Kasıbın uşağı getsin... - Zamin Hacı yazır

Kasıbın uşağı getsin... - Zamin Hacı yazır
23 noyabr 2022
# 13:00

Kulis.az Zamin Hacının "Çoxlu kukla teatrı" adlı yazısını təqdim edir.

Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyini yoxlayır, Mədəniyyət Nazirliyi də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrını. Necə deyərlər, kimin nəyə gücü çatırsa... Ölkəmizdə hərənin ipi kiminsə əlindədir. Haçan istəsən ipi dartırsan, oyuncaqlar hərəkətə gəlir, maraqlı mənzərələr yaranır, balacalar əl çalır, Çırtdan div üzərində qələbə çalır, lap axırda ədalət zəfər çalır.

Nazirliyin kuklaçıları gözüm-çıxdıya saldığı xəbərləri əslində çoxdan yayılmaqdadır. Deyir bir gün nazirin müavini teatra gəlib, biletlərin ucuz olduğunu görüb, müdiri çağırıb, əmr verib ki, növbəti tamaşalarda biletlərin qiyməti üç-dörd dəfə qalxmalıdır, çünki dövlətin bilet planı dolmur, dünya bazarında bahalaşmadır, qeyri-neft sektoruna kukla teatrı da daxildir, regionlar isə inkişaf edir. (Açığı, kukla teatrında bir bilet indi neçəyədir, bilmirəm, buna görə yarımçıq informasiya verdiyim üçün oxuculardan üzr istəyirəm). Direktor, ya da baş rejissor – bunu da dəqiq bilmirəm – etiraza qalxıb, söyləmişdir ki, atam, bileti baha eləsək kasıb-kusubun uşağı kukla teatrına gəlib tamaşalara baxa bilməyəcəkdir. Bu zaman nazir müavini qızıldan qiymətli kəlam ifraz edibdir: “Əşşi, kasıbın uşağının teatrda nə ölümü var? Teatr varlılar üçün əyləncə üsuludur. Kasıbın uşağı getsin həyətdə qum topası tapıb eşələnsin. Kasıbın uşağı parkda tum çırtlayıb dombalaq aşsın. Kasıbın uşağı burnunu qurdalayıb fırtığıyla oynasın. Kasıbın uşağı ümumiyyətlə bizə lazımdırmı? Əlbəttə, lazım olur. Ancaq hazırda atəşkəs dövrüdür. İndi bizə oliqarxların uşaqları lazımdır”. Və sairə bu kimi sözlər mədəniyət nazirimizin müavininin alovlu sinəsindən teatra yayılmış, hətta binaya sığmayaraq bulvara püskürmüş, orda hələ Hacıbala müəllimin erasından qalma Argentina baobabını və kaktusları, İtaliyadan gətirilmiş 250 illik zeytun ağacını qarsmışdır.


Yeri gəlmişkən, məncə o baobabı Hacıbala müəllimə satan kim olubsa bir az şəhərimizin müdirini dolamışdır, çünki baobab Afrikada, Madaqaskarda-zadda bitir, Argentinada baobab ağacına bəlkə bulvarda rastlaşmaq olar. Nəsə, mövzumuz bu deyil, sadəcə, ağac əkmə mövsümü başlamışdır, istədim ekologiya idarəsinə töhfə verim. Ancaq söz əkinçilikdən düşmüşkən, bu abzasın başını bir ata sözüylə bağlayaq, çıxsın getsin işinin dalıyca: “Əkdim, biçdim sarımsaq, Xeyrin gördü qurumsaq”. Deputatlarımızla məsləhətləşin, bəlkə gələn il sarımsaq əkməyə dövlət proqramı var?

Bəli, mövzu kasıb uşaqlarına teatr xidməti göstərməklə bağlıydı. Əslində, kasıbın nəyi olmasa da adətən uşağı çox olur. Məsələn, dünyada ən çox uşaq doğumu Afrikanın Niger adlı cəhənnəmin dibi kimi dövlətindədir. Hər anaya orta hesabla 6-7 uşaq düşür. Müqayisə üçün, bizdə hazırda bu rəqəm – elmi dildə fertillik əmsalı adlanır – 2-yə bərabərdir. Hələ səhv eləmirəmsə, son illər bir az da aşağı düşüb, yəni, hər qadın 2-dən az uşaq doğur. Bu isə camaatımızın yaxın gələcəkdə azalmağa doğru gedəcəyini göstərir. Həyəcan təbili çalmaq vaxtıdır. Həyəcan zurnası da olar – kimdə varsa çalsın, Mədəniyyət Nazirliyi tərəfindən qiymətləndiriləcəkdir.

Bir ara kasıblar müxalifətə qoşulub uşaq pulu davası aparırdı. İndi isə teatr ortaya çıxıb. Sabah da gələcəklər ki, bələdiyyə üzvü olmaq istəyirik. Bunun qarşısını almaq lazımdır. Keçmiş ədliyyə nazirimiz Südabə xanım vaxtilə gözəl demişdi: “Demokratiyanı beşikdə boğmaq lazımdır”.


Sözgəlişi, bugünlərdə ədliyyə işçilərinin peşə bayramı oldu, bu münasibətlə onları təbrik edirəm. Təklif edirəm kukla teatrında ədliyyə işçilərinin uşaqları üçün tamaşalar təşkil olunsun.

/musavat.com/

# 3424 dəfə oxunub

Oxşar xəbərlər

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

18:48 26 yanvar 2026
Televiziyalara xəbərdarlıq edildi - Səbəb

Televiziyalara xəbərdarlıq edildi - Səbəb

17:51 26 yanvar 2026
Paşinyan musiqi qrupu yaratdı

Paşinyan musiqi qrupu yaratdı

17:17 26 yanvar 2026
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

16:31 26 yanvar 2026
“İkinci həyat”  bədii layihəsi təqdim olundu

“İkinci həyat” bədii layihəsi təqdim olundu

16:05 26 yanvar 2026
Kamera qarşısında özünü “şah” sayanlar  - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

Kamera qarşısında özünü “şah” sayanlar - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

16:00 26 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər