​"Nobel mükafatı iddiasında olmayan gənc yazıçı yoxdur" - "Gənclərin roman müsabiqəsi - 3" dən reportaj

​"Nobel mükafatı iddiasında olmayan gənc yazıçı yoxdur" - "Gənclərin roman müsabiqəsi - 3" dən reportaj
20 iyun 2026
# 14:00

Kulis.az "Gənclərin roman müsabiqəsi - 3"ün mükafatlandırma mərasimindən reportajı təqdim edir.

​“TEAS Press” Nəşriyyat Evinin gənc qələm adamlarına stimul vermək məqsədilə ənənəvi olaraq həyata keçirdiyi “Gənclərin roman müsabiqəsi 3” başa çatıb və bu mərasimdə bir azdan ilin ən yaxşıları müəyyənləşəcək.

Müsabiqənin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi “LIBRAFF” mağazalar şəbəkəsinin “Park Akademiya” filialında baş tutur. Tədbirdə tanınmış ədəbiyyat və sənət adamları, yazıçı və tənqidçilər, eləcə də media nümayəndələri iştirak edirlər.

Tədbirin əsas hissəsi müsabiqənin münsiflər heyətinin çıxışları və təqdim olunan mətnlərin ümumi təhlili ilə başlayır.

​Tədbiri giriş sözü ilə açan münsiflər heyətinin üzvü, tənqidçi Seydəddin Hüseynli ölkəmizdə ədəbi müsabiqə ənənəsinin o qədər də güclü olmadığını xatırladaraq, layihənin üçüncü dəfə uğurla başa çatmasını əhəmiyyətli hadisə adlandırır. O, sosial şəbəkələrdə iştirakçılar və izləyicilər tərəfindən müəyyən narahatlıqların dilə gətirilməsinə baxmayaraq, təşkilatçıların prosesi tam peşəkar və soyuqqanlı idarə etdiyini vurğulayır:

"Müsabiqənin ən qiymətli tərəflərindən biri tam məxfilik şəraitində keçirilməsidir. Müəlliflərin adları açıqlanana qədər mən onların heç birini tanımırdım. Mənim üçün onlar yalnız nömrələrdən ibarət idilər. Bəzi iştirakçıların müsabiqədən kənarda qalmasının əsas səbəbi isə qaydaların pozulması – əsasnamədə tələb olunan həcmin gözlənilməməsi, məxfilik prinsipinin pozulması və ya əsərlərin vaxtından əvvəl nəşr etdirilməsidir".

S.Hüseynli həmçinin gənc yazarların mətnlərindəki texnologiya təsirinə və son illərin populyar tarixi seriallarının yaratdığı bədii atmosferə də diqqət çəkir. O, gənclərin roman janrında uğur qazanmasının xüsusi istedad tələb etdiyini, əksər hallarda rast gəlinən eksperimentlərin isə sadəcə həvəs və təcrübəsizlikdən qaynaqlandığını qeyd edir.

​Çıxış üçün söz alan ədəbiyyatşünas Mətanət Vahid layihənin yaxın gələcəkdə beynəlxalq miqyas qazanacağına ümid etdiyini bildirir. O, əvvəlki illərdə qalib gələn “Hürr” və “Solğun” romanlarının bu gün müasir Azərbaycan ədəbiyyatının uğurlu nümunələri kimi oxuculara tövsiyə edildiyini qeyd edir.
​Münsif builki müsabiqənin əvvəlki illərdən fərqlənən əsas xüsusiyyətini açıqlayır:

"İlk iki ildə elə əsərlər olmuşdu ki, oxuyarkən öz-özümə 'Mənim qalibim budur' deyirdim. Bu il isə birmənalı şəkildə belə deyə biləcəyim bir əsər olmadı. Amma bu, əsərlərin zəifləməsi demək deyil. Bu il diqqətimi çəkən əsas məqamlardan biri süni intellektin təsiri oldu. Elə əsərlərlə rastlaşdıq ki, onların demək olar yüz faiz süni intellekt tərəfindən hazırlandığı hiss olunurdu. Gənclərə tövsiyəm odur ki, ilk növbədə özlərinə güvənsinlər və yaradıcı prosesi tamamilə süni intellektin üzərinə qoymasınlar".

​Münsiflər heyətinin digər üzvü Əminə İbrahimli isə gənc yazarların yaradıcılığında kök salan problemli tendensiyalara toxunub. O, mətnlərdə Azərbaycan düşüncəsi ilə uzlaşmayan, oxucuya süni gələn xarici adların və məkanların istifadəsini tənqid edib:

​"Azərbaycan düşüncəsi və təxəyyülü ilə yazılmış mətnin içində xarici mühit və personajlar süni görünür. Bu il diqqətimi cəlb edən ikinci məqam isə əsərlərdəki həddindən artıq bədbin ovqat idi. Ölüm, qan, itki, qətllər və triller elementləri çoxluq təşkil edirdi. İstərdim ki, gənclər həyata daha pozitiv rakursdan baxsınlar".


​Rəsmi çıxışların ardınca tədbirin ən maraqlı hissəsinə – mükafatların təqdimat mərasiminə keçid alınır. İlk olaraq Əminə İbrahimli tərəfindən üçüncü yerin qalibi açıqlanıb:

Zamiq Cəfərli – "Əncir ağacı" romanı.

Səhnəyə dəvət olunan qalib "TEAS Press" ailəsinə qoşulmaqdan və kitabının məhz bu nəşriyyatda çap olunacağına inamından məmnunluğunu ifadə edib.

İkinci yerin qalibinin adını Mətanət Vahid elan edib. Bu ada Seymur Həmzəyev "Gələn dəfə kral sənsən" romanı ilə layiq görülüb. Seymur Həmzəyev çıxışında həm seçdiyi təxəllüsdən, həm də müsabiqədəki şəxsi inkişafından danışıb:

"Ədəbi təxəllüs kimi atamın adını götürmüşəm, çünki insanlara dəyəri sağlığında vermək lazımdır. 2022-ci ildə də bu müsabiqədə iştirak edib ikinci olmuşdum. Amma o vaxtdan fərqli olaraq məyus deyiləm. Həyat mənə öyrətdi ki, bəzən heç bir yer tutmamaq belə ən yaxşı yeri tutmağa bərabər ola bilər".

Sonda isə birinci yerin qalibi açıqlanıb. Mükafatı təqdim etmək üçün səhnəyə çıxan Səyfəddin Hüseynli qalibin Vasif Zahidov olduğunu elan edib.

Ötən müsabiqədə "Sonuncu istintaq" romanı ilə ikinci yeri tutduğunu, lakin "TEAS Press"in jest edərək həmin kitabı da nəşr etdiyini xatırladan qalib bu il müsabiqəyə iştirak etməkdə tərəddüd etdiyini gizlətməyib:

"Amma yaxşı ki, qatılmışam. Çünki birinci yerin qalibi olmaq fərqli hissdir. Buna baxmayaraq, ədəbiyyatda yalnız bir qalib olmur, qələm dostlarımı da ürəkdən təbrik edirəm".

Mərasimə yekun vuran Azərbaycan Yazıçılar Birliyinin sədri müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gənclərin roman müsabiqəsini üç il ardıcıl və uğurla keçirmənin böyük cəsarət tələb etdiyini vurğulayaraq, nəşriyyat rəhbərliyinə təşəkkürünü bildirib. Çıxışında 15 il əvvəl yaradılan "Milli Kitab Mükafatı"nı və orada birinci yeri tutan gənc Elxan Qaraqanı xatırladan R.Məcid gənclərin ədəbi iddialarını müsbət qiymətləndirib:

​"Əslində, Nobel mükafatı iddiasında olmayan gənc yazıçı yoxdur. Düşünürəm ki, burada əyləşənlərin də hər biri daxilində bu iddianı daşıyır. Son iki-üç ildə yeni adların ortaya çıxması xoş sürprizdir. Azərbaycanda gənc yazıçılar üçün keçirilən müsabiqəyə 130-a yaxın romanın təqdim olunması bəlkə də bir rekorddur və özü-özlüyündə olduqca əlamətdar hadisədir".

# 75 dəfə oxunub

Oxşar xəbərlər

140 ildən çoxdur inşası davam edən bazilika bu il tamamlanır

140 ildən çoxdur inşası davam edən bazilika bu il tamamlanır

10:50 20 iyun 2026
Əfsanəvi Robin Hudun sığınacağı olan qədim palıd ağacı qurudu

Əfsanəvi Robin Hudun sığınacağı olan qədim palıd ağacı qurudu

10:10 20 iyun 2026
"Yataq otağının qapısını bağladığın anı xəyal edirəm..." - Məşhur yazıçıların sevgililərinə yazdıqları məktublar

"Yataq otağının qapısını bağladığın anı xəyal edirəm..." - Məşhur yazıçıların sevgililərinə yazdıqları məktublar

10:00 20 iyun 2026
Həsən Əblucun həyat yoldaşı vəfat etdi

Həsən Əblucun həyat yoldaşı vəfat etdi

23:56 19 iyun 2026
“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırıldı

“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırıldı

20:20 19 iyun 2026
"Əbədi uşaq" barəsində  məşhur əsər - "Piter Pen" haqqında maraqlı faktlar

"Əbədi uşaq" barəsində məşhur əsər - "Piter Pen" haqqında maraqlı faktlar

16:30 19 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər