Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.
AKİ-dən APA-ya verilən xəbərə görə, iclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
İclasın yekununda bir sıra qərarlar qəbul edilib. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb.
İclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransının keçirilməsi məsələsi də müzakirə olunub. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək.
Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.
İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabarovun istefa ərizələrinə baxıldı və ərizələr İdarə Heyəti tərəfindən qəbul edildi.
İclasda Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub.
Bildirilib ki, İdarə Heyətinin iclasında qəbul edilən qərarlar İttifaqın fəaliyyətinin təşkilati baxımdan tənzimlənməsi və qarşıdakı Konfransa hazırlığın təmin edilməsi məqsədi daşıyır.
***
15:03
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, seçki konfransı sentyabrın 11-də keçiriləcək.
Məlumata görə, hələlik yalnız AKİ-nin sədr səlahiyyətlərini müvəqqəti icra edən, İttifaqın birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyi məlumdur.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Yetərsay olmadığından konfransın nəticəsi qeydə alınmayıb. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir. Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini, sədrliyə namizədliyini geri çəkdiyini bildirib.