Dünəndən bu günə Türkiyə hekayəsi - Qismət yazır…

Dünəndən bu günə Türkiyə hekayəsi - Qismət yazır…
28 iyun 2019
# 17:03

“Dünya ədəbiyyatı” dərgisinin xüsusi sayı üçün

Hekayə, yoxsa öykü?

Qərb ədəbiyyatında hekayə ilə bağlı ilk nəzəri yazı 1842-ci ildə Nataniel Houtorun “İki dəfə danışılan hekayələr” kitabına Edqar Ponun yazdığı manifestal xarakterli önsöz hesab edilir. Edqar Podan düz 31 il sonra, 1873-cü ildə, “Tənzimat dövrü” türk ədəbiyyatının ən vacib müəlliflərindən olan Əhməd Midhət Əfəndi hekayə ilə romanın fərqini izah etməyə çalışan məqalələr yazmağa başlayıb.

Xalid Ziya Uşaqlıgil 1889-cü ildə, 23 yaşında “Hekayə” adlı nəzəri bir kitab yazıb. Lakin bu kitab daha çox realizmlə romantizmin roman janrı kontekstində müqayisəsidir və belə görünür ki, həmin illərdə hekayənin müstəqil janr kimi dərki hələ problemli idi.

1890-cı ildə bu nəzəri axtarışa, bölgü cəhdinə Rəcaizadə Mahmud Əkrəm də qoşulur, fransız ədəbiyyatından misallar gətirərək hekayənin ayrıca bir janr olduğunu qeyd edir.

1891-cı ildə Nəbizadə Nazim “Haspa” adlı hekayələr kitabının önsözündə janrın sərhədlərini müəyyənləşdirməyə çalışaraq yazır ki, hekayə təfsilatsız romandır, xülasədir, icmaldır.

Cumhuriyyət dövrünə qədər çoxsaylı hekayə kitabları çap olunmaqla yanaşı, bu yöndə nəzəri axtarışlar da davam edir. 1940-cı illərin axırlarında, dövrünün ən fəal tənqidçilərindən olan Nurullah Ataç “hekayə” yerinə “öykü” sözünü dövriyyəyə buraxır. Ataç “öykünmək, təqlid etmək” mənasına gələn “öykü” terminini həm ərəbcə “hakəvə” feilindən yaranan “hekayə”nin ekvivalenti kimi, həm də süjet mənasında işlədirdi. Nurullah Ataçla birlikdə Türkiyə ədəbiyyatında bu günə qədər davam edən, zaman-zaman gündəmə gələn “hekayə, yoxsa öykü?” polemikası da başlanır. O vaxtdan iki cəbhə yaranır: birincilər deyirlər ki, “hekayə” sözü təhkiyəli mətnlərin ümumi adıdır, yəni bizdəki təxmini qarşılığı “nəsr, hekayət, əhvalat, rəvayət” olan sözdür, “öykü” isə hekayətlərin, əhvalatların konkret qaydalara əsasən qurulduğu bədii formadır, janrdır. Belə ki, danışdığımız hər şey hekayədir, amma fiksiya olunmamış hər şey “öykü” deyil, yəni “öykü” hekayənin düşünülmüş kompozisiya daxilində ifadəsidir. İkincilər isə deyir ki, hekayə sözü hər şeyi əhatə edəcək qədər genişdir.

Bu ikicə sözün üstündə gedən mübahisə, əslində, bu günə qədər davam edən iki fərqli estetik platformadır: 1) Ədəbiyyatı daha çox cəmiyyətdəki problemlərin ifadəsi kimi görən, yəni müəyyən mənada onu eləcə vasitə hesab edən, buna görə də onun müstəqil bir sahə kimi öz daxili estetik məqsədlərini çox da vacib saymayanlarla; 2) təkcə nəyi yazmağı yox, həm də necə yazmağı düşünən, buna görə də tema, mövzu məsələlərilə yanaşı, üslub, forma problemlərini ciddi müzakirə predmetinə çevirən, ədəbiyyatı təkcə vasitə kimi yox, həm də məqsəd kimi başa düşənlərin çəkişməsi!

“Tənzimat” və “Sərvəti-fünun” hekayəçiliyi

Əhməd Həmdi Tanpınar “XIX əsr Türk ədəbiyyatı tarixi” kitabında yazır ki, avropa tipli hekayəyə ədəbiyyatımızda ilk təşəbbüs Əhməd Midhət Əfəndinin 1870-ci ildə çap etdirdiyi “Lətaifi-Rəvayət” kitabıdır. İkinci təşəbbüs isə Əmin Nihad Bəyin 1871-75-ci illər arasında çapdan çıxan “Müsamirənamə” əsəridir. Əslində sırf xronoloji yöndən baxanda, “Tənzimat fərmanı”yla (1839) başlayan yeniləşmə hərəkatının içində, hələ xeyli öncə - 1790-cı illərdə yazılan bir əsər çap edildi ki, bəzi mütəxəssislərin fikrincə, yeni Türkiyə hekayəsinə keçid bu kitabla bağlıdır. Bu, Kritli Əziz Əfəndinin 1868-ci ildə çap olunan “Müxəyyəlat” (“Xəyallar”) kitabıdır. Tanpınar “Xəyallar”ı türk hekayə ənənəsi yox, “Min bir gecə nağılları”nın aid olduğu ənənə içində qiymətləndirir və Əhməd Midhətin kitabını başlanğıc kimi seçir.

Səlim İləri “Türk hekayəçiliyinin əsas xətləri” adlı məqaləsində “Tənzimat dövrü” hekayəçiliyini belə ümumiləşdirir: “Tənzimat dövrü hekayəçilərini bir neçə qrupa bölə bilərik:

a)Osmanlı İmperiyasının üzdəki yeniləşmə islahatlarını kütlənin başa düşdüyü kimi əks etdirən, yəni yarımziyalı xüsusiyyətlərdən xilas olmamış yazıçılar (Əhməd Midhət, Əmin Nihad)

b) Tarixin gedişatını başa düşmüş, cəmiyyəti bu gedişatın içində qiymətləndirməyə çalışan, siyasi seçimlər etmiş, hekayəni müasirləşdirmək istəyən yazıçılar (Nəbizadə Nazim)

c) Samipaşazadə Səzai isə, bəlkə də, bu iki qrupun keçidindəydi, hekayələrində ən azından müşahidə vardı...”

“Klassik dövr” ədəbiyyatı ilə “Tənzimat ədəbiyyatı” arasındakı başlıca fərq, yəqin ki, insanın daxili dünyasının hekayənin əsas mövzusu olmağa başlaması idi. Əvvəllər ayla, günəşlə, şamla, xəyalla söhbət edən müəlliflər mərkəzə insanı, insanın daxili dünyasını gətirməyə başladılar. “Tənzimat”ın ilk dövrlərində konflikt daha çox insan və cəmiyyət, mentalitet üstündə qurulurdu ki, bu dövrdə yazıçılar ədəbiyyat vasitəsilə cəmiyyəti tərbiyələndirmək, yeniliklərdən xəbərdar etmək istəyirdilər. Sonradan “Yaşılçam” filmlərinin də mövzusu olacaq bir xeyli klişe bu dövrdə ortaya çıxdı. Məsələn, mövzu fərdi seçimlə evlənməkdirsə, konfliktin bir başında bir oğlan-bir qız, o biri başında isə valideynlərin seçimləri, istəkləri olurdu. Cumhuriyyət dövrünə doğru realist, naturalist meyillər güclənir, mistika, fantastika yoxa çıxmağa başlayır. Xalid Ziya Uşaqlıgil “Hekayə” adlı nəzəri kitabında realizmin tərəfində durub romantiklərə “nağılbaz” deyirdi. Əksər ölkələrin ədəbiyyatında olduğu kimi, Türkiyə nəsrinə də mistik, fantastik elementlər bir də postmodern dövrün “köhnənin yenidən dəyərləndirməsi” kontekstində qayıtdı və yazıçılar babasının, nənəsinin zirzəmidəki sandığından nəsə tapan uşaq həyəcanı ilə bu fəndlərin tozunu alıb işlətməyə başladılar.

Türk ədəbiyyatında “Sərvəti-Fünun” adlanan dövrün yazıçıları “Tənzimat” ədəbiyyatçılarından fərqli olaraq artıq hekayəni ciddi janr kimi qəbul edirdilər. Bu dövrdə şəhər – İstanbul bədii mətnə daxil olur, üstəlik, yazıçılar artıq sənətin nəzəri məsələlərinə sistemli şəkildə diqqət ayırmağa başlayırlar. Məhməd Raufun, Hüseyn Cahidin, Xalid Ziyanın əsərləri bu dövrdə ortaya çıxıb. Bəzən “Sərvəti-Fünun”çulara Cumhuriyyət ədəbiyyatına gedən yola zəmin hazırlamaq mənasında “ara nəsil” də deyirlər. Belə ki, bu dövrün xarakteristik özəlliklərindən biri tərcümə ədəbiyyatının çoxalmasıdır. Xüsusilə Qərb ədəbiyyatından olan nəsr tərcümələri sonrakı ədəbiyyatçılar üçün ciddi qaynaq rolu oynayıb.

Cümhuriyyətdən sonranın hekayəsi

1911-ci ildə Ömər Seyfəddin və Ziya Gökalpın çap etdirdikləri “Gənc qələmlər” dərgisi ətrafında formalaşan, fərqli sənət anlayışlarını müdafiə edən sənətçilərin dəstək verdikləri, ədəbiyyat tarixində “Milli ədəbiyyat” adlanan hərəkat yarandı. Bu hərəkatın ətrafında türkçülük, milli dəyərlər, “Avropanın yaxşı tərəflərini götürmək” kimi tezislər ön plana çıxdı. Əvvəla, dildə yeniləşmə, sadələşmə hərəkatı başlandı ki, bu, prozaya geniş imkanlar açdı, yazıçılar hekayəçilikdə daha ardıcıl oldular.

Bu dövrdə realist hekayənin ustası Ömər Seyfəddin məşhurlaşdı. Ömər Seyfəddin Rumelidə olduğu illərdə bu torpaqların Osmanlının əlindən çıxdığını, əsr¬lər boyu türklərin idarəçiliyində yaşamış millətlərin xarici dövlətlərin təhrikiylə türk düşməninə çevrilməsini müşahidə etmişdi. Təzə əsrin dəyişən şərtlərində Osmanlı İmperiyası texnoloji baxımdan Qərbə uduzur və bu geriləmə orduda da özünü göstərirdi. Ömər Seyfəddin bu geriləmənin əsas səbəbini milli şüurun yoxluğunda görürdü. Ona görə də yazıçının “Əski qəhrəmanlar” adlı silsilə hekayələrində milli şüur yaratmaq kimi bir idealı vardı. Onun fikrincə, türklər Osmanlıçığa yox, türkçülüyə söykənməlidirlər. Qəribə şəkildə indinin Türkiyəsində də millətçilik bu tezisin astar üzündən boy göstərir: “Cumhuriyyət Osmanlının davamı idi” şəklində...

Milli ədəbiyyat dövründə ölkə fasiləsiz müharibələr içindəydi. Müharibələr geniş coğrafi ərazini əhatə edirdi və bu, qaçılmaz şəkildə çoxsaylı insanın həyatını köklü şəkildə dəyişdirirdi. İmperiya modernləşməkdə çətinlik çəkir, sürətlə çöküşə gedirdi. Bütün bunlar ədəbiyyat dünyasına da təsirsiz ötüşmürdü. Bu dövrdə hekayələrin mövzusundan tutmuş, personajlarına, sujetinə, zaman və məkanına qədər, hər şey dəyişir, başqalaşırdı. Belə ki, hekayələrdə sujeti müəyyənləşdirən, konfliktdə olan tərəflər əvvəlki illərdən tamam fərqlənirdi: əksərən bir tərəfdə zülmə uğrayan türk insanı, digər tərəfdə isə hücum çəkən, işğalçı tərəf olurdu. Əzilənlər qalib gəlir, milli hisslər güclənirdi.

İstiqlal Savaşı dövründə hekayələrin mərkəzi məkanı İstanbuldan Anadoluya keçir. Sonralar uzun illər ədəbiyyatın ana damarlarında özünü yer edəcək Anadolu insanları bu dövrdə kütləvi şəkildə nəsrin mövzusu olur.

Ömər Seyfəddin çağının Türkiyə ədəbiyyatşünaslığı müəyyən şərtiliklə hekayəni təxminən iki istiqamətə bölürdü: Mopassanvari hekayə və Çexovvari hekayə. Həmin dövrdən başlayaraq bu günə qədər Türkiyə ədəbiyyatşünaslığında Mopassan tərzi daha çox hadisə, sujet üzərində qurulan novellavari hekayələrə, Çexov tərzi isə daha çox “durum, an” hekayələrinə deyilir. Bu sırada Ömər Seyfəddinin hekayələri daha çox Mopassan tərzinə aid edilir.

Cumhuriyyətin ilk illərində daha çox romanları ilə məşhurlaşan Xalidə Ədib Adıvar, Rəşad Nuri Güntəkin, Yaqub Qədri Qaraosmanoğlu kimi müəlliflər 1923-cü ildən əvvəl bir neçə hekayə kitabı da çap etdirmişdilər. Hər üç müəllifin də hekayələrinin əsas mövzusu qız uşaqlarının təhsili, din pərdəsi altında gizlənən bədniyyətlər, riyakarlar, insanların güzəran qayğıları idi.

1923-40-cı illər arasında Fəxri Cəlaləddin Göytulqa, Ərcümənd Əkrəm, Nahid Sirri Örik, Səbahəddin Əli, Səid Faiq Əbasıyanıq, Əhməd Naim və başqa müəlliflər hekayə kitabları ilə ortaya çıxdılar.

Onlardan ikisi haqqında xüsusi danışmağa ehtiyac var: Səbahəddin Əli və Səid Faiq Əbasıyanıq.

Dillərdə gəzən şeirlərin, mahnı mətnlərinin və üç məşhur romanın (“Xəz paltolu Madonna”, “Quyucaqlı Yusif”, “İçimizdəki şeytan”) müəllifi Səbahəddin Əli çoxsaylı hekayələrini müxtəlif kitablarda toplamışdı. O, bəlkə də, Türkiyənin sosial-realist mövzuları şüurlu, sistemli şəkildə mətnlərinə gətirən və Türkiyə kəndlisini bütün təfərrüatı ilə analiz edən ilk müəllifdir. Sevdiyi müəlliflər arasında Qorkinin, Turgenevin, Hamsunun adını çəkən müəllifin hekayələrində mövzular əsasən sosial problemlərlə bağlıdır: fəhlələrin iş şəraiti, sığortasızlıq, aşağı maaşlar, müdir-işçi münasibətləri, məhbusların vəziyyəti bu baxımdan ön planda olan mövzulardır.

“Animasyon İmkânlar Dahilinde Olmayanı Gösterir”

Səid Faiq Əbasıyanıq Türkiyə hekayəçiliyində ən böyük estetik inqilabın banisi hesab edilir. Bugünkü modern Türkiyə hekayəçilərinin əksəri onu özünün ədəbi əcdadı sayır. Onun adı və sintaksisi belə, öz dövrü üçün qeyri-adi olan “Aləmdağda var bir ilan” hekayələr kitabı postmodernistlər tərəfindən “canında rüşeym halında postmodernist komponentlər daşıyan” hekayələr kimi qəbul edilir. Hətta belə deyənlərd də var ki, “yeni rus ədəbiyyatı Qoqolun “Şinel”indən çıxdığı kimi, biz də Səid Faiqin bu kitabından çıxmışıq”. Əsasən fransız prozasından təsirlənən Səid Faiq ən çox Andre Jidə heyran olduğunu qeyd edib. Səid Faiqin hekayələrini önə çıxaran cəhətlər nədir?

Birincisi, onun əksər hekayələrində, kasıbından varlısına, bütün insanların iqtidar hissinə qapılanda şərə yaxınlaşmasından bəhs olunur. Yazıçı öz dövründə klişe olan düşüncənin əksinə, iqtidarın, gücün təkcə dövlətlə fərd arasında yox, iki insanın olduğu hər yerdə yarandığını və insanın buna görə əzab çəkdiyini, tənhalaşdığını, özgələşdiyini yazırdı.

İkincisi, Səid Faiqlə birlikdə Türkiyə hekayəsi yığcamlaşır, detallar yüksək bədii səviyyəyə qalxır, ideoloji klişelərin bəsit sentimentalizmi həqiqi insan hissiyatı ilə əvəzlənir. Səid Faiq hekayələrinin finalı süni göz yaşından da, yalançı ümiddən uzaqdır.

40-cı illər Türkiyə nəsrində Məmduh Şövkət Əsəndal, Halikarnas Balıqçısı (Cavad Şakir Qabaağaclı), Əhməd Həmdi Tanpınar, Kamal Tahir, Orxan Kamal, Cövdət Qüdrət, Yaşar Kamal kimi imzalar parladılar, onların hər biri sonradan daha çox romançı kimi tanınsalar da, ən azı bir kitablıq hekayə də yazıblar. Bir neçəsindən xüsusi danışmağa dəyər.

Məmduh Şövkət Əsəndalın Türkiyə Xarici İşlər Nazirliyində təxminən 20 il davam edən diplomatik fəaliyyətinin başlanğıcı Azərbaycanla bağlıdır. O, Türkiyənin Azərbaycandakı ilk səfiri, ilk diplomatik təmsilçisidir. Məmduh Şövkət yazır ki, Bakıda işləməyimin bir üstünlüyü də rus dilini oxumaq, yazmaq və ünsiyyət qurmaq səviyyəsində öyrənməyim oldu. Bakıda rus dilini öyrənən Məmduh Şövkət orijinaldan Çexovu oxuyub təsirlənir. Yaradıcılığının ilk dövründə mopassanvari hekayələr yazan müəllif 40-cı illərdə Bakıda orijinaldan oxumağı öyrəndiyi tərzdə, çexovvari hekayələr yazmağa başlayır. Odur ki, Türkiyə ədəbiyyatında “Çexov tərzində hekayə” deyiləndə ilk yada düşənlərdən biri də Məmduh Şövkətdir.

Halikarnas Balıqçısı Türkiyə ədəbiyyatının ən ekssentrik, qəribə, qeyri-adi taleyi olan yazıçılarından biridir. Köklü-köməcli bir nəsildən olub, məşhur “Robert Kolleci”ndə oxumuş, ingilis, fransız, italyan, ispan dilləri də daxil olmaqla, 5 dili səlis bilən, Dantenin “İlahi komediya” əsərindən latınca parçalar əzbərləyəcək qədər latın dilini öyrənən, İngiltərədə, “Oksford”da təhsil almış bu müəllifin çox maraqlı, bir o qədər də dramatik həyatı olub: yazıçı mühafizəkar, hərbi tərbiyə ilə böyümüş atası arasında davam edən daimi mübahisələrin birində onu öldürür və özünün “fatal gecə” dediyi o gündən sonra bütün həyatı dəyişilir...

Halikarnas Balıqçısının yazdığı hekayələrin əsas mövzusu dəniz, dənizin varlılar tərəfindən istismar edilməsi, kənd, qəsəbə qızlarının yararsız adət-ənənələrə üsyanıdır. Şairanə tərzdə yazılan bu hekayələrdə heç bir üslub, metod qayğısı yoxdur.

Türkiyə ədəbiyyatının ən böyük yazıçılarından olan Əhməd Həmdi Tanpınarın yaradıcılığı, Orxan Pamukun sözləriylə desək, “şeirdə axtarıb romanda tapmaq” şəklində inkişaf edib. Tanpınar şeirdə ustadı Yəhya Kamalın təsirindəydi, yeni şeirə qarşı köhnəni müdafiə edirdi, amma müəllifin, dəyəri illər keçdikcə daha çox bilinən romanlarıyla yanaşı, sonradan bir cilddə toplanan, sağlığında iki kitab (“Abdulla Əfəndinin röyaları” və “Yaz yağışı”) halında çıxan hekayələri də var. Tanpınarla birlikgə Türkiyə ədəbiyyatına zaman anlayışı bədii-fəlsəfi bir mövzu kimi daxil olur və bu anlayışın çevrəsində Şərq klassiklərindən tutmuş Anri Berqsona, Marsel Prusta qədər xeyli müəllifin təcrübələri onun dünyagörüşündən, daxili laboratoriyasından keçərək sənət mühitinə vəsiqə alır. Tanpınar dünyadakı ən qabaqcıl tendensiyaları izləyən, öz dövrünün ən aparıcı ədəbi, fəlsəfi və elmi yeniliklərinə maraq göstərən, zaman-zaman tərəddüdə düşsə də, bütün öyrəndiklərini böyük ustalıqla, virtuozcasına ifadə edən böyük yazıçı idi və xeyli cəhətinə görə yaşadığı dövrün hakim ədəbi qaydalarından da, onu eləcə “oxumuş, mədəni adam” sayan həmkarlarından da çox qabaqdaydı.

1950-cı illərdə Türkiyədə ictimai-siyasi baxımdan xeyli dəyişiklik oldu. Əvvəla, Demokrat Partiya Cumhuriyyət Xalq Partiyasının uzunmüddətli hakimiyyətinə son qoydu, seçkiləri uddu və beləliklə, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid başlandı. Bu illərdə xüsusilə Amerikan ədəbiyyatından tərcümələr çoxalmağa başladı, ədəbi mühitin repertuarına rus və fransız yazıçılarla yanaşı, Heminquey, Folkner də daxil oldu. Təkpartiyalı dövrdə yeni yaranmış Cumhuriyyət daha çox daxili məsələlərə, özünə qapılmışkən çoxpartiyalı dövrlə birgə Avropa mədəniyyəti daha sistemli şəkildə Türkiyə sənət mühitinə daxil olurdu. 50-cı illərin sənətçiləri, ekzistensializm başda olmaqla, psixoanaliz, intuitivizm, sürrealizm, marksizm kimi fərqli düşüncə və sənət cərəyanlarından xəbərdar oldular. Amma qəribədir ki, dünya ilə əlaqələri intensivləşən sənətçilərin daxildə başlarına olmazın problemləri gəldi, sənət adamlarının həbs edilməsinin əsası da elə bu illərdə qoyuldu. Elə bil “Dövlət ata” yetkinləşib ailədən ayrılmaq istəyən, müstəqilləşən övladlarının qulağını çəkir, otağın qapısını arxadan bağlayıb onları cəzalandırırdı.

Məşhur tənqidçi Firidun Andaç 50-ci illər ədəbi nəslini belə təsnifləndirir:

“1. Öncül: Səid Faiq Əbasıyanıq

2. Yol-yön açanlar: Fəyyaz Qayacan, Vüsət O. Bənər, Nəzihə Meriç

3. İnkişaf etdirənlər: Yaşar Kamal, Fəqir Bayqurd, Təhsin Yücəl

4. 50-cilər nəsli: Yusif Atılqan, Kamran Şipal, Bilgə Qarasu, Leyla Ərbil, Orxan Duru, Dəmirdaş Ceyhun, Dəmir Özlü, Ərdal Öz, Fərid Edgü, Onat Qutlar”.

Andaçın bu təsnifatı, 20-30-cu illərdə doğulub 50-ci illərdə hekayələrini çap etdirənləri də əhatələmək baxımından, olduqca maraqlıdır.

Leyla Ərbil Türkiyə prozasında ən cəsarətli eksperimentlərə imza atan müəlliflərdəndir. Özü belə yazır: “Bizim dövrümüzdə tənqidin dili Bekketə, Coysa hücum çəkən, onları “patologiya” kimi qiymətləndirən marksis... üslubdaydı. Amma qərbdə Freyddən sonra dadaizm, sürrealizm, ekzistensializm kimi cərəyanlar cinsi azadlıq tələbiylə ədəbiyyata yeni metodlar gətirmişdi. Cümhuriyyət dövrünün ilk usta ədiblərinin, demək olar ki, hamısı solçu idi, biz də dünyagörüşü baxımından anti-imperialist siyasəti dəstəkləyirdik, ancaq ədəbi düşüncələrimiz onlarla düz gəlmirdi. Biz başqa bir nəsil idik, yeni intellektual reaksiya axtarışındaydıq. Bizimki ənənədən qopmaqdı”.

Leyla Ərbilin yazdığı kimi, anti-imperialist olmaqda özündən əvvəlki ədəbi nəsillə fikri birliyində olsalar da, ədəbiyyatı siyasi düşüncələrin ifadə vasitəsi kimi görmək istəmirdilər, elə buna görə də tənqid olunurdular. Zaman onların xeyrinə işlədi. Leyla Ərbil klassik qəlibləri rədd edən, fasiləsiz şəkildə yeni formaları, üslubları yoxlayan yazıçı olub. Şüur axını, daxili monoloq kimi Türkiyə ədəbiyyatı üçün öz dövrünə görə yeni olan fəndlərdən istifadə edib. Hekayələrinə real sənədlər, həqiqi fotolar əlavə etmək kimi təkcə öz dövrü üçün yox, bu gün də xeyli qabaqcıl görünən metodlardan bəhrələnib.

Vüsət O. Bənər 50-ci illər ədəbi nəslinin avanqard meyillərini təmsil edirdi. Onun üslubu, mövzu seçimi və dünya görüşü həm öz dövründə, həm də özündən sonrakı hekayəçilərə böyük təsir göstərib. “Dost” və “Yaşamasız” adlı iki hekayə kitabı olan müəllifin hekayələrində adətən balaca şəhərlərin, qəsəbələrin adi insanlarının sadə, sakit həyatlarından bəhs olunur. Hekayələrini çox zaman narahat, ipə-sapa yatmayan orta yaşın üstündəki insanların dilindən nəql edir.

Türkiyə ədəbiyyatının ən böyük simalarından olan Yusif Atılqan 1955-ci ildə “Tərcüman” qəzetinin elan etdiyi hekayə yarışmasında “Evdəki” adlı hekayəsi ilə birinci, başqa bir ləqəblə göndərdiyi “Hinin o tayı” adlı hekayəsi ilə doqquzuncu yerə layiq görülüb. Onun hekayələrindəki personajlar harda olur-olsun – qəsəbədə, kənddə, şəhərdə – sıxıntılı, narahat insanlardır. Qəsəbədəki savadlı, evdə qalmış qızın dünyası nə qədər dözülməzdirsə, şəhərdəki sadə insanın da dünyası o cür sıxıntılıdır. Atılqanın hekayələrində ekzistensializmin də təsiriylə absurd, çöküş, böhran, sıxıntı kimi temalar ön plandadır.

Bilgə Qarasu 50-cilər ədəbi nəslinin hekayə ustaları içində özünü fərd kimi dərk edən insanın problematik tərəflərini yazması ilə fərqlənir. Ədəbi dili və simvolik üslubu ilə Türkiyə ədəbiyyatının ən ciddi müəlliflərindən sayılır. Bilgə Qarasu Türkiyə nəsrinin ilk böyük üslubçularından biridir: “Mənim dilim çiçək dərmək üçün əyilib qalxan bir gövdənin yumşaqlığına, dalğalanmasına çatmalıdır”. Onun hekayələri ənənəvi hekayənin qəliblərinə sığmır, sujet, personajlar, hadisələr arasındakı səbəb-nəticə ardıcıllığı baş-ayaq edilir, xronologiya bilərəkdən pozulur, tez-tez “fləşbək”lərə müraciət olunur. Əsas mövzuları isə sevgi-sevgisizlik, dostluq, iztirabın aliliyi, qorxu, hüzn, ölüm və tənhalıqdır. Qarasu həm də fəlsəfəçi olduğu üçün ədəbiyyatla fəlsəfə arasında çox ciddi bağlar qura bilib.

Fərid Edgü hər hekayəsində məzmuna uyğun yeni formalar axtaran, dilin işlənməmiş, təzə qatlarını aşkarlamaq istəyən yazıçıdır. Perspektiv ustasıdır. Az sözlə çox şey deyir. Türkiyə nəsrində minimalist hekayə onunla başlayır, hətta “minimalist hekayə” ifadəsini də Türkiyədə ilk dəfə o işlədib. Fərid Edgü birgə yaşayan insanların, yanaşı duran rakursların, baxış bucaqlarının, əslində, bir-birindən nə qədər fərqli olduğunu, harmoniyada xaos, xaosda harmoniya gizləndiyini ifadə edən hekayələr yazıb.

1960-80-ci illər arasında bütün dünyada öz kulminasiyasını yaşayan tələbə hərəkatları, ekzistensializm, Sartrın, Kamünün əsərləri Türkiyə ədəbiyyatına da təsirsiz ötüşməyib. Bu illər ərzində Türkiyə hekayəçiləri ədəbiyyata sənayeləşmə, gecəqondu məhəllələri, Anadoludan İstanbula köç kimi mövzularla yanaşı, işləmək üçün əsasən Almaniyaya gedən türklərin problemlərini, qadın zorakılığı kimi temaları gətirdilər. Bəkir Yıldız, Sevgi Soysal, Sevim Burak və başqaları ardıcıl şəkildə bu mövzuları işləyiblər.

Bundan başqa o illərdə dəyərlərin deqradasiyası, kapitalizmin yüksəlişinə qarşı yeni bir istiqamət – İslami dəyərlərə söykənən, metafizik realizm meydan çıxmağa başladı. Bu xəttin ən önəmli təmsilçiləri Rasim Özdənörən, Mustafa Qutlu, Duralı Yılmaz kimi müəlliflərdir.

1960-80-ci illər arasında sosial çağırışdan doğan mövzularda yazan müəlliflərdən başqa, bu mövzularda da qələmini sınayan, ancaq bütün tərəflərə bərabər məsafədə dayanmaqla təkbaşına özü də tərəf olan müəlliflər də var. Onların sırasında Oğuz Atay, Səlim İləri, Ədalət Ağaoğlu, Füruzan, Pınar Kür, Tomris Uyar, Nədim Gursel, Ərəndiz Atasü, Orxan Pamuk, Lətifə Təkin, Əhməd Altan, Murad¬xan Munqanın adlarını çəkə bilərik.

Oğuz Atayın nəsri axına qarşı üzməyin, gələcəyi qurmağın simvoludur. Daha çox romanlarıyla ədəbiyyat tarixində seçilən Atay cəmi 8 hekayə yazıb və onları bir kitabda toplayıb: “Qorxunu gözləyərkən”. Atayın hekayələrində ontolojik problemlər, varlıq-ölüm, təhtəlşüurun insana diqtəsi, unudulmaq kimi qorxunun min bir çaları araşdırılır və bütün bunlar bu gün də təravətini qoruyan böyük ustalıqla realizə edilir. “Mən burdayam, əziz oxucum, bəs sən hardasan?” sualıyla öz estetik tənhalığını dərin ağrıyla ifadə edən müəllifin “Dəmiryol hekayəçiləri – bir yuxu” adlı əsəri dünya ədəbiyyatında bu mövzuda yazılmış ən gözəl hekayələrdən biridir.

Səlim İlərinin ən yığcamından ən uzununa qədər bütün hekəyələrinin onurğasında Türkiyə dövlətinin mədəni, ictimai-siyasi həyatını dünəndən bu günədək formalaşdıran məsələlər araşdırılır. Məsələn, bunlar başında modernləşmə cəhdləri, fərdiyyətçilik problemləri dayanır. Onun fikrincə, bütün problemlər kökündə fərdin özünü anlamaqdan imtina etməsi, yaxud buna məcbur edilməsidir. Bu imtinanın nəticəsində fərdin özündən başlayan problemlər əvvəlcə evə, ailəyə, ordan cəmiyyətə, cəmiyyətdən isə ölkənin siyasi həyatına qədər təsir göstərir. Bu mənada İlərinin, demək olar ki, bütün personjalarının problemi təkcə təsvir edildiyi dövrlə bağlı olmur, səbəblərin bir başı həmişə keçmişdədir.

1990-2000-ci illərdə hekayələrilə məşhurlaşmış müəlliflərin bəziləri ilk kitablarını 80-ci illərin axırında çap etdiriblər. Onlardan ikisinin adını xüsusi qeyd etməyə ehtiyac var: Cəmil Qovuqçu və Həsən Əli Topdaş.

Cəmil Qovuqçunun hekayələrinin qəhrəmanları bir-birindən başqa kimsəsi olmayan sadə qəsəbə insanlarıdır. Buna görə də onun qəhrəmanları həmişə xəyal qururlar, uzaqlara gedən gəmilərin həsrətini çəkirlər. Bütün personajları qüssəyə qərq olublar, çoxlu içirlər, həyatın monotonluğunda, təkrarın girdabında fırlanırlar.

Həsən Əli Topdaş ilk hekayələrindən etibarən fiksiyaya meyillənib, özünəməxsus poetik dil yaradıb. Müəllif hekayələrində tez-tez mətnin yazılma prosesini mətnin mövzusuna çevirir, yəni metafiksiyadan istifadə edir. Onun hekayələrində təhkiyəçilər tez-tez yerini dəyişir.

90-cı illərdə Türkiyə hekayəçiliyində əksəriyyətində müxtəlif dərəcələrdə postmodern estetikadan izlər olan Murad Gülsoy, Mustafa Qutlu, Murad Yalçın, Ayfər Tunc, Səmra Topal kimi yazıçılar ön plana çıxdılar.

Bu onilliyin hekayəçiliyində əsas xüsusiyyət fraqmentarlıqdır. Həmin illərin hekayələrində postmodern estetikanın təsirilə kompozisiyanın klassik qanunları “qırılır”, anlar, fraqmentlər, bir-biriylə məntiqi bağları olmayan hadisələr yalnız assosiativ planda bir yerə gətirilir. Bu mətnlərin çoxu özləri-özlərinin metaforası kimi qurulub.

2000-ci illərdən üzübəri baxanda Camal Şakar, Nicati Tosunər, Əsli Ərdoğan, Sinə Ərgün, Pelin Buzluq kimi yazıçıların uğurlu hekayələrini görürük.

Bu sırada 2013-cü ildə “Bəzən həyat” kitabıyla “Səid Faiq Hekayə Mükafatı”nı və 2017-ci ildə “Avropa Birliyi Ədəbiyyat Mükafatını” qazanan Sinə Ərgünün adını xüsusi çəkə bilərik. Sinə Ərgünün hekayələri “bəzək-düzəksiz”dir, söz-dil israfı yoxdur, ifadə tərzi lakonikdir. Yazıçı dialoqları müəllif təhkiyəsilə eyni cümlədə işlədərək özünəməxsus bir üslub yaradıb. Mövzuları çox vaxt urbanistik həyat fraqmentlərinin içində gizlənən, yanından ötüb keçərkən fərqinə varmadığımız həqiqətlərdir.

Son illər, bütün dünyada olduğu kimi, Türkiyə mətbuatında da populyar mədəniyyətin yüksəlişi, “istedad şou”larının çoxalması ilə bağlı zaman-zaman sənətşünasların, ciddi müəlliflərin narahatlığına şahid oluruq. Onilliklər ərzində tez-tez eşidilən “ədəbiyyat öldü”, “sənət məhv oldu” kimi fikirlər ara-sıra yenə səslənir. Fikrimcə, narahat olmağa dəyməz, çünki böyük ədəbiyyat həmişə öz axını üçün yataqlar, yeni yollar açır. İtalo Kalvinonun dediyi kimi: “Şairlər və yazıçılar başqa heç kimin təsəvvürünə gətirməyə cəsarət etmədiyi cəhdlərdən əl çəkmədikcə ədəbiyyat ölməyəcək”.

İnanıram ki, hərbi-siyasi çevrilişlərlə demokratikləşmə, fasiləsiz dəyişikliklərlə durğunluqlar arasında var-gəl edərək, həmişə öz çılğınlığından, qədimliyindən və müdrikliyindən güc alıb zamanın ruhu tuta bilən qardaş Türkiyə xalqı və onun zəngin ədəbiyyatı yeni əsr içində dünya üçün daha maraqlı, daha cazibədar olacaq.

1-31 mart, 2019

# 3515 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #