#

Rasim Cəfər: "Həsənağa Turabov 31 yaşında Gəray bəyi, mən 31 yaşında Siçan bəyi oynayıram" - Müsahibə

Rasim Cəfər:  "Həsənağa Turabov 31 yaşında Gəray bəyi, mən 31 yaşında Siçan bəyi oynayıram" - Müsahibə
17 noyabr 2023
# 21:00

Kulis.az Gənc Tamaşaçılar Teatrının aktyoru Rasim Cəfərin Lent.az-a müsahibəsini təqdim edir.

- Rasim, oynadığınız filmləri izləyəndə obraz naminə hər şeyə hazır olan aktyor olduğunuz hiss olunur. Etiraf edək, simanız ən yaraşıqlı, ən xarizmatik kişi obrazlarını oynamağa imkan vermir. Bu mənada özünüzü baş rol oyunçusu kimi sübut etmək üçün əziyyət çəkmisiniz?

- Çox olub. Nəinki baş rol, ümumiyyətlə, filmlərə çəkilməyim üçün üzüm mənə mane olub. Simama görə dəfələrlə kastinqlərdən keçməmişəm. Mənim ifamda hansısa rolun gəlir gətirəcəyinə inanmayıblar. Halbuki aktyorluğa məhz kinoda çəkilmək üçün gəlmişəm. Uzun illər çəkilmədim, çəkilə bilmədim. Hətta əlimi üzmüşdüm ki, daha məni çəkməyəcəklər. Teatrda rollarım var idi. Amma arzum kinoda özümü sınamaq idi. Sizə bir hadisə də danışım. 31 yaşım var idi. Teatrda “Tıq-tıq xanım” tamaşası hazırlanırdı, mənə də Siçan bəy rolu verilmişdi. O vaxt teatrımız təmirdə idi deyə, mədəniyyət evlərindən birinin binasında məşq gedirdik, hava soyuq, şərait yox. Səbrim daralmışdı. Ağaxan müəllim əsəbiləşmişdi, deyinirdi. Elə hey deyirdi ki, aldıra bilmirsən. Dedim, ay Ağaxan müəllim, Həsənağa Turabov 31 yaşında Gəray bəyi oynayıb e, mən 31 yaşında Siçan bəyi oynayıram. O sözüm teatrda lətifəyə döndü. Bizim teatrın adından göründüyü kimi, uşaq tamaşaları da hazırlayırıq və mən indi də belə rolları oynayıram.
O ki, qaldı rol üçün hər şey etmək məsələsinə. Hesab edirəm ki, aktyor plastilin kimi yox, su kimi olmalıdır. Həm zərif, həm güclü, düşdüyü mühitin formasını ala bilən. Çəkildiyim xarici filmlərdə də dəfələrlə bildiriblər ki, mənimlə səhnədə uyum tapmaq asandır, çünki özüm qarşımdakı aktyora o şəraiti yaradıram, pas ötürürəm.

- Xarici filmlərə dəvət necə gəldi?

- Festival üçün çəkilən filmlərdən. Xaricdə belə filmlər nümayiş etdiriləndə rejissorlar özləri bəyəndikləri aktyorları axtarıb tapırlar. Bu mənada filmlərimizin festivala getməsinin önəmi böyükdür. Bir də aktyor agentliyindən soruşub tapa bilirlər. Təəssüf ki, Azərbaycanda bu sahə elə də inkişaf etməyib. Aktyorlarla işləyən agentlər azdır.

- Bəs kinonun sirli “sim- sim” qapıları üzünüzə necə açıldı?

- Kinoda ilk işim Murad İbrahimbəyovun "Üç qız" filmi olsa da, kino ictimaiyyətinə Asif Rüstəmovun “Ev” filmi ilə tanındım. Ardınca “Teatral həyat”, “Əzizim Fellini”, “Tabutçunun yelləncəyi”, "Ayrı", “Mövsümün sonu”, “Üçüncü günün adamı” gəldi...
“Ev” filmindən sonra kino aktyoru kimi qəbul olundum. “Əzizim Fellini”yə çəkiləndən sonra küçədə mənə "Fellini" deyirdilər.

- Söhbətimizin əvvəlində uşaqkən çox utancaq olduğunuzu demişdiniz. Bununla belə aktyorluğa qərar verdiniz...

- Hə, əvvəllər "aktyor olacam" deməyə utanırdım, hətta yaşadığım məhəllədə dost tanışa "rejissor olacam" - demişdim, heç kim aktyorluq üzrə təhsil aldığımı bilmirdi. İstəmirdim, mənə “mütrüb” - deyib, lağ eləsinlər. Amma o stereotipləri dağıda, aktyorluq sənətini mühitimdə qəbul etdirə bildim. Elə hey evdə güzgü qabağında özüm üçün rollar oynayırdım. Ən çox da Nəsimi rolunu. Deyəsən, məndən imtahan götürən müəllimlərə də aktyor olacağıma inanmayıb üç yazmışdılar. Demişdilər ki, onsuz da kəsiləcək. İmtahanı Bəxtiyar Xanızadə, Ağakişi Kazımov, Ənvər Vəliyev götürmüşdü. Əlabbas Qədirovun kursunda təhsil aldım. Əlabbas müəllim uşaqlara məni nümunə göstərirdi ki, görün Rasim necə dəyişdi, utancaqlığın daşını atdı. Əlabbas Qədirovdan aktyorluğun əlifbasını, Bəxtiyar Xanızadədən bədənimi, Vaqif İbrahimoğludan ruhumu tanımağı öyrəndim.

Bilmirəm, aktyor olmasaydım, kim olardım? Anam biləndə ki, aktyor olmaq istəyirəm, dedi, necə dolanacaqsan?

- Necə dolanırsınız? Aktyorların maddi vəziyyətləri necədir?

- Şükür Allaha. Əvvəllər özümü çox oda-közə vururdum, gah teatr, gah seriallar, gah dublyaj, gah filmlər, - indi yoluna düşür. Seriallar sayəsində ilk növbədə aktyorların maddi durumu yaxşılaşdı. Ən azı, aktyor artıq teatrın cüzi maaşından asılı vəziyyətdə qalmır.

- Əvvəllər Pantomim, Yuğ teatrında işləmisiniz. Teatr, yoxsa kino? Hansında özünüzü daha rahat ifadə edirsiniz?

- Kinoda özümü suda balıq kimi hiss edirəm. Teatr aktyorundur, kino rejissorun. Teatrda nə qədər məşq etsən də, səhnəyə çıxanda aktyor öz bildiyi kimi oynayır, kulisdə rejissor başını divara vursa belə, səhnəyə çıxa bilmir. Görünən aktyordur. Filmdə isə rejissor bəyənməsə, dəfələrlə yeni dubllar çəkilir, istəmədiyi kadrları kəsib atır.

- Həyat yoldaşınız Reyhan xanım ssenaristdir. Ondan özünüzə uyğun rol yazmasını istəmisiniz?

- Bu axı ilham məsələsidir, deyə bilməzsən ki, mənə rol yaz. Söz yox, sifariş olanda yazır. Onun qəhrəmanları əsasən qadınlardır. Mənim üçün yaz desəm, gərək pulunu verəm.

- Obrazlarınızdakı təbiiliyi xüsusi qeyd etmək istəyirəm. Öz fantaziyanızdır, yoxsa kimlərisə izləyirsiniz?

- Aktyor yaxşı müşahidəçi olmalıdır. Mən “Tabutçunun yelləncəyi” filmində əqli qüsurlu oğul rolunda oynayırdım. Bu obrazı öyrənmək üçün uzaq bir qohumumuz var idi, oğulları xəstəydi, - tez-tez onlara getməyə başladım. Söz yox ki, onlar niyə gəldiyimi bilmirdilər. “Əlvida Şmidt” filminə çəkilərkən iki ay taksi ilə gedib gəlmişəm işə. Taksi sürücülərinin hər manerasını izləyə bilmək üçün. Teymur rolunun prototipi tanıdığım bir qazi idi. Tələbə vaxtı metroda insanlara o qədər diqqətlə baxırdım, dönüb soruşurdular ki, niyə baxırsan?

- Ən çox hansı rolu oynamaq istəyirsiniz?

- Əmir Teymur rolunu arzulayıram. Bilmirəm, o obrazda tamaşaçı məni qəbul edər, yoxsa yox.

- Xarici film setləri ilə bizim çəkiliş meydançalarını müqayisə etsək, nə deyərdiniz?

- Aktyor oyunçuluğumuz heç də geri almır. Bizimkilərdə ruh var, can qoyurlar. Sadəcə, maliyyə azdır deyə, çoxlu texniki problemlər yaranır. “Mən burdayam, İlahi” 15 günə çəkilib. Amma dörd ay sürüb. Çünki maliyyə tapmırdıq ki, davam etdirək. Aktyorun yeməyi var, nəqliyyat xərcləri var. Xaricdə qonorar bizimkindən bir neçə qat çoxdur. İşıqçı, qrimçi və digər texniki işçilərin sayı çoxdur, iç saat mexanizmi kimi qurulur, axsamır. Xaricdə çəkilən aktyorun bütün maddi problemləri ilə meneceri, agenti məşğul olur. Məsələn, mənə verilən müqavilədə ayrıca bir səhifədə sorğu yazılmışdı. Hansı paltarları geyinmək istəyirsən, hansı qidaya allergiyanız var, otağınızda tək yatmaq istəyirsiniz, yoxsa cüt, bəlkə, təklik qorxunuz var, yüksəklik qorxusu varsa, alt mərtəbələr verilsin. Hansısa xəstəlik varsa, çəkiliş meydançasında daimi həkim briqadası olsun. Bir sözlə oxuyursan, insana verilən dəyəri görürsən. Nə qədər qonorar alacağını, sənə hansı imkanlar yaradılacağını agentin danışır. Mən kiminləsə pul söhbəti etməyə utanan adamam. Zəhləm gedir pul barədə danışmaqdan. Ona görə agentim var. Söz düşəndə elə təəccüblənirlər ki, sanki agenti olmaq böyük bir prestijdir. Bu, sadəcə, belə olmalıdır.

- Bəzən bizimkilər böyük pullar ayıraraq hansısa yerli filmi çəkmək üçün xaricdən peşəkarlar dəvət edirlər. Buna münasibətiniz necədir?

- Çəkirlər, mizanlar, səhnələr hər şey yolunda olur. Operator işi yüksək səviyyədə. Amma içində milli ruh olmur. Bizi bizim kimi yaratmaq üçün bizdən olmalısan, bizi öyrənməlisən, anlamalısan.

- Niyə film çəkmirsiniz?

- İstəyirəm. Yəqin, özümü tam hazırlamalıyam. Arzum var, amma konkret fikrim və ideyam yoxdur.

# 2800 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
Fidan Hacıyeva:  "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

Fidan Hacıyeva: "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

18:13 4 oktyabr 2024
Mazhar Alansonun qızı vəfat etdi

Mazhar Alansonun qızı vəfat etdi

17:34 4 oktyabr 2024
Aqşin Yenisey:  "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

Aqşin Yenisey: "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

16:36 4 oktyabr 2024
Kitab sərgisində "Günlərdən şeir"

Kitab sərgisində "Günlərdən şeir"

16:05 4 oktyabr 2024
# # #