Kulis.az Nərgiz Cabbarlının yazısını təqdim edir.
Uşaqlar üçün yazmaq çətindir, məsuliyyətlidir. Amma müasir ədəbiyyatımıza nəzər salanda əksər uşaq yazarlarının bunun əksini düşündüyü bəlirlənir. Əlimizdəki mətnlərin çoxu belə bir təəssürat yaradır. Sanki kiçik oxucuya yuxarıdan baxır, onu ciddi qəbul etmirlər. Uşaq ədəbiyyatı həm də bazar məhsulu kimi dəyərləndirildiyindən - illərdir bu proses müşahidə olunur - belə görünür ki, onun alıcıya təqdimatı (nəşr görünüşü, rəssam işi, dizayn-tərtibat və sair) üzərində daha çox baş sındırırlar. Mətn keyfiyyəti isə arxa plana keçir.
Biz müstəqillik illərinin uşaq ədəbiyyatı, uşaq şeirləri haqqında danışmağa çalışacağıq. Məsələ elmi səviyyədə, yaradıcılıq təşkilatlarında, mətbuatda dəfələrlə müzakirə olunub. Hamı haqlı olaraq bu yaradıcılıq sahəsinin vacibliyini vurğulayır. Amma görək “müstəqillik illərinin uşaq şairi” dedikdə hansı müəlliflər yada düşür? Yenə də İlyas Tapdıq, yenə də Zahid Xəlil, sonrakı nəsildən Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, daha sonrakılardan Sevinc Nuruqızı... Aşağı sinif dərsliklərinə salınan bəzi “şairlər”dən heç danışmayacağıq da.
Bu siyahıya müxtəlif ədəbi nəsillərə aid imzaları da sala bilərik: Fikrət Sadıq, Nəriman Həsənzadə, Məmməd İsmayıl, Ayaz Vəfalı, Qərib Mehdi, Ələkbər Salahzadə, Qəşəm İsabəyli, Aləmzar Əlizadə, Əjdər Ol, Adil Cəmil, Murad Köhnəqala, Məlahət Yusifqızı, Gülarə Munis, Güləmail Murad, Gülzar İbrahimova, Sərvaz Hüseynoğlu, Səlim Babullaoğlu, Sevinc Pərvanə, Narıngül, Faiq Balabəyli.
Təsəvvürlər qarışmasın deyə əvvəlcədən bildirək ki, siyahının uzunluğu mənzərənin qənaətbəxş olması deyil. Bu barədə detallı danışacağıq. O ki qaldı müstəqillik illəri uşaq şeirinin elmi səviyyədə qəbul olunan müəlliflərinə, iki mənbəyə - Füzuli Əsgərlinin “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” (Bakı, 2009) və Qara Namazovun “Azərbaycan uşaq ədəbiyyatı” (Bakı, 2007) kitablarına müraciət edəcəyik.
Birinci müəllif müstəqillik illərinin uşaq şairləri kimi Qəşəm İsabəyli, Ələmdar Quluzadə, Rafiq Yusifoğlunun yaradıcılığını təhlil edir. İkinci kitabda isə müəllif Teymur Elçin, Xanımana Əlibəyli, İlyas Tapdıq, Məstan Günər, Məmməd Aslan, Zahid Xəlilin adlarını sadaladıqdan sonra yazır: “Bu gün həmin şairlərin uşaq ədəbiyyatının inkişafında yeri görünür. Teymur Elçin dünyasını dəyişdi, Məstan Günər daha çox böyüklər üçün lirik şeirlər yazır, İlyas Tapdıq Türkiyəyə üz tutdu, Zahid Xəlil nəsrə keçdi, Məmməd Aslan teleşirkətə. Və beləcə, bu gözəl poeziya məclisi dağıldı”.
Daha sonra ayrıca olaraq Gülzar İbrahimovanın həyat-yaradıcılığından bəhs edir. Biz də bu müəllifdən başladıq. Səbəb yalnız onun tənqidçi diqqətinə çıxması deyil, həm də son dövrlər əldə etdiyi populyarlıqla bağlıdır. Nağıl müəllifi kimi tanınsa da, şeirlə yazılmış nağılları da var. Şairənin “Su pərisi və balıqçı” kitabından bir parça verək:
Deyirlər qədimdə bir dəniz varmış,
Orda sehrli bir tayfa yaşarmış.
Onlar yarıbalıq, yarıinsanmış,
Başçıları bir ağıllı sultanmış.
Saçlarını dalğalarla darayan,
Gül üzünü dəniz suyunda yuyan,
Gözəllikdə günəşlə bəhsə duran
Sultanın var imiş gözəl bir qızı.
Bu gözəlin adı Su pərisiydi,
O, dənizin ən nadir incisiydi.
Qızın mavi, gözəl gözləri vardı,
Baxışları düz qəlbə sancılardı.
Mətndə süjetin nəzmlə çatdırılması cəhdi, göründüyü kimi, fiaskoya uğrayıb. Ritmin, heca sayının, qafiyə sisteminin belə düzgün qurulmadığı mətn bu sayaq “şeir”lə verilməməliydi, çünki şeir ruhu, şeir texnikası, poetik yanaşma, poetik ovqat, obrazlı düşüncə tərzi müəllifə tamam yaddır. Sadəcə, müəyyən fikirləri sözlərlə qafiyələməyə çalışıb. Ümumiyyətlə, “şeir” adlandırılması günah olan bu mətndə yanlış ifadələr, epitetlər yalnız dilə yox, uşağın təsəvvür və təxəyyül bacarığına da zərbə vura bilər.
Füzuli Əsgərlinin təhlil etdiyi şairlər arasında Qəşəm İsabəylinin yaradıcılığı, xüsusilə “Ay külək, nə əsirsən” kitabına saldığı ilk və eyniadlı şeir nəzərdən keçirilir. Tədqiqatçının fikrincə: “Q.İsabəylinin uşaqlar üçün yazdığı şeirlərin rəvan, axıcı ahəngi, onların körpə ruhuna uyğun sadəliyi və təbiiliyi, şeirlərin anlaşıqlı deyim tərzi onun üstün cəhətlərindəndir. “Ay külək, nə əsirsən” şeirində qeyd etdiyimiz bu poetik xüsusiyyətləri görmək mümkündür...”
Gəlin həmin mətnə baxaq:
- Ay külək, nə əsirsən?
- Əsməsəm, olmaram mən.
- Olmağının xeyri var?
- Xeyri var ki, varam mən.
- Qışda nə xeyrin var, hə?
- Qışda yağış, qaram mən.
- Yazda bə?
- Ağacları oyadan nübaram mən.
- Yayda nəsən, ay dəli?
- Yaydamı... baharam mən.
- Payızda bəs?
- Payızda
Aşıb-daşan varam mən.
Bağça dolu xəzələm,
Budaq dolu baram mən.
Şairin ümumi yaradıcılığı haqqında hansısa qənaət söyləmədən yalnız bu şeiri təhlil edək. İlk bənd (alim də elə bu bəndi misal gətirir) güclü etiraz doğurmur. Mətnin ritminə, axıcılığına, dialoq şəklində olduğu üçün oynaqlığına, sadəliyinə sözümüz yox.
Amma “Yayda nəsən, ay dəli? Yaydamı... baharam mən” misrasının yalnız qafiyə xatirinə qələmə alındığı aşkar deyilmi? Yaxud küləyin “qışda yağış, qar” ola bilməsi (yəni onları yağdıran buludları gətirə bilməsi) məntiqi “yazda ağacları oyadan nübar olması” düşüncəsinə bir əsas, bir özül verə bilmir. Çünki yazda ağacları oyada bilən külək onun nübarına - çiçəyinə ziyandır. Beləcə, məntiqi düşüncə ardıcıllığı pozulub. Külək ağacların nübarına, fikir də şeirə çevrilməyib...
Qəşəm Nəcəfzadənin “Atlı qarışqanın nağılı”na diqqət edək:
Altı atlı qarışqa
Bu yolları qarışdar.
Qara daşın altına
Altısı da yığışar.
Altı atlı qarışqa,
Altlarında atları.
Çapa-çapa gəzərlər
Çəmən-çəmən otları.
Atlanarlar, düşərlər,
Daş altları, yurdları.
Gecə ayaqlarına
Bağlayarlar atları.
Uşaq ədəbiyyatı ilə məşğul olan, bu sahədə tutarlı tənqidləri ilə yadda qalan Qəşəm Nəcəfzadənin oxşar yanlışlığa yol verməsi qəribə görünür. Əvvəla, “qarışdar” sözü “qarış-qarış gəzmək” anlamını vermir. Hətta “yeni söz yaratmışam” iddiası ortaya atılsa belə.
Altı atlı qarışqa haqqında bir təxəyyül mənzərəsi yaratması, şeirin yanıltmac texnikası ilə işlənməsi onun ümumi havasına müsbət təsir göstərsə də, məsələn, “Çapa-çapa gəzərlər Çəmən-çəmən otları” ifadəsinin maraqlı təəssüratı olsa da (halbuki bu ifadədə də qüsur tapmaq mümkündür), bu cür yanlışlıqlar mətnə ziyan vurur. Amma müəllifin:
Ağac olmasa görən
Quşlar hara yığılar?
Əmi, kəsmə ağacı,
Axı quşlar yıxılar -
kimi maraqlı və uğurlu bəndləri də var.
Başqa bir müəllifin - Sevinc Nuruqızının “Çərpələng” kitabını açıb “Alma ağacı” şeirinə nəzər salaq:
Kamran ərklə söylədi:
- Alma ağacı, salam!
Küskün ağac dilləndi:
- Yox halım salam alam.
Dünənki hərəkətin
Xətrimə bərk dəyibdi.
Dostumun xəyanəti
Bax, belimi əyibdi.
Hər gün bir şirin alma
Salırdım yerə özüm.
Götür ye, dostum Kamran,
Olurdu bu ilk sözüm.
Sənsə döyüb tökmüsən
Dəymişimi, kalımı.
Hələ bir utanmırsan
Soruşursan halımı?
Uşaq təfəkkürü, psixologiyası, dili baxımından ən maraqlı nümunələr bu müəllifin kitablarındadır. Onun şeirlərində oyun da var, məntiq də, öyrətmək çabası da:
Pəncərəmdə oturub
Qarğa eylədi qar-qar.
Həyətə çıxıb dedim:
- Doğru deyir, yağıb qar.
Dedilər: - Axı qarğa
Yayda da “qar-qar” deyir.
Dedim: - Neyləsin yazıq
Onda da qar istəyir.
Göründüyü kimi, şair uşağın öz dili, məntiqi oyunu, məsələlərə yanaşmada nümayiş etdirdiyi şıltaq cavabları ilə mətni uğurlu nəticəyə gətirə bilir. Sadə, oynaq, yumoristik üslub şeirin ahəngi, ritmi ilə də səsləşir və onu tamamlayır. Onun “İlbiz” şeirinə baxaq:
Evini kürəyində
Gəzdirir əziz-əziz.
Bu ağır yükdən əsla
Baxın, yorulmur ilbiz.
O burma-burma evin
Bünövrəsi özüdür.
İlbiz deyir: - Evciyim
Evciklərin gözüdür.
Çəkilirəm içinə
Həm soyuqda, həm qarda.
Evim dalımca gəzir
Mən harda, o da orda.
Təbiəti tanıtmaq, anlatmaq, müəyyən anlayışlar haqqında bilgi vermək də bu şairin mətnlərində əsas xüsusiyyət kimi götürülür. Hərçənd bəzən həmin şeirlərdə redaktə ehtiyacı da duyulur (məsələn, təqdim etdiyimiz birinci şeirdə “Götür ye, dostum Kamran, Olurdu bu ilk sözüm” misrasındakı boşluq kimi). Bununla belə, yaratdığı təsvirlər maraqlı və orijinaldır.
Biz bir neçə şairin yaradıcılığına üz tutduq. Daha ətraflı təhlillərə bir qəzet məqaləsi çərçivəsində imkan yoxdur. Sonda Korney Çukovskinin hər bir uşaq yazarının əzbər bilməli olduğu bir neçə fikrini yada salmaq istərdik. Uşaq şeirində “hər misrada rəssam üçün material olmalıdır, çünki kiçik uşaqların təfəkkürü istisnasız olaraq obrazlıdır”. Uşaq şeirində “obrazların dinamikliyi”, “lirika”, “ritmin dinamikliyi”, “uyğun qafiyələnmə”, “poetik nitqin musiqililiyi”, “qafiyənin məna yüklü olması”, “hər misranın öz həyatını yaşaması və ayrıca bir orqanizm olması”, “şeirin həm də bir oyun təsiri bağışlaması”, “şeirin həm də böyüklər üçün olması” və nəhayət, “bizi uşaqlara doğru deyil, uşaqları bizə uyğunlaşdırmaq məqsədi daşıması” vacibdir.
Yeniazerbaycan.com