Gülşanə Mustafayeva
...Babayevlər ailəsi sözün həqiqi mənasında evlərinin kapitanını, Dövlət Sərhəd Xidməti isə ilk kapitan rütbəli sərhədçi pilot xanımını itirdi.
Mən isə maraqlı və həyat dolu bir müsahibi itirdim!
Heç tanımadığım, səsini eşitmədiyim bir müsahib...
...Zəriflərin fərqli peşələrdə çalışması həmişə marağıma səbəb olub. Bu həvəs məni kimlərlə görüşdürmədi ki? Bənna, dülgər, qəssab, qaynaqçı, idmançı və s. peşə sahibi olan xanımlarla yollarımız kəsişib, həyat hekayələrini dinləyib yazmışam. Bu xanımlar arasında məsuliyyət və risk tələb edən peşələrdə çalışanları da az olmayıb.
Təəssüf ki, fərqli və məsuliyyətli peşələrin sahibi olan xanımların axtarışında olanda sərhədçilərin ilk və yeganə pilot xanımını nəzərdən qaçırmışam.
Təəssüf ki, səni axtarmayıb, sorağında olmamışam.
Təəssüf ki, bir pilot xanımın hekayəsini öyrənməyi, bu peşəyə necə əziyyət, sevgi və səbirlə sahib olduğundan gec xəbər tutmuşam. “O toydan sonra nağara” deyirlər ha?!. Bax bu misal kimi!..
Təəssüf ki: “Dövlət Sərhəd Xidmətinin ilk pilot xanımı dünyasını dəyişib, evlərini tap, ailəsi ilə əlaqə saxla!” - cümləsindən sonra səni axtardım.
Bir də çox təəssüf ki, sən mənim “İlk pilot xanım dünyasını dəyişdi” xəbərimin qəhrəmanı oldun.
Kaş səni bir az tez tanıyardım .
Kaş bircə dəfə də olsa həmsöhbətim olardın.
Kaş ki... ölüm səni bu qədər tez aparmağa tələsməzdi.
O biri müsahiblərim kimi səninlə də işinin başında – göylərin ta yeddinci qatında söhbətləşərdik!..
Mavi səmanın qoynunda şirin-şirin söhbət edərdik. Mənə uşaqlıq çağlarından danışardın!
...Deyirlər ki, uşaqkən oğlana çox bənzəmisən, elə uşaqlıqdan oğlan işlərini görməyə maraqlı və həvəsli olmusan.
Tələbəlik illərindən danışardın!
...Deyilər, çox çalışqan və müəllimlərinin sevimlisi olan tələbəsənmiş.
Hərbiçi olmaq, hərbi sahəni seçib sevməyindən danışardın!
...Deyirlər çox dəqiq və məsuliyyətli bir hərbiçi olmusan.
Bir də onu deyirlər ki, işğalda olan Qarabağ torpaqlarımızın azad olunacağı gün həmin döyüşlərdə bir hərbiçi kimi iştirakçı olmaq ən böyük arzularından biri olub.
Sənin haqqında çox sözlər deyirlər. Amma bu sözlərin heç biri səni geri qaytarmadı. Qaytarmadı ona görə deyirəm ki, dünyanı dəyişdiyindən 1 il ötür.
Hə, səninlə həmsöhbət olmaq istəyimdən danışırdım axı! Bir az da qız-qıza sevgi hekayəndən pıçıldaşardıq. Hərbiçi qadının qəlbi görəsən çoxmu sərt olur? sualıma cavab alardım.
...Və söhbətimizin sonunda bir xatirə şəklimiz olardı. Məni bu şərəfə sahib edərdin. “Sənin pilot xanımla şəklin varmı?” haştağı ilə zarafatyana bu şəkli paylaşardım.
Axı mən bu “kaş ki”lərə nə deyim? Onları necə cəzalandırım, necə susdurum Dilarə?
İLK PİLOT XANIM!..
Hansı sözlərdən istifadə edəsən ki, bu sahib olduğun statusun dəyərini, yükünü anladasan? Həm də bu adı əgər zərif bir xanım daşıyırdısa... Səninlə bağlı baxdığım bütün şəkillərində üzün gülür! O qədər zərif və incəsən, adama elə gəlir ki, sanki bədənin hansısa üzvü bu dəqiqə vücudundan ayrılacaq. Amma bu zərifliyində iti baxışları, güclü iradənin olduğunu sezməmək də mümkünsüzdür KAPİTANIM. O KAPİTANIM ki, bu rütbənin sevincini yenicə yaşayırdın... Bəlkə də hələ bu rütbənin xoşbəxtliyini yaşamaqdan doymamışdın...
Bu xoşbəxtliyi sənə, səni isə dövlətinə, ailənə, dostlarına cəllad həkimlərimiz çox gördülər. O həkimlər ki, ananı nəfəsi kəsiləndək ağlamağa, atanın kimi itirdiyini izah edə bilməyib sözləri boğazında düyünlənib qalmağa , daim səni yanlarında görən dostlarını sənsizliyə ömürlük məhkum etdilər. Bu məhkumluğun nə günü, nə ayı, nə də ki, ili olacaq ki, bitsin, Dilarə!..
Hə, bir də bu cəlladlar səndən ana olmağın xoşbəxtliyini aldılar. Səninlə birgə körpənin də canına qıydılar. Səni görmək mənə, körpəni də görmək sənin qismətində olmadı.
Mən səni tanımadan, görmədən də sonsuz sevgi və hörmət bəsləyib, qürur duyacam, hər ilini ehtiramla yad edəcəm KAPİTANIM!..
Bağışla Kapitanım, bağışla ki, səni tanıdığım gün sən dünyanı dəyişən gün idi ..
Ruhun şad olsun “GÖYLƏRİN ŞAHİN”İ!