Üçüncü təbəqənin nahar fasiləsi - Əsəd Qaraqaplanın hekayəsi

Üçüncü təbəqənin nahar fasiləsi - Əsəd Qaraqaplanın hekayəsi
6 iyun 2023
# 10:12

Kulis.az Əsəd Qaraqaplanın "Üçüncü təbəqənin nahar fasiləsi" adlı yeni hekayəsini təqdim edir.

Külək kürəyimin ortasını deşəndə hiss elədim ki, iş yoldaşım yenə pəncərəni açıb. Zalım külək may ayında belə o qədər sərt şəkildə canımdan keçirdi ki, dedim, indicə ciyərlərim çökəcək. Onsuz da iki gün qabaq yenə bu pəncərə üzündən möhkəm soyuqlamışdım. Üstəlik, həmin günü, sözün həqiqi mənasında, yağışdan çıxıb yağmura düşmüşdüm. İş gününün sonunda elə bir yaz yağışı yağmışdı ki, sanasan, Bakıda deyilsən, Amazonun yağış meşələrindəsən.

Xəstəliyim bir az da ağırlaşmasın deyə tez pencəyimi geyindim və iş yoldaşıma yarıkinayəli şəkildə dedim: “Pəncərəni açanda artıq xəbər də eləmirsən...”

Bu arada pəncərədən küləklə birgə bir ev yeməyi qoxusu da özünü içəri soxdu, düz burnumun dirəyinə qədər gəldi və nahar vaxtının öncəsi məndə gözəl bir iştah yaratdı. Kimsə tavaya yağ töküb soğan qovurmuş, üstünə, çox güman, toyuq vurmuş, tam bişənə yaxın kartof və azca su əlavə eləmişdi. Axırda da duzuna baxmaq üçün qapağını açan kimi, qoxusu evdə durmayıb bizə qədər gəlib çıxmışdı.

Bayaqdan oxuduğum kitaba necə köklənmişdimsə, ətrafımda nəyin olub-bitdiyini hiss etmirdim. Ancaq otağı birdən-birə dolduran bu qoxunun təsiriylə yavaş-yavaş ayılmağa, qımıldanmağa başladım. Bir də baxdım ki, geriyə söykədiyim belim dikəldi, ayaqlarım yığıldı, elə bil kimsə dünyada başqa zövqlərin də olduğunu qulağıma pıçıldadı. Qoxu bütün burnuma yayıldıqca elə bil məni dünyəvi aləmdən ayıran kitaba meydan oxuyur, gözüm yavaş-yavaş kitabın sətirlərini dumanlı görməyə başlayırdı. Axırda qoxunun mənə təlqin etdiyi fikirlə razılaşdım və qəbul etdim ki, ruhumu bir az da maddi qida ilə zənginləşdirmək zamanıdır.

Hələ bir az vaxtım var idi deyə qoxunun haradan, necə bir evdən gəldiyini təsəvvürümdə canlandırmağa, pəncərədən qoxu gələn evə tərəf yol alıb, oradakı durumla yaxından tanış olmağa çalışırdım. Öncə pəncərədən quş kimi ayaqlarımı aşağı sallayıb qanadlarımı açdım, yavaş-yavaş küçəyə endim və bu yaz havasında arxayın-arxayın, havanı ciyərlərinə çəkə-çəkə yeriyən təkəmseyrək adamların arasıyla addımlamağa başladım. Bakı nədənsə ilk dəfə mənə bu qədər xoşbəxt görünür, ya da bəlkə də, mən özümü ilk dəfə Bakıda bu qədər xoşbəxt hiss eləyirdim. Daha doğrusu, sözün əsl mənasında özümü yaxşı, hətta daha güclü hiss edirdim.

Uzun fasilədən sonra – özümü tamam unutduğum, hadisələri qabaqlayıb kələ-kötür yaşadığım bir neçə ildən sonra sanki gözlərim bu yaz havasıyla birgə açılmış, təbiət məni iliklərimə qədər isitmişdi.

Həqiqət – indi ən çox duyduğum bu idi – indiyə qədər nə qədər səhv elədiyim. Ancaq öz içimdə həmin səhvlərə baxaraq minnətdarlıq duyur, o “qərib yuxular” olmasa, bu qədər yaxşı oyana bilməyəcəyimi düşünür, kainata qucaq dolu təşəkkürümü göndərir, gün keçdikcə daha da yaxşı olduğumu görürdüm.

Təzəcə küçəyə çıxmışdım ki, qoxu bir az da məni özünə çəkməyə, burnumu deşməyə, canıma can qatdıqca daha iti yeriməyimə səbəb olurdu. Qoxu, tam da gözlədiyim kimi, qarşıdakı binanın mənzilərinin birindən gəlirdi. Amma ev böyük, mənzil çox, tam olaraq haradan gəlirdi, onu bilmək üçün bir az da irəli getmək, yerini tapmaqdan ötrü daha da qanad açmaq lazım gəlirdi.

Yol qırağındakı çinar ağaclarını geridə qoyub yerüstü keçidə çataçatda dilənçi olmaq istəməyən, amma özünü dilənməyə məcbur hiss eləyən bir qadınla qarşılaşdım. Tam ona çatmışdım ki, yalvarıcı şəkildə başını bir az da aşağı salıb, baxışlarını daha da yuxarı qaldırdı. Sanki “dayan və mənə kömək elə” demək istəyirdi. Bu orta yaşlı kök qadın evdə nə qədər köhnə paltar varsa, hamısını üst-üstə əyninə keçirmiş, 3 il qabaqkı pandemiyadan qalmış qara tibbi maskanı taxıb ağız-burnunu bağlamış, qarşısına bir neçə ucuz corab və xırda-xuruş başqa şeylər, daha çox cib darağı qoymuş, pilləkənin kənarında özünə yuva qurmuşdu. Lap Dəli Domrul kimi bu “körpü”dən gəlib keçəcək adamlardan pul-para gözləyirdi.

Hava da o qədər gözəl idi ki, o qadının yerinə mənim özümü tər basdı və ona pul vermək üçün əlimi cibimə atmaq istəyirdim ki, birdən yadıma düşdü, yox, mənim evdə corabım çoxdur və təzə-təzə işə başlayanda o qədər cib darağı almışam ki, az qala, pencəyimin və şalvarımın hər cibində biri var.

Ona iqtisadi vəziyyətimi öz təxəyyülümdə başa salandan sonra ölkəmin ən rahat yaşayan ikinci təbəqəsindən olan bu xanımın yanından ötüb keçdim və ayağımı Bakıya ilk dəfə gələndə heç cür rahat minə bilmədiyim eskalatora qoydum. Üzüyuxarı qalxmağa, o qoxuya tərəf daha da qanadlandırmağa başladım. Bir də nə sirr idisə, bu illərdə xeyli çəki atmışdım ki, yerişim düzəlmiş, rahat hərəkət etməyim üçün heç bir problem qalmamışdı. O vaxt futbolda ayağımı qırmağım mənə xeyli çəki hesabına başa gəlmişdi ki, indi onlardan azad olmaq məni xoşbəxt edirdi. Üstəlik, həyatla daha duyumlu, daha iç-içə olmuşdum.

Qəribədir ki, səhər “manatlıq taksiyə” minib işə gəlmək üçün güllə kimi hərəkətə keçəndə yanımda elə bil mina partladı. Sonuncu – beşinci adam olaraq arxada, son yerdə oturmağa çalışarkən yekə bir bəyəfəndinin yan-bucuna tən gəldim. O da, az qala, yanıma bomba kimi düşdü. Zalım oğlu sürücü də oturacağını o qədər arxaya vermişdi ki, biz – arxada oturan 3 nəfər çarəsizcə daha sağa - sürücünün yanındakı sərnişinin arxasındakı oturacaq tərəfə sığınmağa məcbur olduq. Üstəlik, bu bəyəfəndi elə bil dünyanı yeyib doya bilməmişdi, bu sabah da məni yeməyə hazırlaşırdı.

Öncə gördüm, tərpənə bilmirəm, tez sol qolumu ərkyana qaldırıb onun çiyni üstündən keçirəndə adamdan elə bil fınxırıq çıxdı ki, tez qolumu geri qaytarıb yanıma soxmağa çalışdım. Amma yenə olmadı. Məcbur iki qolumu da qabaqda yanaşı tutub, şəkil çəkdirəndə utanan uşaqlar kimi, dayanmağa çalışdım. Mən qollarımı belə yığdıqca elə bil bəyəfəndi bir az da genişlənir, mənim dünyadakı bütün yerlərimi tutmağa can atırdı.

Bir az getdikdən sonra o qədər sıxıldım ki, beynim öz-özünə fəlsəfə üyütməyə başladı. Düşündüm, köklük elə, doğrudan da, kobudluq və mədəniyyətsizlikdir. Yoxsa adam niyə bu boyda olmağı özünə rəva görsün?! Həm də öz vücudunu boş verənlər ruhunu çoxdan boş vermirmi?.. Fəlsəfəyə təzəcə girişmışdım ki, maşın metronun keçidinə çatdı və mən dünyadakı ən böyük darlığımdan qaçmağa imkan tapdım.

Allahdan “9 May” qələbə günü olduğundan, rəsmi iş yerlərində tətil idi. Yol da sağ olsun, boş idi və mən tez bir zamanda bu zülümdən qurtulub üzüaşağı – iş yerimə tərəf uçmağa başladım.

Ancaq yolda həmişə nədənsə öldürmək istədiyim dayını öz yerində, servis avtobusunun sükanı arxasında görə bilmədim. Yəqin bu gün iş yox idi deyə, adam canını “ölümdən” xilas etmişdi. Hər gün eyni saatda yol kənarındakı avtobusunda oturub şirkət işçilərini gözləyən bu dayı, üzdən çox da pis adama oxşamır. Öz yaşına uyğun dolğunluğu onu hətta bir az şirin və mehriban göstərir. Fəqət ilk gündən onunla ulduzum barışmadı. Hər dəfə onu görəndə ağlımdan min fikir keçir və düşünürəm ki, onu öldürsəm, görən, nə olar? Görən, bu dünyada, lap elə bu ölkədə, ya da bu şəhərdə qəribə nə ola bilər ki? Ya da düşünürəm, o niyə yaşayır axı?! Bundan – 60-65 yaşdan sonra nə qədər faydalı, ən əsası, nə qədər maraqlı ola bilər ki?!..

Qısacası, hər gün min cür qəribə şey düşünüb onun qarşısından keçib gedirəm. Sonra “onun nə günahı var axı” düşünür, işimə başlayıb, kitabıma dalıram. Amma sonra bir az düşündüm ki, yəqin adamla mənim ulduzum ona görə barışmır ki, onu ilk dəfə əhvalım pis olanda, özümü bədbəxt hiss elədiyim vaxt görmüşəm. Bu da bizim hərgünki münasibətimizi belə pis şəkil uzatdıqca uzadıb...

Həə, sağ olsun yox olan kilolarım, indi məni qanadlandırıb rahat-rahat o qoxunun gəldiyi evə tərəf apardıqca yəqin aclıqdandır ki, bu qədər kök fəlsəfəyə yuvarlanıb özümü ehtiyac olmayacaq qədər xoşbəxt hiss eləyirəm. Bəlkə də, bu üzdəndir ki, dünyada insanları ən çox xoşbəxt eləyən şey nə sevgidir, nə sevişmək, məhz elə yemək yeməkdir. Yəqin ona görə bizim birinci təbəqəmiz də işini yaxşı bilir, yeməkdən doymaq bilmir...

O yemək qoxusundan məst olmuş halda keçidi sürətlə keçməyə çalışırdım ki, gördüm tam düşəcəyim tərəfdə bir tərəzi qoyulub. Yanında bir banka. Bankanın üstünə də “Tərəzi 20 qəpik” yazlımış kağız yapışdırılıb. Dedim, nə qədər acam, keçim 20 qəpiyimdən, özümü çəkim burada. Necə olsa, ac olanda adam daha yüngül olur və bu sənin xoşbəxtliyini daha da artırır. Belə olanda daha da havaya girir, daha yüksəkdən uçur, mənzilə tez çatırsan.

Ohaa, nə gözəl rəqəm: 81 kq! Demək, mən bu müddətdə, az qala, İsa peyğəmbərin yaşı qədər arıqlamışam: 33 kilo. Elə bil bir tərəfimi kəsib atıblar, məndəki pis adamı qoparıb alıblar məndən. Amma necə olsa, yenə ən gözəl vaxt həmişə yemək vaxtıdır. Onda fikirlər də gəlib səndə qidalanır, səni daha da möhkəm edir. Və kim deyirsə ki, kasıb olmaq yaxşı şeydir, demək, o, heç vaxt varlı olmayıb...

Tam bu yerdə həmin “istiqanlı” iş yoldaşım qapıdan içəri girir və bir az öncə marketdən çörək almaq üçün etdiyim xahişi yerinə yetirmiş şəkildə qarşımda durur. Mən də öz təxəyyülümü – tam binaya girməyə az qalmışkən – geri çağırıram, o da sağ olsun, bütün ötüb keçdiklərinin yanından geri-geri qayıdıb pəncərədən içəri girir və oturub nahar edirik...

Yeyib doyandan sonra özümü daha fərqli hiss edirəm. Daha rahat və daha məzmunlu. Bu balaca və dar oturacağım genişlənib elə bil böyük bir kreslo olur, mən isə başqa bir təbəqənin adamı. Özümü bir az daha mükafatlandırıb bir az daha göylərə qaldıraraq üçüncü təbəqə kimi görürəm.

O şəxslər ki, ölkəmin bel sütunu, yurdumun dayaq yeri. O şəxslər ki, tənbəlliyi anadangəlmə yadırğayıb yaşamağa məhkumdurlar. O şəxslər ki, səhər tezdən durub işə gedir, axşam yorğun qayıdır və ən böyük əyləncəsi evdə arvadla dalaşmaq olur. O şəxslər ki, həftə sonlarını çox vaxt yuxuya verib bu vətəndə yatmağın fəlsəfəsini hamıdan yaxşı anlayırlar. O şəxslər ki, tənbəl olsalar, 500 manatlıq maaşla 1500 manatlıq həyatı dartıb bu qədər uzada bilməzlər. O şəxslər ki, onlar tənbəl olmasaydı, ölkədə çoxdan iqtisadi inqilab olmuşdu...

Bəli, mən indi özümü o şəxlərdən biri kimi hiss edirəm. Evdən gətirdiyim tərəvəz salatından yeyib oturmuşam və bayaqkı qoxu haqqında çox da düşünmürəm. Necə olsa, yəqin onlar da yeməklərini yeyib, qabları yığışdırıblar, oturub yüksək təbəqə rahatlığına dalıblar.

Əslində, mənim niyyətim yeməkdən sonra, iş yoldaşımın soruşmadan açdığı pəncərədən yenə təxəyyülümü çölə buraxmaq, gedib o yemək qoxusunun mənbəyini tapmaq idi. Onsuz da düz evin girişinə qədər getmişdim, az qalırdım ki, qoxu gələn mənzili tapam və görəm orda nə baş verir. Görüm, hələ bizim təbəqədən olmayan bu adamlar – nədənsə bu evdə yaşayanlar haqqında belə düşünürəm – nə yeyib, nə içirlər, necə dolanırlar. Həyatları necədir, bizim kimi onlar da antitənbəldirlər ki, bu ölkədə heç nə baş vermir belə?!..

Ancaq indi mən öz halımdan məmnunan, buna qədər hətta hansı təbəqəyə (ya da təbəqəsizliyə) mənsub olduğumu da bilmirdim. Nə işim var idi, nə doğru-düzgün bir həyatım. Üstəlik, pis vərdişlərim xeyli çox idi ki, bu da mənim iştahımı təkcə yeməkdən deyil, həyatdan da kəsirdi. İndi həyat mənim üçün öz repertuarında “Qarın qardaşdan irəlidir” mahnısını səsləndirir, mən də həzin-həzin xatirələrə dalıram. Və indi – bu yüksək təbəqə naharından sonra oturacağıma yayxanıb axşam evə gedəndə nə yeyəcəyim haqqında düşünürəm...

Və birdən hiss edirəm ki, iş yoldaşım yenə xəlvətcə pəncərəni açaraq küləyi kürəyimin ortasına buraxıb. Tərslikdən kitab oxuyanda necə dalıb gedirəmsə, soyuğu da hiss etmirəm. Ah, bu nahar fasiləsi... “Ay qız, pəncərəni bağla!..”

# 1801 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #