Öz toyunu unudan sənətkar - O, necə məşhurlaşmışdı?

Öz toyunu unudan sənətkar - O, necə məşhurlaşmışdı?
23 oktyabr 2025
# 13:00

23 oktyabr tanınmış xanəndə Səxavət Məmmədovun doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.

Onun haqqında deyirlər:

"Səxavətin səsi də "Segah"a yatımlı idi, ruhu da "Segah"a bağlı idi".

Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır.

"Ay bəri bax", "Uca dağlar", "Yar bizə qonaq gələcək", "Ay çiçək", "Sarı bülbül" "Sona bülbüllər" və s. kimi məşhur mahnıları ifa edib.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. Elə bu ərəfələrdə o, hərbi xidmətə yollanıb.

Bir dəfə Hacıbaba Hüseynovdan deyə soruşublar:

-Ən yaxşı tələbəniz kimdir?

O isə deyib:

-Ən yaxşı tələbəm əsgərlikdədir.

Səxavət Məmmədov 1976-cı ildə "Hümayun" Xalq Ansamblının solisti olub.

1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan müğənni Azərbaycan muğamını bir çox ölkədə təmsil edib.

Səxavət "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırıb.

Həyat yoldaşı onun haqqında haqqında hazırlanmış verilişdə deyib:

"O, İsrail konsertindən tez qayıtmışdı ki, 1 sentyabrda oğlunu məktəbə apara bilsin. Gəldi ki, dərsləri sentyabrın 15-nə keçiriblər".

Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi.

Yuxudan durub deyib: "Mən öləcəm".

Bundan bir ay sonra vəfat edib.

Bir dəfə dostları ilə Şirvandan Ağdama qayıdarkən yolda qəza baş verib. Qəza nəticəsində müğənni 37 yaşında dünyasını dəyişib.

Onun ölümündən sonra ikinci həyat yoldaşı iki dəfə intihara cəhd edib. Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra kənd işğal olunub.

Səxavət Məmmədovun başdaşı Bakıdakı evinin həyətində qalıb.

O, avtomobil qəzasında dünyasını dəyişsə də, ölümü barədə şübhələr bu günə qədər səngimək bilmir. Oğlu Bəxtiyar müsahibələrinin birində deyir:

"Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşlarının heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan "Kamaz"ın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi. Atam cəbhədə baş verənlərlə bağlı, belə deyək, növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda "Qaz zapravkası" deyilən dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan "Kamaz"ın altına girmişdi. Sonradan o "Kamaz" sürücüsü də bayaq dediyim kimi həbsdə müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, indi bunlar haqqında danışmaq istəmirəm. Onlar mənim özümdə qalsın".

Səxavət çox gənc yaşında tanınıb, sevilib. İlk dəfə radioda çıxış edib və səhəri gün hamı ondan danışıb. Necə deyərlər, bir gecənin içində məşhurlaşıb.

Adı kimi özü də səxavətli insan olub. Deyirlər ki, bir dəfə toydan gələndə qazandığı pulların hamısını maşının pəncərəsindən ehtiyacı olan adamlara paylayıb.

Səxavət Məmmədov Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb.

Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb.

Deyilənə görə, onu hətta ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıblar.

Kiçik qardaşı Firuz Səxavət də məşhur xanəndədir və onların səsləri bir-birinə çox oxşayır. Ancaq o, Səxavətin səsini bənzərsiz hesab edir.

Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda "bəyhamamı"na bizə gəlmişdi. Yeyib-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.

İlk həyat yoldaşından ayrılıb və başqa bir qadınla ailə qurub. Onun yaxınları, qohumları ikinci evliliyini doğru hesab etməyiblər. Lakin övladlarının sözlərinə görə, o, hər iki ailəsinin də qayğısına qalıb, onların maddi xərclərini qarşılayıb.

# 173 dəfə oxunub

Oxşar xəbərlər

Neolit dövründə insanlar hansı işləri görürdülər? - 6 min illik saqqızın sirri

Neolit dövründə insanlar hansı işləri görürdülər? - 6 min illik saqqızın sirri

17:21 23 oktyabr 2025
Mark Eliyahu: "Ondan həm musiqini, həm də həyatı öyrənirəm"

Mark Eliyahu: "Ondan həm musiqini, həm də həyatı öyrənirəm"

17:13 23 oktyabr 2025
Luvr muzeyində  ən böyük oğurluq  nə vaxt olub?

Luvr muzeyində ən böyük oğurluq nə vaxt olub?

17:08 23 oktyabr 2025
Məşhur türk aktrisa vəfat etdi

Məşhur türk aktrisa vəfat etdi

16:46 23 oktyabr 2025
"Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında  məşhurlaşmışdı?

"Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında məşhurlaşmışdı?

16:35 23 oktyabr 2025
Şeyx Əbdül:  "Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı"

Şeyx Əbdül: "Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı"

14:22 23 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər