Sevdiyi qadın yanında öldü, məşhur aktrisaya qadağa qoydu, xanımının vəsiyyətinə əməl etmədi – “Yeddi oğul istərəm”in Cəlalı haqqında bilmədiklərimiz...

Sevdiyi qadın yanında öldü, məşhur aktrisaya qadağa qoydu, xanımının vəsiyyətinə əməl etmədi – “Yeddi oğul istərəm”in Cəlalı haqqında bilmədiklərimiz...
7 iyul 2022
# 12:40

Kulis.az aktyor, Xalq artisti Ənvər Həsənov haqqında maraqlı faktları təqdim edir.

Həsənov Ənvər Cəfər oğlu 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə gənclər məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması olur. 1969-cu ildə o, kinoaktyor kursunu bitirib ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alır.

***

Universitetdə oxuya-oxuya o, həm də çəkiliş meydançalarına praktikaya gedir. Əlisattar Atakişiyev "İstintaq davam edir" filmini çəkərkən Ənvəri epizodik rollardan birinə dəvət edir. Daha sonra Şamil Mahmudbəyovun "Torpaq, dəniz, od, səma" adlı filmində əsgər roluna dəvət olunur. Bir müddət sonra o, "İstintaq davam edir" filmində Arif Babayevin rejissor asistenti vəzifəsində çalışmağa başlayır. Günlərin birində Arif müəllim Ənvərdəki çılğınlığı hiss edib ona deyir, hazırlaş, səni "Uşaqlığın son gecəsi" filmində çəkəcəyəm.

1968-ci ildə Ənvər Həsənov “Uşaqlığın son gecəsi” filmində Murad obrazını canlandırır. Aktyor bu film haqqında deyir:

“Demək olar ki, Murad 80 faiz mənəm. Çəkiliş prosesində də öz xasiyyətimi Muradın üzərinə köçürmüşdüm. Buna görə də bu rolu oynamaq üçün xüsusi bir əziyyət və zəhmət çəkmədim. Daha çox keçmədi kinostudiyadan zəng edib dedilər ki, Tofiq Tağızadə səni axtarır. “Yeddi oğul istərəm” filmində bütün rolları təsdiq etmişdilər, təkcə Cəlal qalmışdı. Cəlal roluna Tariyel Qasımov, Elxan Qasımovu sınaqdan keçirmişdilər. Elə oldu ki, bu rola məni təsdiqlədilər. Filmdə çox gözəl yaradıcı kollektiv var idi. Bu, mənim üçün çox böyük xoşbəxtçilik idi”.

***

Aktyor özünü Adil İsgəndərovun tələbəsi və yetirməsi hesab edir. Həqiqətən onun kinoda yer tapa bilməsində Adil müəllimin böyük rolu olub. Bu barədə o, müsahibələrinin birində deyir:

“Xoşbəxtəm, ona görə ki, böyük rejissorumuz Adil İsgəndərovla 3 filmdə tərəf müqabili olmuşam. Məndən başqa heç bir tələbəsinə bu qismət olmadı. Mən Adil İsgəndərovun sayəsində Ənvər Həsənov oldum, aktyor və rejissor kimi püxtələşdim. Adil müəllim çox qəliz adam idi. Amma biz onunla rastlaşanda görüşüb-öpüşərdik. Bütün fəaliyyətimi izləyirdi, məni gözündən buraxmırdı. Bu gün kinostudiyada özümü onun davamçısı hesab edirəm. Otağımda Adil müəllimin böyük portreti var. Bu barədə soruşanda deyirəm ki, o kişinin sayəsində Ənvər Həsənov olmuşam”.

***

Xalq artisti 1977-ci ildə “Dərviş Parisi partladır” filminə çəkilir. Burada o, aktrisa Mömünat Qurbanova ilə tanış olur. Mömünat xanım isə onu ilk dəfə “Yedd oğul istərəm” filmində görür. Filmdə Cəlal obrazını canlandıran Ənvərə aşiq olur. Onun şəklini otağının divarından asır, haqqında mətbuatda yazılan məqalələri, fotoşəkilləri bir qovluğa yığıb saxlayır. “Dərviş Parisi partladır” filmində Şahbaz bəy roluna Ənvər Həsənovun çəkiləcəyini eşidəndə, o, da sınaq çəkilişlərinə qatılıb Şərəfnisə obrazına təsdiq olunur.

Onların münasibətləri elə bu filmlə də başlayır. Filmin çəkilişləri başa çatan kimi cütlük nişanlanır. Mömünat 1978-ci ildə institutu bitirib Ənvərlə ailə qurur, azad təyinat alır. Onların Aytən adlı qızları dünyaya gəlir. İkinci uşağın doğulması Mömünatın həyatı üçün təhlükəli olduğundan Ənvər Həsənov buna razı olmur.

***

Həyat yoldaşı Ənvər Həsənov onun aktrisa kimi fəaliyyət göstərməsinə etiraz edir. O, xatirələrində deyir:

“İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Mömünatı uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü bir az da qısqanırdım, o, mənim Şərəfnisəm olmuşdu, kiminsə Şərəfnisəsi, nə bilim Nigarı olmasını qəbul edə bilmirdim”.

Artıq aktrisa olmayacağı ilə barışan Mömünat daha bir filmə dəvət alır. Şeyx Əbdül Mahmudbəyov aktrisanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər roluna dəvət edir. Həsən Turabov və Şeyx Əbdül aktrisanın həyat yoldaşına deyirlər ki, əgər o, razı olmasa Mömünatı qaçırıb ondan gizlin filmə çəkəcəklər. Aktyor əvvəl etiraz edir, azyaşlı uşaqlarının olduğunu deyir. Ancaq ona deyirlər ki, lazım gəlsə, uşağa da baxa bilərlər, təki, Mömünat həmin filmə çəkilsin. Razılaşmaqdan başqa çarəsi qalmayan aktyor da həmin filmdə Sirac roluna çəkilir. Həsənağa Turabovun Həcərlə olan əksər mehribançılıq səhnələrində isə qrimlənərək özü çəkilir.

***

Filmin çəkilişi zamanı aktrisa həvəslənib ata minir. At isə onu götürüb gedir. Bütün çəkiliş heyəti qorxu keçirir. Ənvər Həsənov bundan sonra Həcərin at çapmaq səhnələrini də Mömünatın təhlükəsizliyi üçün özü ifa edir.

Ənvər Həsənov və ailəsi 2008-ci il dekabrın 8-də Mömünat xanımın 50 yaşını qeyd etmək üçün Nabrana yola düşürlər. Geri qayıdarkən qəzaya düşürlər. Nəticədə Mömunat Qurbanova dünyasını dəyişir. Ancaq bu qəzaya qədər bir dəfə aktrisa Ənvər bəyə deyir ki, mən səndən tez öləcəyəm. Mənim ilimi verən kimi ailə həyatı qurarsan. Ənvər Həsənov həmin günləri müsahibələrinin birində belə xatırlayır:

“Həqiqətən də, 1 ay sonra bu hadisə başımıza gəldi. Hadisədən bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Gəldim ki, Möminat, dostlar aşağıda, maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, gedək. Dedi, üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər. Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə. Mömünat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş, götürməyəydim o tüfəngi. Bu tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm. Getdik. Qayıdanda maşını dostumuz sürürdü. Birdən dedi ki, Ənvər, yuxu məni basır, gəl bir az da sən sür. Oturdum sükanın arxasına, Möminat məndən arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı, Möminat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi. Mən sağlığında da ona demişdim ki, həyatımda səndən başqası olmayacaq. Onun vəsiyyətinə də əməl etmədim, ikinci dəfə ailə qurmadım. O vaxt ailə həyatı quranda barmağıma taxılan nişan üzüyünü indiyə qədər barmağımdan çıxarmamışam”.

Ənvər Həsənov məşhur “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad rollarına çəkilib və obrazlarla xalqın sevimlisinə çevrilib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti adına layiq görülüb.

# 16443 dəfə oxunub

Oxşar xəbərlər

Zülfüqar Rüfətoğlu vəfat etdi

Zülfüqar Rüfətoğlu vəfat etdi

20:59 9 noyabr 2024
51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

10:30 9 noyabr 2024
Azərbaycanda  Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:00 9 noyabr 2024
“Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açıldı

“Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açıldı

15:40 8 noyabr 2024
“Köhnə çamadanlar”ın Ankara premyerası oldu

“Köhnə çamadanlar”ın Ankara premyerası oldu

14:14 8 noyabr 2024
Zəfər Günü münasibətilə Vyanada “270-ci səhifə“ sənədli filminin təqdimatı keçirildi

Zəfər Günü münasibətilə Vyanada “270-ci səhifə“ sənədli filminin təqdimatı keçirildi

14:03 8 noyabr 2024
# # #