Müğənni olmaq bu qədər asandır?

Müğənni olmaq bu qədər asandır?
10 aprel 2025
# 15:00

Kulis.az Eminqueyin yeni yazısını təqdim edir.

“Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya”.

Atalarımız da maşallah, qızlara seçim şansı verməyiblər. Düşünüblər ki, qız özü seçim edə bilməz. Seçim etsə də, ya halvaçını seçər, ya da zurnaçını. Ara yerdə də halvaçıyla zurnaçını “pıx” çıxarıblar.

Elə atalarımızın bu birmənalı olmayan qərarını düşünə-düşünə gözüm TV-də oxuyan skripkaçı Ceyhuna sataşdı.

“Aaa, bu da oxuyur?” - öz-özümə verdiyim birinci sual bu oldu. Sonra yadıma düşdü ki, skripkaçı Səlimin, rəqqasə Fatimənin, aparıcı Zaurun oxuduğu yerdə Ceyhuna nə olub ki? Nöş oxumasın? Ümumiyyətlə, bütün ölkə oxumağa başlayıbsa, Ceyhunun nə günahı var? Niyam Səlaminin mahnı oxuduğu bu dünyada niyə oxumayasan ki?

Niyam Səlaminin Bülənt Ərsoyu imitasiya etməsinə oxumaq deyilirsə, bu xalq onu toylarına çağırırsa, başqaları niyə də bu yola üz tutmasın? Hələ rəhmətlik Cavanşir Məmmədov var idi. Təsəvvür edirsiniz, o da müğənni idi. Heç nə yox, elə bircə dəfə meyxanaçılar aləminə baş vursam, arxamda bir qoşun oxuyan meyxanaçı ilə qayıdaram. Siz Allah, üzrlü sayın, bərkdən şaqqanaq çəkmək istəyirəm, Rüfət Nasosnunun, Oqtay Kamilin mahnı oxuduğu ölkədə yaşayırıq e. Bu bilirsiniz nə deməkdir?

Bu o deməkdir ki, adını çəkdiklərim gərək heç vaxt Şövkətdən, Rübabədən, Alimdən danışmasınlar. Nəinki danışmasınlar, hətta tək qaldıqları, heç kim olmayan yerdə belə bu adamlara qulaq asmasınlar. Adam Şövkətə qulaq asıb, yaxud da ona “sənətkarımız” deyib necə oxuya bilər axı?

Kifayət qədər ad sayaram, amma sənətdən, musiqidən anlayanlar onsuz da bilirlər bu adların yanına hansı adları düzmək olar.

Belə də baxanda, elə də baxanda ölkə elə halvaçılarla zurnaçıların əlindədir. Beş adamdan on beşi ya halvaçıdır, ya da zurnaçı. Yəni məsələ qızlar konteksindən çıxıb. İndi hamını özbaşına buraxıblar. Müğənni olmaq üçün səs ən axırıncı lazımlı şeydir.

Bu özbaşınalığı dəstəkləyən TV-lərin sayəsində bazara günbəgün yeni-yeni oxuyanlar daxil olur. Dünən gördüm, o vaxtın “Qəfəs” şousunun məşhur Cəmiləsi də sən demə restoranlarda müğənnilik edirmiş. Vallah, araşdırsam, bəlkə də unutduğum, yadımdan çıxan nə qədər dost-tanış var, hamısını hansısa restoranda oxuyan yerdə taparam.

Açığı, boşluq olan kimi zümzümələr edirəm. Sevirəm mızıldamağı. Musiqi notlarını məktəbsiz-zadsız bilirəm. İstənilən musiqi alətində azı beş musiqi ifadə bilərəm. Musiqi duyumum əladır.

Düşünürəm ki, yazmağın-zadın başını buraxıb keçəcəyəm oxumağa. Mənim nəyim əskikdir bunlardan? Yarım-yaraşığım, geyinməyə paltarım, tanınmışlığım. Səsimin qaçan yerlərini də kompüter düzəldər. And ola inandıqlarınıza ki, milyon qat yaxşı oxuyaram bunlardan. Üstəgəl, mənim bunlardan üstünlüklərim də var. Savadım, biliyim, dünyagörüşüm, şairliyim, yazarlığım. Dəxi nə lazımdır? Heç zad!

Bircə qalıb studiyaya getmək.

Gözləyin, növbəti dəfə sizə köşə ilə yox, yeni hitimlə gələcəm.

# 4185 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı Rüfət Əhmədzadə vəfat etdi

Yazıçı Rüfət Əhmədzadə vəfat etdi

16:30 22 iyul 2026
Xalq şairi Səməd Vurğun haqqında kitab çap olundu

Xalq şairi Səməd Vurğun haqqında kitab çap olundu

16:12 22 iyul 2026
“22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”  adlı sərgi açıldı

“22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı sərgi açıldı

13:32 22 iyul 2026
Yazıçılar İttifaqının binasında ov tüfəngi ilə atəş açaraq intihar edən yazıçı kim idi?

Yazıçılar İttifaqının binasında ov tüfəngi ilə atəş açaraq intihar edən yazıçı kim idi?

13:00 22 iyul 2026
"Çəhrayı Pantera" filmində solo ifa edən saksafonçu vəfat etdi

"Çəhrayı Pantera" filmində solo ifa edən saksafonçu vəfat etdi

12:30 22 iyul 2026
Çar senzurasından qaçanlar, milyonçuların maliyyələşdirdiyi nəşrlər – Mətbuat tariximizin ilk 10 qəzet və jurnalı

Çar senzurasından qaçanlar, milyonçuların maliyyələşdirdiyi nəşrlər – Mətbuat tariximizin ilk 10 qəzet və jurnalı

12:00 22 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər