Kulis.az gənc yazar Təvəkkül Boysunarla müsahibəni təqdim edir.
– Təvəkkül, elə bil, ədəbi mühitdən, yazıçılardan kənar görsənirsən. Bunun səbəbi nədir?
– Məncə, bu, ədəbi mühitdə olan yazıçılarla yaxından əlaqəmin olmamağı ilə bağlıdır. Onların əksəriyyəti bir-biri ilə dostdur, birlikdə yeyib-içir, deyib-gülürlər. Kitabları çıxanda da özləri oxuyur və tənqid edirlər. Müxtəlif hekayələrim, yazılarım çıxır. Amma bilmirəm, bu məni ədəbi mühitdən nə qədər kənar göstərir. Bəlkə də, həmin mühitdə obyektivlik olmadığı üçün kənar qalmağa çalışıram.
– “Kruq ədəbiyyatı” adlı bir yazın var. Maraqlıdır, “kruq ədəbiyyatı” deyəndə nəyi nəzərdə tutursan?
– Bu yazı iki il əvvəlin yazılarındandır. Yazını yazmaqda mənə ilham mənbəyi İlham Əziz, Nadir Yalçın və digərləri oldu. Onları və başqa yazıçıları feysbukda izləyirdim. Ancaq bir-birilərini tərifləyirdilər. Lakin yazılarının tərifəlayiq olmadığını düşünürdüm. Bu cür situasiyalara tez-tez rast gəlirdim. Məsələn, hətta kiçik bir məqamı deyim, “kruq ədəbiyyatı” haqqındakı həmin yazını Müşfiq Şükürlü yazsaydı, Şərif Ağayar onu əməlli-başlı müzakirəyə çevirəcəkdi. Düzdür, Şərif bəy ondan əvvəl də, sonra da yazılarımı hörmətli şəkildə verib, amma ümumən ədəbi mühitdə bir çox məqamlarda “kruq ədəbiyyatı”nın təsirini hiss etmək olur. Adi bir faktı deyim, Orxan Həsəninin kitabı çıxdı. Bu kitabı mən də aldım və haqqında yazdım. Həmçinin bu kitabla bağlı digər gənc yazıçılar da yazdı. Mən aralarında çox az olduğum üçün, nəinki kitabım haqqında yazmaq, heç kitabımı almadılar da. Bu da “kruq ədəbiyyatı”na başqa bir nümunədir.
– Səni niyə “kruq”a almırlar?
– Sözün düzü, bununla bağlı xüsusi arzum da yoxdur. Onsuz da dürüstlüyün olmadığı “kruq”da olmaq da istəmərəm. Orxan Saffarinin, sıxsan 20 səhifədən ibarət olan kitabına on manat verib aldım, haqqında yazı da yazdım. Amma “kruq”da olan adamlar o qədər yanlış yola düşüblər ki, onlar öz əhatələrindən kənarda olan yazıçıların kitablarına bəzən maraq da göstərmirlər. Bu da nadanlığa aparıb çıxarası bir şeydir. Vüqar Van çox həvəslə kitabımı istəyirdi, sonra, deyəsən, başqa yerdən tapdı. Hiss olunur ki, maraqlanır, oxuyur, axtarır. Amma onda da obyektivlik çox aşağıdır. Varisin bir hekayəsini oxuyur, palaz boyda yazı yazır, nədir, nədir şöhrət qazansın, mənim kitabım haqqında çox şey yazıla bilər, halbuki heç bir reaksiya göstərmirlər.
– Tərcümə ilə də məşğulsan. Hansısa əsərləri dilimizə tərcümə etmisən?
– Hazırda bədii tərcümə ilə sıx məşğul deyiləm. Vaxtilə Şervud Andersonun “Tanrının qüdrəti” hekayəsi ilə tərcümə müsabiqəsinə qoşuldum və birinci yerə layiq görüldüm. Qalibiyyətdən sonra tərcüməçiliklə yaxından məşğul oldum. Nabokov, Elis Manro, Lidiya Deyvis və başqa məşhur yazıçıları tərcümə etdim. İndi əlimdə Ernest Heminqueyin xatirələrindən ibarət hazır bir kitab var. Bu kitabın tərcüməsini çoxdan bitirmişəm. Orda Coysla, Fitszceraldla, Ezra Paundla münasibətləri, Dostoyevski və başqa yazıçılar haqqında fikirləri var.
Hətta həyatının ən intim anları belə təsvir olunub. Amma nəşriyyatlar belə kitablara maraq olmadığını deyib yiyə durmadılar. Ona görə də hələ çap etdirə bilməmişəm. Ceyms Coysun “Dublinlilər” kitabını tərcüməyə başlasam da, yarıda saxladım. Bəlkə, nə vaxtsa tam tərcümə edərəm. Bu da möhtəşəm kitabdır, lakin bizim dildə tərcüməsi yaxşı deyil. Ana dilimizə yaxşı tərcümə edilməmiş bir çox əsərlər var ki, onları tərcümə etmək istəyərdim, amma yazıçılıq fəaliyyəti buna mane olur. Məsələn, Markesin “Yüz ilin tənhalığı” kitabını orijinaldan tərcümə etməyi çox istəyərdim. Düzdür, həmin əsərin tərcüməçisi Günel Mövlud istedadlı qələm adamıdır, amma bir məsələ də var ki, ikinci dildən tərcümə edəndə, hətta Əkrəm Əylisli də bəzən uğurlu ola bilmir. Bu baxımdan, son zamanlarda “Gözlənilən bir qətlin tarixçəsi” əsərinin türkcəsini oxuyanda gördüm ki, hətta türkcə versiyası da bizim dildəki versiyadan daha yaxşıdır. Çünki orijinaldan tərcümədir.
– Tərcümədən yaxşı pul qazanırdın?
– Hə. Yaxşı pul qazandığımı deyə bilərəm. Şervud Andersonun kitabına görə Tərcümə Mərkəzi hər səhifəyə on manat nəzərdə tutmuşdu. Bu, hazırda ölkədəki tərcümə qiymətlərinə görə, əslində, çox yaxşı məbləğdir. Amma bədii tərcümə çətin və ağır olduğundan yenə də bir müddət sonra görürsən ki, qaneedici deyil. O qədər yazıçılar var ki, bütün enerjilərini tərcüməyə sərf etdilər. Məsələn, Saday Budaqlı özünü tərcüməyə həsr etdi. Mənsə bu sahədən kənarlaşdım. Bəlkə, nə vaxtsa adını çəkdiyim bəzi əsərləri tərcümə edərəm.
– İndi keyfiyyətli iş görən tərcüməçilərimiz var?
– Düzünü desəm, bacardığım qədər tərcümədə əsər oxumamağa çalışıram. Amma hər halda yaxşı tərcüməçilərimiz var. Arxayınlıqla tərcümələrini oxuduğum tərcüməçilərdən biri Natiq Səfərov idi. Və maraqlıdır ki, o, ikinci dildən tərcümə etsə də, mətnin enerjisini ustalıqla saxlaya bilirdi. Bu yaxınlarda Qismət Rüstəmovun tərtibatı və İlahə Əkbərin tərcüməsində “Paris Revyu müsahibələri” kitabını oxudum və böyük zövq aldım.
– Bir yazında qeyd etmişdin ki, yazıçılıq məni xoşbəxt edir.
– Kütlənin nəzərdə tutduğu xoşbəxtlik var, bir də şəxsin özünün xoşbəxtliyi. Hazırda Van Qoqun, qardaşı Teoya yazdığı məktubları oxuyuram. Adam çox dərin sıxıntılar yaşayıb, maddi cəhətdən çöküşdə olub. Kənardan baxanlar, yəqin ki, həmişə onun bədbəxt olduğunu düşünüblər. Amma Van Qoqun elə məktubları da var ki, orada sən onun necə dərin bir xoşbəxtlik duyduğunu da hiss edirsən. Bəzən bu cür xoşbəxtliklər varlı adamlara nəsib olmur. Heminquey xatirələrində qeyd edir ki, biz o qədər kasıb idik, yeməyə qənaət etmək üçün bəzən həyat yoldaşıma yalandan deyirdim ki, bu gün məni qonaqlığa çağırıblar. Və bu bəhanəylə evdən çıxıb ac vəziyyətdə Lüksemburq bağlarını gəzirdim. Amma kasıblığa rəğmən həmin ərəfədə düşünürdüm ki, Parisdə bizdən xoşbəxt adam yoxdur.
– İndiki müəlliflərdən kimləri bəyənirsən?
– Nihat Pirin yaxşı yazıçı olmaq üçün potensialı var. Feysbuk statuslarında da maraqlı yazılar yazır. Yaxşı yumoru var. Elə yazıçılar da var ki, onların gələcəkdə uğurlu əsər yazmağı tamamilə təsadüfən ola bilər. Uğurlu əsər yazmaqları heç inandırıcı da görünmür, çünki onlar doğru cığırda deyillər. Gənclərdən Şamxal Həsənovun romanını bəyənmişdim. Bu yaxınlarda onun əsəri ilə bağlı Orxan Saffarinin tənqidlərini oxudum, amma həmin tənqidlərin bir çoxu yalnış idi. Orxanın tutduğu cümlə səhvləri nöqsan deyildi, əksinə tutduğu səhvlər onun özünün mətn, cümlə və dil duyumunun səthi olduğunu göstərirdi. Məhəmməd Tanhudan yaxşı bir roman gözləyirəm. Amma, məncə, onun da dili Şamxalın dili kimi qəliz olacaq. El Romanın yaxşı şeirləri var. Mən bayaq adı çəkilən “kruq ədəbiyyat”çılarından fərqli olaraq oxuduğum əsərlərlə bağlı mütləq fikir bildirir, obyektiv təhlil etməyə çalışıram.
– Səncə, klassik ədəbiyyatı tam mənimsəmədən müasir dövrdə yazı-pozu sahəsində uğur qazanmaq olar?
– Əlbəttə, olar. Düşünürəm ki, yazıçılar üçün kitab oxumağın rolu çox şişirdilib. Misalçün, bir şəxs Azərbaycan ədəbiyyatından keyfiyyətsiz mətnləri oxumasa, normal həyatını yaşasa və onu yazsa, bu həyat tərzi onun yaxşı mətn ortaya çıxarması üçün daha faydalı ola bilər, nəinki özünü məcbur edib yerli mənasız imzaları oxumaq. Məncə, zəif yazıçıların əsərlərini oxumaq yazıçının qələmini korşaldır. Klassik ədəbiyyatı da oxumadan yaxşı yazıçı olmaq olar. Şübhəsiz, onları oxumaq da mətnə yaxşı şeylər qatır. Əminəm ki, Dostoyevskinin romanlarını oxuyub, mənasız vaxt itkisinə səbəb olmaqdansa, Füzulinin 3 qəzəlini tələsmədən, düşünə-düşünə oxumaq daha faydalıdır.
– Dostoyevski zəif yazıçıdır?
– “Karamazov qardaşları”nın ilk 300 səhifəsində tapa bilmədiyin enerjini, dadı sən Kalvinonun “Əgər bir qış gecəsi, bir yolçu” romanının ilk on səhifəsində tapa bilərsən. Mətn duyumu yaxşı olan adamlar bilirlər ki, Dostoyevski güclü yazıçılar arasında ön cərgədə dayanmır. Məncə, ustalıq odur ki, qısa həcmdə maksimum nəyisə ifadə edəsən. Bunin deyir ki, Tolstoyun romanlarını sıxsaq, yarısından su çıxar. Dostoyevskinin bir çox əsərlərini heç tam bitirə bilməmişəm.
– Hərdən gənc yazıçı həmkarlarının tənqid hədəfinə tuş gəlirsən. Bu səni narahat edirmi?
– Məni narahat edən obyektivliyi rahatlıqla tapdalamalarıdır. Kulisdə hekayə müzakirəsində “Uğursuz gün” adlı hekayəm çıxmışdı. Həmin hekayəni İlham Əziz, Vüqar Van, Orxan Həsəni, Kazım Kazımoviç yıxıb sürümüşdülər. Mənfi rəy bildirənlərin heç birinin fikri ədəbiyyatdan başı çıxan adamın fikri deyildi. Mətn duyumu yaxşı olan adam o hekayə haqqında yalnız müsbət fikir deyə bilərdi. Bəzi yazıçılar hələ də hesab edirlər ki, ədəbiyyat hansısa faciəli hadisə ilə oxucunun göz yaşlarını axıtmaqdır. Uşağına çörək ala bilməyən kasıb ata, yaxud sağalmaz xəstəliyə düçar olmuş gənc qızdan bəhs edən hekayələr... Belə mətnlər artıq çox bayağı görsənir. Bir də var ki, müəllifin ustalığı ilə yaranan hər hansı bir səhnə. Bu yaxınlarda Haqverdiyevin “Bomba” hekayəsini yenidən oxudum. Orda belə bir epizod var: “Polislər Feyzullahın qollarını buraxdı və o gedib qarpızların üstünü açdı”. Bu, o qədər təbii səslənir ki, elə bil, sən özün bu mənzərənin şahidisən. Məncə, ədəbiyyat bu cür canlılığı yaratmaqdır.
– “Yazıçılıq və dilənçilik” adlı hekayə yazmışdın. Səncə, bu ikisi arasında əlaqə var?
– Bunlar arasında, təəssüf ki, nə zamansa əlaqə olur. Bir çox sənətçinin həyatına fikir versək, görürük ki, mütləq başqalarının dəstəyinə ehtiyac duyublar. Markes xatirələrində yazır ki, ilk hekayəm qəzetdə çıxanda həmin qəzeti almağa cibimdə bircə qəpik də yox idi. Fikirləşdim, kimdən borc ala bilərəm. Ev sahibindən borc almaq olardı, amma, onsuz da, ona kirayə borcum var idi. Ağlıma kim gəldisə, hamısına borcum var idi. Axırda həmin qəzeti əlində tutub maşınına minmək istəyən varlı bir adam gördüm və gedib qəzeti ondan istədim. Yəni bir çox yaradıcı şəxslərin bioqrafiyasına baxsaq, kasıb olduqlarını görürük.
– Müasir azərbaycan ədəbiyyatında nələr çatışmır?
– Özünü tamamilə ədəbiyyata həsr edəcək qədər cəsarətli addım atan yazıçıların sayı çox deyil. Hətta bütün vaxtını ədəbiyyata həsr edirmiş kimi görünən yazıçı dostlar da vaxtlarının çoxunu avaralığa sərf edirlər. Ya feysbuk avaralığına, ya da yeyib-içməyə. Bir də ədəbiyyatımızda müasir dövrü əks etdirmək bacarığı çatışmır. Hələ də kənd nəsri yazanlar var. Kitabımı bu cəhətdən uğurlu sayıram, çünki orda müasir dövrün ruhu, müasir gənclərin həyat tərzi gözəl təsvir olunub.
– Gənc yazıçılar iddia edirlər ki, Azərbaycan ədəbiyyatında kifayət qədər yaxşı mətnlər var. Sadəcə üzə çıxarmaq lazımdır. Səncə, yeni çıxan hekayə və romanlar dünya ədəbiyyatı ilə uzlaşırmı?
– Belə bir hekayə və ya roman xatırlamıram. Çap edilməyən bəzi mətnlərim var ki, onlar dünya səviyyəli mətnlərdir. Bu mətnləri mən yox, xarici bir yazıçı yazsa, mütləq ciddi uğurlar qazanardı.
– Dilin saflığının qorunmasında daha çox yazıçılar, yoxsa dilçilər məsuliyyət daşıyırlar?
– Məncə, həm yazıçılar, həm də dilçilər bu cəhətdən aciz fiqurlardır. Çünki dilin saflığını heç cür belə inzibati tədbirlərlə kənar müdaxilələrdən qorumaq mümkün deyil. Biz heç vaxt beş yaşlı uşağın dilinə müdaxilə eləyə bilmərik.
– “Qadınlara mədhiyyə” adlı ilk kitabın işıq üzü gördü. Belə bir kitab yazmaq hansı ehtiyacdan irəli gəldi?
– Mən bu kitabda gələcək kitablarım üçün nəzərdə tutduğum müəyyən mətnləri toplamışam. Ona görə də ilk adı “Mündəricat” idi. Bu kitabda əla hekayələr, əla mətnlər var. Yaxşı reklam olunsaydı, on minlərlə tirajla çap oluna bilərdi. Azərbaycanda ömrü boyu kitab oxumayan adamların belə əlinə keçsə və cəmi bir-iki səhifə oxusalar, kitabı sona qədər zövqlə və yorulmadan oxuyarlar.
– Ədəbi mühit tərəfindən kitabın necə qarşılandı?
– Heç bir reaksiya gəlmədi. Hətta adicə feysbukunda da paylaşıb fikir bildirən qələm adamı da olmadı. Yalnız sadə oxuculardan, tanımadığım adamlardan rəylər aldım, sağ olsunlar.
– Bir müddət əvvəl sərgilərdə gənclər kitablarını stendlərə qoyub satırdılar. Bu məsələ xeyli müzakirə olundu. Səncə, müəllifin küçədə öz kitablarını satması nə dərəcədə düzgündür?
– Əgər bunu edə bilən yazıçı varsa, onun cəsarətini alqışlayıram. Amma bu mənim üçün kompleks idi. Sərgidə bunun üçün yer təşkil olunmağına baxmayaraq, kompleksimə görə bacarmadım. Bu mənim prinsiplərimə uyğun olmadı, narahat oldum. Yazıçı öz zamanını kitab satmağa sərf edirsə, bu, vaxt itkisidir. Amma satanları da qınamıram, çünki məlumdur ki, bizdə kitabın vəziyyəti faciəvidir. Əgər kimlərsə kitabını özü sataraq pul qazanmaq istəyirsə, niyə də olmasın.
– Bukovskinin məşhur “Qadınlar” romanı var. Kitabını həmin romanla müqayisə etmək olar?
– Həmin kitabın içində biabırçı sözlər var idi. Əgər müəllif o cür açıq-saçıq sözlər yazmağa məcbur olursa, bu onun acizliyinin göstəricisidir. Mənim də kitabımda erotik səhnələr var, amma bir dənə də artıq-əskik sözə rast gələ bilməzsiniz. Bircə dənə artıq-əskik söz olmadan mən sevişmə səhnələrini sənətkarlıqla göstərə bilmişəm. Bukovskinin kitabında həmin sözləri görəndən sonra bir kənara atdım, sonacan oxumadım və inanmıram ki, onun kitabı mənimkindən daha yaxşı olsun.
– Maraqlı kitabdır. İçində həm nəsr, həm poeziya, həm də din var.
– Dediyim kimi bu, gələcək kitablarımın xəritəsi olduğuna görə bu cür şeylər salmışam. Ona görə də fərqli qütblər var. Müxtəlif oxucuların rəylərini aldıqdan sonra gördüm ki, onların çoxu eyni sualı verir: o hekayələrdəki şəxs özünüzsünüz? Bu mənim üçün, əslində, sevindirici haldır. Oxucuları mətnə inandıra bilmişəm.
– Şeir yazmaq çətindir ya nəsr?
– Şeir yazmaq hazırda mənə maraqlı deyil. Hətta arada mənə elə gəlir ki, artıq şeir yazmağın dövrü də keçib. Şeir yazmaq üçün lazım olan sənətkarlıq mənə cazibəli görsənmir. Gənc ikən şeirlər yazmışam və düşünürəm ki, özünə gənc şair deyənlərin çoxundan da yaxşı yazmışam. Şeirin yazılış tərzi, yaxşı şeirin necə ərsəyə gəldiyindən xəbərim var. Amma nəsr yazmaq mənim üçün daha maraqlıdır. Mənə elə gəlir, nəsr üçün özün əziyyət çəkməlisən, şeirin yazılışında isə sanki göylərin müdaxiləsi var.
– Sən özünü hansı sahədə daha uğurlu görürsən: yazıçılıq, şairlik, yoxsa tərcüməçilik?
– Yaxşı tərcüməçi olduğumu düşünürəm, amma, təbii ki, özümü yazıçılıqda uğurlu görmək istəyərəm.