Kulis.az Sadıq Elcanlının Ənvər Məmmədxanlıdan aldığı müsahibəni təqdim edir.
Arxivimi araşdırarkən "Ulduz" (1993 №3) jurnalında Sadıq Elcanlının Xalq yazıçısı Ənvər Məmmədxanlıyla söhbəti diqqətimi çəkdi. Yazıçının dediklərində bu günümüzün ədəbi həyatıyla səsləşən fikirlərini - o vaxt kiril əlifbasıyla çap olunmuş bu mətni - çağdaş oxuculara təqdim etmək istərdim.
ANAR
1913-cü ildən yetmiş il keçdi.
Yetmiş il ulduzların altından, dəryaların, dağların, ruzigarın üstündən keçdi.
Görkəmli yazıçımız, gözəl, təvazökar insan, sevimli Ənvər Məmmədxanlının da yetmiş yaşı tamam oldu.
Ənvər Məmmədxanlının anadan olmasının yetmiş illiyini qeyd etdiyimiz bu günlərdə zamanın güllə kimi keçib getdiyini bir daha acı həqiqət kimi hiss elədik. Öz-özümüzə dedik: "Necə oldu, insafın gəldi, Ənvər müəllimi də qocaltdın, zalım dünya".
Lap uşaqlıqdan bizə tanış olan "Buz heykəl" yadımıza düşdü. Bəlkə Ənvər müəllimdən sonra gələn ədəbi nəslin çoxu "buzlaşmış" bələyin içindən çıxıb.
İndi Ənvər müəllim ədəbiyyatımızın üstünə ana bələyin üstünə əyilən kimi əyilib.
Ənvər müəllim bəlkə əlinə qələm alan gündən, bəlkə insanın heykələ döndüyünü yazdığı gündən taleyin hər sınağına hazır olub, saçlarına qarlar yağıb, üstündən ruzigar kimi zaman əsib, gecələrindən ulduzlar kimi həftələr, aylar, illər axıb.
O aydınlıq bir gecənin adamıdı.
Yetmiş ildi üzü aydınlığa doğru min illərdən uzanıb gələn bir yolu tutub gedir.
Xalq arasında müqəddəs olan hər nə var, o cümlədən, gözəl, insan adamlara heykəl deyirlər.
O, gülən, ağlayan, ağrıyan sözün heykəlidir.
Bir az da ürəkdə qalan, hələ deyilməmiş sözün heykəlidir.
O işığın heykəlidir.
Böyük, gur, projektor işığının deyil, min illərdən bəri yanan balaca, solğun bir şam işığının heykəlidir.
Onun iddiasız ömrü həmişə bu balaca şam işığıyla işıqlaşıb.
İnanışa görə yeddi də, on da müqəddəs rəqəmlərdir. Yetmiş il müqəddəs yaşdır.
Deyirlər, dünya yağmurdan sonra təzədən doğulur.
Zaman da bir yağmur kimi!
Yaşayan əsər, yaşayan söz hər bir nəsillə təzədən doğulur.
Ənvər Məmmədxanlı bir yazıçı kimi "Ulduz"un gənc oxucularıyla yenidən dünyaya göz açıb, sevinib, kədərlənib. Onun kədəri gözə görünməyən, içəri axan kədərdi. Sevinci isə ayaqyalın, başaçıq yağmur içində, buludların altında qaçan bir az yağmur, bir az da bulud olan, özündə dünya gücü duyan günahsız və köməksiz bir uşağın sevincidir.
Aşağıda Ənvər müəllimlə söhbətimizi veririk.
- Sənətdə sehr, "cadugərlik", məsələn, bəzi dini ayinlərdə, şaman söyləmələrində, əsatir və miflərdə olduğu kimi... İstəyirəm söhbətə bu nöqtələrdən başlayaq. Oxucunu tilsimə salmaq, onu mənəvi "əsarətdə" saxlaya bilmək - buna yazıçı xoşbəxtliyi demək olarmı?
- Dostoyevskinin paradoksal frazalarından biri budur ki, (yaddaşımda ilişib qalanı deyirəm) "İnsanın xoşbəxt olması üçün ona nə qədər xoşbəxtlik lazımdırsa, bir o qədər də bədbəxtlik lazımdır". Bunu bəlkə daha artıq yazıçıya, sənətkara, yaradıcıya aid etmək olardı. Yazıçı, birinci növbədə, oxucu üçün yazır, eyni zamanda özünüifadə prosesində içəri dünyasını, mənəvi aləmini, varlığı, qavrayışını bədii sözdə realizə etməyə can atır - və beləliklə, dediyi söz oxucunun ürəyində əks-sədasını tapırsa - bu onun halal qazanılmış sevinc əppəyidir, hisslərinin və düşüncəsinin səadətli çağlarıdır. Brilyantın və sair daş-qaşın çəki ölçüsü karatdır, misqaldır, qramdır, yazıçı səadətinin də ölçüsü dəqiqələrdər, saatlardır, günlərdir. Bir də "böyük xoşbəxtlər" ifadəsi var ki, bu, bəşər mədəniyyətinin inkişafında çox uca zirvələri fəth etmiş dahilərə aid bir epitetdir...
- Söz sənəti sözə olan inamdan, söz sehrindən başlayıb. Cadular və əfsunlar, bütlər və Allahlar ən çox söz sehrinə söykənib; Allah xofu söz xofundan başlayıb...
- İnsan hələ çox qədim zamanlardan sözün qüdrətini dərk etmiş və sözə sitayiş etmişdir. İncil ədəbiyyatında söz, hətta Tanrı məfhumu ilə eyniləşdirilmişdir. "Başlanğıcda söz var idi və söz Tanrının yanında idi və söz Tanrı idi". Bibliya və dörd İncil isə müasir elm üçün qədim Şərq ədəbiyyatının ən böyük abidələrindən və bədii sözün sərçeşmələrindən biridir. Sözdə ölməzlik var, əbədi gənclik var, söz dirilik çeşməsindən su içmişdir. Doğma dilimizdə biz bədii sözün sehrinə, cadusuna şifahi xalq yaradıcılığının bərəkətli söz tarlasında, Füzulinin violonçel sədalı şeirində, Mirzə Cəlilin xalq dilinin canverici axarı ilə suvarılmış prozasında rast gəlirik...
- Əsl sənət əsəri və şablon, yazı xatirinə yazı: təəssüf ki, bizdə ikincilər birinciləri üstələyir, həm həcmdə, həm də tərifdə, məddahlıqda. Bizdə çap olunan və unudulan əsərlər bolluğunu necə izah etmək olar?
- Boz-bulanıq axın deyilən şey bütün ədəbiyyatlarda olmuşdur, vardır və olacaqdır. "Çox işlənən mallar" istehsalında keyfiyyət aşağı düşəndə belə istehsalat dayandırılmır - paralel olaraq keyfiyyət uğrunda mübarizə başlanır. Bir var, yazmaq qrafomanlığı, bir də var, yazmaq fədakarlığı. Birincilərin axını gedir axmazlarda göllənir, ikincilər zamanın məhəkdaşı sınağından keçir, milli sərvətə çevrilir.
- Böyük sənətkarlardan kimə qibtə edirsiniz? Yazıçıya ustad lazımdırmı?
- Yazıçıya ustad lazımdırmı? Yaratmaq üçün əvvəlcə ustaddan dərs almalıdırmı? Buna istər müsbət, istər mənfi cavabım nə sizi təmin edər, nə özümü. Desəm ki, yazıçıya dərs verən ustad həyat özüdür, yaşadığı zəmanədir, bu da ümumi söz olacaq. Qısaca onu deyə bilərəm ki, institut, ədəbi təhsil, yaxud canlı müəllim və ustad gənc yazıçıya necə yazmamağı öyrədə bilər, necə yazmağı öyrədə bilməz. Qibtə məsələsinə gəldikdə... Budur, bir anlığa gəldi gözlərim qarşısından Dostoyevskinin böyük kölgəsi keçdi. Amma bədii möcüzə qarşısında, dahi yazıçının tragik prozası qarşısında duyduğumuz sarsıntıları qibtə kimi bir sözcük ilə ifadə etsəydik, bu, bir cikkilti kimi səslənərdi. Füzulinin simfonik faciəsi "Leyli və Məcnun" qarşısında, yaxud Mikelancelonun mərmərdəki mərsiyəsi
Pieta qarşısında duyduqlarımızı pərəstiş sözündən başqa nə ilə ifadə etmək olar? Sənətin müqəddəs zülmünə son nəfəsinə kimi davam gətirənlər ölməz əsərlər yaradırlar... Budur, Dostoyevski haqqında bir çox dərin və parlaq araşdırmalar var, amma yazıçının dühasına daha dərindən nüfuz etmək yenə də gələcəyin vəzifəsi olaraq qalır.
- Dostoyevski öz məktublarında tələsə-tələsə yazdığını, naşirlərlə razılaşdığı vaxtda hər şeyə nail olmağa çalışdığını etiraf edir. Doğrusu, məsələn, kədərli cəngavəri xatırladan, Don Kixot bulağından su içən Knyaz Mışkin öz böyük fəlsəfəsində son nöqtəyə çatmır...
- Fəlsəfi axtarışlarda son nöqtə varmı? Əgər bu, nöqsandırsa, Dostoyevskinin nöqsanları da dahiyanədir. O, "dünyanı gözəllik xilas edəcəkdir!" demişdir. Bu ülvi bir inamdır, amma bir hökm kimi həqiqətdən çox uzaqdır. Yaxud yazıçının dilinə və personajların dialoqlarına irad tutmaq olar ki, fərdiləşmə prinsipi... gözlənilmir. Amma bir halda ki, yazıçının dərin və ağır düşüncə yüklü sözlərinin daxili enerjisi parçalanan atom kimi şüalanır, burda ədəbiyyatşünaslığın əlifba həqiqətlərinə ehtiyac qalarmı? Dünya ədəbi tənqidi Dostoyevski adlanan müəmmanın hələ ətəklərində axtarış aparır.
- Söz ki tənqiddən düşdü, tənqid və tənqidçilər haqqında, eləcə də müasir Azərbaycan tənqidi haqqında fikrinizi bilmək istərdik...
- Hər bir müasir ədəbiyyatın inkişafında ədəbi tənqid təbii və zəruri bir amildir və bu prosesdə tənqidin öhdəsinə düşən vəzifə nəcib olduğu qədər də ağırdır... Amma psixoloji planda qəribə cəhət odur ki, ən cüzi tənqidə davam gətirməyən varlıqlara ən çox tənqidçilər içərisində rast gəlmək olur. Bəzən də belə olur ki, tənqidçi haqlıdır, amma tənqidə məruz qalan yazıçı daha istedadlıdır. Bizim bugünkü tənqiddə isə bir para tənqidçilər yazılarını ekzotik terminlərlə doldurmağa o qədər aludə olurlar ki, ədəbi dillərinin bərbad olduğunun fərqinə varmırlar.
- Tənqidçinin yazıçıya kömək edəcəyinə, yol göstərə biləcəyinə inanırsınızmı?
- Tənqid bu və ya digər yazıçıya yaradıcılığında rast gəldiyi müşküllərdən xilas olmaq üçün yol göstərə bilməz, resept verə bilməz. Daha doğrusu, yol göstərə bilər (bu onun öz işidir), amma yazıçının imdadına yetişəcək yeganə bir kimsə varsa, o da yalnız yazıçının özüdür.
- Ədəbiyyatda üslub və dil məsələləri. Böyük ədəbiyyatın hər hansı bir üsluba ehtiyacı varmı?
- Üslub və dil hər bir yazıçının fərdi siması, sənətkarlıq xüsusiyyətidir, estetik zövqünün göstəricisidir. Amma bədii yaradıcılıq məsələsi riyazi dürüstlüyə tabe bir məsələ deyil. Çexov bir yerdə qeyd edir ki, frazaya o qədər tumar çəkməlisən ki, nəhayət, fraza gülümsəməyə başlasın. Digər bir yerdə tamamilə buna zidd bir fikir irəli sürür ki, dili yalamaq, cilalamaq lazım deyil. Hər iki mülahizədə həqiqət var, amma hər ikisində bu həqiqət birtərəflidir. Sənət isə həyat kimi heç vaxt birtərəfli həqiqətlərin, donmuş ehkamların, məktəb məntiqinin darısqal qəfəslərinə sığmaq istəməmişdir və sığmamışdır. Bədii həqiqət axtarışlarında sənətkarın bədii instinkti və məzmunun tələbi hər dəfə bütün bu məsələləri yenidən həll etməli olur. Elə həqiqi sənət əsərləri var ki, "çılpaq" nəsr ilə yazılmışdır və yenə elə həqiqi sənət əsərləri var ki, "zinətli" nəsr ilə yazılmışdır...
- Yenidən Dostoyevskiyə qayıdaq. Dostoyevski hansı ciddi üslub və bədii dil çərçivələrinə sığır? O, öz müasiri olan, söz üzərində dönə-dönə işləyən bəzi yazıçılara istehza etmirdimi?
- Söz üzərində işləyənlərə yox, Turgenevin mənsur şeirini məşhur romanında parodiya hədəfi etmişdi. Və bu, təsadüfi deyildi. Bir-birinin müasirləri olan hər iki yazıçının bir-birinə daban-dabana zidd əqidə və qənaətləri vardı. Digər tərəfdən, bunu da qeyd etmək lazımdır ki, heç bir üslub çərçivəsinə sığmayan Dostoyevski eyni zamanda "həmişə ədəbiyyatçıdır və romantikdir" - həm də oxucunun marağını körükləyən, oxucunun yaxasını əldən buraxmayan "qarayaxa" bir janrdan, detektiv janrından istədiyi qədər bəhrələnmişdir.
- Deməli, üslub hadisəsini təkcə sözlərin düzülüşüylə, deyilişiylə hüdudlandırmaq özünü doğrultmur: necə deyərlər, bəzəkli söz hələ bədii ədəbiyyat deyil. Nəsrin başqa bir nəhəngini - Folkneri götürək. Onun əksər əsərlərində zaman və məkanın konkretlikdən çıxması, şərtiliyi, demək mümkünsə, anarxizmi orijinal, təkrarsız üslubdan xəbər verir. O, adicə bir fərddən danışanda da insanlığı yaddan çıxarmır...
Azərbaycan ədəbiyyatının şah əsəri yazılıbmı?
- Füzulinin "Leyli və Məcnun" poemasını Azərbaycan poeziyasının şah əsəri hesab edirəm.
- Bəs nəsrimizin şah əsəri hansıdır?
- Nəsrimizin inciləri kimi "Aldanmış kəvakib" və "Danabaş kəndinin əhvalatları"ndan başlayaraq, bu günə kimi bir çox hekayə və povestlərin adlarını çəkmək olar...
- Böyük Azərbaycan romanı yazılıbmı?
- Roman janrı nəsrimizdə hələ çox gəncdir. Böyük ispan romanı var. Böyük rus romanı, böyük fransız romanı var. Əminəm ki, nəsrimiz də dünya ədəbiyyatına böyük roman təqdim edəcəkdir.
- Mənə elə gəlir ki, Füzuli ilə Cəlil Məmmədquluzadə bir-birinə yaxındır, qohumdur, bir-birini tamamlayır; Füzulinin poeziyamızda etdiyini Mirzə Cəlil nəsrimizdə edib. Milli-mənəvi dünyamızda Füzuli və Cəlil Məmmədquluzadə ənənəsi (zahiri yox, daxili, genetik-psixoloji ənənə) sizi qane edirmi?
- Füzuli şeiri kimi Nazim Hikmət şeiri də istər ənənə daxilində, istərsə də ənənə xaricində dünya poeziyasının hadisələridir. Yaxud Mirzə Cəlilin "Anamın kitabı" və Cavidin "Şeyx Sənan"ı - biri Azərbaycan realizminin, digəri Azərbaycan romantizminin yaratdığı böyük əsərlərdir.
- Müasir nəsrimizdə parodiyaya yer verərdinizmi?
- Bir çox böyük sənətkarlar parodiya janrına müraciət ediblər. Sabir şeirindəki, Mirzə Cəlil nəsrindəki hədəfə sərrast atəş açan parodiyaları xatırlasaq, kifayətdir...
- Nəsrimizin belə qüdrətli qüvvəyə qovuşacağına inanırsınızmı?
- Ədəbiyyatımızda davam edən yüksəliş prosesləri yaxın gələcəkdə böyük bədii nailiyyətlər vəd edir; inanıram ki, bədii nəsrimiz də bütün janrlarda qüvvətli əsərlər yaradacaqdır və yaratmaqdadır.
- Lakin nəsrimizdə elə sahələr var ki, ciddi narahatlıq doğurur. Azərbaycan nəsri üçün hələ də yad olan elmi-fantastikanı nəzərdə tuturam. Yusif Vəzir Çəmənzəminlinin "Təzə şəhər" hekayəsini, Anarın "Əlaqə" povestini və bir neçə digər nümunəni çıxmaq şərtiylə bizdə elmi-fantastik ədəbiyyat yox dərəcəsindədir. Yanılmıramsa, indiyə qədər elmi-fantastik romanımız yoxdur. Sizcə, bunun səbəbi nədir?
- Elmi-fantastik bədii nəsr (hekayə, roman və s.) yaradıcılarından dürüst elmlər sahəsində çox əsaslı və geniş spektrli bilik həcmi tələb edir; burda, məsələn, nəzəri fizikanın "çılğın ideyalarından" tutmuş, molekulyar biokimyanın canlı hüceyrə yaratmaq sahəsindəki xarüqəli eksperimentlərinə qədər məsələnin məğzinə fəlsəfi baxış və dərindən nüfuz etmək zəruridir. Bu baxımdan, müasir ingilis, rus və polşa elmi-fantastik ədəbiyyatında yaradıcı fantaziyanın gücü və bədii səviyyəsilə fərqlənən bir çox maraqlı əsərlər vardır...
- Sizin sözünüzə qüvvət, elmi-fantastik ədəbiyyata girişmək üçün ciddi elmi-texniki bilik lazımdır; hər cür macəraçılığa, uydurmaya bu ədəbiyyatın etiketi vurula bilməz. Bir neçə il bundan əvvəl "Panqeyanın övladları" adlı bir povest kitab halında çap olunmuşdur. Elmi-fantastik ədəbiyyatın nümunəsi kimi təqdim olunan həmin povestdə adi fiziki qanunauyğunluqlar pozulur; təsəvvür edin ki, təbiətdə ifrat soyuq maddələr - nəhəng daşlar yanında çiçəklər açır, yaz havası hökm sürür...
- Elmi-fantastik bədii ədəbiyyatda hadisələr ifrat uzaqlarda, "qaçışan, uzaqlaşan" qalaktikalarda cərəyan etdiyi kimi, çox yaxında, insan beyninin sirli dərinliklərində də cərəyan edə bilər - çünki insan beyni milyon-milyon illər əvvəl sönmüş ulduzların "dəfn" edildikləri fəzaları kəşf etdiyi kimi, atomun için-içalatın çözüb, saniyənin milyonda biri qədər ömrü olan elementar hissəcikləri də ovlaya bilmişdir, - amma öz içindəki on-on beş santimetr dərinlikdəki girdablara hələ də əli çatmamışdır. Yaxud elmi-fantastik bədii ədəbiyyat əsəri şüurardının qaramat dünyasında başmaq seyrinə çıxıb, "özümüzün özümüzə oxşamadığımızı" bizə göstərə bilər...
- Ənvər müəllim, elmi-fantastik ədəbiyyata şəxsi yaradıcılıq münasibətiniz? Nə vaxtsa bu janrda əsər yazmaq istəmisinizmi?
- Bu planda yazılmış bir pyesim var: əsərin əsas personajı "düşünən maşındır". Üç nəfər gənc konstruktorun kibernetik röyalarından ibarət komediya janrında bir fantaziyadır. Pyes çoxdan Mədəniyyət Nazirliyi tərəfindən qəbul edilmişdir... Gənc rejissorlardan biri pyeslə maraqlanmışdır, pyesi məndən alıb aparmışdır, amma hələ də nə geri qaytarır, nə də riskə gedib işə başlayır...
- Yeri gəlmişkən, çapa vermədiyiniz əsərləriniz varmı?
- Var, amma bu barədə söhbət uzun çəkərdi. "Heç bir şey çap elətdirmədiyim üçün ən çox mən özüm yorulmuşam" - deyə Heminquey vaxtı ilə bir dostuna bir məktub yazmışdı...
- Sizi ədəbiyyata, sənətə səsləyən nə oldu? Necə oldu ki, yazmağa başladınız?
- Dönüb geri baxanda uşaqlıq və ilk gənclik illərində zaman-zaman ürəyində baş qaldıran səbəbsiz təlaş və qüssələr şiddətinin səndən nə istədiyini ifadə etmək üçün indi belə söz tapa bilmirsən... Günlərin, həyatın, məişətin adiliyindən qurtuluş istəyirdi ürək... 1926-cı ildə Göyçayda birinci dərəcəli adlanan məktəbi qurtarıb 13 yaşında Bakıya gəldim... "Qəlpələr" adlandırdığım qara cildli dəftərlərin birincisində ilk qeydlərim haman 1926-cı ilə aiddir... Bakıda Sənaye Texnikumunda oxudum. "Qəlpələr" adlı dəftərlərimdəki yazılar, bəziləri mənsur şeirə oxşar parçalar gündən-günə çoxalırdı... İndi artıq bir çamadan dolusu o ümumi dəftərlər içindəki hərc-mərclikdən "Yazmalıyam! Yazmalıyam!" nidası ilə vurğulanmış bir çox vərəq tapmaq olar. Olar, amma tənbəlliyimlə əlbəyaxa olmadığım bir günüm Yadıma gəlmir...
- İlk dəfə kimləri oxudunuz?
- Böyük kitabları, dünya ədəbiyyatının nümunələrini mənə təqdim edən Bakı oldu; Sabir adına kitabxana oldu. O kitabxananı hər vaxt minnətdarlıq hissiylə yad edirəm. İlk oxuduğum kitablar içində Mirzə Cəlilin, Seyid Hüseynin, Divanbəyoğlunun, Cek Londonun, Qorkinin, Belyayevin əsərlərini xatırlayıram...
- Otuzuncu illərdə yazılmış "Əfsanəli dağlar", "Ayrıldılar", "Bakı gecələri" və başqa uğurlu hekayələr ədəbiyyata orijinal dəst-xəttə malik yazıçı gəldiyindən xəbər verirdi. Ənvər müəllim, bu illərdə necə yaşayır və işləyirdiniz?
- Ədəbiyyata 1934-cü ildə çap olunmuş "Burulğan" povesti ilə gəldim (sadəlövh və zəif bir şeydir, ikinci dəfə heç vaxt çap etdirməmişəm, unutmaq istəmişəm, amma başlanğıcı xəbər verdiyi üçün hər dəfə yadıma salırlar). O vaxt Qaraşəhərdə Montin adına zavodda texnik vəzifəsində işləyirdim. İndiki Neft-Kimya İnstitutunun axşam şöbəsində oxuyurdum. Qıtlıq və qəhətlik ili idi. Üzgün və xəstə günlərim olurdu. Həkimin təkidi ilə institutdan bir il möhlət aldım... Təəssüf ki, sonra ora qayıtmadım... Daha sonralar "Azərnəşr"də tərcüməçi kimi işləməyə başladım. Ruscadan tərçümə etdiyim çox əsərlər var. Flober, Stendal, Tolstoy, Puşkin, Qorki, Drayzer və sayı yadımdan çıxmış onlarla pyeslər - mənim qara çörəyim həmişə tərcümədən çıxıb...
- Necə oldu ki, tarixi mövzuya müraciət etdiniz?
- Tarix həmişə məni maraqlandırıb. Doğma yurdumun tarixi və ümumdünya tarixi. Mütaliələrimdə çeşidli tarixçilərin əsərləri xeyli yer tutub - Herodotdan başlamış, Bakıxanova qədər... Sonra tarixin fəlsəfi problemləri haqqında düşüncələr: nədir tarix? Bu suala öz cavabımı tapmaq istəmişəm...
- Ümumiyyətlə, tarixi mövzuya münasibətiniz...
- Tarixi mövzu bütün ədəbiyyatların inkişafında mühüm rol oynamışdır. Söhbət, əlbəttə ki, həqiqi və böyük sənət əsərlərindən gedir. Məsələn, Şekspirin faciələri, yaxud Tolstoyun "Hərb və sülh"ü və ya Floberin "Salambo" adlı zinətli romanı... Digər tərəfdən, dünya ədəbiyyatında tarixi mövzuda yazılmış saysız-hesabsız romanlar var ki, maraqlı, macəralı süjetləriylə oxucuya yalnız əyləncəli mütaliə təqdim edir, bunların böyük əksəriyyəti "nəfis ədəbiyyatdır", böyük və həqiqi sənət əsərləri deyil. Demək istəyirəm ki, hər bir milli ədəbiyyatın inkişafında tarixi mövzular nəsri yox, müasir mövzular nəsri həlledici rol oynayır. Dostoyevski qaranəfəs yazdığı dahiyanə roman və povestlərinin hamısında müasir mövzuları işləmişdir və zamandaşı olduğu gerçəkliyin cəhənnəmi problemləriylə əlbəyaxa olmuşdur. Bu gün isə tarixi mövzu, yəni qeyri-müasir bir şey birinci növbədə ən müasir yazı səviyyəsi tələb edir və epoxa özü personaj kimi, bədii obraz kimi tarixi-bədii əsərdə iştirak etməlidir. Və nəhayət, tarixi roman fəlsəfi tutumu, bədii nailiyyətilə müasir ədəbi prosesin qaynarına daxil ola bilər...
- Tarixi mövzuda yazılmış əsərlərdə tarixçi dəqiqliyini, yoxsa, sənətkar təxəyyülünü əsas hesab edirsiniz?
- Deyir, sən südlü inək ol, sonra vur sərnici sındır. Tarixi dəqiqliyə bu və ya digər dərəcədə riayət edilməməsinə əldə edilən bədii nailiyyət bəraət qazandıra bilər. Təəssüf ki, tarixi mövzuların ehtikarına da tez-tez rast gəlirik, necə deyərlər, ayranındır, şorundur, indi növbət korundur...
- Hansı əsərinizi özünüzün ən yaxşı uğurunuz hesab edirsiniz?
- Bu barədə bir çox yazıçılar demişdir, mən də təkrar edirəm: heç birini! Özünə inamla özünə inamsızlıq, ümid ilə ümidsizlik arasında çırpınır yazıçı bütün ömrü boyu...
- İmkanınız olsaydı, əsərlərinizi yenidən yazardınızmı?
- Bilmirəm, ömür limitindən nə qədər qalıb, amma bu dözülməz zəhmətə qatlaşardım. Bəzi yazılarımı büsbütün ləğv edərdim, bəzilərini isə yenidən yazardım...
- Əsər üzərində necə işləyirsiniz? Əsəri yazıb qurtarandan sonra tükəndiyinizi, bir daha heç nə yaza bilməyəcəyinizi hiss edirsinizmi?
- Əksinə, bir əsər üzərində işlərkən, başımda növbəyə duran o biri bədii niyyətlər qısqanclıq edir, məni rahat qoymur ki, nədir o yazdığın, nədirsə, tez yaxa qurtar ondan, yaxud at getsin, çünki sorağında olduğun əsl sözünü bizimlə, bizimlə baş-başa qalanda tapacaqsan və yaşanmış ömrünün son mənasını dərk edəcəksən... Bu zaman üzərində işlədiyim əsər də dil açır, qabarır, "şeytan vəsvəsəsinə uyma" deyir, əldən qalan əlli il qalar, necə ki, bir çoxları qaldı... Bir sözlə, hər bir yazıçının özünəməxsus dəli-divanəlik dəqiqələri var...
- Bəs təcrübə, çoxillik yazı səriştəsi?..
- Ədəbi təcrübə! Hər dəfə yeni bir şey başlayanda sıfırdır ədəbi təcrübə mənim üçün. Başlanğıcda bəlkə heç bu qədər çətin deyildi, amma indi, yəni illər keçdikcə daha çox artan bir çətinliklə yazıram. Gündüzün yazdığına gecə baxır, qaşlarını çatır, gecənin yazdığına gündüz baxır, ağzını büzür.
- Bu anların kiçicik bir təsəllisi ələ düşməz...
- Yazıçı üçun mövzu yoxluğunu, yaxud yazıçının bütün istədiklərini yazıb qurtardığını təsəvvür edə bilmirəm...
- Bir də var, öz sevimli yazıçısının susduğunu görən oxucu...
- Son illər aldığım oxucu məktublarının sayı nə qədər azalmışdırsa, əvəzində yazıçı kimi mənə adres olunmuş acı məzəmmətlər bir o qədər çoxalmışdır. Bu, özümün-özümə qarşı münasibətimin əks-sədasıdır...
- Oxucu məktubu dediniz, vaxtı ilə sizə məktub yazmaq istədiyim yadıma düşdü...
Sənət qarşısında ilk heyrətim, ilk sarsıntım sizin "Qızıl qönçələr"inizdən başlayıb. Doqquz-on yaşım olardı, hardansa, 1960-cı ildə çap olunmuş bircildlik seçilmiş əsərləriniz əlimə düşmüşdü. Təbrizdə yazılmış o kədərli hekayəni oxudum. Və gözlərimizin qabağından Təbrizin köhnə məhəllələrindən ağca qar içində donmuş qızcığazın təbəssümü çəkilmirdi.
Açığını deyim ki, sizinlə görüşməzdən əvvəl o hekayəni təzədən oxudum və yenidən həyəcanlandım, sarsıldım. Bu dəfə sözə qənaət, məna çoxluğu, dil aydınlığı, bir sözlə, ədəbiyyatçıların sənətkarlıq adlandırdıqları bədii keyfiyyətlər daha çox valeh etdi məni: "Qızın üzünə ağ kəlağayı kimi bir yuxu qonmuşdu: bu, onun on səkkizinci baharının yuxusu idi" ("Qaralmaz günəş"); "...nəfəsi bir şüşə kimi qırılıb ayaqları altına tökülür..." ("Buz heykəl"); "Bu etinasızlığı görən bahar gecəsi dərindən köksünü ötürür, qıza yalvarır, sehrli pıçıltılarla onu öz ağuşuna, ağ ulduzlar altına səsləyirdi" ("Ay işığında"). Sevən qızın "ay işığından küsməyini", yaz havasının "məhəbbət duasını andıran qızdırmalı pıçıltıları"nı eşitdim, "solğun və qüssəli gəlini andıran payızı" gördüm və heyrətləndim...
Və öz-özlüyümdə qət etdim ki, sizdən soruşum: yazıçı üçün ən əsas keyfiyyət nəyi hesab edirsiniz?
- Cəsarəti və öz ürəyindəki həqiqətə sədaqəti! Rəsul Rzanın belə bir misrası var ki, "insanda insan oyadın!" Yazıçı oxucusunu mənəvi ucalığa, şücaətə, yüksək ideallara doğru çağırmalıdır. "Həyatın tacı şücaətdir" - demişdir Engels...
- Cəsarət həmişə lazımdır. Dahi K.Marks deyirdi: "Xalqı cəsarətləndirmək üçün onu özü-özündən dəhşətlənməyə məcbur etmək lazımdır". Bizdə bu dialektik yolun böyük yolçusu - klassik Cəlil Məmmədquluzadə sənəti var. Bir də bitməz-tükənməz xalq yaradıcılığı qaynaqlarımız - böyük dünyamız var. Müasir yazıçının o böyük dünyaya, şifahi xalq ədəbiyyatına üz tutmasına necə baxırsınız?
- Böyük alman şairi Höte öz "Faust"unu xalq əfsanələri əsasında yaratmışdır... Azərbaycan dramaturgiyasının ən gözəl əsərlərindən biri olan "Pəri cadu" dramında folklor fantastikası elementlərindən istifadə olunmuşdur. Yazıçı folklordan bəhrələnə bilər, bir şərtlə ki, bayağılığa yol verməsin, birinci növbədə, bədii söz ustalığını folklorda dərk etmiş olsun. Bircə misal: bütün tarix boyu bəşəriyyəti düşündürən suallardan biri də bu olmuşdur ki, nədir həyatın mənası, nə üçün dolur bu dünya, nə üçün boşalır? Belə suallara əbədi suallar, yaxud Tanrı qarğımış suallar deyirlər. Bayatılarımızdan birində isə bu əbədi sual bir quşun diliylə bütün varlığa və yoxluğa adres olunmuşdur:
Bir quş çıxdı dəryadan,
Xəbər aldı dünyadan:
Əgər bir gün öləcəkdim,
Neçin doğdum anadan?
Bədii sözün sehri, cadusu, fəlsəfi, əbədi bir sualın xalq bədii düşüncəsindəki bu poetik ifadəsi misilsizdir. Quş göydən enmir, yaxud ağac budağına qonub banlamır, quş dəryanın sirli dərinliyindən çıxır, çünki belə bir sualı verəcək quş dəryadan çıxmalı idi və sualını da insana yox, məhz bu qoca dünyaya, kainata, varlığa-yoxluğa verməli idi. Bədii zövqə, forma ilə məzmunun vəhdətinə heyran qalmamaq mümkün deyil. Bir yazıçı kimi iftixar hissi ilə deyərdim ki, Azərbaycan folkloru qədər formaca zəngin, məzmunca dərin folklora az-az rast gəlmək olar!
- Son sualımız: gənclərə nəyi arzulardınız?
- Düşünməyi və yamanlığa qalib gəlməyi. Belə bir kəlam var: "İnsan yalnız əppəknən yaşaya bilməz..."
Söhbəti yazdı: Sadıq ELCANLI