Kulis.az Bayram Quliyevin "Tarix və seks 18+"adlı yeni yazısını təqdim edir.
Yazının adını qəsdən belə qoydum ki, sizə maraqlı gəlsin. Bundan sonra başlıqdakı sözün akademik qarşılığından - "cinsəllik" sözündən istifadə edəcəm.
Zənnimcə, Azərbaycanda bu barədə yazacaq cəsarətdə tarixçi çox az olduğuna görə, özüm yazmaq qərarına gəldim. Çünki tarixi proseslərin cinsəlliyə bağlanması və bu haqda özünü reklam etmək istəyən, gündəmdə qalmaq istəyənlərin absurd fikirləri insanı yorur.
Tarixdən, tarixi tədqiqatın məntiqi, üsulu və fəlsəfəsindən xəbəri olmayan insanlar belə tarixdən danışırlar. Məsələyə aydınlıq gətirməmişdən öncə bildirmək istəyirəm ki, tarixin psixologiya ilə əlaqəsinə dair artıq beş ildir ki, araşdırma aparıram və bir o qədər müddət lazımdır ki, bunu tamamlayım.
Buna dair onlarla tibbi kitab, yüzlərcə ilkin qaynaq oxuyub, yüzlərcə insanla psixoloji müsahibələri (onların müxtəlif proseslərə dair fikirlərini öyrənmək məqsədli) test olaraq gerçəkləşdirmişəm və etməkdə davam edirəm. Test olmasına baxmayaraq, çox insanı dinləmək və onlara doğru yol göstərmək bu tədqiqatı daha da dəyərli edib mənim üçün. Çünki situasiya içərisində olan insan özünü kənardan analiz edə bilmir.
Məsələni aydınlatmaq üçün aşağıdakı problemləri anlamaq lazımdır. Çünki, bu məsələləri anlamadan mövcud şəkildə hər şeyi cinsəlliyə bağlayırıq.
1. Niyə hər şeyi cinsəllik ilə bağlayırıq? – Çağdaş dövrdə baş verən bütün hadisələrdə cinsəllik və ya onun bir elementi axtarılır, İnsanların hər şeydə, hətta söhbət əsnasında cinsəllikdən danışmasının obyektiv olduğu qədər subyektiv səbəbləri vardır. Obyektiv səbəbə gəlincə, unutmaq olmaz ki, cinsəllik insanın üç əsas ehtiyaclarından biridir və insan həyatına birmənalı təsir edən əsas psixoloji faktorlardan ən əsas olanıdır. Cinsi artıqlılıq və yoxluq insan həyatında müxtəlif cür təzahür edir. Subyektiv səbəbə gəlincə, çağdaş dönəmdə hər an qarşımıza cinsəllik müxtəlif formada çıxır. Sosial şəbəkələrdə, televiziyalarda, reklamlarda və xəbərlərdə. Porno saytlar və erotik söhbət platformalarından istifadə etməyən az saydadır. Bütün bunlar insanların şüuruna birbaşa və ya dolayısı yolla təsir edir. İstər – istəməz bu da düşüncələrimizin formalaşmasına təsir edir və hər şeydə səbəb olaraq cinsəlliyin önəmini axtarmaq zorunda qalırıq. Heç şübhəsiz ki, cinsəllik Antik Çağda da, Orta Çağda da vardı, lakin indiki kimi deyildi.
2. Tarix ilə cinsəlliyi nə bağlayır? İnsanlıq tarixi başlayandan bəri cinsəllik də mövcuddur. Boş-boşuna ən qədim peşə sahibləri qavramı yaranmamışdır. Tarix öncəsindən Antik dönəmə keçincə cinsəllik də dəyişdi. Tarix öncəsində sərhədi və nizamı olmayan cinsəllik Antik dönəmdə cilalandı, estetik bir görünüşə büründü. Yazarlar cinsəlliyin mədəni halını sevgi kimi yazmağa başladılar. Cinsəllik nəsil artımından daha çox zövq və məqsəd funksiyası daşımağa başladı. Əslində Tarixöncəsində olan cinsəllik eyniliklə Çağdaş dönəmdə də vardır. Örnək olaraq homoseksualları göstərək. Antik və Orta Çağda indikindən daha çox homoseksual vardı, hətta bəzi bölgələrdə normal qarşılanırdı. İslam dünyası da bundan kənarda deyildi. Sadəcə, indi daha çox informasiya qəbul edirik deyə bizə daha qabarıq və kütləvi hal alıbmış kimi gəlir.
3. Cinsəllik tarixi proseslərə təsir etmək gücündədirmi? Öncə söyləmək mümkündür ki, bəzi durumlarda öz kiçik məqsədlərinə çatmaq üçün cinsəllikdən istifadə olunmuşdur. Lakin bunu bir imperiyanın dağılması və ya yaranması qədər qlobal məsələlərə, hakimiyyət dəyişikliyinə, sənaye inqilablarına və s. aid etmək olmaz. Bütün bu proseslərin baş verməsi üçün tarixi, sosial-iqtisadi, mədəni-siyasi, tibbi-təbii-coğrafi zəmin olmalıdır. Tarixi qanunauyğunluqları bilməyən biri təbii olaraq bunu cinsəllik ilə bağlaya bilir. Örnək olaraq, Makedoniyalı İsgəndəri göstərək. Dünyanın böyük bir hissəsini öz hakimiyyəti altına almış İsgəndər biseksual idi və bu onun fateh olmasını əngəlləməmişdi. Leonardo Da Vinçi kimi dünyada tayı-bərabəri olmayan alim dünyaya bir də gələrmi, bilmirəm. Onun cinsi oriyentasiyası onun böyük alim olmasına mane olmamışdır. Yaxud öz savadı, dünyagörüşü və siyasi bacarığı ilə bir nömrə olan, cinsi baxımdan fərqlənən II Katrina (Bizdə Yekatrina olaraq bilinir) zamanında Rusiya İmperiyası özünün ən geniş ərazilərinə sahib oldular. Rusiyada elm onun zamanında özünün intibahını yaşadı. Səfəvi tarixində ən böyük hərəmxana məhz Şah I Abbasa aid idi. Eyni zamanda Səfəvilər özlərinin ən güclü dönəmlərini də həmin vaxt yaşayıblar. Zənnimcə biz cinsəlliyi gözümüzdə o qədər böyütmüşük və həyatımızın mərkəzinə o qədər almışıq ki, hər şeyi onunla bağlayırıq.
4. Hərəmxanaların məqsədi nə idi? Şərq tarixində hərəmxanaların böyük yeri var. Hərəmxanalara indiyə qədər çox az hallarda düzgün qiymət verilib. Bunun bir neçə səbəbi var. Birincisi, yerli qaynaqlar məhrəm olduğu üçün hərəmxanalar haqqında çox az məlumat verir. İkinci səbəb xarici səyyahların verdikləri qeyri dəqiq bilgilərdir. Bu bir gerçəkdir, demək olar ki, heç bir xarici səyyah hərəmxananı öz gözləri ilə görməyib bu da qulaqdan dolma bilgilərin həmin səyahətnamələrə düşməsinə səbəb olub ki, hazırda həmin bilgilərin yönləndirilməsi ilə hərəm haqqında yanlış təsəvvürə malikik. Bəzən irəli gedən bəzi ”tədqiqatçılar” hərəmi əxlaqsızlıq yuvası, sadəcə eyş-işrətin baş verdiyi yer kimi təqdim edirlər. Bu kökündən yanlış düşüncədir. Hərəmxana qadınların təhsil aldığı təhsil mərkəzi idi. Orada qadınlara çeşidli peşələr öyrədilirdi. Heç şübhəsiz ki, onların içərisindən gözəl olduğu qədər sağlam olanları seçilir və nəslin davamı üçün hökmdara təqdim olunurdu. Hərəmxanalar başlı-başına ayrılıqda tədqiq olunan saray müəssisəsi olmalıdır. Heç şübhəsiz ki, qərb tədqiqatçıları şərqi gözdən salmaq üçün bu cür faktlardan maksimum yaralanır və bizimkilər də onların dəyirmanına su tökürlər.
5. Sonuc – gerçəyi çeşidli yönlərdən göstərməyə çalışdıq, nəticəni özünüz çıxarın. Lakin ya məqsədli – hansısa güclərin istəyini yerinə yetirmək üçün, ya da bilgisizlik və cahillikdən tariximiz manipulyasiya edilir. Bizlərin də ayıq və gözüaçıq olmamız lazımdır ki, bu cür neqativ halların yayılmasına izin verməyək. Heç görmüsünüzmü, hər hansı bir çağdaş və tarixçi olmayan italyan Roma imperiyasının çöküşünü Antik Çağdakı cinsi anormallığa bağlasın?! Ancaq Antik Romada nə baş verirdi? İnsanlar bəsit düşünürlər və gerçəyi görməkdə çətinlik çəkirlər.
Çalışdım, qısa və lakonik bilgilər verim. Ümid edirəm, bu yöndəki çalışmalarım bitirmək üçün yetərli zamanım olar.
Bayram Quliyev