Metroda anasını döyən uşaq - Tərlanə Yaqubqızı

Metroda anasını döyən uşaq - Tərlanə Yaqubqızı
5 dekabr 2023
# 11:30

Kulis.az Tərlanə Əliyevanın "Metroda anasını döyən uşaq" yazısını təqdim edir.

Yazının başlığında səhv axtarmayın, biz görmüşdük ana uşağını döyər. Hərçənd ki uşaq hüquqları konvensiyasında bu da qadağan olunub. Çox da atalarımız deyib: "Qızını döyməyən dizini döyər".

Deyəsən, rəhmətliklər burda da gender bərabərliyini pozublar .

Nə isə, mətləbdən uzaq düşdüm.

Qatardayam, kitab oxuyuram. Təxminən, 6-7 yaşlarında olan oğlan uşağının səsinə diksindim. Oğlan bağıra-bağıra anasını nəyəsə məcbur edirdi. Ana isə deyəsən, onu eşitmək istəmirdi.

Uşaq qəfil anasının üzünə necə silləni vurdusa... vaqondakılar diksindi. Sillənin arxasınca da yumruq-təpik...

Donmuşdum. Elə hamı donmuşdu...

Ana oğlunun zərbələrindən özünü müdafiə etməyə çalışır, imkan tapanda əyilib qulağına nəsə pıçıldayırdı.

Pah atonnan, guya bu, "qəhrəman"ımızın çox vecinə idi.

Əksinə, daha da sırtılır, anasının ona öyüd-nəsihət verməsinə imkan vermirdi.

Bu ürəkağrıdan mənzərəni görəndə yadıma "Sehirli xalat" filmində xanın sarayında pioner haqqında deyilən sözlər düşdü: "Bu uşağın böyüyüb kim olacağını biləndə adamın tükləri biz- biz olur."

"Yox, o uşaq böyüməyəcək".

Mən o uşağın simasında heç bir məsumiyyət görmədim. O, evdə arvadını döyən kişinin balacalmış fiquru idi. O, doğulduğu ailənin güzgüsü idi. Onun üz- gözündəki nifrət simasını çox eybəcər hala salmışdı. Yazıq ana isə elə məzlum görünürdü ki...

Hamının məişət zorakılığının qurbanı olan anaya yazığı gəlirdi, amma heç kəs ağzını açıb bir kəlmə belə danışmırdı. Guya heç bilmirik ki, danışan olsa, məlum məsələdir, ana təbii instinktlə öz oğlunu müdafiə edəcəkdi.

Yadıma illər öncə metro vaqonlarının divarına məişət zorakılığı ilə bağlı vurulan lövhə düşdü. O lövhədə, səhv etmirəmsə, bir uşaq şəkli və yardım üçün telefon nömrəsi vardı. Türk qardaşlarımız demişkən: Yox, artıq! Bu o demək deyil ki, uşağı döymək olmaz, amma uşaq onu dünyaya gətirən qadını döyməli, toplum qarşısında alçaltmalıdır.

Aşıq gördüyünü çağırar. Bu balaca vəhşi də ailədə atasından gördüyü hərəkəti burada hamının gözü qarşısında təkrar edirdi. Bu uşaq böyüyəcək də, ailə quracaq da, evdəki qadınlara əl qaldıracaq da!

İşə gecikəcəyimi bilsəm də, vaxtından qabaq vaqonu tərk edib növbəti qatarı gözləməli oldum.

Çünki gələcəyin potensial qatili ilə bir vaqonda getmək və zavallı ananın baxışlarımız altında bir daha əzilməyini görmək mənim üçün çox çətin idi...

# 3859 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər