Məşhurların ən tənhası, tənhaların ən məşhuru

Məşhurların ən tənhası, tənhaların ən məşhuru
27 yanvar 2024
# 13:30

Kulis.az Məmməd Süleymanovun Cerom Devid Selincer haqqında yazdığı "Məşhurların ən tənhası, tənhaların ən məşhuru" adlı yazısını təqdim edir.

“Bütün bədbəxtliklər də elə bundadır. Dünyada dinc, sakit yer yoxdur. Bəzən fikirləşirsən - bəlkə də var, ancaq sən gedib oraya çatana qədər kimsə səni ötüb keçəcək və burnunun ucunda hansısa ədəbsiz sözləri yazacaq”

(Cerom Selincer. “Çovdarlıqda uçurumdan qoruyan”)

XX əsrin böyük bioqrafiyaları içində mənim üçün iki xoşbəxt tale var: Fidel və Selincer. Öz ideallarına daima can atan, onları reallaşdırmaq yolunda cəhdlərdən yorulmayan, cəhdləri uğurlu olan və bu vaxt istəklərində antihumanist olmayan iki şəxsiyyət.

Biri öz ictimailiyini bu gün də saxlayıb. Digəri isə əvvəlcə cəmiyyətdən, 2010-cu ilin yanvarında isə dünyadan getdi. Ziddiyyətlərin vəhdəti...

Selincer 91 il 27 günlük ömrünün 45 ilini tərki-dünyalıqda keçirdi. Özünü Nyu-Hempşir ştatının Korniş qəsəbəsindəki evində hündür divarlarla əhatələdi, müsahibə vermədi, yeni heç nə yazmadı, romanının ekranlaşdırılmasını təklif edən Hollivuda “yox” cavabı verdi...

Bu 45 ili o, necə yaşadı? Məğrur tənhalığını hifz edən yazıçı sirr pərdəsinin qalxmasına imkan vermədi. Bircə dəfə - 2009-cu ilin yayında, ölümündən yarım il əvvəl - onun səsi eşidildi: pərəstişkarı Cerom Kaliforniyanın “Çovdarlıqda uçurumdan qoruyan”ın ardını yazdığını bilib məhkəməyə müraciət etdi və kitabın çapına mane oldu.

Nə eybi, Kaliforniyanın rimeykini indi dərc edərlər. Daha Selincer yoxdur. Deməli, kitabın ardı da on qat tirajla satılacaq.

***

“Nəşr olunmamaq - möcüzəli dünyadır. Sakit dünyadır. Nəşr işi - mənim şəxsi həyatıma dəhşətli təcavüzdür. Mən yazmağı sevirəm. Ancaq mən özüm üçün, öz zövqüm üçün yazıram”

(Cerom Selincer. 1974-cü ildəki müsahibəsindən)

Selincer bircə romanı ilə klassik oldu. O, “Çovdarlıqda uçurumdan qoruyan” üzərində 9 il işlədi. Sonra da naşirlərdən dalbadal imtina cavabı aldı. Onların nəzərində Holden Kolfild antisosial bir ünsürdü, psixopatdı, hətta aşkarca psixdi. Kitab çap üzü görəndən sonra da bir neçə ölkədə və ABŞ-da bir neçə ştatda qadağan olundu.

Lennonu qətlə yetirən Çepmen qoltuğunda Selincerin cildini tutmuşdu. Reyqana güllə atan Xinkli də bu kitabın vurğunuydu. Hətta Çepmen polisə deyirdi: Lennonu öldürmək əmrini o, “Çovdarlıqda uçurumdan qoruyan”ın mətnini deşifrə edərkən alıb.

Onda nə alınır? Selincer psixlərin kumiridir? Ya bəlkə bu psixlər heç də psix deyillər? Holden Kolfild isə hər birimizik? Onun 16 yaşında olduğu kimi, biz də hər birimiz antiqəhrəman mərhələsindən keçmişik? Kimisi onu adlayıb, kimisi də ilişib qalıb.

Uçduğumuz uçurum dəhşətlidir, qorxuludur. Oraya yuvarlanan onun dibini hiss etmir. Bu, kimlərin başına gəlir? O kəslərin ki həyatlarının hansısa mərhələsində ətraflarının onlara verə bilmədiklərini axtarmağa başlayır. Daha doğrusu, onlar inanır ki, bu mühit onlara axtardıqlarını verə bilməyəcək. Və axtarmağı tərgitirlər. Heç nə tapmaq istəməyərək axtarışı dayandırırlar. Holdenin 2 günlük tarixçəsi bunu təsdiqləyir.

“Dünya kədərlidir, çünki marionet melanxoliyaya düşüb” - bir dəfə Oskar Uayld demişdi. O, Hamleti nəzərdə tuturdu. Şekspirin qəhrəmanı insanları yeni formada bədbəxt olmağa, dünya kədərini üzərlərinə toplamağa öyrədirdi. Ancaq çətin ki, bu yolda Şekspir birinci idi. Kədər emosiyası həmişə auditoriyanın həvəslə həzm etdiyi emosiyadır. Hər nəsil özünə məxsus tərzdə kədərə qapılır. Holden Kolfild də 1950-ci illər nəsli üçün kədərin kralı idi. Ona insanlarla çətindir, insanlarsız isə dözülməzdir.

Ancaq Selinceri sonrakı nəsillər də oxuyur. Onların da öz kədər versiyası var və bu romanı hər dəfə yenidən yazmaqla ayrıca ədəbi janra çevirmək olar.

Adətən yeniyetmələr “Çovdarlıqda uçurumdan qoruyan”ı valideynlərinin məsləhəti ilə oxuyurlar. Bu sonunculara da öz valideynləri tövsiyə edib. Bir sözlə, estafet. Kitabı uzunömürlü edən də hər nəslin onu yenidən kəşf etməsi deyil, valideynlərin övladlarına məsləhət bilməsidir. Beləliklə, cəmiyyətə adaptasiya olunmaq istəməyən Kolfild obrazı valideynlərin nəzərində yeniyetmələrin sosial adaptasiyası üçün standart alətə çevrilib. Özünüz düşünün: Əgər valideyn inansa ki, övladı romanı oxuyandan sonra Kolfildin hərəkətlərini təkrarlayacaq (məktəbi tullayacaq, çəkəcək, içəcək, evdən qaçacaq...), heç kitabı təklif edərmi?

Gənclər isə Kolfilddə özlərini görürlər. O, bir güzgüdür.

Yeniyetməliyin emosional mürəkkəbliyi ondadır ki, bu yaşda özünü niyə bədbəxt, tənha, əsəbi hiss etdiyinin səbəbini bilmirsən. Roman isə göstərir - buna əsaslı səbəblər var. Emosiyalar məna ilə dolur.

Və bir də-yeniyetməlik Qiyamının sonu var. Bacısı Fibi də onunla birlikdə evdən qaçmaq istəyəndə Kolfildin qiyamı bitir. O, məsuliyyət hiss edir. Və evdən qaçmır. Əksər yeniyetmələrin qiyamı elə bu cür də bitir - ilk məsuliyyət hiss olunan kimi.

Əsər isə bu cümlələrlə bitir: “Siz də heç kəsə heç nə danışmayın. Yoxsa hamı haqqında danışacaqsınız - və onlar olmayanda darıxacaqsınız”.

Selincer 45 il danışmadı. Darıxmamaq üçün...

***

“Daima deyirəm: “Sizinlə tanış olmağıma çox məmnunam”. Halbuki, qətiyyən məmnun deyiləm. Ancaq insanların arasında yaşamaq istəyirsənsə, nə gəldi danışmağa məhkumsan”.

(Cerom Selincer. “Çovdarlıqda uçurumdan qoruyan”)

Son dəfə 1965-ci ildə çap olundu. Son müsahibəsini 1980-cı ildə verdi. Həyatını iki, bir-birindən fərqli mərhələyə böldü və hər ikisində də bacardığı qədər məntiqli olmağa çalışdı.

İmkanlı ailənin övladı. Hərbi məktəbin müdavimi. Sonra Nyu-York və Kolumbiya universitetlərində mühazirələr dinlədi, heç birini də başa vurmadı.

Una O`Nili (yazıçı Yucin O`Nilin qızını) sevdi, məktublar yazdı, cavab almadı. Una sonralar Çarli Çaplinə ərə getdi. O vaxt Çaplin artıq Çaplindi, Selincer isə hələ Selincer deyildi.

Sonra Dünya Savaşı, rabitə qoşunlarında xidmət, əks-kəşfiyyatçı kimi Normandiya əməliyyatında iştirak. Qan, ölüm, dəhşətlər. Əsirlərin dindirilməsində iştirak. Və hospital - “Döyüş nevrozu”. Kim bilir, bu diaqnoz altında ABŞ hərbi həkimləri hansı klinik mənzərəni nəzərdə tuturlar?! Ola bilsin, psixi üzülməni, ola bilsin, psixopatiyanın ağır formasını...

Müharibədən dinc ABŞ-a qayıdan Selinceri isə böyük peşmançılıq qarşıladı. Bu ölkədəkilər ən qanlı savaşı gözləri ilə görməmişdi, dünyanı fəlakətə düçar etmiş o illər Amerika üçün varlanma, müharibədən kökəlib çıxma illəri idi. Üstəlik də ki, Sovet xalqı üçün Qələbə - Reyxstaqda sancılan bayraqdısa, Amerika xalqı üçün bu, Xirosimaya və Naqasakiyə atılan bombalardı. Və bu bombaları eyforiya içində alqışlayan xalqın arasında “itirilmiş nəsl”in övladı Selincer özünü necə hiss etməliydi ki?

Müharibədən sonra gördükləri onu sevindirmədi. Nicatı yazmaqda gördü. Və onun romanı hədəfini axtaran güllə idisə, hesab edək ki, düz hədəfə dəydi. Bu hədəf isə qışqıran reklamlara bələnmiş, sərraf dəllalların itaətində olan, ikiüzlü siyasətçilərin meydan oxuduğu, irqi ayrı-seçkiliklə barışmış, qəlbsiz incəsənətlə yuxuya verilmiş saxtakar dünya idi. Bu dünyada hər şeyi satmaq olur. Və hər şeyi də almaq olur. Ki, yenidən satasan. Ancaq daha baha. Hətta “arıq, arıq çiyinləri olan qızcığazı” da.

Necə də tanış aləmdir, deyilmi! Və nə vaxtsa Selincerin qaçdığı bu aləmə doğru 20 il əvvəl biz könüllü qaçırdıq. Bu dəhşətli və bayağı ədalətsizlikdən Selincer yüksək hasarlarla əhatələdiyi evinə qaçdı. Biz isə o, haradan qaçıbsa, oraya can atdıq. Cem Karacanın oxuduğu kimi: “Mindik bir əlamətə. Gedirik qiyamətə”. Sevinə-sevinə gedirik.

Romanı qadağan edəndə deyirdilər: depressivdir və söyüş leksikonu var. Əcəb uydurmalardır. Əsl səbəb isə başqadı - bu, sosial romandır. Sosial, cəsur və antiburjua roman. Amerika demokratiyasını da, “Böyük Amerika arzusu”nu da ifşa edən, qamçı kimi bir əsər.

SSRİ-də isə oxucular da, tənqidçilər də Selincerin romanını məftunluqla qarşıladılar - axı o, bizim haqqımızda deyildi! Vaxt gəldi - oldu...

Selincer isə həyatdan peşmanlığını kağıza köçürüb sakitləşdi. Nəticəsini çıxardı: azad olmayan ölkədə əsl azadlığı yalnız TƏKlik verə bilər. Bunun üçün isə hündür hasarlar, kərpic divarlar lazımdır və heç bir ins-cins lazım deyil. Olsa-olsa, quşların cəhcəhi və küləyin vıyıltısı. Vəssalam.

O, özünü könüllü şəkildə cəmiyyətdən izolə etdi. Ona görə yox ki, bu dünyanı sevmirdi, ona görə ki, bu dünyanın düzəni, necə qurulması, insanların tapındığı “dəyərlər” onu təmin etmirdi. Bu dünyada o, susqun, sonsuz və əbədi olanı seçdi.

***

“Onu kretin deyə çağıranda nifrət edirdi. Bütün kretinlər onları kretin adlandıranda nifrət edirlər”

(Cerom Selincer. “Çovdarlıqda uçurumdan qoruyan”)

Həyat onun qarşısında bütün qapılarını açanda, Selincer bu qapıların hamısını qıfılladı.

Bizim dəliliklə assosiasiya edən dövrümüz üçün necə də əcaib görünür bu addım! Vaxtilə Monten “İnsanlar üçün əsas olanı haqlarında nə danışıldığı deyil, əsas odur ki, onlar haqqında danışsınlar” yazmışdı. Özünü “əhəmiyyətli” sayan hər bir obıvatelə elə gəlir ki, korporativ “nəşrlər”də bircə həftə adları çəkilməsə, ömürləri bitəcək. Reklamsız mövcudluğun təsəvvür olunmadığı, hamının unudulmaqdan qorxduğu, qorxduğu üçün də min cür kələklə, vulqar epatajla, söyüşlə, küylə, nifrətlə, nadanlıqla gündəmdə qalmağa çalışdığı bir əsrdə bunların hamısına tüpürmək, çıxıb getmək və unudulmamaq! Budur obıvatelləri təəccübləndirən, onları irrasional həsədə qərq edən (“Necə yəni! 10 gün səsim çıxmasa, elə biləcəklər heç vaxt mövcud olmamışam!”).

Obıvatellərə yuxarıdan aşağı, müdrik sükutu ilə, sanki dağın başından baxırmış kimi baxan Selincer isə unudulmaq üçün hər şeyini verərdi. Onun Kolfildi arzulayırdı ki, sevimli yazıçısı ilə “nə vaxt istəsən telefonla danışmaq mümkün olsun”. Selincer isə oxucularına bu haqqı da qıymadı.

1957-ci ildə Hollivuddan təklif gəldi: “Çovdarlıqda uçurumdan qoruyan”ı ekranlaşdırmaq üçün razılıq istəyirdilər. Selincer imtina etdi və cavab məktubu yazdı. O məktubda aşağıdakı cümlələr də var:

“Mənim qənaətimə görə, Holden Kolfildi səhnədə oynamaq prinsipcə qeyri-mümkündür. Siz Hissiyyatlı, Ağıllı, İkiyanlı Paltosu olan İstedadlı Gənc Aktyor tapa bilməyəcəksiniz. Bunun üçün sizə əsl sirli adam lazımdır və əgər hansısa gənc adamın qəlbində sirr varsa da, onunla necə davranmağı bilməyəcək. Və sizi arxayın edirəm, heç bir rejissor ona köməkçi deyil...”

Zahidliyə yollanmış Selincer bütün əsərlərinin (hətta 1940-cı ildə nəşr olunmuş ilk hekayəsinin - “Gənc adamlar”ın da) təkrar nəşrini qadağan etdi. Onun mətbuatı dolaşan son fotosu isə 1980-cı illərə təsadüf edir. O fotonu mən 1989-cu ildə, o illərin milyon tirajla çıxan “Studençeskiy meridian” jurnalında görmüşdüm (foto daha əvvəl çəkilmişdi). Orada qəzəblənmiş Selincer mağazadan çıxarkən onu çəkmək istəyən fotoqrafa aqressiyasını nümayiş etdirirdi.

Kimsə onun zahidliyini Lev Tolstoyun evdən qaçışına bənzədir. Selincerin qaçışı səs-küysüz və daha düşünülmüş addımdı.

Öz passiv Qiyamında Selincer digər oxşarlarına da bənzəmir. Öz qəsrinə, çardağına sığınıb “Təcrübələr”ini yazan Monten zahid deyildi. Onun gününün bir neçə saatı bu Təkliyə həsr olunurdu, qalan vaxtlarda isə o, sosial aktiv şəxsdi - Bordo şəhərinin meri, kralın diplomatı, katoliklərlə hugenotlar arasında vasitəçi...

Yaxud çıxıb meşəyə gedən Henri Toro sonunda yenə cəmiyyətə qayıtdı, “Uolden və ya meşədə həyat” onun ömrünün epizodudur. Selincerin zahidliyi isə - bütöv bir ömürdür. 45 il davam etmiş, trayektoriyası bir dəfə də dəyişməmiş ömür.

Selincer zahidliyində xoşbəxtdir...

# 949 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
# # #