə…

- Barışmaq fikriniz yoxdur?

- Yox…

- Bir şlanqdı da… - aranı yumşaltmağa çalışıram.

- Çox maraqlı adamdı e… - cavan oğlan deyir. - Rusiyada nələr eləyib.

- Nə eləyib e? – Nurəli dayı təzədən cin atına minir, qaşları çatılır.

- Futbol federasiyasının məşqçisi olub.

- Heç futbol nəyinin… - Nurəli dayı mənə deyir. – belə eləyər?

- Əşşi, niyə eləmir. O, “vor”ların içində olub.

- Bəs axırı nə oldu bu işin? – araya girirəm.

- Heç nə şlanqı apardı öz tərəfinə. Bu işlədiyi yerdə “axrana”dı, “smenlə” işləyirlər.

- Qaytarmadı?

- Yox.

- Niyə ala bilmirsiniz?

- Qorxur da… - cavan qarovulçu deyir. – 55 yaşı var Maksimin, indi də çox cavandan güclü futbol oynayar.

- Ayə! – Nurəli dayı kiməsə səslənir. – Bura bax görüm!

- Maksim budur?

- Yox, əşşi. Onun smeni sabahdı.

- Mənə bir su al da… - yolun o tərəfindəki adama deyir.

- Nə? – maşın səslərinə qarışır sualı.

- Deyirəm bir su al da…

- Su… Yaxşı… Qazlı?

- Hə, qadan alım…

Nurəli dayı məmnunluqla gülümsünür.

- Nurəli dayı, bu kim idi?

- Dostumdu. Mən çoxdandı burda işləyirəm axı. Hamı məni tanıyır.

Tut ağacı Nurəli dayının arxasında təbəssümlə yellənir.

- Siz bu kişini “Dublbom” niyə çəkmirsiniz? – yenə cavan qarovulçu.

- Niyə ki? – gülmək tutur məni.

- Çəkin, mükafat alsın da.

- Orda mükafat olur ki? Özü də “Dumblbom” var indi?

- Hə, niyə noxdu? Axırda qalibə mükafat verirlər.

- Neçə vaxtdır televizora baxmıram e… Bəs nə təhər çəkək Nurəli dayını?

- Nə bilim… - görünür oğlan bunu düşünməmişdi. – Əlində şlanq…

Arxasını gətirə bilmir. Yumor hissi zəifdir, zarafatını sona çatdıra bilmir. Amma Nurəli dayı ustad kimi özünü irəli verir və şapalaq kimi onun sözünə yekun vurur:

- Əlimdə şlanq səni sulayardım!

Qazonların üstündəki su damcıları günəşin altında mirvari kimi parıldayır…

# 2497 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #