Tanınmış aparıcı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi Kəmalə Onur sosial şəbəkələrdə sözlərin düzgün deyilişi ilə bağlı qısa videolardan ibarət layihə başlayıb. Layihə az vaxt ərzində xeyli marağa səbəb olub.
Kulis.az Kəmalə xanımla bu mövzuda söhbəti təqdim edir.
- Kəmalə xanım, Binə Atçılıq Mərkəzində olmusunuz?
- Bəli, amma at sürmək nəsib olmayıb. Film çəkilişində olmuşam.
- Sizi məhkəməyə versələr ki, öz layihəsində bizə gözlənilmədən istehza edib, nə edərsiniz?
- Vəkil tutub hüquqlarımı müdafiə etməyə çalışaram. Amma dünən bir nəfər yazıb oranı reklam etdiyim üçün təşəkkür etdi. Yəni ciddi narahatlığa əsas yoxdur.
- Aydındır. Necə oldu belə bir layihəyə start verdiniz? Həm də qısa və kreativ çıxışlarla...
- Əslində bu haqda çoxdan düşünürdüm. Amma işlərin çoxluğundan heç cür ilk addımı ata bilmirdim. Gündəlik ünsiyyətdə tələffüzündən narahat olduğum kifayət qədər sözlər var. Düşündüm ki, israrla nəsə öyrətmək istəsəm, maraqlı olmaz. Əslində, zarafat kimi görünən əlavələr isə izləyicilərin qeydlərimi unutmaması üçün nəzərdə tutulub. Qısalığa gəlincə, məncə indi heç kimin kimisə dinləməyə yarım dəqiqədən artıq vaxtı yoxdur.
- Belə anlaşılır ki, siz təkcə efirdə deyil, hər yerdə tələffüzlə bağlı yanlışları düzəltmək istəyirsiniz.
- İndi efirdən başqa həm də Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində çalışıram. ASAN Radioda yayımlanan "Nitq mədəniyyəti" verilişi də Monitorinq Mərkəzinin layihəsidir. Onsuz da bütün gün bu məsələlərlə məşğul olduğum üçün yeni bir iş gördüyümü düşünmürəm. Səsimi daha çox insana eşitdirmək, bacardığım qədər daha çox məlumatlandırmaq istəyim var. Məncə tək mən yox, hamımız bu işdə bacardığımız qədər yaxından iştirak etməliyik. Azərbaycan dili dünyanın ən gözəl dilidir, onu qorumaq torpaqlarımızın bütövlüyünü qorumaq qədər vacibdir.
- “Grammar nazi” adlı termin var dünyada. Təxminən “qrammatika faşisti” anlamına gəlir. Faşistlərin embleminə oxşayan xüsusi emblemləri də var. Orfoqrafik səhvləri düzəltməyə çalışan və buna ifrat həssaslığı olan adamlar haqda deyirlər. Sizin üçün də buna bənzər termin işlətmək olar? Yaxud özünüz öz işinizin adını bu mənada nə qoyardınız?
- Yox, mənim əvvəldən adam incitməklə aram yoxdur. Kiməsə irad bildirəndə də bunu faşitcəsinə etmirəm. Zarafata salıram ki, inciməsin. Bu mənada mənə yalnız "Grammar bacı" demək olar (Gülür).
- Ümumiyyətlə, mütəxəssis üçün bir sözü kobud yanlışla eşitmək necə bir hissdir?
- Bu xarakterə görə dəyişir. Adam var israrla düzəltməyə çalışır, adam var əsəbiləşir. Mən bir az səbirliyəm. Məncə, insanların davranışları onların həmin vaxt üçün ən doğru hesab etdikləri seçimləridir. Eləcə də tələffüz. Kim istəyər qüsurlu danışsın? Yəqin bilmir, ona görə belə edir - deyə düşünürəm. Mən özüm də çox şeyi bilmirəm. Əsas doğrunu axtarmaq istəyi yerində olsun.
- Bilmirəm demişkən, özünüzün düzgün tələffüz edə bilmədiyiniz söz olub?
- Mənim adətən tələffüzlə yox, qaydalarla problemim olur. Bəzi qaydalar dəyişkən, bəziləri mübahisəlidir. Bir də səhvsiz adam olar? Səhv etməsən, öyrənmək olmaz.
- Uşaqlıqdan hansı sözlə probleminiz vardı?
- Biz ailədə dörd uşaq olmuşuq. Evin böyüyü olduğum üçün, biz səs-küy, dəcəllik edəndə, atam cəza üçün mənə səsli kitab oxutdurub, o birilərə dinlətdirərdi. Ona görə çalışırdım təmiz oxuyum. Belə yadıma gələn problemim yoxdur. Amma xatırlayıram ki, məktəb vaxtı mətni oxuduğum kimi danışmaq adətim vardı. Zamanla harda səhv etdiyimi aydınlaşdırıb, düzəltməyə çalışdım.
- Neçə yaşında R deyə bildiniz?
- Lap balaca vaxtlarımda deyə bilmirmişəm. Özümün yadımda deyil. Amma anamın adı Rənadır, dediyinə görə, Yəna dediyim vaxtlar olub. Sadəcə ailədə həmişə təmiz danışığa nəzarət olub deyə bu məsələlər çox tez aradan qaldırılıb. Atam xüsusilə səliqəli və səlis danışıq aşiqidir. Yadımdadır, çox kiçik yaşlarımdan mənə danışarkən "ıııı" etməyə belə icazə verməzdi. Deyirdi ki, bu, sadəcə vaxt qazanmaq üçündür və yaxşı səslənmir.
- Sizcə gözəl və səlis tələffüz istedad faktıdır?
- Məncə, yox. Danışıq öyrənilən vərdişdir. Onu yalnız zəhmətlə cilalamaq olar. Məndə belə olub. Ümumiyyətlə, istedada arxayın olmaq olmaz. O, bir illüziya, bəzən də başqalarının sənə geyindirdiyi libasdır. Uzun yollara isə hazırlıqlı çıxmaq, məşğul olduğun işi bacardığına əmin olmaq lazımdır, yoxsa yarı yolda qalmaq qaçılmazdır.
- Ən çox hansı sözlər səhv deyiləndə narahat olursunuz?
- Elə sözlər çoxdur və yavaş-yavaş İnstagramda “elə_yox_belə” səhifəsində paylaşmağı düşünürəm. Məni ən çox incidən Türkiyə türkcəsindən təsirlənmiş nitqlərdir. Çox yaxın olduğumuz üçün bu cür tələffüz dili aşındırır. O mənada məsələn, "falan" sözünü görməyə gözüm yoxdur.
- Ləhcə necə, sizi narahat etmir ki?
- Yox, efirdə olmadıqca xoşum gəlir hətta. Ləhcə ilə danışan adamları çox sevirəm. Ləhcə koloritdir. Hansısa dağ kəndində bir nənə niyə bütün orfoepik qaydalara riayət etsin ki? Ləhcə ilə danışan adamla söhbət edəndə adam xəyalən həmin bölgəyə qonaq gedib-gəlir. Pis olan "ç", "c", "k", "g" hərflərinin bərbad tələffüzüdür, məsələn. Ondan çox narahat oluram.
- Tutaq ki, istədiyiniz həyata keçdi. Hamı orfoepiya qaydalarına uyğun danışdı, həyat maraqsız olmaz?
- Dil canlıdır, yaşayır və hər şey zamanla dəyişdiyi kimi o da müxtəlif təsirlərə məruz qalacaq. Dəyişim isə heç vaxt birmənalı qəbul olunmur. Odur ki, bu xəmir hələ çox su aparacaq. Təki mübahisələr yaxşıya doğru aparsın.
- Layihəniz nə zamanacan davam edəcək? Təxminən neçə söz var düz deyilməyən?
- Söz çoxdur. Nə qədər ki, maraq doğurur bacardıqca vaxt ayırmağa çalışacam. Qismət.
- Sözlərlə bağlı kreaitv yozumları özünüz tapırsınız?
- Özüm tapıram. Ayıb olar (gülür).
- Sizə uğurlar! Müsahibə üçün sağ olun.
- Mən təşəkkür edirəm diqqətinizə görə.