Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub

Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub
6 dekabr 2025
# 14:00

Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının yaradıcılıq hesabatı keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov giriş nitqi ilə gecəsinin açılışını edib:

“Mənim sevincim qədər qürurum da çoxdur. Çünki biz Bakıdakı 190 nömrəli məktəbdə birgə oxumuşuq. Mən onun yaradıcılığı ilə həmişə maraqlanmışam, izləmişəm, oxumuşam. Kamal Abdullanın ilk pyeslərindən biri “Casus” məhz bu səhnədə nümayiş edildi. Kifayət qədər gözəl pyes idi. Həmin tamaşadan sonra da Kamal Abdulla yazdı, yaratdı, sevildi. Sonralar onun Akademik Milli Dram Teatrının kiçik səhnəsində “Bir, iki, bizimki” tamaşası nümayiş edilmişdi. Bu yaxınlarda Kamal Abdullaya həsr edilmiş tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri həmin pyesi oynadılar və mən bu pyesin fəlsəfəsini, düşüncəsini, mistikasını yenidən fikirləşdim. O mistikanın içində elə bir reallıq var idi ki, insanı düşünməyə vadar edirdi. Kamal Abdulla Azərbaycan ədəbiyyatının gələcəyi üçün də böyük işıqdır. Bütür teatr ictimaiyyəti adından Kamal Abdullanı ürəkdən təbrik edirəm”.

Daha sonra Mədəniyyət Nazirliyinin Kamal Abdullaya ünvanladığı təbrik məktubu səsləndirilib.

Dünya Azərbaycan Alimlər birliyinin sədri, görkəmli alim Məsud Əfəndiyev qeyd edib ki, nə yaxşı xalqımızın Kamal Abdulla kimi dünyagörüşlü, sanballı, istedadlı, böyük oğlu var: “O, böyük yazıçı olmaqla yanaşı, həm də böyük alim, elm xadimidir. Bu yaxınlarında onun dünyanın ən nüfuzlu nəşriyyatlarından birində ingilis dilində görkəmli alim Rafiq Əliyevlə birgə yazdığı “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı çap olunub. Buna görə də ona böyük təbrik düşür. Kamal Abdulla elmə necə xidmət edirsə, elm də ona hörmət edir. O, elm vasitəsilə öz nəfsinə qalib gələn şəxsiyyətdir. Kamal Abdullanın fəlsəfəsini intuisiyasız anlamaq mümkün deyil”.

Professor, teatrşünas Məryəm Əlizadə bildirib ki, Kamal Abdulla təkcə dilçiliyin yox, ümumilikdə humanitar sahənin nəhəng simasıdır: “Nə gözəl ki, vaxtilə Azərbaycan ədəbiyyatına belə bir intellektual şəxsiyyət gəldi. Kamal Abdullanı oxuyanda görürəm ki, mən bu dili tam bilmirəm. O, Azərbaycan dilinin potensialını üzə çıxarır, dilin çox dərin qatlarına nüfuz edir. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan ədəbiyyatında bir dönüş oldu. O, milli ədəbiyyatımıza postmodernizmi gətirdi. 1979-cu ildə Kamal müəllim Dədə Qorqdu dastanı ilə bağlı görkəmli türkoloqların qarşısında mövzunu müdafiət etdi və Bakıya gəldi. O həm də teatrın doğma simasına çevrildi. Kamal müəllimin “Unutmağa kimsə yox” pyesi mərhum rejissor Vaqif İbrahimoğlunun quruluşunda çox gözəl alındı və o bu minvalla həm də dramaturq kimi şöhrət qazandı”.

Xalq artisti Nurəddin Mehdixanlı təbrikini Kamal Abdullanın müəllifi olduğu şeiri səsləndirərək bildirib.

Çıxışların ardınca müğənnilər Zabitə Əliyeva və İlkin Dövlətovun ifasında sözləri Kamal Abdullaya, musiqisi Aygün Səmədzadəyə məxsus olan “Gizlətmək çətin” mahnısı səsləndirilib.

Daha sonra Xalq yazıçısının yubileyi münasibətilə onun eyniadlı romanı əsasında səhnləşdirilən, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Sehrbazlar dərəsi” tamaşası nümayiş edilib.

# 125 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filmi Azərbaycanda ilk dəfə nümayiş olanacaq

“Yaddaş sarayları” filmi Azərbaycanda ilk dəfə nümayiş olanacaq

14:01 6 dekabr 2025
Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

13:35 6 dekabr 2025
Bakıda “Boşluğa xütbə” filminin premyerası keçiriləcək

Bakıda “Boşluğa xütbə” filminin premyerası keçiriləcək

12:35 6 dekabr 2025
"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olunub

"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olunub

11:40 6 dekabr 2025
Mən necə əl çəkim, ey nigar, səndən? - Günün mahnısı

Mən necə əl çəkim, ey nigar, səndən? - Günün mahnısı

11:35 6 dekabr 2025
Akademik Yusif Məmmədəliyevin abidəsinin açılışı olub

Akademik Yusif Məmmədəliyevin abidəsinin açılışı olub

10:47 6 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər