Vaxtımızın qatili sosial şəbəkələr

Vaxtımızın qatili sosial şəbəkələr
10 avqust 2024
# 15:00

Kulis.az Həmid Piriyevin yeni yazısını təqdim edir.

Sosial şəbəkələr haçan girdi həyatımıza?

Yadımda düz qalıbsa, əvvəlcə tanışlıq çatları vardı. Düyməli telefonların vaxtında. Şəhərdəki binaların divarları, səkilər dolu idi çat ünvanları ilə. “yandig.biz”, “gelinler.veb”, “menvesenberaberikimiz.veb”, “ehtirasligelinler.biz”, “podxodinarodsvoyoqorod.onlar” və s.

Bir dəfə mən də başımı başlara qoşub hansısa çata girmişdim, amma başım çıxmamışdı başların arasından, başını buraxmışdım. Ancaq çatlarda veyillənən xeyli adam tanıyırdım. Əksəri də qızla tanış olurdu, günlərlə danışırdı, axırda o “qızın” da oğlan olduğu ortaya çıxırdı.

Deyəsən, mail.ru-nun “agent” çatı da vardı o vaxtlar.

Sonra Facebook gəldi. Buranın çatlardan fərqi o idi ki, fikirlərini də post kimi yazıb paylaşmaq olurdu.

Sonra İnstagram gəldi. Mövzuya yox, daha çox, görüntüyə hesablanmış şəbəkə.

Arada WhatsApp, Twitter, Telegram, Tinder-zad da girdi həyatımıza. Amma fatehlər fatehi axırda gəldi – TikTok.

Texnologiya inkişaf etdikcə sosial şəbəkələr də inkişaf etdi və mənasız-məzmunsuz adamlara da özünü təsdiqləmək imkanı yaratdı...

Mən Facebook-da birinci profilimi 2011-ci ildə açmışam. Əvvəl-əvvəl çox az istifadə edirdim. İki-üç gündən bir yarım saat, qırx dəqiqə. İmzasını tanıdığım bir neçə yazıçını izləyirdim. Sonra dostluq siyahım böyüdü yavaş-yavaş, mən də çox vaxt keçirtməyə başladım.

Bir də onda ayıldım ki, ey dadi-bidad danəndə dəhan dərviş... Bura mənim bütün asudə vaxtımı alır. Nə əməlli oxuya bilirəm, nə yaza bilirəm. Elə bütün günüm camaatın yediyinə-içdiyinə baxmaqla keçir (o vaxtlar artıq hamı hara getsə, nə yesə, nə geyinsə çəkib paylaşmağa başlamışdı).

Öz-özümə dedim ki, ey özünü yaradılışın ən əşrəfi hesab eləsən də, əslində dili-qafil fani olan, sən neynirsən? Nə verir bura sənə? Bir-iki ilim də bu düşüncələr içində keçdi və nəhayət, 2019-cu ildə profilimi sildim. Əslində, bir hadisə məni buna cəsarətləndirdi (kinodramaturgiyada buna “tətikləyici hadisə” deyirlər), çünki elə bilirdim ki, Facebook artıq həyatımın bir parçasıdır, burdan çıxsam, böyük bir boşluğa düşmüş olacağam.

Elə deyilmiş. Heç yadıma da düşmürdü. Burdan uzaqlaşanda, əslində, necə bir mənasızlığın içində olduğumuzu başa düşdüm.

Sosial şəbəkələr bizə yaşamağa imkan vermirmiş ki. Bütün vaxtımızı yeyir, bizi özündən asılı vəziyyətə salır. Status yazmaq ("tutuzdurmaq"), nəsə paylaşmaq, layk yığmaq, ürək toplamaq istəyirsən elə.

Nə qədər adam şair oldu buna görə, nə qədər adam blogger oldu, nə qədər adam aşpaz oldu, nə qədər adam fotoqraf oldu...

Hələ yaxşıdı mən ancaq Facebook istifadəçisiyəm (WhatsApp heç, o elə telefon kimi bir şeydi hazırda). Facebook, İnstagram, TikTok, X (Twitter) və başqa şəbəkələri eyni vaxtda işlədənlər də var. Gör onlar nə çəkir. Əgər normal yatıb yuxularını ala bilirlərsə, əhsən onlara.

Hazırda yenə Facebook profilim var. 2023-cü ildə işə görə açmalı oldum. İşə görə məcburən.

Hə, bu gün müəyyən qədər sosial şəbəkələrdən asılıyıq (“müəyyən qədər” bir az az oldu elə bil). Amma yenə də burda çox vaxt keçirtməməyə çalışıram.

O da müəyyən qaydalarla.

Məsələn, dərdimi-sərimi yazmamağa çalışıram. Hamımızın emosional anları olur. Hissiyyatımızı idarə edə bilmirik, kiminləsə bölüşməyə ehtiyac hiss edirik. Bunu ən yaxınlarımızla etsək, daha yaxşı olar. Axı şəbəkə dostluğumuzda tanımadığımız adamlar çoxdur. Onları nə üçün yükləyək pis əhvala? Onsuz da hamının dərdi başından aşır, bir də tanımadığı və ya yaxından tanımadığı adamın da fikrini çəksin havayı yerə? Həm də ki, hamımızın beş istəyəni varsa, bir istəməyəni də var. Onlara zəif yerimizi nə üçün göstərək?

Yediyimi-içdiyimi paylaşmıram. Hamımız yeyib-içirik də. Bunda maraqlı nə var?

Mən əsasən işlərimi paylaşıram, bir də gülmək üçün postlar. Bu qədər. Pozitiv olmaq lazımdır. Həyat onsuz da ağırdır.

Bir gün yenə şəbəkədən uzaqlaşmaq diləyi ilə...

# 4230 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər