Nofəl Şahlaroğlu: "Ondan başqa hamı məndən üz döndərdi" - Müsahibə

Nofəl Şahlaroğlu

Nofəl Şahlaroğlu

15 fevral 2023
# 09:00

Kulis.az aktyor Nofəl Şahlaroğluyla müsahibəni təqdim edir.

– Əvvəlcə “Körpü” serialından başlayaq. İdeya kimdən gəldi və sizin orada baş rol almanız necə baş verdi?

– Bu Emil Quliyevlə üçüncü işimdir. İstedadlı adamdır. Nə etmək istədiyini də çox yaxşı bilir. Ona görə də, belə bir serialda oynamağa razılaşdım. Materiala baxdıq, ilkin versiyanın bir çox yerində dəyişikliklər etdik. İndiyə qədər serial haqqında müxtəlif fikirlər səsləndirilib. Tənqid edən də olub tərif edən də. Amma məni bir nəfər də tənqid etməyib. Bu, məni bir qədər qorxudur. Bir aktyoru heç kim tənqid etmirsə, ya o çox əhəmiyyətsiz, ya da fundamental oynayıb. Fundamental oynamadığımı bilirəm.

– Serial yerli kommersiya seriallara satirik yanaşma ilə başladı. İTV-nin güclü resurs dəstəyi və dövlət dəstəyi ilə çəkilən bir serialın kommersiya seriallarına belə yanaşması nə dərəcədə düzgündür?

– Məsələ hansısa serialın pis çəkilməsindən getmir. Fikir versəniz görərsiniz ki, səkkiz seriyada da mənim canlandırdığım qəhrəman aktyordur və o, təkcə seriala çəkilmir. Mənasız teletamaşada da iştirak edir, mənasız reklamda da çəkilir. Orada qeyd edirəm ki, aktyorlarımızın çoxu divarla oynayır. Bu həqiqətdir. Elə vaxt olub özüm də adam əvəzinə ağacla oynamışam. Çünki oynadığım aktyordan o enerjini ala bilməmişəm.

– Bəlkə, onların da maliyyə dəstəyi olsa, belə iş görərdilər?

– Mən belə deməzdim. Özüm minimalistəm. Elə olub ki, iki manat veriblər, 20 manatlıq iş görmüşəm. Adam var ona 150 min də versən, əlindən heç nə gəlmir. Bir iş ortaya qoya bilmir. Amma Emil Quliyevin, söhbət təkcə “Körpü” serialından getmir, ən adi, primitiv işləri, demək olar ki, büdcəsiz çəkilib. Onların da necə uğurlu alınması göz qabağındadır. Emil nə istədiyini bilir. Elə götürək “İkinci Pərdə”ni. Pis filmdir deyib baltalaya bilmərik. Klassika olmasa da, kinomatoqrafiyada müəllif filmi kimi ondan danışmaq olar. Təbii ki, büdcə olanda, daha yaxşı işlər görmək olur.

– Çox serialı bədii film nə deməkdir?

– Çox serialı bədii film ona görə deyirlər ki, həmin serial bir kamera ilə çəkilir. Azərbaycan efir məkanlarında heç bir serial bir kamera ilə çəkilməyib. İmkan olmadığı üçün yox. Bədii film normalda bir kamera ilə çəkilir. Onu beş kamera ilə çəkmək olmaz. Ad çəkməyəcəm, amma beş kamera ilə çəkən adamlar var. Eyni anda kameraları yandırırlar. Elə bir çəkilişə emosiyasız yaxın, orta və uzaq kadrları çəkirlər. Bununla da yekunlaşır. Bu isə iş deyil, xalturadır.

– “Körpü”dəki obrazınızda boşluqlar olduğunu düşünürsünüzmü?

– Düzü, obrazımda nələrin çatmadığını bilmirəm. Orada həqiqəti demək istəyən biri onu bütün insanların dilindən deyirdi. Hətta ssenariyə dəyişikliklər də əlavə etmişəm. Montaj olunanda, oturub 8 seriyaya da baxmışam. Orada bir insanın həm sevgi, həm atasına bağlı ailə-məişət problemi, həm işindəki boşluqlar, savadı olmayan istedadlı birini heç kimin qəbul etməməyi göstərilib. Bir insanın maksimum xarakterini açmaq üçün çoxlu detal lazımdır. Bu sırf aktyor oyunu ilə bağlı məsələdir. Nə dərəcədə öhdəsindən gəlmişəm, onu tamaşaçılar daha yaxşı bilər.

– Ümumiyyətlə, serialda boşluqlar var idi? Siz necə tənqid edərdiniz?

– Bir saytda bu serial haqqında yazılmışdı. Yazıda texniki tərəflər yox, drmaturji tərəfləri tənqid edilmişdi. Çox xoşuma gəlmişdi. Qeyd olunmuşdu ki, serialda problem qoyulub, həlli tam olaraq göstərilməyib və yaxud problem havada qalıb. Bu, rejissor və ya mənimlə bağlı olan məsələ deyil. Dramaturji material yazırlar. Çəkəndən sonra görürsən ki, artıq söz yığınıdır. Həmin hissələri çəkib çıxarandan sonra da həllini göstərə bilmirsən. Bəzən də hansısa materialı işləyəndən sonra deyirsən ki, kaş bunu belə verərdim. Məsələn, orada bəzi məqamlar var ki, özüm rejissora bildirdim. Tutaq ki, mənim atam adamları, ruhları öldürür. Niyə? Çünki manyak idi. Bu insanın psixi əqli problemləri var, tam razıyam. Amma onu daha açıq, daha detallı göstərmək olardı. Serialda bəzi qəhrəmanlar var ki, onların daxili tam göstərilməyib. Məsələn, anamın yoxluğunu da hansısa bir detalla qeyd etmək olardı. Bunlar Emilin problemləri deyildi. Serialda ikinci xətt demək olar ki, yox idi. Hadisələr bir qəhrəmanın üzərində cəmlənmişdi. Çünki ssenari təsdiqlənmişdi və bizim vaxt məhdudiyyətimiz var idi.

– Seriala sosial çarx kimi yanaşan izləyicilər əsas hekayəni geri atırdı. Bu, sizi narahat edirdi?

– Əslində, bu, yenilik deyil. Dünyada kökündə sosial mesaj dayanan çoxlu filmlər var. Amma bu mesajlarda daha xırdalıqlara getmək yaxşı deyil. Məsələn, siqareti yerə atmaq olmaz mesajının verilməsi mən deyərdim ki, 8 seriyanın içində vurğulanan digər mesajlarla nisbətdə kölgədə qalır.

– Ustaların ev yiyəsini aldatması da kiçik problemdir. Bir seriyada qadın zorakılığını, digərində siqareti yerə atmağı vurğulamısınız. Daha qlobal problem tapa bilərdiniz.

– Bəli. Amma bəzən xırda şeylər sonrakı problemlərə yol açır. Məsələn, bir binada işığın sönməsinə fikir vermirsən, sonra bütün ərazidə işıq sönür. Orada qeyd olunan bullinq məsələsi də kifayət qədər ciddi məsələ idi.

– Serial hansı janrdadır?

– Bu sualı çox adam verir. Bəzən olur, kinematoqrafiyada filmin janrı erotika yazılır. Baxanda görürsən ki, kinoda erotikaya aid bir şey yoxdur. Vizual təsvir baxımından açıq səhnələr çox olduğundan janr kinematoqrafiyada erotika hesab olunub. Əslində isə art filmdir. Alman rejissorun “Cənnət sevgi, cənnət məhəbbət, cənnət arzu” adlı üçlü trilogiyası var. Film bir insanın taleyindən sıxıntısından bəhs etsə də, açıq-saçıq səhnələrə görə “Google”da janrı erotika göstərilib.

Körpü serialında da mövzu ruhlar aləmi ilə bağlıdırsa, janr avtomatik olaraq mistika olmalıdır. Amma filmin dili, qəhrəmanların tərzi belə deyil. Məsələn, mənim oynadığım qəhrəman yas yerinə gedib kimləsə dava edir. Bu, mistika deyil axı. Və yaxud bullinq səhnəsində qorxu elemetlərinə baxıb serialın qorxu janrında olduğunu deyə bilmərik.

– Təxminən Kieslovskinin “Dekaloq”una yaxın bir iş alınıb. Oradan təsirlənmə olub?

– Dünyada ayrı-ayrı adamların çəkdiyi oxşar filmlər olub. Bu, normal bir şeydir. Əsas sənin təqdimatındır. Fransızlar 1934-cü ildə xəstə ataya oğulun baxması filmini çəkiblər. İspanlar da, italyanlar da bunu ediblər. Bütün ölkələrdə xəstə ata və ona baxan oğul ola bilər. Olduqca təbiidir. Buna oğurluq deyə bilmərik. Məsələ rejissorun yanaşmasından asılıdır. Bir iranlı rejissor ilə italyan, fransız və ya azərbaycanlı rejissorun yanaşması təbii ki, eyni olmayacaq. Bir-birindən bəhrələnmək, mövzu götürmək olar. Öz dəsti xətti olan adamlar bunu edə bilər.

Mən oynadığım qəhrəmanı həmişə özüm düşünmüşəm. Bizdə aktyorların çoxu özlərini digər aktyorlara bənzədirlər. Məsələn, Yaşar Nurinin obrazına baxıb onun kimi oynayırlar. Uğurlu alınmır. Başa düşmür ki, bu adam bir tapıntı olub, gəlib, gedib. Başqa biri onu əvəzləyə bilməyəcək. Üslub oxşarlığım olsa da, özümü kiməsə bənzətmək, onun kimi oynamaq istəməmişəm.

– Kumiriniz var?

– Yox. Mənim üçün üslub, janr var. Amma çox bəyəndiyim və oyun tərzinə heyran olduğum rus aktyor Andrey Mironovdur. Adamın oynamadığı bir şey qalmayıb.

– Sizi ancaq komediya janrında görmüşük. Böyük aktyor isə bütün janrlarda özünü sınamalıdır. Bu, sizi narahat edir?

– Əlbəttə, edir. Dörd dram filmində oynamışam. Adamlar elə bilirlər ki, komediya oynamaq elə-belə bir şeydir. Komediyanın böyüklüyünün fərqində deyillər. Gülüşlə ötürülən mesajları tuta bilmirlər.

– Sizcə, “Körpü” dünya izləyicisi üçün nə dərəcədə maraqlıdır? “Netflix”də çıxsa baxılar?

– Keyfiyyət olaraq baxılar. Amma dramaturji tərəfdən Amerika onsuz da bunları edib. Bəlkə də, maraqlı olar. “Körpü”nün dünya səviyyəsinə çatmasını istəyərəm. O biri seriallarımız isə heç Azərbaycan səviyyəsində də deyillər. “Pərdə” filmində də, “Körpü”də də Emilə demişəm ki, kaş ən pis Azərbaycan filmi belə olsun. Yox, əgər ən yaxşısı budursa, onda heç nə...

Efirdə elə seriallarımız var ki, orada çayxanada oturub hansısa rayonun ləhçəsi ilə söhbət edirlər. Bunun təbii oynamaq olduğunu düşünürlər. Təbii oynamaq bu deyil axı. Bəzən də deyirlər ki, hansısa rolu yaxşı oynamaq üçün aktyor onun həyatını yaşamalıdır. Nə dəxli var? Fahişə rolunu oynamaq üçün mütləq fahişə olmaq lazımdır? Bu, savadsız yanaşmadır. Realistik oyun üslubunun üstündə mütləq sənət meyarı dayanmalıdır.

– Kommersiya filmlərinə də çəkilmisiniz.

– Çox.

– Orada boşluqlar nələrdir?

– Dolu nə var ki? Elə boşluqdan ibarətdir.

– Bəs niyə oynamısınız?

– Pul üçün. 2015, 2016, 2017-ci illərdə bir qapı bağlandı, Allah mənə başqa bir qapı açdı. Ondan başqa hamı məndən üz döndərdi. Qızım təzə olmuşdu, xeyli borcum var idi. Ancaq intihar məni xilas edə bilərdi. O vaxt bir ayın içində dörd filmə çəkildim. Bir şeydən əminəm ki, bütün mənasız xaltura filmlərində vicdanla oynamışam. Buna görə narahat deyiləm.

– Heç olmasa yaxşı qonorar veriblər?

– Yox. Bir müddətdən sonra heç bir kommersiya filminə çəkilməməyə qərar verdim. Son üç ildə də çəkilməmişəm. Təkcə pula görə yox, sadəcə istəmirəm. “Körpü”dən sonra ümumiyyətlə istəmirəm.

– Azərbaycanda aktyor olmaq necədir? Niyə bu sənəti yaxşı bilən aktyorlar yaxşı dolanmırlar?

– Çünki Azərbaycanda yaxşı sənət adamları ancaq başqa şeylər haqqında düşünür. Blogerlik, vaynerlik yaxşı pul qazandırır. Hətta elə bir vəziyyət yaranıb ki, sosialda məşhur olan bu adamlar kinematoqrafiyaya gəlib çıxıblar. Sənətlə məşğul olan adamlar isə asosiallaşıblar. Onların cəmi 150-200 izləyiciləri var. Belə adamlar heç vaxt böyük pullar qazana bilmirlər. Qayğıları o qədər çox olur ki, bir xəstəlik olduqda batırlar. Düzdür, aralarında tənbəlləri də var. Tanıdığım bəzi aktyorlar var ki, onların tələbə yetişdirmək üçün kifayət qədər təcrübələri var. Bunu etsələr, yaxşı qazanarlar.

– Müharibə ilə bağlı qısametrajlı filminizə baxmışdım. Ən yaxşı rejissor işi aldı. Sizcə, layiq idi?

– Rüstəm Babazadə həm də filmin ssenari müəllifi idi. Üslubu maraqlıdır. Ümumiyyətlə, “Mozalan” Azərbaycanda kinostudiyanın ən məşhur bölmələrindən biri olub. Son dövrlərdə fəaliyyəti zəifləyib. Bu kinoteatrda üç dəfə olmuşam. Filmin təqdimatında Rusiyadan da qonaqlar gəlmişdi. Orada çox maraqlı fikirlər səsləndirildi. Adamlar bilmədikləri şey haqqında elə danışırdılar ki, elə hiss edirsən, sanki sən heç nə bilmirsən. Deyir, filmdə pafos var, amma pafosun nə olduğunu bilmir. 95 faiz adam belədir. Bu, müharibə mövzusunda çəkilmiş, satirik üslubda qurulmuş qısa filmdir. Bunun qaydası budur.

Təqdimatda “Nə qədər düşməni belə göstərmək olar?” kimi fikirlər səsləndirildi. Bir var kinematoqraf yanaşması, bir də var sadə vətəndaş yanaşması. Bu sıradan vətəndaş yanaşmasıdır. Başqa bir məqam deyim. Filmdə erməni obrazını canlandırmışam. Elə bilirlər buna görə oğlum öldüyü üçün ağlamamalıyam. Niyə ağlamayım? Axı oğlum ölüb. Mən orada erməni manevrasını çox səliqəli etmişəm. Bizim əksər filmlərdə onların danışığını pinti göstərirlər. Məsələyə realistik yanaşmaq lazımdır. Niyə ermənin dilindən göstərməliyəm, elə öz dilimizdən göstərim də.

– Bəs Vaqif Mustafayev niyə “Həyat, deyəsən, gözəldir” filmini onların dilindən çəkmişdi?

– Çəkilişlərimiz paralel gedirdi. Ssenari haqqında maraqlanırdım. Baxmasam da, bilirəm ki, orada ermənilərlə yaxşıca məzələnib. Vaqif müəllim Azərbaycan kinematoqrafiyasına gəlmiş ən yaxşı ssenaristlərdən biridir. Onun üslubu məzələnməkdir. Həyatda da, kinematoqrafiyada da. “Fəryad” filmində bunu görə bilərik. Bu film ağır olsa da, adam baxanda gülə bilir. Vaqif müəllimin qələmi başdan ayağa yumordur. “Həyat,deyəsən, gözəldir”də də o yumor var. Çox adam bu yumoru başa düşmür.

Amma kaş ki, müharibə filmi başqa rejissora həvalə edilərdi. Bizim müharibə filmlərində müharibədən başqa hər şey olur. Bütün filmlərin çəkilişində məsləhətçi olmalıdır. Bizim filmlərdə isə yoxdur.

– Kitab oxuyursunuz? Müasir Azərbaycan ədəbiyyatını izləyirsiniz?

– İzləmirəm. Amma son dövrlərdə gənc şairlərin, yazıçıların televiziyada müsahibələrini görürdüm. Ondan sonra özümə söz verdim ki, onları oxumayacam. Çünki müasir ədəbiyyatın nə istədiyi kənarda qalıb, ortada başqa söhbətlər gedir. Bəzi ədəbiyyatçılar var ki, efirə çıxıb deyirlər filankəs şair deyil. Gəncləri sorğulayıb deyirlər ki, gəl görək nə yazmısan? Aktyorlara qarşı da belə münasibət var. Deyirlər SSRİ dövrünün aktyorları başqa idi. Bir az insaf lazımdır. Həqiqəti, düzünü demək lazımdır.

Efirlərə yığışıb meyxana ilə bağlı müzakirələr edirdilər. Mövzuya elə yerdən yanaşırlar ki, o, bizə lazım deyil. Bizə lazım olan tərəfindən danışan yoxdur. Görürəm ki, polemikanı aparan adamlar da savadsız deyillər. Bəziləri deyir ki, meyxana sənət nümunəsi kimi təsdiqini tapmayıblar. Mən elmi işimdə Abşeron meyxanlarından, meyxananın folklor nümunəsi olmasından yazmışdım. Bir şeyi müzakirə edəndə ona kökdən yanaşmaq lazımdır. Şifahi xalq ədəbiyyatının 20-dən çox janrı var ki, adam adını çəkməyə utanır. Əgər onlar şifahi xalq ədəbiyyatı nümunələridirsə, meyxana klassikadır. Bunu deməklə meyxananı yox, yazdığım işi müdafiə edirəm. Problemi qabardıb həll etməliyik. Meyxanadan söyüşləri, təhqirləri çıxarıb onu düzəltmək lazımdır.

– Filoloqsunuz. Bədii nələrsə yazırsınız?

– Çox vaxtım olmur. Olduqda qısa hekayələr yazıram.

– Oxucularımız üçün hansı film və kitabları tövsiyə edərdiniz?

– Azərbaycan filmlərindən “Həmyerli” filmi. Rusların “Juk” serialı. Seriallara az baxıram. Kitab “Səfillər” romanını tövsiyə edirəm. Çox adam oxusa da, hamı başa düşə bilmir. Yerli ədəbiyyatdan İsi Məlikzadənin “Günəşli payız”ını deyə bilərəm. Bu əsərin müasir film kimi də çəkilməyəni istəyərdim. İsa Hüseynovun “Məhşər”indən sonra digərlərindən o qədər də danışmaq olmur. Şərif Ağayarın üslubu da maraqlıdır.

# 4554 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #