Azərbaycan teatrının Oyun Babası - Vaqif İbrahimoğlu 70

Azərbaycan teatrının Oyun Babası - Vaqif İbrahimoğlu  70
18 oktyabr 2019
# 14:21

Bu gün müasir Azərbaycan teatrına ən çox təsir etmiş rejissorun, Yuğ teatrının yaradıcısı Vaqif İbrahimoğlunun anadan olmasından 70 il keçir. Bu tarix həm də Azərbaycan teatrında ironiya, intellektuallıq, həcv, rişxənd, intellektual yumor, qeyri-ənənəvi səhnə, qeyri-ənənəvi aktyor oyunu ilə iz salmış Yuğ teatrının yaranma tarixidir.

Bu gün əvvəlki Yuğ teatrı yoxdur. Həm də tək bina olaraq deyil, məkan olaraq deyil, gedəcək bir yer olaraq yoxdur. Qapısını gələnə-gedənə açıq qoyan, hər kəsə özü ilə baş-başa qalmaq üçün zaman biçən, danışmaq, düşünmək, dinləmək, seyr etmək üçün üz tuta, ya da hansısa ironiyadan, çox zaman da özünlə üzbəüz qaldığın oyundan inciyib üz çevirə biləcəyin məkan yoxdur.

Vaqif İbrahimoğludan cismən zaman olaraq uzaqlaşdıqca onu daha yaxşı başa düşürsən. İbrahimoğlunun oyun ehtirası səhnə ilə hüdudlanmırdı; o, az qala təzəcə ünsiyyətdə olduğu hər kəsə bir oyun təklif etməyi sevirdi. Teatrda, aktyora münasibətdə onun yanaşması nə idisə, adamlarla qurduğu oyunlarda da məhz o idi: öz kimliyinlə obrazın arasında yaşamaq. Və bu an o ilahi məqama çatmaq - özünlə təkbətək qaldığın o məqama. Yuğ teatrı da bunun üçün idi. Adı xeyli savadlı səslənən, təşəxxüslə işlədilən “Psixosof poetikası” – da “ruhun hikməti”nə can atmaqdan ötrü axtarılan metodlar idi.

Yuğ teatrını sıradan teatr olmaqdan xilas edən də məhz bunlar idi. İbrahimoğlunun qurduğu oyunlar öz kimliyinə qovuşmaq üçün idi. Vaxtilə Rejissor Vaqif İbrahimoğlu ilə söhbət edəndə, Yuğ teatrına ayaq qoyanda bilmirdik ki, biz də daimi truppada olmasaq da, aktyorlarıq. Deməli, bu gün inadla tamaşaçını iştirakçıya, müşahidəçiyə çevirmək istəyən, onu oyuna çəkən, baxmağa, seçməyə çağıran müxtəlif müasir teatr formalarının (Site-specifik, Promenad) istədiyindən də artığına illər əvvəl çatmışıq. Özümüz bilməsək də.

Bu gün bunları bizə yaşadan Oyun Babası həyatda yoxdur. Özünün və teatrınınsa doğum günüdür. Oysa mən əminəm, əsl sənətçinin ölüm günü olmur. Həp doğum günü... Doğum günün mübarək, qapısını hər kəsə açıq qoyan rejissor – Vaqif İbrahimoğlu!

# 8653 dəfə oxunub

Oxşar xəbərlər

Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

17:00 24 iyul 2026
Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

15:46 24 iyul 2026
“Space TV”nin bank hesablarına həbs qoyuldu

“Space TV”nin bank hesablarına həbs qoyuldu

14:46 24 iyul 2026
Fatih Altaylı və Hazal  Kaya ifadəyə çağırıldı

Fatih Altaylı və Hazal Kaya ifadəyə çağırıldı

14:30 24 iyul 2026
“Kamal Abdulla və postmodernizm”  kitabı ingilis dilində çap olundu

“Kamal Abdulla və postmodernizm” kitabı ingilis dilində çap olundu

14:00 24 iyul 2026
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

13:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər