Qardaşına ərə getməkdən qorxan rus qızı

Qardaşına ərə getməkdən qorxan rus qızı
25 noyabr 2017
# 16:35

Rusiya telekanallarından birində ana bətnindən işıqlı dünyaya qeyri-qanuni mühacirət eləyən uşaqlar barədə veriliş gedirdi.

Əvvəl uşaq evlərindən çəkilmiş, ağrı-acısıyla insanın içini qarsan kadrlar göstərdilər. Bir dəstə uşaq həsrət dolu gözlərlə kimsəsizliyə boylanırdı ekrandan. Operator kamerasını proqrama qonaq kimi qatılan adamların sulu gözlərində, nəmli yanaqlarında gəzdirirdi tez-tez. Sonra aparıcı verilişin əsas qonağını səslədi səhnə arxasından. Çəlimsiz, ortaboylu bir qız sıxıla-sıxıla gəlib oturdu ağ saçlı müəlliməsinin yanında. Yaşı 25-dən çox olmazdı. Adı Anna idi, soyadı Sidorova. Bizim bu səpkili proqramlarımızda ekspertfason oturan vüqarəhmədkimilərin yerində ruslar daha məsuliyyətlə davranıb məşhur psixoloqlardan birini əyləşdirmişdilər. Anna əllərini qoltuğunda gizlətmişdi ki, titrəməsini kimsə görməsin. Gözləri sakit idi. Boğazında var-gəl eləyən qəhərin dərinliyindən gələn səsi üşüyürdü. Ağlı kəsəndən ürəyində gəzdirdiyi ağrılar sözə çevrilirdi: “Heç nə yadıma gəlmir. Qırmızı adyala büküb kilsənin həyətinə atıblar məni. Uşaq evində doğum şəhadətnaməmə adımı Anna yazıblar. Demək olar ki, hər gün yuxuma bir qadın girir. Şabalıdı saçları var. Əlimi saçlarına toxundururam. Yumşaqdı. Üzünü görə bilmirəm ancaq. Səsini də eşitmirəm. Günlərin bir günü uşaq evinin müdirəsi çağırdı məni kabinetinə. Seyfi açıb əl içi boyda əski yumağını atdı stolun üstünə. Dedi, səni bura gətirəndə bələyinin içindən çıxıb.” Anna sözünə ara verib şalvarının cibindən bir oyuncaq çıxartdı. Parçadan düzəldilmiş sarı ördək balasıydı. Bayaqdan sınmayan qızcığaz dözmədi. Başladı hönkürməyə. Bələyindən çıxan yeganə xatirə parçasıyla qapadı üzünü. Bu oyuncağa nə vaxtsa onu dünyaya gətirən qadının əlləri toxunmuşdu. Bəlkə də xəyalında anasının əllərini iyləyirdi Anna. Ağlayırdı...

Bu dünyada umudundan və ürəyindən savayı söykənəcəyi olmayan qızcığazın göz yaşlarını görəndə birdən-birə nədənsə Canbaxışın qızı Şəfiqə düşdü yadıma. Qəribə qızıydı. Kimin əlində və ya əynində yaxşı bir şey görsəydi “Mən də bundan istəyirəm” deyib başlayardı ağlamağa. Burnunun suyu ağzına dolsa da susmazdı. Səhərin al şəfəqləri meşə yolunu işıqlandıranda Canbaxış çıxardı evdən. Şəhərin istisindən tıncıxıb bulaq başına istirahətə gələnlərin qulluğunda dayanardı müsəlləh əsgər kimi. Samovar tapardı, ocaq qalayardı. Qarpız-yemişi suyun altına qoyardı ki, sərinləsin. Arvad-uşaqla gələnlər bir nimçəyə kabab çəkib, yarım şüşə araq verib uzaqlaşdırardılar Canbaxışı. İçəndən sonra qarmonu basardı sinəsinə. Qızı ağlayanda, atası içib oxuyanda dillərini anlamaq müşkül məsələydi.

Şəfiqə böyüdükcə daha da çirkinləşirdi. Danışanda dodaqlarının kənarı köpükləyirdi. Gördüyü şeylərin arxasınca ağlamaq adətini çıxara bilməmişdi başından. Qohum-qonşuda nişanlanan və ya ərə gedən birisi olsaydı üç gün ağzı üstə yıxardı özünü yorğan-döşəyə. Anası bütün günü falçılardaydı...

Kəndə Şəfiqənin hamiləlik xəbəri yayıldı. Deyirdilər, guya bakirəliyini tövlədə itirib. Hamı qonşuluqda yaşayan axsaq riyaziyyat müəllimindən şübhələnirdi. Şəfiqənin qarnındakı uşağın kimdən olmasıyla maraqlanmışdı qonşu qadınlar. Şəfiqə demişdi, bilmirəm. Doqquz ayın tamamında heç kəsin sevincinə səbəb olmayan bir oğlan doğmuşdu Canbaxışın qızı. Beş-altı gündən sonra sübhün alaqaranlığında anasıyla evdən çıxıb üz tutmuşdular kəndin ayağına. Şəhərə gedən yolun üstündəki dayanacağa atmışdılar uşağı. Hər nə görsə istəyən, nəfsinə hakim ola bilməyən Şəfiqə bəlkə də həyatında ilk dəfə nədənsə imtina eləmişdi...

Veriliş davam eləyirdi. Aparıcının “Bu yaşdan sonra sizə ana lazımdırmı?” sualına belə cavab verdi Anna: “Bilmək istəyirəm, məni dünyaya gətirən qadının məndən başqa uşağı var, yoxsa yox? Ərə getmək istəyirəm. Ancaq heç kəslə ünsiyyət qura bilmirəm. Evlənəcəyim adamın qardaşım olmasından qorxuram, bərk qorxuram...”

Deyirlər, Şəfiqə ərə gedib.

Üç qızı var...

# 1722 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #