"O xalının üstündən hər gün min adam keçir" - Röyanın Kannda nə işi var?

"O xalının üstündən hər gün min adam keçir" - Röyanın Kannda nə işi var?
24 may 2025
# 14:30

Kulis.az Aydan Hacının "Röya, qırmızı xalı və qara günlər" yazısını təqdim edir.


Budur, mədəniyyət sahəmizdə yeni bir uğultu.

Çox təəssüf, uğur yox, uğultu deməyə məcburuq.

Xalq artisti Röya 78-ci Kann Film Festivalında iştirak edib, o məşhur qırmızı xalıda addımlayıb, və aləm dəyib bir-birinə.

Bəs mənim əziz-girami soydaşlarım susarmı? Röya niyə, necə gedib? Onun orada nə işi var? Hansı mükafat alıb?

Əvvəla, Röya sponsor dəvəti ilə gedib və adəti üzrə şəkil-video paylaşıb.

Hər dəfə bu cür söhbət düşəndə Ayaz Salayev də mənim kimi əsəbiləşir.

Məşhur rejissor dözməyib, axır, mətbuata açıqlama verib. Deyib ki, Kann Film Festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir.

Üstəlik, görkəmli kinorejissor qeyd edib ki, istənilən şəxs həmin festivalda iştirak edə bilər:

“Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.

Bundan əlavə, Röya “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub və bu da olub yenə müzakirə mövzusu.

Ədalət naminə demək lazımdır ki, Röya Azərbaycan estradasının, ümumilikdə musiqisinin önəmli simalarından biridir. Onun bu cür mükafatlarla təltif olunmasından təbii nə ola bilər ki?

Ancaq Kanna gəlincə... ora tək Röya yox, dünyanın hər yerindən məşhur müğənnilər dəvət alır.

Kann Film Festivalına bir müğənninin dəvət olunması bir neçə yolla mümkündür, amma bu, müğənninin beynəlxalq tanınmışlığı, fəaliyyət sahəsi və festivaldakı rolundan asılıdır:

1. Sponsor dəvətləri

"L'Oréal", "Chopard", "Magnum" və s. kimi brendlər Kann Festivalının sponsoru olduqları üçün öz brend simalarını və məşhur müğənniləri qırmızı xalça üçün "qonaq ulduz" kimi dəvət edirlər. Bu müğənnilər bəzən reklam kampaniyalarında iştirak etdikləri üçün orada olurlar.

2. Filmdə oynayıbsa

Əgər müğənni filmdə hansısa obrazı canlandırıbsa, oxuyubsa, o filmin nümayişi zamanı rəsmi dəvət alır. Məsələn, Ledi Qaqa “A Star is Born” filmindəki rolu və mahnısı ilə Kanna dəvət almışdı.

3. Festival tədbirlərində çıxış etmək üçün

Bəzən Kann Film Festivalı çərçivəsində xüsusi gecələrdə və ya xeyriyyə tədbirlərində (məsələn, amfAR Gala) canlı ifalar olur. Müğənnilər bu tədbirlər üçün təşkilatçılar tərəfindən dəvət edilirlər.

4. Şəxsi PR və ya agentlik vasitəsilə

Bəzi tanınmış müğənnilər şəxsi PR komandası və ya menecerləri vasitəsilə sponsorlar və ya tədbir təşkilatçıları ilə əlaqə quraraq festivalda iştirak edə bilirlər. Bu halda, festivalın rəsmi qonağı olmasalar da, qırmızı xalçada iştirak edə bilərlər.

Qeyd edim ki, Kanna bizim filmlərimiz də düşüb, yarışıb və mükafat alıb.
Təqdim ediriksə, əvvəlcə Röyanın iştirakını yox, bunu qeyd etməliyik.
Hərçənd mənim əziz-girami soydaşlarım Kann adını məhz Röyadan eşitdilər.

Fəqət Röyanın ora getməyi böyük uğur-zad deyil də.
Bu, çox sadə, adi prosesdir.

Kann Film Festivalının əsas qonaqları olan aktyorlar, rejissorlar, prodüserlər, kino sənayesinin nümayəndələri və mədəniyyət xadimləri xüsusi seçim və dəvət prosesi ilə festivalda iştirak edirlər. Bu dəvət prosesində əsas şəxslər seçilən filmlərin heyətidir. Rəsmi dəvəti onlar alır, Röyalar yox.

Sponsorların dəvəti də bəllidir. Onlar məşhurları, modelləri və influenserləri festivala dəvət edirlər. Bu şəxslər tez-tez bu cür "qırmızı xalı" mərasimlərində görünür.

Digər bir dəvət də jurnalistlərə olur. Akkreditasiya əsasında mətbuat və film sənayesində çalışan insanlar (tənqidçilər, yayımçılar, distribyutorlar) festivalda iştirak üçün müraciət edir və qəbul olunarlarsa, dəvət alırlar.
Yeri gəlmişkən, bizim kinotənqidçimiz Hacı Səfərov da Kanndadır, özü də, nümayiş olunan filmlər haqqında resenziyalar yazır.
Hərçənd mənim əziz-girami...

Göründüyü kimi, burada dəhşətli nəsə yoxdur.
Röya da düz edib dəvət edilən yerə getməklə, Ayaz Salayev də düz edib bunun böyük iş olmadığını deməklə.
Təki bizimkilər o məşhur qırmızı xalının üstündən əsas mükafatı qaldırmaq üçün keçsin.
Kann haqqında gedən bu söz-söhbətin Röyanın oradakı iştirakından sonra başlamağı bizim uğursuzluğumuzdur...

# 959 dəfə oxunub

Oxşar xəbərlər

"Süd kəsilsin deyə dərman qəbul etmək olmaz" - APAMED

"Süd kəsilsin deyə dərman qəbul etmək olmaz" - APAMED

16:15 24 may 2025
Yad et məni, aşiqanə yad et! - Günün şeiri

Yad et məni, aşiqanə yad et! - Günün şeiri

15:10 24 may 2025
Gürcüstanla mədəni əməkdaşlıq müzakirə olunub

Gürcüstanla mədəni əməkdaşlıq müzakirə olunub

14:50 24 may 2025
Qadınla Kişi Eyni Ola Bilməz! - Seyran Səxavət

Qadınla Kişi Eyni Ola Bilməz! - Seyran Səxavət

13:50 24 may 2025
Üzeyir Hacıbəylinin Ev Muzeyində konsert proqramı keçirilib

Üzeyir Hacıbəylinin Ev Muzeyində konsert proqramı keçirilib

12:25 24 may 2025
Everesti fəth etmək nəyimizə lazımdır? - 100 min dollara qədər...

Everesti fəth etmək nəyimizə lazımdır? - 100 min dollara qədər...

12:00 24 may 2025
#
#
# # #