Kulis.az Vasif Sadıqlının “Oğurluq qızdan-gəlindən həyalı bir sənət idi” və ya bir plagiat haqqında" yazısını təqdim edir.
Mətbuatdakı oğurluqlardan söhbət düşəndə ilk növbədə Əziz Nesinin məşhur “Bir qəzet filan tarixdə necə bağlandı?” hekayəsini xatırlayıram. Oxumuş olarsınız, bir müxbir başqa qəzetlərin informasiyalarını götürüb əl gəzdirir, eksklüziv xəbər kimi verirmiş. Bir dəfə ilişir. Rəqib qəzetdə belə bir yazı gedibmiş: “Artur Yaşabasmazyan Türk bayrağı üçün canından keçdi”. Jurnalist də yazıya bir az əlavə edir, başlığı isə belə qoyur: “Artur Yaşabasmazyan türk bayrağı uğrunda şəhid oldu”. Qeyri-müsəlmandan şəhid olmaz axı, ona görə bir əlavə arayış da verir ki, Artur filan vaxtı müsəlmanlığı qəbul edib, hətta sünnət olunub”.
Sonra məlum olur ki, ümumiyyətlə, bayraqla bağlı belə hadisə baş verməyibmiş, qəzet oğru müxbiri ilişdirmək üçün belə yazıb.
“Bilirdik ki, bizdən oğurluq edirsiniz, ona görə belə bir informasiya yazdıq. Nə türk bayrağı ilişib, nə də Yaşabasmazyan adlı erməni ölüb. Ölün, yerə girin. Bir də oğurluq etməyin”.
Bundan sonra jurnalistin mitilini atırlar…
Bu cür müxbirlər və qeyri-müxbir oğrular indi də yetərincə imiş. Son 2-3 ildə 10-a yaxın yazı üzrə müəllif hüququmun bərpasına nail olmuşam. Hamısı da qarşıma təsadüfən çıxıb. Bu gün də belə oldu. “Çim” sözünün mənaları ilə bağlı müzakirə açılmışdı. Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”nda Xudayar bəyi təsvir edərkən işlətdiyi təşbeh yadıma düşdü: “… elə bil çim altından qurbağa baxır”. Dedim, cümləni tam yazım. Quqlda axtarışa verən kimi çıxdı. Baxıram ki, ətrafdakı cümlələr çox suyuşirindir: “Ay Allah, bunlar necə doğmadır!”, - deyə qeyri-ixtiyari səsləndim. Yazı Sokrat haqqında idi. Milli Kitabxananın anl.az saytında gedib. Bu doğmalığın səbəbi varmış. Bir jurnalist xanım (etik mülahizələrdən adını yazmıram), eləmə tənbəllik, mənim 9 iyun 2007-ci ildə "Bizim Yol" qəzetində "Korifeylərin portreti" rubrikasında gedən "Sokrat" adlı yazımı "copy-paste" edərək öz adından “Həftə içi” qəzetində verib (31 mart 2012, səh 16). Oxucuda oğurluğun əndazəsi haqda aydın təsəvvür yaransın deyə, hər iki yazıdan çıxarışlar verirəm:
Mənim yazımdan: “Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak edib. O, heç bir əsər yazmayıb. Fikirlərini şifahi yayırmış”.
Plagiatçı yazır: “Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak edib. O, heç bir əsər yazmayıb. Fikirlərini şifahi yayırmış”.
Mənim yazımdan: “Sokrat öz dövrünə görə yaxşı təhsil almışdı. Onun oxuduğu məktəbdə şagirdlərə o vaxt yunanların bildiyi hər şeyi öyrədirdilər. Amma orada öyrəndiklərinin həyatda ona, demək olar ki, heç bir yararı olmurdu. Sokrat belə hesab edirdi ki, fəlsəfə insan həyatından ayrılmamalıdı. Əgər neçə illər ərzində gözünün qorasını əridib öyrəndiyin elmin həyatda sənə bir qara qəpiklik əhəmiyyəti yoxsa, bunun nəyi elmdi?”
Plagiatçı yazır: “Sokrat öz dövrünə görə yaxşı təhsil almışdı. Onun oxuduğu məktəbdə şagirdlərə o vaxt yunanların bildiyi hər şeyi öyrədirdilər. Amma orada öyrəndiklərinin həyatda ona demək olar ki, heç bir yararı olmurdu. Sokrat belə hesab edirdi ki, fəlsəfə insan həyatından ayrılmamalıdı. Əgər neçə illər ərzində gözünün qorasını əridib öyrəndiyin elmin həyatda sənə bir qara qəpiklik əhəmiyyəti yoxsa, bunun nəyi elmdir ki?”
Mənim yazımdan: “Sokrat təhsili bitirəndən sonra atasının yanında daşyonan işləyəndə görürdü ki, bu biliyin onun həyatına heç bir faydası yoxdu. «Allah»lar haqqında öyrəndiklərini yadına salırdı. Antik yunanlarda çoxallahlılıq olub. Baş «allah» Zevs idi. … Zevs haqda öyrədilirdi ki, o, güclüdür, qorxuludur, kim xoşuna gəlir, kömək edir, kimdən acığı gələrsə, ildırım göndərib onu vurur. Daşdan olan məbəddə Zevs əlində ildırım tutan qoca kişi kimi təsvir olunurdu. Reputasiyası da örnək olacaq deyildi: Zevs çarlığa öz atasını göydən cəhənnəmə yuvarlamaqla gəlib. Sokrat bütün bunları, Zevsin öz arvadı ilə dalaşmasını, onu aldatmasını, bir dəfə içib lül-qənbər olmasını, bundan sonra «allahların» və adamların onu aldatmasını öyrənəndə düşünürdü: Bu Zevs özü adam balası kimi yaşamağı bacarmır. Ondan nə öyrənək?
Plagiatçı yazır: “Sokrat təhsili bitirəndən sonra atasının yanında daşyonan işləyəndə görürdü ki, bu biliyin onun həyatına heç bir faydası yoxdu. "Allah"lar haqqında öyrəndiklərini yadına salırdı. Antik yunanlarda çoxallahlılıq olub. Baş "allah" isə Zevs idi. Zevs haqda öyrədilirdi ki, o, güclüdür, qorxuludur, kim xoşuna gəlir, kömək edir, kimdən acığı gələrsə, ildırım göndərib onu vurur. Daşdan olan məbəddə Zevs əlində ildırım tutan qoca kişi kimi təsvir olunurdu. Reputasiyası da örnək olacaq deyildi: Zevs çarlığa öz atasını göydən cəhənnəmə yuvarlamaqla gəlib. Sokrat bütün bunları, Zevsin öz arvadı ilə dalaşmasını, onu aldatmasını, bir dəfə içib lül-qənbər olmasını, bundan sonra "allahların" və adamların onu aldatmasını öyrənəndə düşünürdü: Bu Zevs özü adam balası kimi yaşamağı bacarmır. Ondan nə öyrənək?”
Mənim yazımdan: “Sokrat hələ sağlığında Aristofanın komediyalarının personajına çevrilmişdi. Təbii ki, komik planda. Ölümündən sonra isə Platon və Ksenofont onun haqqında tərifli əsərlər yazdılar. Sokratın əsas şöhrəti Delfi məbədinin kahini onu insanların ən müdriki adlandırandan sonra başladı. Sokrat özü haqqında «Onu bilirəm ki, heç nə bilmirəm» deyirdi. Delfi kahini bu elanı verəndən sonra Sokrat deyirdi: «Məni müdrik edən heç nə bilmədiyimi dərk etməyimdi. Başqaları bunu da bilmir». Sokratın metodunun özülündə «xeyirxahlıq (saleh əməl) bilikdir», bir az dəqiqləşdirilsə, «insan xeyirxahlığı ağılın bir vəziyyətidir» paradoksu dururdu. …Platonun «Apologiya»sına görə, Sokrat özünün heç nə bilməməsi barədə «təmiz həqiqəti» deyəndə Allahın müdrikliyinin yanında insan elminin çox cüzi olduğuna diqqət çəkmək istəyirdi. Özünün «cəhlini» iqrar edir, müsahiblərini də bu halı yaşamağa təhrik etməyi qəsd edirdi”.
Plagiatçı yazır: “Sokrat hələ sağlığında Aristofanın komediyalarının personajına çevrilmişdi. Təbii ki, komik planda. Ölümündən sonra isə Platon və Ksenofont onun haqqında tərifli əsərlər yazdılar. Sokratın əsas şöhrəti Delfi məbədinin kahini onu insanların ən müdriki adlandırandan sonra başladı. Sokrat özü haqqında "Onu bilirəm ki, heç nə bilmirəm" deyirdi. Delfi kahini bu elanı verəndən sonra Sokrat deyirdi: "Məni müdrik edən heç nə bilmədiyimi dərk etməyimdi. Başqaları bunu da bilmir". Sokratın metodunun özülündə "xeyirxahlıq (saleh əməl) bilikdir", bir az dəqiqləşdirilsə, "insan xeyirxahlığı ağılın bir vəziyyətidir" paradoksu dururdu.
Platonun "Apologiya"sına görə, Sokrat özünün heç nə bilməməsi barədə "təmiz həqiqəti" deyəndə Allahın müdrikliyinin yanında insan elminin çox cüzi olduğuna diqqət çəkmək istəyirdi. Özünün "cəhlini" iqrar edir, müsahiblərini də bu halı yaşamağa təhrik etməyi qəsd edirdi”.
Mənim yazımdan: «Qarqantua və Pantaqruel»in girişində böyük fransız yazıçısı Rable öz satirik-yumoristik kitabını Sokratla müqayisə edərək yazır: «Alkiviad özünün böyük müəllimi, filosoflar filosofu Sokratı vəsf edərək onu silenlərlə müqayisə edir. Qədimdə mücrüləri belə adlandırırdılar. İndi belə mücrülər aptekçilərdə olur. Onların üstündə gülməli və əyləncəli şəkillər olardı. Məsələn, buynuzlu quş, Asiya yarasası, yüyənlənmiş ördək, buynuzlu dovşan, qanadlı keçi, arabaya qoşulmuş maral və başqa gülüş doğuran cızmaqaralar. Bu şəkillər adamlarda gülüş doğurardı - xeyirxah Baxusun müəllimi Silen də belə olub. Bu söz oradandır… Onların içində isə nadir dava-dərman: Məkkə balzamı, ənbər, amom, müşk, tsibet, qiymətli daşların tozu və sair və ilaxır olardı. Alkiviadın fikrincə, Sokrat da belə olub. Əgər siz onun zahirinə baxsanız, görkəminə görə dəyərləndirsəniz, bir qara qəpik də verməzsinizmiş. O qədər çirkin, oturuşu-duruşu, ədaları o qədər pis imiş ki... Burnu fındıq kimi, baxışları əcaib, gözləri qıyıq - elə bil çim altından qurbağa baxır. Bundan başqa, sifətinin ifadəsi küt, paltarı töküldüm-itdim imiş. Özü kasıb – it günündə yaşayır, qadınlar sarıdan bəxti gətirmirmiş. Heç bir dövlət qulluğuna yaramırmış. Şərab içəndə küpəsinə girərmiş. Daim gülər – dişlərini ağardar, lağlağı edərmiş – bir sözlə, zahirən xalis zırrama imiş. Bütün bunların arxasında isə o, böyük müdrikliyini – ilahi vergini gizlədərmiş.
Bu mücrünü açsan, içində ecazkar təfərrüat: fövqəladə ləyaqət, fövqəltəbii iti ağıl, tayı-bərabəri olmayan ayıqlıq, yenilməz igidlik, həyatsevərlik, möhkəm, sarsılmaz ruh, fani insanların uğrunda özünü öldürdüyü, başını daşdan-daşa vurduğu, əziyyət çəkdiyi hər şeyə qarşı sonsuz nifrət görərdin.
Plagiatçı yazır: "Qarqantua və Pantaqruel"in girişində böyük fransız yazıçısı Rable öz satirik-yumoristik kitabını Sokratla müqayisə edərək yazır: "Alkiviad özünün böyük müəllimi, filosoflar filosofu Sokratı vəsf edərək onu silenlərlə müqayisə edir. Qədimdə mücrüləri belə adlandırırdılar. İndi belə mücrülər aptekçilərdə olur. Onların üstündə gülməli və əyləncəli şəkillər olardı. Məsələn, buynuzlu quş, Asiya yarasası, yüyənlənmiş ördək, buynuzlu dovşan, qanadlı keçi, arabaya qoşulmuş maral və başqa gülüş doğuran cızmaqaralar. Bu şəkillər adamlarda gülüş doğurardı. O mücrülərin içində isə nadir dava-dərman: Məkkə balzamı, ənbər, amom, müşk, tsibet, qiymətli daşların tozu və sair olardı. Alkiviadın fikrincə, Sokrat da belə birisi idi. Əgər siz onun zahirinə baxsanız, görkəminə görə dəyərləndirsəniz, bir qara qəpik də verməzsinizmiş. O qədər çirkin, oturuşu-duruşu, ədaları o qədər pis imiş kig Burnu fındıq kimi, baxışları əcaib, gözləri qıyıq - elə bil çim altından qurbağa baxır. Bundan başqa, sifətinin ifadəsi küt, paltarı töküldüm-itdim imiş. Özü kasıb - it günündə yaşayır, qadınlar sarıdan bəxti gətirmirmiş. Heç bir dövlət qulluğuna yaramırmış. Şərab içəndə küpəsinə girərmiş. Daim gülər - dişlərini ağardar, lağlağı edərmiş - bir sözlə, zahirən xalis zırrama imiş. Bütün bunların arxasında isə o, böyük müdrikliyini - ilahi vergini gizlədərmiş. Bu mücrünü açsan, içində ecazkar təfərrüat, fövqəladə ləyaqət, fövqəltəbii iti ağıl, tayı-bərabəri olmayan ayıqlıq, yenilməz igidlik, həyatsevərlik, möhkəm, sarsılmaz ruh, fani insanların uğrunda özünü öldürdüyünü, başını daşdan-daşa vurduğunu, əziyyət çəkdiyi hər şeyə qarşı sonsuz nifrət görərdin".
Mənim yazımdan: “Sözü açıq və üzə deməyi ona çoxlu düşmən qazandırmışdı. Xüsusən varlılar onu sevmirdilər. Sofistləri heç sevmirdi. Hətta edamında da bunun rolu olub. Rəvayətə görə, bir dəfə Sokratdan soruşublar ki, sofistlər kimdir? O, belə cavab verib: «Qadın gözəlliyi dəyərdir. Onu satana fahişə deyirlər. Elm də dəyərdir. Onu satana isə sofist deyirlər». Onu gəncləri pozmaqda və yeni ilahlar yaratmaqda suçlayaraq edam ediblər. Əsas ittihamçı Anit adlı demokrat olub. Platon onun çıxışını mühafizə edib. Ölümə məhkum edilən Sokrat özünü kişi kimi aparıb. Dostları qaçmaq təklif etsələr də, bunu qəbul etməyib…”
Plagiatçı yazır: “Sözü açıq və üzə deməyi ona çoxlu düşmən qazandırmışdı. Xüsusən varlılar onu sevmirdilər. Sofistləri heç sevmirdi. Hətta edamında da bunun rolu olub. Rəvayətə görə, bir dəfə Sokratdan soruşublar ki, sofistlər kimdir? O, belə cavab verib ki, "Qadın gözəlliyi dəyərdir. Onu satana fahişə deyirlər. Elm də dəyərdir. Onu satana isə sofist deyirlər". Onu gəncləri pozmaqda və yeni ilahlar yaratmaqda suçlayaraq edam ediblər. Əsas ittihamçı Anit adlı demokrat olub. Platon isə onun çıxışını mühafizə edib. Ölümə məhkum edilən Sokrat özünü kişi kimi aparıb. Dostları qaçmaq təklif etsələr də, bunu qəbul etməyib”.
Vəssalam, namə tamam. Özünüzdən və yazılarınızdan muğayat olun. Ətraf harami ilə doludur.